Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9110/2021 09.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzilə köçürülmənin dayandırılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında araşdırıb, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzilə köçürülmənin dayandırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən 26.10.2021-ci il tarixdə iddiaçının ünvanına daxil olmuş icraata başlamaq haqqında qərardan ona məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan evə hazırkı iş üzrə cavabdehlərin istifadə hüquqları tanınmaqla, onların həmin evə köçürülməsi barədə icra sənədi icraya yönəldilmişdir. Lakin bu icra sənədinin icra edilməsi mümkünsüz və qanunsuzdur. Belə ki, qeyd edilən ünvandakı yaşayış evi hazırkı iş üzrə iddiaçıya məxsusdur. Belə olan halda yuxarıda qeyd olunan icra sənədi icra edilə bilməz və hazırkı iş üzrə cavabdelərin İddiaçı məxsus evə köçürülməsi dayandırılmalıdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30.09.2021-ci il tarixli, 2(102)-4909/2021 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rəyonu, Biləcəri qəsəbəsi, M.Quluxan küçəsi, 13 saylı evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. ... Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-4702/2020) Cavabdeh2 və Cavabdeh1 X2 qarşı evə köçürülmə tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. ... Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov, İ.Şirinov, iş № 2(103)-1498/2021) iddiaçılar Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə, Bak şəhəri Binəqədi Rayon Məhkəməsinin, 2(001)-4702/2020 saylı, 12.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdiquluxan küçəsi, ev 13də yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin evə köçürülmələri qət edilmişdir. ... Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1498/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın”. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı ərizəsində məhkəmədən mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Quluxan küçəsi, 13 saylı evdən Cavabdeh2 və X1 istifadə hüququna xitam verilməsi və onların mənzilə köçürülməsinin dayandırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Hesab edirəm ki, iddia ərizəsinin cavabdehlərin mənzilə köçürülməsinin dayandırılması hissəsində icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, qeyd olunan məsələyə ayrıca mülki iş çərçivəsində deyil, yekun qüvvəyə minmiş məhkəmə aktının icrası qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin qalan hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edirəm ki, Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinə əsasən (dəyişikliklər 01.10.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir), ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddia ərizəsində cavabdehlərin adı, soyadı, atasının adı və qeydiyyat ünvanları qeyd olunsa da, Mülki Prosessual Məcəllənin 149-cu maddəsində sadalanan digər əhəmiyyətli məlumatlar, eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı göstərilməmişdir Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla da, hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzilə köçürülmənin dayandırılması tələbinə dair iddia ərizəsinin cavabdehlərin mənzilə köçürülməsinin dayandırılması hissəsində icraata qəbul edilməsindən imtina edilməli, qalan hissədə isə iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyi üçün ərizə geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152.1.1, 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzilə köçürülmənin dayandırılması tələbinə dair iddia ərizəsinin cavabdehlərin mənzilə köçürülməsinin dayandırılması hissəsində icraata qəbul edilməsindən imtina edilsin, qalan hissədə isə iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-9110/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9110/2021
09.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver