Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-917/2021 11.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 iddiaçının gəlini olmaqla, iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 mən 39 ünvanda qeydiyyatdadır. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək oğlu və gəlinimin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini xahiş etsə də, iddia tələbi təmin edilməmişdir. Qətnamədən verdiyi apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının gəlini Cavabdeh münasibətdə ləğv edilmiş və göstərilmişdir ki, cavabdehin qeyd edilən mənzilə istifadə hüququ yaranmadığından həmin hüquqa xitam verilə bilməzdi. Göründüyü kimi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh X2 ünvan 1 mən 39 ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 izahatında göstərdi ki, Cavabdeh onların gəlinidir və hal-hazırda Suriyadadır. 5 ilə yaxındır ki, Azərbaycandan çıxıb gedib və İddiaçı məxsus evdə formal olaraq qeydiyyatda qalıb. Cavabdeh İddiaçı məxsus evə istifadə hüququnun yaranmamasını dolayı yolla müəyyən edən məhkəmə qətnaməsi olsa da, aidiyyəti qurumlar cavabdehi mübahisəli mənzildən çıxarmaqdan imtina edirlər. İddiaçı bu barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə onun iddiası mümkün sayılmamış və İddiaçı Cavabdeh mənzildən çıxarılması və ya istifadə hüququna xitam verilməsi ilə bağlı mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hal-hazırda İddiaçı mülkiyyət hüququ məhdud vəziyyətdə olaraq qalır və o, illərdir Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxara bilmir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-10664/2017 saylı qətnaməsində göstərilmişdir ki, “ ... işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olmaqla, mülkiyyət hüquqları xx xxxxxx 2006-cı il tarixdə qeydə alınmışdır. ... iddiaçı əsassız olaraq ikinci cavabdehə (*Cavabdeh) qarşı sonuncunun mövcud olmayan (yaranmamış) istifadə hüquqlarının itirilməsi tələbini irəli sürmüşdür. Bu səbəbdən də, iddia ərizəsi ikinci cavabdehə münasibətdə məhz qeyd edilən əsaslar üzrə (əmlakdan istifadə hüquqlarının yaranmaması) təmin oluna bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, şəxs yaşayış yerini dəyişdikdə ... yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə ... müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 mənzil 39 ünvanına istifadə hüququnun olmaması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 mənzil 39 ünvanına istifadə hüququnun olmaması müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi cavabdehin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-917/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-917/2021
11.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver