Məhkəmə qərarları › İş №2(001)-921/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-921/2025

23.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-921/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü X4 ilə xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh arasında xx.xx.1991-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydinə əsasən 74 nömrə ilə dövlət qeydiyyatına alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1983-cü il tarixdə X4 ilə rəsmi nikaha girib ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.1984-cü il təvəllüdlü X2, xx.xx.1986-cı il təvəllüdlü X5 və xx.xx.1996-cı il təvəllüdlü X3 doğulmuşdur. Aralarında nə faktiki nədəki rəsmi bir boşanma olmamışdır. Yoldaşı mərhum X4 vəfat edən günədək ailəsi ilə birlikdə mehriban yaşayıb. Yoldaşının vəfatından sonra mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etdikdə orada onlara bəlli olmuşdur ki, Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 1991-ci il tarixdə mərhum əri X4 ilə Cavabdeh Pavlovno arasında 2-ci nikah aktı qeydə alınmışdır. İkinci nikah akt qeydi etibarsızdır, həmin şəxsin kim olması ona məlum deyildir, ölkə qanunlarına, təknikahlılıq prinsipinə görə şəxs eyni zamanda dövlət qeydiyyatına alınmış bir nikahda ola bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: V-ЖГ 428511 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh Pavlona arasında nikah xx.xx.1991-ci il tarixdə, Kirov (Binəqədi) rayon VVAQ şöbəsində bağlanmış və bu nikah 74 nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin vəkil sorğusuna ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 ilə Cavabdeh Pavlonanın adına Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1991-ci il tarixli 74 saylı akt qeydi tərtib edilərək, V-JQ N 428511 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Akt qeydinin kişi qrafasında ailə vəziyyəti subay, qadın qrafasında boşanmış qeyd edilmişdir. AZ-İİ 255355 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. “Elektron notariat” X1 vasitəsi ilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X4 ilə İddiaçı arasında nikah xx.xx.1983-cü il tarixdə, Abşeron rayon Xırdalan qəsəbəsində bağlanmışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3-cü maddəsinə əsasən nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X4 xx.xx.1983-cü il tarixdən İddiaçı ilə rəsmi nikahda olmasına baxmayaraq xx.xx.1991-ci il tarixdə Cavabdeh ilə yenidən nikaha daxil olmuşdur. Bu isə ailə qanunvericiliyinə zidd olmaqla, həmin nikahın birbaşa etibarsızlığına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X4 ilə Cavabdeh arasında xx.xx.1991-ci il tarixdə Kirov (Binəqədi) rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 74 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız sayılmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X4 ilə Cavabdeh arasında xx.xx.1991-ci il tarixdə Kirov (Binəqədi) rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 74 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız sayılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar