Məhkəmə qərarları › İş №2(001)-924/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-924/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-924/2025 17.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsi cəlb edilməklə) “əmlakın şəxsin istifadəsində olması faktının təsdiqi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1-nın tərkibi olan 36 kv. m sahənin 1996-cı il tarixindən onun istifadəsində olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçiyə onun 1994-cü ildən işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsi tərəfindən növbəlilik əsasında 1996-cı ildə qeyd olunan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzili (otaqlar) verilmişdir. 1996-cı ildən bugünədək ailə üzvləri də həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayırlar. Sözügedən mənzilə ərizəçinin adına kirayə müqaviləsi bağlanması barədə müraciəti əsasında Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinın 30 mart 2022-ci il tarixli 18/2 nömrəli sərəncamı ilə “Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 8 saylı evin, yaşayış sahəsi 36,0 kv.metr olan 2 otaqlı 56-cı mənzilinə 6 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu, gəlini və nəvəsi) iddiaçı adına daimi kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 saylı Mənzil Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Hal-hazırda da iddiaçı ailə üzvlərilə həmin mənzildə yaşayır, onun adına mənzilin kirayə müqaviləsi bağlanmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuş, mənzilin şəxsi maliyyə hesabı onun adına açılmış, çıxarış almış, vaxtlı vaxtında mənzil kommunal xidmətlərin haqqını ödəyir. Sadalananları qeyd edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzil olan daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alıb iddiaçının adına müvafiq çıxarışın və texniki pasportun verilməsini daşınmaz əmlakın dövlət reyestri xidmətindən xahiş etmiş, lakin imtina edilmişdir. Daha sonra aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, iddia qismən təmin edilmiş, həmin qərardan Bakı Apellyasiya Məhkəmələrinə şikayət verilmiş, lakin şikayət təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır. Həmin məhkəmə qərarları əsasında şəxs mənzilinin yalnız 18 kv.m sahəsinə çıxarış ala bilmişdir. Belə ki, ərizəçinin qeyd edilən mənzilə iki hüquqmüəyyənedici sənədi mövcuddur. Onlardan biri 27 noyabr 1995-ci il tarixli order, digəri isə 04 aprel 2022-ci il tarixli kirayə müqaviləsidir. Kirayə müqaviləsində mənzilin sahəsi 36 kv.m göstərildiyinə baxmayaraq, inzibati məhkəmələr kirayə müqaviləsinin 2022-ci il tarixində bağlandığını, bu səbəbdən şəxsin 1996-cı il tarixindən qeyd edlən mənzildən istifadə edilməsini müəyyən edə bilmədiklərindən, yalnız mənzilin 18 kv.m hissəsində (orderdə göstərilən sahə) iddianı təmin etmişlər, yerdə qalan 18 kv.m sahə isə qeydiyyata alınmamışdır. Halbuki, bu tip işlərlə bağlı inzibati məhkəmə təcrübəsinə nəzər yetirdikdə görünür ki, vətəndaşların sonradan kirayə müqavilələri bağlanmasına baxmayaraq, inzibati məhkəmələr işdə olan sənədlər əsasında (MKİS arayış, şahid ifadələri və s.) vətəndaşın əvvəllki dövrlərdən mənzildə yaşadıqlarını qeyd edərək, çıxarış verilməsi ilə bağı iddiaları təmin edilir. Onların işində isə fərqli mövqe nümayiş etdirilib, ərizəçinin eyni sənədləri hələ artıq təqdim etməsinə baxmayaraq, onlar mənzilin daxilində olan 18 kv.m sahənin ərizəçinin istifadəsində olduğunu müəyyən edə bilmədiklərini göstərmişlər. Nəticədə ərizəçinin ailə üzvləri ilə birlikdə 1996-cı il tarixindən qeyd edilən mənzildə faktiki olaraq yaşamasına baxmayaraq və əlində qanuni hüquqmüəyyənedici sənədlər (kirayə müqaviləsi, sərəncam, layihə) olduğu halda əmlakının yarı hissəsi sənədləşdirilə bilmir. Göründüyü kimi, bu məsələ ilə bağlı inzibati orqana artıq iki dəfə müraciət edilmiş, daha sonra aidiyyəti üzrə inzibati məhkəmələrə müraciət edilmiş, qəbul edimiş qərar qanuni qüvvəsini aldığından, eyni tərəflər, eyni əsasla, eyni predmet barəsində yenidən müraciət edilməsi mümkün deyildir. Yalnız ərizəçinin 1996-cı il tarixindən həmin məzildən istifadə etməsi faktı təsdiqlənərsə inzibati məhkəmələrə müraciət edilməsi mümkün olacaqdır. Çünki məhkəmə təcrübəsində inzibati orqan kirayə müqaviləsinin 2009-cu il tarixinə qədər bağlanmalı olduğunu bildirərək imtina edir, inzibati məhkəmələr isə vətəndaşların 2009-cu il tarixinədək əmlakdan istifadə etməsi faktı təsdiq olunursa kirayə müqavilələrinin 2009-cu il tarixindən sonra bağlanmasına baxmayaraq iddia tələbləri təmin edilir. Əlavə olaraq bildirirlər ki, ərizəçinin 1996-cı il tarixindən qeyd edilən mənzildən istifadə etməsi faktı yalnız xüsusi icraat qaydasında rayon məhkəməsi tərəfindən təsdiq edilə bilər və hər hansı orqan və va təşkilatdan faktın təsdiqini tələb etmək və bundan hər hansı bir imtina cavabı almaq qanunvericilikdə nəzərdə tutulmadığından mümkün deyildir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. O, orada 2000-ci ildən yaşayır, oraya köçəndə ərizəçi orada yaşayırdı. Daha sonra həmin mənzildə artım (eyvan) olmuşdur, çıxarış mövcuddur. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçini 1999-cu ildən tanıyır. O, oraya gələndə ərizəçi orada yaşayırdı. Artımın olub-olmaması barədə məlumatı yoxdur. Hazırda ərizəçi orada yaşayır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunun surətindən görünür ki, müraciəti ilə bağlı ona bildirilmişdir ki, qeyd olunan çənzilin mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 8 saylı evin, yaşayış sahəsi 36,0 kv.metr olan 2 otaqlı 56 saylı mənzilinə 6 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu, gəlini və nəvəsi) Ərizəçi adına daimi kirayə müqaviləsi bağlanılması və o, həmin mənzilin kirayəçisi hesab olunması barədə sərəncam verilmişdir. 138 saylı Mənzil Kommunal İstismar Sahəsi (Kirayəyə verən) ilə Ərizəçi (Kirayəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Kirayəyə verən Bakı şəhəri, Sumqayıt şossesi, 8 nömrəli evdə, 56 nömrəli mənzildə yerləşən, dövlət mənzil fonduna aid, yaşayış hissəsi 36 kv.metrdən ibarət 2 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müddətsiz müddətinə Kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-1378/2024 saylı qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5501/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.1995-ci il tarixli 056 saylı orderin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sumqayıt şossesi, 8 saylı evin 56 saylı mənzili Ərizəçi ailə üzvləri ilə birlikdə istidəsinə ayrılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil (17,90 kv.metr) xüsusi mülkiyyət hüququ ilə Ərizəçi adına xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmişdir. Texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 17,9 kv. metrdir. Mənzil Kommunal Təsərrüfat Departamenti 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunaı İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bayramov X3 rayonu, Sumqayıt şossesi, 8 saylı evin, 56 saylı mənzilində 1996-cı il tarixdən pasport qeydiyyatındadır və yaşayır. Bakı Şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 saylı bina FHN-dən 2 saylı XT MKTB-nin 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansındadır. Həmin mənzil 2 otaqlı, sahəsi 36 m² yaşayış sahəsi olan 56 saylı mənzildir. Bina 2007-ci ildən onların balansına verilib. Həmin vaxtdan Ərizəçi istifadəsində və qeydiyyatda olmaqla o ünvanda yaşayır. Deyilən mənzil digər şəxsə məxsus olduğu barədə heç bir rəsmi məlumat yoxdur. Binəqədi rayonu, Sumqayıt şossesi, 8 saylı bina, 2 otaqlı, yaşayış sahəsi 36 m² olan 56 nömrəli mənzil ilə kirayə müqaviləsi Ərizəçi ilə bağlanıb. Başqa heç bir kəslə kirayə müqaviləsi bağlanmayıb. Binəqədi rayonu, Sumqayıt şossesi, ev 8, mənzil 56 hal-hazırda Ərizəçi istifadəsindədir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Həmin Qərarın 7.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Məhkəmə mülki işin materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, ərizəçi tərəfindən onun və ailə üzvlərinin qeyd olunan mənzildə 1996-dı ildə yaşaması iddia edilsədə də, iş materiallarında olan Bakı Şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 saylı, 56 saylı mənzil 2007-ci ildən Ərizəçi istifadəsində və qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçi Binəqədi rayonu, Sumqayıt şossesi, 8 saylı evin, 56 saylı mənzilin tərkibi olan 36 kv. metr sahənin onun istifadəsində olması faktının təsdiq edilməsini tələb etsə də, işdən də göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin qərarı ilə ərizəçinin Binəqədi rayonu, Sumqayıt şossesi, 8 saylı evin, 56 saylı mənzilin 16 kv.metr sahədən ibarət 1(bir) otaqlı mənzilin üzərində mülkiyyət hüququ tanınmışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Bakı Şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 saylı bina FHN-dən 2 saylı XT MKTB-nin 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansındadır. Həmin mənzil 2 otaqlı, sahəsi 36 m² yaşayış sahəsi olan 56 saylı mənzildir. Bina 2007-ci ildən onların balansına verilib. Həmin vaxtdan Ərizəçi istifadəsində və qeydiyyatda olmaqla o ünvanda yaşayır. Deyilən mənzil digər şəxsə məxsus olduğu barədə heç bir rəsmi məlumat yoxdur. Məhkəmə tərəfindən aparılmış yerli baxış zamanı yaşayış sahəsinin 2(iki) otaqdan ibarət olması müəyyən edilsə də, işdə olan sübutların və şahid ifadələrinə əsasən həmin yaşayış sahəsinin ərizəçinin 1996-cı ildən istifadəsində olması sübuta yetirilməmişdir. Bu səbəbdən, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsi cəlb edilməklə) “əmlakın şəxsin istifadəsində olması faktının təsdiqi” barədə ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsi cəlb edilməklə) “əmlakın şəxsin istifadəsində olması faktının təsdiqi” barədə ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar