Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-926/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ünvan 1 ünvanına olan evin qanunsuz sahibliyindən alınaraq ona verilməsi və onun həmin evə istifadə və sahibliyinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, onun Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, tərəfindən təqdim edilmiş sübutlara əsaslanaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra digər məhkəmə aktı ilə Cavabdeh, habelə onunla iddiaçının birgə nikahından olmuş X6 və X4, X3 ilə birlikdə iddiaçının istifadəsində olan Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı evə köçürülməsi təmin edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda cavabdeh övladları ilə birlikdə həmin ünvanda yaşayır. Bu evdə iddiaçının köçüb yaşaması üçün şərait yoxdur. Həmçinin, tərəflər arasında münasibətlər gərgin və prinsipialdır. Qeyd edilən səbəblərdən iddiaçının mübahisəli evdə yaşaması qeyri-mümkündür. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 1994-cü il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahından xx.xx.1995-ci il tarixə X10, xx.xx.1996-cı il tarixdə X8 və xx.xx.2007-ci il tarixdə X3 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 may 2015-ci il tarixli, 2(004)-988/2015 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 iddiaçının yanında qalmış, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 108 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-8913/2017 saylı qətnaməsinə əsasən Cavabdeh, iddiaçı ilə birgə nikahdan olmuş X10 və X8, xx.xx.2007-ci il təvəllüdlü X3 ilə birlikdə iddiaçı Süleymanova (Nəbiyeva) Leyla Telman qızının istifadəsində olan Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli 4 otaqlı evə köçürülmüşdür. Həmin qətnamədən iddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10799/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Mübahisəli ev mülkiyyət olaraq dövlət qeydiyyatına alınmamış, özbaşına tikintidir. Hazırda iddiaçı qeyd edilən evin onun vəsaiti hesabına alındığını, cavabdehin həmin evə məhkəmə qətnaməsi ilə köçürüldüyünü, köçürüldüyü vaxtdan da orada yaşadığını, ikinci dəfə nikaha daxil olaraq, hazırki arvadını da evə köçürdüyünü, lakin onun bu evdə yaşamasına maneə yaratdığını, o cümlədən bir neçə dəfə evin giriş qapısının kilidini dəyişdirdiyini bildirir və onun həmin evə köçürülməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir. İddiaçının yaşaması üçün həmin evdə şəraitin olmadığını, həm də münasibətlərinin gərgin və prinsipial olduğunu bildirir və bu halların nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinə əsasən heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi də hər bir fiziki və hüquqi şəxsin əmlakından maneəsiz istifadə hüququna malik olmasını təsbit edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir ("Marks Belçikaya qarşı", "Mançini İtaliyaya qarşı" və sair). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Bununla belə, artıq müəyyən edildiyi kimi, iddiaçının hazırda mübahisələndirdiyi evlə bağlı tərəflər arasında bundan əvvəl bir dəfə məhkəmə mübahisəsi olmuşdur. Belə ki, ilk dəfə cavabdehin iddiaçıya qarşı “evə köçürülmə” tələbinə dair iddiası olmuş və bu iddia Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən təmin edilmişdir. Həmin qətnamədən iddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli, 2(001)-8913/2017 saylı qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin qətnamə ilə cavabdehin məhz iddiaçıya qarşı hazırda mübahisələndirilən evə köçürülməsinə dair iddiası təmin edilmişdir. Başqa sözlə, həmin vaxt cavabdeh iddianı məhz iddiaçıya qarşı qaldırmaqla hüquqi nəticə etibarı ilə evin iddiaçının istifadə və sahibliyində olduğunu qəbul etmiş (onun çıxarılmasını tələb etməmiş, özünün köçürülməsini tələb etmişdir), iş üzrə çıxarılmış qətnamə ilə də iddiaçının bu evə sahiblik və ondan istifadə etmək hüququnun olduğu təsdiq edilmişdir (məhkəmə tərəfindən evin hər hansı digər şəxsə məxsus olmasına dair hər hansı sübutun olmadığı qeyd edilmişdir. Həmçinin, əks halda cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilərdi və iddiaçı buna razılıq vermədiyi halda, onun iddiası cavabdehin iddiaya cavab verməli şəxs olmaması əsası ilə rədd edilərdi). Bu da hüquqi nəticə etibarı ilə iddiaçının mübahisəli evə köçürülməsini şərtləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Xocalı küçəsində yerləşən 25 saylı fərdi yaşayış evinə köçürülməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82-ci, 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Xocalı küçəsində yerləşən 25 saylı fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-926/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-926/2022
29.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver