Məhkəmə qərarları › İş №2(001)-929/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-929/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-929/2021 25.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə qoyulan manelərin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə qoyulan manelərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və və azyaşlı X1 ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə köçürülmələri və cavabdehin üzərinə qeyd edilən mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə maneə yaratmamaq öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2017-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olaraq cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 4 otaqdan ibarət 37 saylı mənzilə gəlin köçmüşdür. Hazırda həmin ünvanda rəsmi qeydiyyatdadır. Bütün cehiz əmlakları ilə birlikdə gəlin köçərkən, cavabdeh tərəfindən bir ailə üzvü kimi qəbul edilmiş, onunla həyat yoldaşına otaq ayrılmış və onlar bir ailə kimi orada yaşamışlar. xx xxxxxx 2018-ci il tarixdə həmin mənzildə yaşayarkən Məhəmməd adlı oğlu anadan olmuşdur. Bu illər ərzində ailə kimi yaşamaqlarına baxmayaraq cavabdeh onu dəfələrlə evdən çıxmağa və ayrı yaşamağa məcbur etmişdir. Bir neçə ay bundan əvvəl yoldaşı Orxan Dünyamalıyevlə araları kəskinləşmiş və cavabdeh onu oğlu ilə birlikdə evdən qovmuşdur. Bunun ardınca dərhal cavabdehin oğlu Orxan Dünyamalıyev ona qarşı məhkəmədə nikahın pozulması ilə bağlı iddia qaldırmışdır. Hazırda həmin mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Onun məhkəmədə iddia qaldırmaqda məqsədi, uşaqla birlikdə həmin evdən istifadə hüquqlarının olmasını məhkəmə qaydasında tanıtmaq, məhkəmə qərarı əsasında evə köçürülmək və bununla da gələcəkdə cavabdeh tərəfindən onun mənzil hüquqlarının pozulmasının qarşısını almaqdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiasını müdafiə edərək yuxarıda göstərilən məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bununla bağlı məlumat verməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxxx 2017-ci il tarixdə qeydiyyat aparılmışdır; 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 077214 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası X4, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 4723/2020 saylı qətnaməsindən görünür ki, X4 ilə Dünyamalıyeva (Xəlilova) Sevinc Əli qızı arasında xx xxxx 2017-ci il tarixdə 724 nömrəli akt qeydi ilə 5 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx xxxxxx 2018-ci il təvəllüdlü X1 anası Dünyamalıyeva (Xəlilova) Sevinc Əli qızının yanında saxlanılması, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2018-ci-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay X3 aylıq qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin cavabdeh Dünyamalıyeva (Xəlilova) Sevinc Əli qızının xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə baxışında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzil Cavabdeh məxsusdur. İddiaçı ilə cavabdehin oğlu X4 xx xxxx 2017-ci ildə rəsmi nikaha daxil olmuş və cavabdehə məxsus mənzilə köçmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-4723/2020 saylı qətnaməsi ilə İddiaçı ilə cavabdehin oğlu X4 arasında olan nikah pozulmuş və birgə nikahlarından olan uşaqları iddiaçının yanında saxlanılmışdır. Mənzil qanunvericiliyinin və Konstitusiya Məhkəməsi Plenumunun qərarından göründüyü kimi, yaşayış sahəsi mülkiyyətçisinin, yəni Cavabdehun arvadı, uşaqları və valideynləri və digər qohumlar (Ailə Məcəlləsinin 15-ci fəslində göstərilən) ona məxsus yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İddiaçı isə həmin şəxslərin siyahısına aid deyil, yəni onun cavabdehə məxsus mənzildən istifadə etmək hüququ yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2018-ci il tarixli “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun mənzillə bağlı münasibətləri tənzimləmir və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas deyildir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı onun və uşağının Binəqədi rayonu, Azadlıq prospekti, ev 180 ünvanında yerləşən 37 saylı mənzilə köçürülməyi tələbinə dair iddiası əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdehin üzərinə qeyd edilən mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə maneə yaratmamaq öhdəliyi qoyulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbinin bu hissəsi törəmə tələbdir və bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “mənzilə köçürülmə” hissəsinin təmin olunubolunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə qoyulan manelərin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə qoyulan manelərin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar