Məhkəmə qərarları › İş №2(001)-9328/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9328/2021

20.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9328/2021 20.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “yaşayış istifadəsi hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 1965-ci il təvəllüdlü, Cavabdeh3 1988-ci il təvəllüdlü, Cavabdeh4 1988-ci il təvəllüdlü, Cavabdeh5 1944-cü il təvəllüdlü, Cavabdeh6 2016-cı il təvəllüdlü, Cavabdeh7 2014-cü il təvəllüdlü, Cavabdeh8 1984-cü il təvəllüdlü, Cavabdeh9 2011-ci il təvəllüdlü, Cavabdeh10 1987-ci il təvəllüdlü, Cavabdeh11 1984-cü il təvəllüdlü vətəndaşlar, ona məxsus olan ünvan 1 ünvanında yaşayış hüququnu itirmiş sayılması və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28 avqust 2020-ci il o, cavabdeh X1 il notariat yolu ilə mənzil alğı-satqı müqavilələrini təsdiq etmişdir. Həmin müqavilə ilə Cavabdeh1 özünə məxsus olan 4 otaqlı mənzili ona 118000 manata satmışdır. O, alğısatqı müqaviləsini Bakı şəhəri TİBbə təqdim etmişdir. 18.09.2020-ci ildə elektron çıxarış vəsiqəsini əldə etmişdir. Həmin çıxarış vəsiqəsini alandan sonra yuxarıda göstərilən 4 otaqlı mənzil tam ona məxsus olub və öz evinə qeydiyyata düşməmişdir. Ona görə ki, ona aydın oldu ki, evində 11 cavabdeh qeydiyyatda qalmışdır. Alğı-satqı müqaviləsinin 13-cü bəndini rəhbər tutaraq, bildirir ki, satıcı Cavabdeh1 cavabdehlərin 28.11.2020-ci ildə tarixə kimi qeydiyyatda çıxarılmasını öz öhdəsinə götürmüşdür. O, dəfələrlə cavabdehlərlə müraciət etmişdir ki, mənzildən qeydiyyatdan çıxsınlar. Lakin buna baxmayaraq, 1 il yarım vaxt keçsə də, cavabdehlər qeydiyyatdan çıxmamışdır. Çıxmaq da istəmirlər. Cavabdehlər öz hərəkətləri ilə onun ailəsinin hüquqlarını pozurlar. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum qərında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Plenum qərarından göstərilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. İddia ərizəsinin mahiyyəti faktiki olaraq evdən cavabdehlərin qeydiyyatdan çıxarılmasından ibarətdir. Yəni iddiaçı ona məxsus olan evdən formal olaraq pasport qeydiyyatına alınmış cavabdehlərin qeydiyyatdan çıxarılması hüquqi nəticəsinin baş verməsini arzu edir. Bu isə yuxarıda qeyd edilən Plenum qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq mülki məhkəmə icraatının predmeti deyildir. Belə ki, iddiaçı əslində cavabdehlərin qeyd edilən mənzildən passport qeydiyyatından çıxarılmasını tələb edir ki, pasport qeydiyyatına alınma və pasport qeydiyyatında olma məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmənin bu mövqeyi eyni zamanda prosessual qənaət prinsipindən irəli gəlir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya cavabdehlərin qeydiyyatdan çıxarılması tələbi ilə Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə müraciət etmək, imtina edildikdə isə Bakı İnzibati Məhkəməsinə müvafiq tələblə iddia ərizəsi vermək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “yaşayış istifadəsi hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: 8********) İddiaçı qaytarılsın. İddiaçıya qeydiyyatdan çıxarılma ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə müraciət etmək, imtina edildikdə isə müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vermək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar