Məhkəmə qərarları › İş №2(001)-9374/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9374/2021

24.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9374/2021 24.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) doğum faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 12 dekabr 1963-cü il tarixdə Ermənistan, Vardenis rayonu, Şişqaya kəndində doğulması, atası X2 milliyyəti azərbaycanlı, anası X1 milliyyətinin azərbaycanlı olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1963-cü il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt, yəni onun doğulması faktı AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur və buna görə də həmin faktın yenidən məhkəmə qaydasında müəyyən edilməsinə prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən yol verilmir. Həmçinin qeyd edilir ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi doğum haqqında şəhadətnamə əsasında verilir və doğum haqqında şəhadətnamədə də vətəndaşın atası və anası barədə məlumatlar qeyd edilir. Hazırda da ərizəçinin şəxsiyyət vəsiqəsi olduğuna görə, onun ərizədə xahiş etdiyi digər faktlarda onun doğum haqqında şəhadətnaməsində qeyd olunduğundan məhkəmə həmin faktları müəyyən edə bilməz. Bununla belə, ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, ərizəçinin doğum haqqında şəhadətnaməsi məlum səbəblərdən itmiş, ərizəçi doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpa edilməsi üçün kifayət qədər əsas olmadığından müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edilənlərə əsasən belə qənaətə gəlirəm ki, hazırki ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, doğum akt qeydlərinin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər. Ərizəçi məhkəməyə müraciət edərkən nəzərə almalıdır ki, o, ərizədə xahiş etdiyi faktın müəyyən edilməsinin ona hansı məqsəd üçün lazım olduğunu dəqiq göstərməli, habelə faktı təsdiq edəcək şahidlərin Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsində göstərilən məlumatlarını ərizəsində qeyd etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) doğum faktının müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, doğum akt qeydlərinin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar