Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-955/2021 19.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadəyə yaradılan maneənin aradan qaldırılması və cavabdeh tərəfindən göstərilən qanunsuz təsirlərin cavabdehə qadağan olunması” tələbinə dair iddiası ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sahibliyində olan, ailə üzvləri ilə birlikdə yaşadıqları, qeydiyyatda olduqları Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 11A-da yaşamağa,evdən, ümumi girişçıxış yolundan istifadə etməyə cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılması və cavabdeh tərəfindən gösərilən qanunsuz təsirlərin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 1988-ci ildə mərhum həyat yoldaşı X8 ilə ailə həyatı quraraq onun yaşadığı evə və qeydiyyatda olduğu Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 11A ünvanına gəlin köçmüş və həmin ünvana pasport qeydiyyatına düşmüşdür. Yaşadıqları ev iki hissəsdən ibarət olmuşdur. Evin bir hissəsində onlar, digər hissəsində mərhum həyat yoldaşının dayısı evi olmaqla, dayısı oğlu olan Cavabdeh öz ailəsi ilə yaşamışdır. Əvvəllər yaşadıqları evin ünvanı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 11 olsada sonradan mərhum həyat yoldaşının Binəqədi RİH-nə müraciəti əsasında həmin evin önların ailəsinin yaşadığı hissəsinə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, ev 11 A ünvanı verilmiş və ev kitabı açılmışdır. Ev 11 ilə 11 A-nın həyətə giriş çıxış yolları ümumi olsa da,evlər bir birindən tamamilə təcrid olunmuş formadadır. Həyat yoldaşı X9 2015-ci ildə vəfat etdikdən sonra cavabdeh onlara bu evdə yaşamalarının qanunsuz olduğunu, evlərinə qanunsuz olaraq 11 A ünvanının verildiyini, ümumi evin ona məxsus olduğunu bildirərək önlara öz evlərində yaşamağa, ümumi giriş-çıxış yolundan istifasdə etməyə maneçilik törədir. Hazırda həmin ünvanda özü, qızı və üç nəvəsi yaşayır. O, cavabdehin qanunsuz hərəkətlərindən Binəqədi RPİ-nin 4-cü PB-nə şikayət etsə də, ona xx xxxxxxx 2020-ci il tarixində cavab məktubu göndərilmiş və işin mülki xarakterli olduğu bildirilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh elə gün olur gündə 2-3 dəfə gəlir və deyir ki, bu ev onun babasınındır. Deyir ki, sizə heç nə düşmür. Siz buranı zəbt etmisiniz. Sizə evdən pay düşmür heç mərhum yoldaşına da pay düşmür. Ev ona məxsusdur. Qaynanası ilə cavabdehin atası bacı qardaşdır. Cavabdeh onun yoldaşının dayısı ogludur. Gedin evə sənəd düzəldin. 3-4 il vaxt qoyur ki, həmin evdən çıxaq çünki təmir edəcək. Hər iki evin damı bir damdır. Küçə qapısı eynidir. O vaxtdan ev ayrılıb. Ev kitabçası yoldaşının sağlığında alınmışdır. Yoldaşı 2015-ci ildə rəhmətə getmişdir. Küçənin ünvanı sabarski 11a-dır. Evin işıq, qaz abonent kodları hamısı fərqlidir və onun özünün adınadır. Bugünə qədər deyir ki, vəkili var. Ortada isə vəkil yoxdur. 2019-cu ildən mübahisə başlanmış və nəticə olaraq bu vəziyyət gəlmişdir. Hal-hazırda evə çıxarış verilmir. Lakin verilməlidir. Evdə 5 nəfər yaşayırlar. Onlardan 3 nəvəsi biri isə qızıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, cavabdehin qeyd etdikləri yalandır. Həmin evin sənədi yoxdur. Yalnız texniki passportu və ev kitabı vardır. İddiaçı illərdir orada yaşayır. Evlər tamamilə ayrıdır. Sadəcə girşi və çıxışı birdir. Cavabdeh ailəni didərgin salmışdır. Müdafiə etdiyi şəxsin sahiblik hüquqları pozulmuşdur. Cavabdeh iddiaçının həm sakitçiliyini həm də, rahat yaşamaq hüquqlarını pozur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, dünən tərəflərin evlərində olmuşdur. İddiaçı yaşlı insadır. Ürək xəstəsidir. Ailələdə yegənə işdəyən qızıdır. Qızı marketdə işləyir. Hərdən cavabdeh qapını bağlayır və qızı içəri buraxmır. Deyir “Ev babasından qalan evdir. Sizi çıxaracam burdan hədələyir ki, ata-baba mülkümdə kef edirsiz”. Xanım ürək dərmanı ilə yaşayır. Həyət birdir. Eyni həyətdir. Evin giriş-çıxışları ayrıdır. Qanunsuz təsirə qarşı yalnız məhkəmə qətnaməsi olmalıdır ki, polis və icra orqanının əməkdaşları öz işlərini görə bilsinlər. Həyətdə olan hər iki evin ev kitabı var. Qətnamə çıxmasa hər şey daha da pis olacaq. Bugün iddiaçı müracit edib istənilən anda kupça ala bilər. Prezidentimizin bu barədə sərəncamı vardır. Həyətin ayrılması mümkünsüzdür. Yalnız təsir vasitəsi ilə bu məsələ həll oluna bilər. Qadın 30 il əvvəl mübahisəli ünvanan qeydiyyatda düşmüşdür. Həyətdəki hər evin kommunal xidməti ayrıdır. Cavabdeh bütün günü mane olur. Səs salaraq bildirir ki, çıxın gedin ev mənə aiddir. Evin çıxarışı yoxdur. Sənədi ev kitabçasıdır. Ev bölünərək hər iki şəxsin adına ev kitabçası açılmışdır. Bu şəxs 1988-ci ildən orada qeydiyyatdadır. Yaşayış hüququ vardır. Burada cavabdehlə iddiaçı eyni hüquqludur. Bugünün özündə BT-yə müraciət olunaraq mənzilə dair kupça alına bilər. 2008-ci ildə İcra Hakimiyyətinə müraciət olunmuşdur. Cavabdeh qapını bağlayır və evə giriş çıxışa icazə vermir. İddiaçıya deyir ki, sən gəlinsən və Azər öldüyündən siz vərəsə deyilsiniz. Müdafiə etdiyi tərəf az qalıb ki kirayəyə çıxsın. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 2019-cu ilin iyul ayının 26-da sənədləşdirilmə işləri ilə bağlı ona məlumat verilmişdir. Ona lazımi sənədlərin yığılması tapşırılımışdır. Onun ünvanı qeyri-qanuni ünvan çıxıb. Yəni 11a saylı ünvan. 2019-cu ilin avqust ayında İradəyə öz sənədlərini göstərməsini tələb etmişdir. İradə ona yaşadığı evə dair ev kitabının olduğunu demişdir. O isə iddiaçıdan hansı yolla bu sənədi aldığını soruşmuşdur. Çıxarış babasının adınadır. Babasının 7 övladı vardır. Hansı sənədlər həmin ünvanda ev tikilişinə icazə verir. 50 yaşı vardır. 50 ildir ki orda qalır. İddiaçıya sənədlərini qaydasına salmasını və məhkəməyə təqdim etməsini bildirmişdir. Onun isə hüquqları var. Xahiş edir ki, iddiçı bütün sənədlərini lazımi qaydada təsdiq etsin. Bölgü çertyoju düzəltsin. Evinin yəni 11A ünvanının fərqli ünvan olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etsin. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İradə bibisi oğlunun yoldaşıdır. İradənin yoldaşı Bayramov Azər rəhmətə getmişdir.Ora bir girişi bir çıxışı olan evdir. Ev babasının adına olmuşdur. Babasının adı X3r. Atasının adı X1r. Orada 50 ildir ki yaşayır. O evdə babası, atası və o bir yerdə yaşamışlar. Sonradan bibisi boşanaraq o evə qayıtmışdır. Onlar 2008-ci ildə ev kitabında qeydiyyatdan çıxıblar. Möhürün üstündə Sarabski ev 11 A yazılmışdır. O, hələ də bu məsələni İradə ilə aydınlaşdıra bilməmişdir. O, halhazırda iddiçıya heç bir maneə yaratmır. Özünün evə dair heç bir sənədi yoxdur. Orada ayrı ev yoxdur. Bir ev bir damdan ibarətdir. Onun iddiaçıya qarşı hər hansı qanunsuz təsirim yoxdur. Ev kitabçasında qeydiyyata 1988-ci ildə düşüblər. 2008-ci ildə qeydiyyatdan çıxmışlar. Və ev 11A kimi yazılmışdır. 2015-ci ildə arxadan qapıya qıfıl vurulmuşdur. İndi deyirlər ki, Azər qıfılı bağlayıb. Qapı heç vaxt bizdə bağlı olmamışdır. Küçə qapısında da indi qıfıl yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə X18 üzrə nümayəndəliyi tərəfindən 11 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski 11A ünvanına məxsus ev kitabı mövcuddur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski 11A ünvanına məxsus ev kitabını surətindən görünür ki, İddiaçı, X9, X2, X6, X10 və X7 qeydiyyatdadırlar. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə X18 üzrə nümayəndəliyi tərəfindən 11 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski 11 ünvanına məxsus ev kitabı mövcuddur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski 11 ünvanına məxsus ev kitabını surətindən görünür ki, X4, X5, X11 və X13 qeydiyyatdadır Bakı şəhəri MKTD Binəqədi Rayon MKTB tərəfindən verilən 175366 saylı 2020-ci il tarixli məişət tullantılarının daşınması üçün verilən mədaxil qəbzindən görünür ki, Sarabski 11a ünvanında yaşayan İddiaçı 10 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəyə səbəb olan mənzillər eyni həyətdə yerləşir. İddiaçının faktiki olaraq yaşadığı və qeydiyyatda olduğu mənzilə və cavabdehin faktiki olaraq yaşadığı və qeydiyyatda olduğu mənzilə dair ev kitabları açılmışdır. Cavabdeh həmin həyətdə tək ev olduğunu iddia etsə də, məhkəməyə təqdim olunan ev kitablarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski ünvanında yerləşən həyət evindəki mənzillər 11 və 11A olaraq fərqləndirilmişdir. İddiaçı və onun ailə üzvləri 11A saylı mənzildə xx.xx.2008-ci il tarixdən qeydiyyatdadırlar. Cavabdeh və onun ailəsi isə 11 saylı mənzildə xx.xx.1989-cu ildən qeydiyyatdadırlar. İddiaçı qeydiyyatda olduğu mənzildə işıq, qaz digər kommunal xidmətlər onun adına rəsmiləşdirilmişdir. İddiaçı cavabdehin onun yaşadığı və qeydiyyatda olduğu mənzildən istifadə etməsinə maneçilik törətdiyini iddia edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh bir dam altında olan evin sakinləridir. Həm iddiaçının, həm cavabdehin evinin giriş qapısı ayrılmaqla faktiki olaraq bir-birindən təcrid olunmuş formadadır. Lakin evin yerləşdiyi torpaq sahəsinə girişin qapısı(darvaza) eynidir. Yəni həyətə eyni qapıdan giriş-çıxış mövcuddur. Giriş qapısı fərqli olan bir dam altındakı evin hər birinin öz kommunal(su,qaz,işıq) təchizatı mövcuddur. İddiaçı öz yaşadığı evin faktiki olaraq sahibidir. Belə ki, iddiaçının mərhum həyat yoldaşının babası tərəfindən tikilmiş ev sonradan iddiaçının mərhum həyat yoldaşı və cavabdeh arasında faktiki olaraq bölünmüşdür. Evə və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd yoxdur. Cavabdeh məhkəmə iclasında iddiaçıya dəfələrlə evin onun babasından qaldığını və ona aid olduğunu bildirdiyini etiraf etmişdir. Əlavə olaraq cavabdeh iddiaçıdan ev kitabçasını hansı formada alması ilə bağlı hesabat tələb etdiyini də məhkəmə iclasında etiraf etmişdir. Bu baxımdan məhkəmə qənaətə gəlir ki, iddiaçı yaşadığı evin faktiki olaraq sahibi olduğu üçün onun sahibliyin pozulması ilə bağlı hər hansı təsirdən müdafiə olunmaq hüququ vardır. Cavabdeh isə ümumi istifadədə olan giriş qapısını bağlamaqla, dəfələrlə evin əsl sahibinin o olduğunu birdirərək iddiaçının evdən çıxmasını tələb etməklə iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane törədir. Ona görə də cavabdehin hərəkətləri qadağan edilmiş özbaşınalıq , iddiaçının tələbi isə əsaslı hesab edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının tələbi evdə yaşamağa, ümumi giriş-çıxış yolundan istifadə etməyə yaradılan maneələrin aradan qaldırılması və cavabdeh tərəfindən göstərilən qanunsuz təsirlərin qadağan edilməsi olsa da tələb mahiyyət etibari ilə sahibliyin həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılmasıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski 11A ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı və onun ailə üzvlərinə yaşadıqları evdən, ümumi giriş-çıxış qapısından isifadə etməyə maneələrin yaradılması və qanunsuz təsirlərin göstərilməsi Cavabdeh qadağan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski 11A ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı və onun ailə üzvlərinə yaşadıqları evdən, ümumi giriş-çıxış qapısından isifadə etməyə maneələrin yaradılması və qanunsuz təsirlərin göstərilməsi Cavabdeh qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-955/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-955/2021
19.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver