Məhkəmə qərarları › İş №2(001)-97/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-97/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-97/2021 05.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili, İddiaçı2 həm də nümayəndəsi X3 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsinə dair mülki işə 05 may 2021-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və Bağırov X7 Sevinc Təyyar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin yetkinlik yaşına çatmamış övladı X9 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüquqlarına kompensasiya verilməklə və həmin kompensasiyanın ödənilmiş 25200 manat pul məbləği ilə əvəzləşdirilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili, həmçinin iddiaçılardan İddiaçı2 nümayəndəsi qismində iştirak edən X10 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh ilə İddiaçı2 arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahlarından olan X9 adlı uşaqlarının anasının himayəsində saxlanması qərara alınmışdır. Həmçinin, məhkəmənin həmin qətnaməsi ilə uşağın saxlanması üçün İddiaçı2 alimentin tutularaq Cavabdeh ödənilməsi də qərara alınmış, İddiaçı2 aliment öhdəliyini daim vaxtında icra etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1914/2004 saylı, 10 sentyabr 2004-cü il tarixli qətnaməsinə əsasən, X4 ünvan 1-ə istifadə hüquqları tanınmaqla onun azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qərara alınmışdır. Qətnamə icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Lakin, cavabdehlə İddiaçı2 arasında olan razılaşmaya əsasən, cavabdeh mübahisəli mənzilə köçməmiş, bunun müqabilində isə Cavabdeh kompensasiya olaraq 2013-cü ildən halhazıra kimi oğlu ilə kirayədə yaşadıqları Bakı şəhəri, M.Cəlal küçəsi, ev 56B, mənzil 25-ə 2019-cu ilin avqust ayınadək hər ay 300 manat olmaqla kirayə haqqı İddiaçı2 tərəfindən ödənilmişdir. 7 il müddətində İddiaçı2 tərəfindən ümumilikdə 25200 manat kirayə pulu ödənilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, 121 saylı evin 81 saylı mənzili mərhum X5 məxsus olmuşdur. İddiaçı1 4 nəfərlə 1979-cu ildən həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayır. X1 vəfatından sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 220 nömrəli, 11 oktyabr 2005-ci il tarixli sərəncamına əsasən mənzilin əsas icarədarı İddiaçı1dur. Cavabdeh iddiaçılarla bir evdə yaşamamışdır. Onun və oğlunun həmin mənzildə qeydiyyatları formal xarakter daşıyır. Həmçinin, cavabdehin həmin mənzildə hər-hansı əmlakı da yoxdur, bu günədək olmamışdır. İddiaçı2 cavabdehdən iddia tələbində göstərilən mənzildən qeydiyyatdan çıxmağı dəfələrlə xahiş etsə də, cavabdeh buna məhəl qoymamışdır. Buna görə də, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. Sonda V.N.Hüseynzadə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddianın verilməsi üçün ödənilmş dövlət rüsumunun iddiçaya aid edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, o, iddia ərizəsində gösətrilən mənzilə 2002-ci ildə gəlin köçmüş, bütün cehiz əşyalarını da həmin evdə yerləşdirmişdir. Sonradan iddiaçı ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan Taleh adlı uşaqlarının onun himayəsində saxlanması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli, 2-1914/2004 saylı qətnaməsi ilə onun mübahisəli mənzilə istifadə hüquqları tanınmış və azyaşlı uşağı ilə həmin mənzilə köçürülməsi qət edilmişdir. Onun həmin evdən İddiaçı2 anası Xırda Bağırova tərəfindən qovularaq məcburi çıxarılması məhkəmənin 2004-cü il tarixli qətnaməsində də öz əksini tapmışdır. Qətnamə çıxarıldıqdan sonra o, uşağı ilə birlikdə həmin mənzilə köçərək orada yaşamağa davam etmişdir. Bir müddət sonra keçmiş qayınanası Xırda Bağırovanın təhqir və tənqidlərinə dözməyərək evi tərk etmək məcburiyyətində qalıb valideynlərinin evinə sığınmışdır. Bu zaman mübahisəli mənzilin açarları dəyişdirilmişdir. O, keçmiş qayınanasına onu mənzilə buraxmadıqları üçün məhkəməyə müraciət edəcəyini bildirdikdə isə İddiaçı2 ona 1 il müddətində oğlu ilə yaşamaları üçün yeni ev alacağını vəd etmiş, həmin müddətdə isə anası ilə söz-söhbət olmaması üçün müvəqqəti kirayədə yaşamasını təklif etmiş, kirayə pulunu da özü ödəyəcəyini bildirmişdir. O, bu təkliflə razılaşmış, mübahisəli mənzildən yalnın ən zəruri əşyalarını kirayə yaşadığı evə gətirmiş, əşyaların əhəmiyyətli hissəsi isə həmin evdə qalmışdır. İddiaçı 4 ildir ki, onu aldadaraq kirayədə yaşadır, mənzil almaqla bağlı vədinə əməl etmir. Buna görə də o, icra şöbəsinə müraciət edərək 2004-cü il tarixli qətnamənin yenidən icra edilməsini xahiş etmiş, icra məmuru icra hərəkətlərinə başalyarkən iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh etirazının sonunda məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 03 iyul 2019-cu il tarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh və 24 iyun 2003-cü il təvəllüdlü X9 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2005-ci il tarixli, 220 nömrəli sərəncamından çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr., Mir Cəlal küçəsi, 121 saylı binanın 81 saylı mənzilinin əsas icarədarı X8 vəfat etdiyindən mənzilin icarə müqaviləsi dəyişdirilmiş, İddiaçı1 Ağalar oğlu mənzilin əsas icarədarı hesab edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli, 2- 1914/2004 saylı qətnaməsinə əsasən, Bağırova (Nəsirova) Sevinc Təyyar qızının Bakı şəhəri, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 121, mənzil 81-ə istifadə hüquqlarının tanınması və onun bir azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli, 2(103)-568/2020 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-1914/2004 saylı, 10 sentyabr 2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək X4 Bakı şəhəri, 9-cu mkr., Mir Cəlal küçəsi, ev 121, mənzil 81-ə istifadə hüquqlarının tanınması və onun bir yetkinlik yaşına çatmamış övladı X9 ilə birlikdə həmin mənzilə köçürülməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli, 2(102)-3653/2020 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli, 2(103)-568/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - X12 ilə İddiaçı1 arasında bağlanımş 01 iyun 2013-cü il tarixli “daşınmaz əmlakın icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, İddiaçı1 həmin tarixdən ayda 300 manat icarə pulu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Eyni zamanda Avropa İnsan hüquqları Məhkəməsi Marks Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Qeyd olunan normalarə nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün hüquqi əsas mövcuddur və bu zaman mülkiyyətçinin öz mülkiyyətində olan daşınmaz əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqları əsas götürülür. Həmçinin, yuxarıda qeyd olunan qərarda göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İddiaçı2 Cavabdeh kirayədə yaşadığı evin kirayəpulu kimi 2013-cü ildən 2019-cu ilin avqust ayınadək ayda 300 manat ödəməsi faktı Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qətnaməsində Cavabdeh izahatı hissəsində də öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, bu, işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Həmçinin, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə 24 iyun 2003-cü il təvəllüdlü X6 yetkinlik yaşa çatanadək anası Cavabdeh yanında saxlanması qərara alındığından Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmamış uşağı ilə birlikdə iddia tələbində göstərilən mənzildən istifadə hüquqlarına xitam verilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kompensasiya müəyyən edilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmamış uşağı X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, 121 saylı evin 81 saylı mənzilindən istifadə hüquqlarına kompensasiya verilməklə və həmin kompensasiyanın kirayə haqqı kimi ödənilmiş 25200 manat pul məbləği ilə əvəzləşdirilməklə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar