Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-994/2022 11.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 05 noyabr 2021-ci il tarixli 313 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə “Qiyabi təhsil və fiziki tərbiyə” şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə 09 sentyabr 2016-cı il tarixdən başlayaraq “Qiyabi təhsil və fiziki tərbiyə” şöbəsinin müdiri vəzifəsində çalışır. Kollecin direktoru Nərmin Qaralovanın imzaladığı 05 noyabr 2021-ci il tarixli 313 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, həmin əmr əmək qanunvericiliyinə zidd verilmişdir, odur ki, 05 noyabr 2021-ci il tarixli 313 nömrəli əmr ləğv edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh tərəfindən ona göndərilmiş 23 sentyabr 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, kollecin 14 sentyabr 2021-ci il tarixli əmri ilə onun çalışdığı vəzifə ştatı ixtisara düşür. Həmin əmr ona təqdim olunmamış və bu əmrin məzmunu ona məlum deyildir. Bundan başqa, o, bir sıra üstünlüklərə malikdir. Belə ki, onun ixtisası Azərbaycan dili və ədəbiyyat, iş stajı isə 8 ildir. Eyni zamanda onun himayəsində iki övladı (13 və 7 yaşlarında) vardır. Göründüyü kimi, cavabdeh əmək qanunvericiliyinin tələblərini pozaraq onun hüquqlarına xələl gətirmişdir. Həmçinin, tərəfindən Mediasiya Şurasına müraciət olunmuş, lakin, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz göndərərək bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı qeyd edir ki, ona cavabdeh tərəfindən 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və həmin məktubda göstərilmişdir ki, “kollecin 14 sentyabr 2021-ci il tarixli əmri ilə onun çalışdığı vəzifə ştatı ixtisara düşür." Həmin əmr iddiaçıya təqdim edilməmiş və bu əmrin məzmunu iddiaçıya məlum deyildir. Kollecin ixtisarın həyata keçirilməsinə nəzarət komissiyası (sədr-tədris işləri üzrə direktor müavini X14, üzvlər-baş mühasib X7, hüquqşunas X2 və insan resursları və informasiya şöbəsinin mudiri X23) tərəfindən 10 sentyabr 2021-ci il tarixdə kollecin iclas zalında ştatları ixtisara düşən işçilərlə (şöbə müdirləri) iclas keçirilmişdir. İxtisarla bağlı bütün hallar barədə ətraflı məlumat verilmiş və onlara vakant olan tyutor ştat vahidləri təklif edilmişdir. Komissiya tərəfindən iddiaçıya və ştatları ixtisara düşən digər şöbə müdirlərinə cavabdehin 10 sentyabr 2021-ci il tarixli struktur dəyişikliyi barədə 167 saylı əmri izah edilmişdir. Struktur dəyişikliyi barədə həmin əmrin 3.5-ci maddəsinə əsasən məktəbəqədər təhsil və sosial iş şöbəsinin müdiri, sığorta və korreksiya edici təhsil şöbəsinin müdiri, pedaqoji şöbəsinin müdiri, mədəni-maarif şöbəsinin müdiri, musiqi və bədii yaradıcılıq ışı şöbəsinin müdiri, karyera və tələbə şöbəsinin müdiri, qiyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri ştatları ləğv edilmiş, əvəzində təhsil ixtisasları şöbəsinin müdirı, kulturologiya şöbəsinin müdiri və incəsənət şöbəsinin müdirı ştat vahidləri təsdiq edilmişdir. Bundan başqa, iddiaçı nəzərə almamışdır ki, himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu mədəsinin müddəaları altına düşmür. İddiaçı səhvən qanunvericilikdə nəzərdə tutulmuş üstünlük hüququnu əsas gətirmişdir. Lakin iddiaçı nəzərə almamışdır ki, burada ixtisas və ya peşəkarlıq səviyyəsi onunla eynilik təşkil edən digər şəxs və ya şəxslər yoxdur. Yəni, mübahisələndirilən hal üzrə əsas məsələ iddiaçının çalışdığı “Qiyabi təhsil və fiziki tərbiyə” şöbəsinin ixtisara düşməsi nəticəsində mövcud olmamasıdır. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə istinad düzgün deyildir. İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə bağlı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilib. Qeyd olunan qərarın icrası barədə Azərbaycan Respublikası Təhsil Naziri 04 avqust 2020-ci il tarixli F-355 saylı əmr imzalamışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı 05 iyul 2021-ci il tarixli 38/1-12 saylı məktubu ilə kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv naliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi və uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə yeni ştat cədvəli təqdim edilərək təklif olunan ştat cədvəlinə münasibət göstərilməyi vurğulanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 iyul 2021-ci il tarixli 04-26-718/15 saylı məktubuna əsasən həmin ştat cədvəlinin təsdiq edilməsinə etiraz edilməmişdir. Cavabdehin 29 iyul 2021-ci il tarixli 141 saylı əmri ilə 2021-2022-ci tədris ili üçün yeni ştat cədvəli təsdiq edilmişdir. Göstərilən struktur dəyişikliyi ilə əlaqədar normadan artıq və eyni zamanda müasir tələblərə cavab verməyən ştat vahidlərini tənzimləmək məqsədilə işçilərin sayı və ya ştatların ixtisar edilməsi, aşkar edilən bir çox sayda nöqsan və pozuntuların aradan qaldırılması istiqamətində işlərin yerinə yetirilməsinə başlamışdır. Cavabdehin 10 sentyabr 2021-ci il tarixli 167 saylı əmrinin 3.5ci maddəsinə əsasən “məktəbəqədər təhsil və sosial iş şöbəsinin müdiri, sığorta və korreksıyaedicı təhsil şöbəsinin müdiri, pedaqoji şöbəsinin müdiri, mədəni-maarif şöbəsinin müdiri, musiqi və bədii yaradıcılıq işi şöbəsinin müdiri, karyera və tələbə şöbəsinin müdiri, qiyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri ştatları ləğv edilmiş, əvəzində təhsil ixtisasları şöbəsinin müdiri, kulturologiya şöbəsinin müdiri və incəsənət şöbəsinin müdiri ştat vahidləri təsdiq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 fevral 2021-cı il tarixli, F-65 nömrəli Əmrinə əsasən Audit şöbəsinin şöbə müdiri müavini (Audit sektorunun sektor müdiri) X3, həmin şöbənin böyük məsləhətçisi X1, məsləhətçisi X22 tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə (Bakı Humanitar Kollec) 01 yanvar 2019-cu il tarixindən 01 yanvar 2021-cı il tarixədək olan dövr üzrə maliyyə-fəaliyyəti araşdırılmış və 16 mart 2021-ci il tarixli arayış tərtib edilmişdir. Arayışda əks etdirilən nöqsanların aradan qaldırılması, eləcədə təsdiq edilmiş yeni Ştat cədvəlinə əsasən ləğv edilmiş və ya ixtisar edilmiş vəzifə və peşələri tutan işçilərin ixtisarı zərurəti yaranmışdır. İxtisar edilən işçilərin, yeni ştat cədvəli üzrə peşə və ixtisaslarına uyğun olan vəzifə və peşələr təklif edilməsi nəzərdə tutulmuşdur və işçilərin razılığı olduğu halda həmin vəzifə və peşələrə işə qəbul təmin edilmişdir. Belə ki, qeyd edilənləri nəzərə alaraq işçilərin sayının və ştatların ixtisar edilməsi barədə 177 nömrəli 14 sentyabr 2021-ci il tarixli əmrə əsasən əmrdən irəli gələn ixtisar olunacaq işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (78 və 79-cu maddələrinin tələbləri nəzərə alınmaqla) xəbərdarlıq edilməklə, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştat təklif edilməklə ixtisara düşən müəllimlərin ixtisasları, əmək fəaliyyəti nəzərə alınmaqla yerləşdirilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı və digər şəxslər əmək hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciətlər etmişlər və həmin müraciətlərə aidiyyəti olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X21 Xidmətinin Bakı Şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam verilməsi əsasları yetərincədir və bu səbəbdən iddiaçının iddiası təmin edilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmə xahiş etdi və həmçinin bildirdi ki, o, və ixtisara düşən digər şöbə müdürləri, ümumilikdə 6 nəfər 2021-ci ilin məzuniyyətləri bitdikdən sonra, 10 sentyabr 2021-ci il tarixdə işlərinə qayıtmış və həmin gün kollecin direktor müavini Kamran Mənsimov onlara bildirdi ki, onlar kollecin konfrans zalına yığışsınlar, orada iclas keçiriləcəkdir. Konfrans zalında onlardan başqa həmçinin direktor müavini Kamran Mənsimov, hüquqşünas Rövşən müəllim, kadrlar üzrə mütəxəssis Günay xanım, Həmkarlar İttifaqı Komitəsinin sədri Nigar xanım olmuşdur. Həmin iclasda Zeynəb xanım iştirak etməmişdir, lakin aktda onun da imzası vardır. Həmin iclasda onlara bildirildi ki, onların vəzifə ştatları ləğv ediləcək, həmin ştatların əvəzinə isə komplektləşdirilmiş 3 şöbə yaradılacaq. Həmin iclasda onlara heç bir iş təklifi edilməmişdir. Aktda qeyd edildiyi kimi, ona tyutor vəzifəsi təklif edilsə idi belə, o, həmin təklifi qəbul etməzdi. Belə ki, tyutor - adi lobarant vəzifəsidir ki, onun öz vəzifəsi, yəni şöbə müdiri vəzifəsi həmin vəzifədən çox yüksəkdir. Bundan əlavə, həmin Kollecdə ondan peşəkarlıq səviyyəsi elə aşağı işçilər olmuşdur ki, onlar digər yerlərdən yüksək vəzifələrə gətirilmiş, lakin o, işdən çıxarılmışdır. Bu iclasdan sonra təxmini 10 gün sonra ona sənədlərin təhvil-təslimi üçün zəng edilmiş, lakin o, işdə olmadığını bildirmişdir. Kamran müəllim və onun komandası onun iştirakı olmadan xidməti otağına daxil olub sənədlərin hamsını götürmüşlər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, ona 10 sentyabr 2021-ci il tarixdə keçirilən iclas barədə ümumiyyətlə heç bir şəkildə qabaqcadan rəsmi məlumat verilməmişdir. Onlar həmişəki kimi məzuniyyətdən qayıtdıqdan sonra dərs cədvəlinə görə direktor müavininin yanına gedəndə onları konfrans zalına getmələri bildirilmişdir. Ona hazırda başqa məktəbə müddətli müqavilə ilə Azərbaycan dili müəllimi olaraq iş təklif etmiş lakin, o, bu təklifi qəbul etməmişdir. Hazırda cavabdehin nümayəndəsi ona başqa məktəbdə təsərrüfat işləri üzrə şöbə müdiri vəzifəsini təklif edir, lakin o, yenədə təklifi qəbul etmir. Ona görə ki, təklif edilən işlərin hamısı müddətli əmək müqavilələri ilə rəsmiləşdiriləcəkdir, müddət bitdikdən sonra isə onu işindən azad edəcəklər. Bundan əlavə, onun vəzifə ştatı ümumiyyətlə ləğv olunmamışdır, adı dəyişdirilmişdir. Ona qarşı direktorun qərəzli mövqeyi olmuşdur. Həmkarlar İttifaqı Komitəsinin sədri isə bütün bu hadisələrə səssiz qalmış, onları yığıb manafelərini müdafiə etmək əvəzinə kollecin sifarişlərini təsdiqləmişdir. Bunlardan əlavə, 10 sentyabr 2021-ci il tarixdən sonra Pedoqoji Şuranın kompyuter proqramında iclası keçirilmiş, lakin o, və digər 5 nəfər şöbə müdiri həmin iclasdan naməlum səbəbdən kənarlaşdırılmışdır. Bunun səbəbi isə onlara bildirilməmişdir. Ona ştatların ixtisarı ilə bağlı yazılı xəbərdarlıq 27 sentyabr 2021-ci il tarixdə çatmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək həmçinin etdi ki, iddiaçı vəzifə ştatlarının ləğv olunması barədə qabaqcan məlumat verilmiş heç bir iclasda iştirak etməmişdir. Həmkarlar İttifaqı Komitəsi böyük siyahı tərtib etmiş, lakin siyahıda qeyd olunan işçiləri hansı meyarlara görə işdən çıxardılmamalarını əsaslandırmamışdır ki, iddiaçıya məlum olsun ki, onun digər işçilərdən hansı meyarlara görə fərqi vardır. İddiaçıdan qat-qat aşağı vəzifədə olanlar yeni vəzifələrə təyin olunmuşdur. Həmkarlar İttifaqı Komitəsi işçilərin hüquqlarını qoruyan bir təşkilat olmalıdır, sənədlərdən isə müəyyən olunur ki, komitə yalnız kollecin əmrlərini təsdiqləmişdir. Belə ki, kollec tərəfindən ştatları ləğv olunan işçilərin siyahısı necə verilmişdirsə, o formada da komitə tərəfindən təsdiq edilmişdir. Həmkarlar İttifaqının iclasından isə ümumiyyətlə heç kəs məlumatlı olmamışdır. Halbuki, komitə iclas təyin etməli, işçilərə bu barədə məlumat verməli, onları dinləməli, sonra isə qərarını verməlidir. Bundan başqa necə olur ki, kollecdə ştatlar ləğv olunur, çox sayda işçi işdən çıxarılır, lakin başqa təşkilatlardan cavabdeh kollece yeni kadrlar dəvət olunur? Bu da onlara məlum deyil. Cavabdeh bildirir ki, kollec publik hüquqi şəxsə çevrilmişdir, ona görə ştatlar ləğv edilmişdir. Lakin nəzərə almamışdır ki, publik şəxs yaratmaq neçə il iş stajına malik olan işçiləri işdən çıxarmaq demək deyildir. Hələ bu işçinin iki azyaşlı uşağı varsa, həmin işçinin işdən çıxarılması əsaslı şəkildə olmalıdır, qanun pozuntusu ilə deyil. İddiaçı təkbaşına iki azyaşlı uşağa baxır, yüksək kefiyyətli iş stajına malikdir, belə olan halda nə üçün bu meyarlar nəzərə alınmamışdır? Niyə işçilərə əvvəlcədən keçiriləcək iclaslar barədə rəsmi məlumat verilməmişdir? Çox aydın görünür ki, bu prosedurların bir səbəbi var. Bu səbəb isə Kollecin direktorunun ştatları ləğv edilmiş işçilərlə qərəzli münasibətidir. Belə ki, hansı işçilər ki, öz hüquqlarının müdafiəsi üçün direktordan Prezident Administrasiyasına şikayət ediblər, həmin işçilər də qərəzli olaraq işdən çıxarılmışdır. Lakin nəzərə almaq lazımdır ki, müraciət etmək hüququ qanunla qorunan hüquqdur, bu hüquq işdən çıxarılma səbəbi ola bilməz. Bundan əlavə, aktda qeyd edilmişdir ki, iddiaçya tyutor vəzifəsi təklif edilmişdir. Lakin, həmin akt həqiqəti əks etdirmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazını müdafiə müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, əvvəlki məhkəmə iclasında da o, bildirmişdir ki, iddiaçıya yeni iş təklifi vardır, həmin iş isə başqa məktəbdə təsərüffat işləri üzrə şöbə müdirinin müavini vəzifəsidir. Lakin xanım israrla təklifi qəbul etmir. Buna baxmayaraq o, bildirir ki, hazırki işin nəticəsindən asılı olmayaraq həmin iş təklifi qüvvədə qalacaqdır, məhz bu məsələdə o, vasitəçilikdə edəcəkdir. Onların məqsədi mümkün qədər işdən azad edilmiş işçiləri müvafiq işlə təmin etməyə nail olmaqdır. Digər tərəfdən isə, kollecin rəhbərinin qərəzli mövqeyi ilə bağlı fikirlər qəbuledilməzdir. Belə ki, ştatların ləğv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmişdir. Bundan başqa, iddiaçı iclasda iştirak etdiyini özü də etiraf etmiş, ştatların ləğv olunması barədə məlumatı aldığını təsdiq etmişdir. Eyni zamanda, işçilərin ixtisarı deyil, ştatların ixtisarı aparıldığından iddiaçının hansısa meyara görə işdə saxlanılmasından söhbət gedə bilməz. Çünki həmin ştat artıq mövcud deyil. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərinin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə birlikdə Kollecdə işləmişdir. O, 2008ci ildən Kollecdə çalışır, vəzifəsi isə “Musiqi və Bədii yaradıcılıq” şöbəsinin müdiri olmuşdur. Onlar 10 sentyabr 2021-ci il tarixində məzuniyyətdən qayıtdıqdan sonra kollecin direktor müavini onlara bildirmişdir ki, onlar konfrans zalına keçsinlər, orada iclas keçiriləcəkdir. Onlar, yəni o, iddiaçı və digər 4 nəfər şöbə müdirləri konfrans zalına keçmişlər. Həmin iclasda direktor müavini Kamran müəllim, hüquqşünas Rövşən müəllim, kadrlar üzrə mütəxəssis Günay xanım və Həmkarlar İttifaqının sədri Nigar xanım olmuşdur. Onlara bildirildi ki, 6 şöbə müdirləri ştatları ləğv olunacaq, əvəzində 3 şöbə yaradılacaqdır. Beləlilklə, onların ştatları ixtisara düşəcəkdir. O, həmin iclasda təklif etmişdir ki, belə olacağı təqdirdə imtahan keçirilsin, imtahanın nəticələrinə görə daha yüksək keyfiyyətlərə malik olan işçilər öz vəzifələrində saxlanılsın. Onun bu fikri Kamran və Rövşən müəllim tərəfindən bəyənilmiş və bildirilmişdir ki, imtahanın keçirilməsi müzakirə olunacaqdır. Bundan təxminən 10 gün sonra isə qəflətən Kamran müəllim və onun komandası onun otağına girmiş və sənədləri təhvil verməsini bildirmişdir. Buna etiraz etsə də, nəticəsi olmamışdır. Özləri təhvil-təslim aktı tərtib edib getmişlər. Bundan sonra da bilmişdir ki, o, artıq işdən çıxarılmışdır. Ona verilmiş suala cavab olaraq bildirdi ki, iclasda şöbə müdiri kimi iddiaçıda iştirak etmişdir. Onlara tyutor işi təklifi edilməmişdir. Onun öz vəzifə ştatı ləğv edildiyini bildirsələr də, yalnız həmin ştatın adı dəyişdirilmiş “incəsənət şöbəsi” kimi adlandırılmışdır. O da işə bərpa ilə bağlı məhkəməyə müraciət etmişdir, məhkəmə iclası 24 fevral 2022-ci il tarixdə baş tutacaqdır. Onlara qarşı qərəzli mövqe olduğuna görə onlar işlərindən azad edilmişdirlər. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə birlikdə Kollecdə işləmişlər. Onun vəzifəsi isə “Sığorta və korreksiyaedici” şöbəsinin müdiri olmuşdur. Onlar 10 sentyabr 2021-ci il tarixində məzuniyyətdən qayıtdıqdan sonra kollecin direktor müavini onlara bildirmişdir ki, onlar konfrans zalına keçsinlər, orada iclas keçiriləcəkdir. Onlar, yəni o, iddiaçı və digər 4 nəfər şöbə müdirləri konfrans zalına keçmişlər. Həmin iclasda direktor müavini Kamran müəllim, hüquqşünas Rövşən müəllim, kadrlar üzrə mütəxəssis Günay xanım və Həmkarlar İttifaqının sədri Nigar xanım olmuşdur. Onlara bildirildi ki, onların ştatları ixtisara düşəcəkdir. Həmin vaxt Rövşən müəllim onu işarə edəndə, o etirazını bildirmiş və demişdir ki, o, hardan bilir ki, məhz onun ştatı ləğv olunacaq? Bu barədə aralarında mübahisə də olmuşdur. Bundan təxminən 10 gün sonra Kamran müəllim və onun komandası onun otağına girmiş və sənədlərin təhvil verməsini bildirmişdir. Etiraz etsə də, nəticəsi olmamışdır. Özləri təhvil-təslim aktı tərtib edib getmişlər. Bundan sonra da bilmişdir ki, o, artıq işdən çıxarılmışdır. Ona verilmiş suala cavab olaraq bildirdi ki, iclasda şöbə müdiri kimi iddiaçı da iştirak etmişdir. Onlara tyutor işi təklif edilməmişdir. İddiaçıya iş təklif edilməsi ilə bağlı hər hansı məlumatı yoxdur. Həmin iclas barədə əvvəlcədən rəsmi qaydada onlara heç bir məlumat verilməmişdir. Həmin iclasda hansı işçilərin işdən çıxarılacağı barədə məlumat verilməmişdir. O da işə bərpa ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, cavabdeh Kollecdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. 2021-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi qərara alınmışdır. Həmin qərardan sonra Təhsil Nazirliyinin eyni məzmunda əmri əsasında kollec publik hüquqi şəxsə çevrilmişdir. Bununla bağlı olaraq da Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədilə işçilərin sayının və ya ştatların ixtisar edilməsinin zərurəti yaranmışdır. Kollecdə 6 şöbə ləğv edilərək komplektləşdirilmiş halda 3 şöbə yaradılmışdır. Həmin ləğv edilmiş şöbədən biri də iddiaçının çalışdığı qiyabi təhsil və fiziki tərbiyə şöbəsi olmuşdur ki, həmin şöbənin işləri yeni yaradılmış 3 şöbə arasında paylanmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, 10 sentyabr 2021-ci il tarixdə keçirilmiş iclas barədə əvvəlcədən məlumat verilmişdir. Bəzi işçilərə üzbəüz, bəzilərinə isə telefon vasitəsilə məlumat verilmişdir. İclas konfrans zalında keçirilmişdir. Onlar həmin işçilərə tyutor vəzifəsi təklif etsələr də, onlar tərəfindən imtina edilmişdir. Həmin iclasda əmr verilməmişdir, əmri vermək kadrlar üzrə mütəxəssisin vəzifəsidir. İş materiallarında olan: Bakı Humanitar Kollecinin 09 sentyabr 2016-cı il tarixli əmrinin surətindən görünür ki, İddiaçı 09 sentyabr 2016-cı il tarixindən “Qyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri” vəzifəsinə təyin edilməsi, əmək haqqının ştat cədvəli üzrə ödənilməsi əmr edilmişdir. Bakı Humanitar Kolleci ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, sonuncu Bakı Humanitar Kollecində işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirinin 04 avqust 2020-ci il tarixli əmrinin surətindən görünür ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial – İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X31 Kollecinin, X16 Kollecinin, X32 Kollecinin yenidən təşkili və Azarbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 nömrəli Qərarının icra və rəhbərlik üçün qəbul edilməsi əmr edilmişdir. Həmin əmrin 5-ci bəndində Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 26 fevral 2021-ci il tarixli əmrinin surətindən görünür ki, Bakı Humanitar Kollecində maliyyə təsərrüfat fəaliyyətinin araşdırılması məqsədilə xidməti yoxlamanın aparılması üçün komissiyanın təşkil edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat Rəhbəri tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin direktoruna ünvanlanmış “tədbirlərin görülməsi barədə” məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 26 fevral 2021-ci il tarixli F-65 nömrəli əmrinə əsasən Təhsil Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin 2019-2020-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti araşdırılmış, nəticəsi müvafiq arayışla rəsmiləşdirilmişdir. Araşdırma zamanı kollecdə kadrların işə qəbulu və yerdəyişməsi, dərs-məşğələ jurnallarının tərtibi, imtahan nəticələrinin rəsmiləşdirilməsi, kredit sistemi ilə tədrisin təşkili, dərs bölgülərinin aparılması, təcrübənin inkişafı, əsas vəsaitlərin uçotu və qorunub saxlanılması, ştatların komplektləşdirilməsi istiqamətlərində bir çox sayda nöqsan və pozuntular aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq, nöqsanlara yol vermiş və səbəbkar olmuş şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi, əsassız ödənilmiş əməkhaqlarının günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilməsi, tədrisin qanunvericiliyin tələblərinə uyğun təşkili, ştatların düzgün komplektləşdirilməsi və kollecin səlahiyyətləri daxilində digər nöqsanların aradan qaldırılması və bu kimi pozuntuların gələcəkdə təkrarlanmaması üçün zəruri addımların atılması, görülmüş tədbirlərin nəticələri barədə 1 ay ərzində Təhsil Nazirliyinə məlumat verilməsi sonuncuya tapşırılmışdır. Həmçinin nəzərə çatdırılmışdır ki, əsassız ödənilmiş əməkhaqları qeyd edilən müddətdə günahkar vəzifəli şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilmədiyi halda araşdırma materialları hüquq mühafizə orqanlarına təqdim ediləcəkdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış 05 iyul 2021-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv nəaliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə sonuncuya yeni ştat cədvəli təqdim edilmişdir. Sonuncudan təklif olunan ştat cədvəlinə münasibət göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə ünvanladığı 17 iyul 2021-ci il tarixli ştat cədvəli barədə məktubun təsdiq edilmiş surətindən görünür ki, Təhsil Nazirliyi vəsatəti nəzərə alaraq, kollecin ştat cədvəlinin təsdiq olunmasına etiraz etmir. Eyni zamanda ştat cədvəli üzrə ixtisara düşən ştat vahidlərində çalışan işçilərə qanunvericiliyin tələblərinə uyğun qaydada xəbərdarlıq olunması, eləcə də mövcud imkanlar daxilində başqa işlə təmin olunmaları məsələsinə baxılması tövsiyyə olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ünvanlanmış 23 iyul 2021-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, kollec üzrə tədrisin təşkilində daha da keyfiyyətli və effektiv nəaliyyətlər əldə etmək, eyni zamanda idarəçilik baxımından optimal idarəetmə sisteminin yaradılması üçün həm kadr, həm də idarəetmə sahəsində ciddi uğurlu nəticələrə hesablanmış islahatlar həyata keçirilməsi məqsədi ilə sonuncuya yeni ştat cədvəli Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 iyul 2021-ci il tarixli 04-26-718/15 nömrəli məktubuna əsasən ştat cədvəli təsdiq edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə ünvanladığı 23 iyul 2021-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecinin nizamnaməsinin 4.14.5-ci bəndinə müvafiq olaraq kollec rəhbəri kimi müəyyən edilmiş ştat cədvəli razılaşdırılmaq üçün universitetə göndərilmişdir. ADMİU-nun 07 iyul 2021-ci ildə keçirilən Elmi Şurasının iclasında ştat cədvəli şura üzvlərinə tanışlıq üçün təqdim edilmişdir. Elmi Şuradakı məlumatlar nəzərə alınaraq təklif səsə qoyularaq qəbul olunmuşdur. Təhsil Nazirliyinin 17 iyul tarixli 0426-718/15 saylı məktubuna əsasən ştat cədvəlinin təsdiqi ilə bağlı göndərilmiş vəsatət təmin edilmişdir. Təhsil Nazirliyinin ştat cədvəlinin təsdiqi ilə bağlı məktubu və ADMİU-nun razılığı Bakı Humatar Kollecin fəaliyyəti üçün əsas kimi qəbul edilməlidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 141 saylı əmrin təsdiq olunmuş surətindən görünür ki, ADMİU-nun nəzdində Humanitar Kollecdə səmərəli idarəetmənin təşkili, strukturun optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə 2021-2022-ci tədris ili üçün ştat cədvəlinin təsdiq edilməsi əmr edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində X5 İttifaqı Komitəsinə ünvanlanmış məktubun surətindən görünür ki, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial – İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, X31 Kollecinin, X16 Kollecinin, X32 Kollecinin yenidən təşkili və Azarbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 nömrəli Qərarına əsasən Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədilə işçilərin sayının və ya ştatların ixtisar edilməsi zərurəti yaranmışdır. Ona görə də məktuba əlavə edilmiş işçilərin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi xahiş edilmişdir. Həmin məktuba əlavə edilmiş ixtisar edilməsi nəzərdə tutulmuş ştat üzrə işçilərin siyahısının 61-ci bəndində “Qiyabi təhsil və fiziki tərbiyə şöbəsi”nin müdiri İddiaçı qeyd edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 10 sentyabr 2021-ci il tarixli, 167 nömrəli əmrindən görünür ki, Qiyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri vəzifəsi - 1,0 ştatının ləğv edilməsi əmr edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixində keçirilmiş iclasının 29 saylı protokolundan çıxarışdan görünür ki, gündəlik məsələ: - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin işçilərinin sayının və ya ştatların ixtisar edilməsi məsələsinə baxılması və münasibət bildirilməsi haqqındadır. Eşidildi: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 iyul 2021-ci il tarixli, 25 nömrəli Qərarına əsasən Bakı Humanitar Kollecin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edilməsi və bununla bağlı olaraq Humanitar Kollecin fəaliyyətinin optimallaşdırılması məqsədilə işçilərin sayının və ya ştatların ixtisar edilməsinin zərurəti yaranması barədə kollecin rəhbərliyi tərəfindən Həmkarlar İttifaqı Komitəsinə göndərilmiş məktubun müzakirəsi. Qərar: X8 Komitəsinə daxil olmuş 30 iyul 2021-ci il tarixli 58A02-12 nömrəli məktubu müzakirə edildi, ixtisarla bağlı adları siyahıda qeyd olunan işçilərin sənədləri və fəaliyyətləri araşdırıldı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinin və Azərbaycan Təhsil işçiləri X24 ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin X24 Komitəsi arasında bağlanmış kollektiv müqaviləni rəhbər tutaraq bu məktuba əlavə edilən cədvəldə qeyd olunan işçilərin ixtisar edilməsinə razılıq bildirilməmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin tədris işləri üzrə direktor müavini X17, baş mühasib X9, hüquqşünas X4, Kadrlar üzrə mütəxəssis X26 və Həmkarlar İttifaqı Komitəsinin sədri X18 tərəfindən tərtib edilmiş aktın təsdiq olunmuş surətindən görünür ki, 10 sentyabr 2021-ci il tarixdə kollecin iclas ştatları ixtisara düşən işçilərlə iclas keçirilmişdir. Həmin sabiq şöbə müdirlərinə vakant olan tyutor ştat vahidləri ixtisarının həyata keçirilməsinə nəzarət komissiyasının sədri tərəfindən təklif edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində X5 İttifaqı Komitəsinin 10 sentyabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecində ixtisar edilməsi nəzərdə tutulmuş ştat üzrə işçilərin siyahısının 49-cu bəndində İddiaçı adı qeyd edilmiş və Həmkarlar İttifaqı İddiaçı vəzifə ştatının - qiyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri ixtisarına etiraz etməmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kolleci tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli, 177 nömrəli əmrin surətindən görünür ki, bu əmrə əlavə edilən siyahıda göstərilən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi, bu əmrdən irəli gələn, ixtisar olunacaq işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş qaydada (ƏM-in 79-cu maddəsinin tələbləri nəzərə alınmaqla) xəbərdarlığın edilməsi, ixtisar edilən (vəzifə) ştatı tutan işçilərə ixtisasına və peşəsinə uyğun olan yeni yaradılmış (vəzifə) ştatın təklif edilməsi, əmrin icrasına nəzarətin tədris işləri üzrə direktor müavini Kamran Mənsimova tapşırılması əmr edilmişdir. Əmrə əlavə edilmiş siyahının 49-cu bəndində “Qiyabi təhsil və fiziki tərbiyə şöbəsi”nin müdiri İddiaçı göstərilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru N.Z.Qaralova tərəfindən təsdiq edilmiş 20 sentyabr 2021-ci il tarixli yeni ştat cədvəlindən görünür ki, kollecin yeni ştat cədvəlində “Qiyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri” - vəzifəsi ştatı mövcud deyil. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli xəbərdarlıq-bildirişdən görünür ki, “Qiyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri” İddiaçı kollecin 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri ilə əlaqədar onun çalışdığı vəzifə ştatı ixtisara düşür. Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə onunla ADMİU-nun nəzdində Humanitar Kollec arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecinin 05 noyabr 2021-ci il tarixli, 313 nömrəli əmrinin surətindən görünür ki, kollecin “Qiyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri” İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün 05 noyabr 2021-ci il tarixdən xitam verilməsi, onunla son haqq-hesabın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılması əmr edilmişdir (Əsas: İşçilərin sayı və ştatların ixtisar edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli 177 nömrəli əmri və Həmkarlar İttifaqı Komitəsinin 05 nömrəli 10 sentyabr 2021-ci il tarixli məktubu, №29 protokoldan çıxarış). 01 iyun 2012-ci il tarixli, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 09 sentyabr 2016-cı il tarixli, 78 saylı əmrlə Bakı Humanitar Kollecinə “Qiyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri” vəzifəsinə təyin edilmiş, 05 noyabr 2021-ci il tarixli, 313 saylı əmrlə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı və digərlərinin (67 nəfər) müxtəlif dövlət təşkilatlarına və kütləvi informasiya vasitələrinə kollektiv müraciət edərək, kollecin rəhbəri rəhbərinin qanunsuz əməlləri ilə bağlı şikayətlərini bildirmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X21 Xidmətinin 21 dekabr 2021-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, X6 və digərlərinin müraciətlərinə X21 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış və bildirilmişdir ki, araşdırma zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Nəzdində Humanitar Kollecin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdə əmək stajına uyğun olaraq xəbərdarlıq edilməklə və Həmkarlar İttifaqının qabaqcadan razılığı alınmaqla əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyi və son haqq hesabının əmək haqqı kartlarına köçürüldüyü müəyyən edilmişdir. Razılaşmadıqları təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin İ hissəsinin “a” və “b” bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir; 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 77-ci maddəsinin İ hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 80-ci maddəsinin İ hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında əmək münasibətləri 09 sentyabr 2016-cı il tarixdə yaranmış, iddiaçı cavabdeh kollecdə “Qiyabi təhsil və fiziki tərbiyə şöbəsinin müdiri” vəzifəsinə işə qəbul edilmiş, beş ildən artıq müddətdə həmin vəzifədə çalışmışdır. Həmin və digər ştatların ləğv edilməsi ilə bağlı cavabdeh kollecin rəhbərinin 10 sentyabr 2021-ci il tarixli əmri ilə “İxtisarın həyata keçirilməsinə nəzarət” komissiyası yaradılmış, 14 sentyabr 2021-ci il tarixli əmri ilə isə iddiaçının çalışdığı vəzifə ştatı və bir sıra digər ştatlar ləğv edilmişdir. 10 sentyabr 2021-ci il tarixdə iddiaçı və ştatları ixtisara düşən digər şöbə müdirləri şifahi qaydada iclas zamanı, 23 sentyabr 2021-ci il tarixli “xəbərdarlıq-bildiriş”lə isə yazılı formada cavabdeh tərəfindən məlumatlandırılmışlar. Eyni zamanda, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdeh həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almışdır. Cavabdehin 05 noyabr 2021-ci il tarixli, 313 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat ixtisar edildiyi üçün 05 noyabr 2021-ci il tarixdən xitam verilmişdir. Əmək qanunveriliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onları əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmişdir. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən bu barədə işçini rəsmi qaydada xəbərdar etməlidir. Eyni zamanda, bu əsasla işçi ilə əmək müqaviləsini ləğv edilərkən, işəgötürən tərəfindən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə əməl edilmiş, yəni qabaqcadan həmkarlar ittifaqı təşkilatının razılığı alınmış, iddiaçıya bu barədə 6 təqvim həftəsi əvvəl xəbərdarlıq edilmiş və daha sonra onunla əmək münasibətlərinə xitam verilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyində işçiyə işəgötürən tərəfindən işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə bağlı əmrin təqdim edilməsi vəzifəsi nəzərdə tutulmamış, işəgötürən tərəfindən işçiyə bununla bağlı rəsmi xəbərdarlığın edilməsi vəzifəsi nəzərdə tutulmuşdur ki, bu vəzifəni də cavabdeh icra etmişdir. Bundan əlavə, ştatlar ixtisar edilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması, habelə ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki 16 yaşınadək uşağı olan şəxslərin işdə saxlanmasına üstünlük verilməsi qeyri-mümkündür. Çünki, ştat ixtisar edilərkən həmin ştat artıq mövcud olmur və mövcud olmayan ştat üzrə hər hansı işçiyə üstünlük verilməsi də mümkün olmur. Həmçinin, iddiaçı işdən azad edilməsini cavabdeh kollecin rəhbərinin ona və digər işçilərə qarşı qərəzli mövqeyinin olması ilə bağlı əlaqələndirsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-994/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-994/2022
11.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver