Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-107/2021 28.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmanov Tural Arif oğlunun katibliyi, İddiaçın və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü, mənzilə köçürmə və digər” tələblərə dair iddia ərizəsi üzrə mülki işə 28 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü, mənzilə köçürmə və digər” tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh pay hüququnun müəyyən edilməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılaraq İddiaçı ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilə köçürülməsi, mebel əşyalarının (yumşaq dəst 020 madeyra/019705, Crystal yumşaq dəst, yataq dəsti 020 Madeyra/015310 porto, döşəklər 020 madeyra 009160 döşək – 900 × 1900 × 170 – maya) ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh pay hüququnun müəyyən edilməsi və həmin əmlakların açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 16.10.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan iki övladları – 22.08.2008-ci il təvəllüdlü X13 və 27.11.2010-cu il təvəllüdlü X9 doğulmuşdur. Nikahda olduqları dövrdə, yəni 2013-cü ildə ailənin ümumi vəsaitləri hesabına ünvan 1 ünvanında yerləşən 66 saylı mənzil daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Cavabdehlə aralarında yaranan ailədaxili söz-söhbətlər və münaqişələr onun Cavabdeh ilə birlikdə yaşamasını qeyri-mümkün etmişdir. Buna görə də 2017-ci ilin avqust ayında Cavabdeh nikahın pozulması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2018-ci ilin yanvar ayında qəbul etdiyi qətnamə əsasında nikahları pozulmuşdur. Daha sonra 15.05.2018-ci il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən ona nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. ünvan 1 ünvanında yerləşən 66 saylı mənzil nikah dövründə ailənin ümumi vəsaitləri hesabına əvəzli qaydada əldə edilmişdir. Bu əmlak daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmış olsa da, həmin əmlak onların ümumi birgə mülkiyyətlərindədir. Cavabdehlə ailə münasibətlərinə xitam verildiyinə görə sözügedən əmlak barəsində pay bölgüsü aparılmalıdır. Hazırda mənzil cavabdehin sahibliyində və istifadəsindədir. Mənzilin mülkiyyətçisi olmasına baxmayaraq, əmlakla bağlı sahiblik və istifadə hüququnu həyata keçirə bilmir və mənzildə yaşamasına cavabdeh tərəfindən maneələr yaradılır. Ona görə də o, hal-hazırda başqa bir mənzildə (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3cü massiv, ev 90) kirayədə yaşayır. Mənzilin bölünməsi və həmin mənzilə köçüb orada yaşaması, əmlaka sahiblik və ondan istifadə etməsi ilə bağlı cavabdehlə aralarında razılaşma əldə olunmadığına görə o, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə nikahda olduğu vaxt yaşadıqları ev üçün bəzi mebel əşyaları da (yumuşaq dəst 020 madeyra/ 019705 Crystal yumşaq dəst, yataq dəsti 020 Madeyra / 015310 porto, döşəklər 020 madeyra 009160 döşək – 900 x 1900 x 170 – maya) alınmışdır. Həmin əşyalar "xxxx" MMC-dən götürülən kredit vəsaiti hesabına alınmışdır. Bu kredit formal olaraq onun bacısının əri – X1 adına sənədləşdirilsə də, həmin krediti o götürmüş və mebel əşyalarını da o almışdır. Eyni zamanda bütün kredit ödənişləri də tərəfindən edilmişdir. Mebellər alındıqdan sonra birbaşa ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilə gətirilmiş və həmin mənzilə yerləşdirilmişdir. Hal-hazırda bu əşyalar da cavabdehin sahibliyində və istifadəsindədir. O, bu əmlaklarla bağlı mülkiyyət hüquqlarını da həyata keçirə bilmir və hesab edir ki, həmin əmlaklar barəsində də pay bölgüsünün aparılması zəruridir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh pay hüququnun müəyyən edilməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılaraq İddiaçı ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilə köçürülməsi və mebel əşyalarının (yumuşaq dəst 020 madeyra/ 019705 Crystal yumşaq dəst, yataq dəsti 020 Madeyra / 015310 porto, döşəklər 020 madeyra 009160 döşək – 900 x 1900 x 170 – maya) ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh pay hüququnun müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsaitin tərəflərin paylarına mütənasib bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə 16 oktyabr 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 22 avqust 2008-ci il tarixdə Ömər adlı və 27 noyabr 2020-ci il tarixdə Əsmər adlı uşaqları anadan olmuşdur. İddiaçı vahabi dini qurumunun fəal iştirakçısı olduğundan o, məcburiyyət qarşısında qalaraq nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qaradağ Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə onunla İddiaçı arasındakı nikah ləğv edilmiş, uşaqlar onun yanında saxlanılmş və uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulması qət edilmişdir. 2017-ci ilin yay aylarında ona məlum olmuşdur ki, iş üzrə İddiaçı vahabidir. İddiaçı istəyirdi ki, o, və uşaqları da həmin qurumun iştirakçısı olsunlar. Lakin o, bununla razılaşmamış və uşaqlarını da götürüb evdən çıxıb anasıgilə getmişdir. Anasına İddiaçı əməli barədə məlumat vermiş, anası və qohumları İddiaçı bu qurumda olduğuna görə pis hala düşmüşlər. O, uşaqlarının taleyini, gələcəyini fikirləşmiş və belə qərara gəlmişdir ki, İddiaçı boşansın. Sənədlərini hazırlayıb nikahlarının ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nikah ləğv edildikdən sonra o, məcburiyyət qarşısında qalaraq uşaqlarını götürüb evinə qayıtmışdır. İddiaçı vahabi olduğundan və bu hal onda qorxu hissi yaratdığı üçün o, bacısını və anasını da özü ilə gətirmişdir ki, ona və uşaqlarına dayaq olsunlar. İddiaçı cavabdehin anasını və bacısını gördükdən sonra özü əmlakını da götürüb 2018-ci ilin yanvar ayında çıxıb getmişdi. 3 ay mənzildə qalıb yaşamasına baxmayaraq onun tərəfindən kommunal xərcləri ödənilməmişdir. O, 2004-cü il tarixdən Heydər Əliyev adına Bakı Dərin Dəniz Özüllər zavodunda rəngsaz işləyir. Eləcə də, 2004-cü ildən mənzil almaq üçün ev növbəsinə durmuşdur. 2013-cü ilin noyabr ayında ona 2 otaqlı mənzil vermişlər və 2014-cü ildən həmin mənzildə yaşamışlar. Mənzil onun adına verilsə də, mənzil üçün ödəniş etməyə imkanı olmamış və aldığı maaşı ancaq uşaqlarına xərcləmişdir. Mənzilə aid bütün ödənişləri bacısı Yaqut etmişdir. Bunu ödəniş etdiyi qəbzlər də təsdiq edə bilər. İddiaçı mübahisəli ev üçün heç bir ödəniş və eləcə də, heç vaxt kommunal xərclərini ödəməmişdir. Mənzil hal-hazırda da ipotekadadır, hər ay ödənişlər bacısı tərəfindən ödənilir. Mebel əşyalarına gəldikdə isə həqiqətən də onlar iddia ərizəsində göstərilən mebelləri birgə nikah dövründə almışlar. Həmin mebellərin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə onun pay hüququnun müəyyən edilməsinə etiraz etmir. Lakin iddiaçının mənzilə payının müəyyən edilməsinə və köçürülməsinə etiraz edir. Belə ki, mübahisəli mənzil üçün İddiaçı heç bir vəsait ödəməmiş, eləcə də, o, özü də ödəniş etməmişdir. Bundan əlavə mənzil hal-hazırda da ipotekadadır, bacısı Yaqut mənzilin ödənişlərini etməkdə davam edir. İddiaçı isə mübahisə mənzili özü 2 ildən çoxdur ki, tərk edərək çıxıb getmişdir. Ona görə də cavabdeh etiraz ərizəsində mebellərin ½ hissəsinə İddiaçı Zəybulla oğlunun, ½ hissəsinə isə onun pay hüququnun müəyyən edilməsini, iddianın qalan hissəsində təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə Cavabdeh məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(002)-279/2018 saylı qətnaməsindən görünür ki, məhkəmənin həmin qətnaməsi ilə X2 iddiası təmin edilmiş, X10 ilə İddiaçı arasında 16 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində 963 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 22 avqust 2008-ci ildə doğulmuş X11 və 27 noyabr 2010cu ildə doğulmuş X3 X4 himayəsində saxlanılması və hər ay hər uşaq üçün yetkinlik yaşına çatanadək saxlanılması üçün 136.60 manat olmaqla, iki uşağa görə 273.20 manat miqdarında alimentin tutularaq X5 ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 may 2018-ci il tarixli, AZ-İ № 294452 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14 aprel 2018-ci il tarixdə 73 nömrəli akt qeydi aparılmış, nikah ləğv olunduqdan sonra kişiyə Məhərrəmov, qadına Mehdiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativi ilə X8 arasında 24.09.2013-cü il tarixdə bağlanmış “pay qoyuluşu” haqqında 166 nömrəli müqavilədən görünür ki, bu müqaviləyə əsasən payçı, yəni X8 mənzilin ümumi dəyərini müqavilədə nəzərdə tutulan qaydada və müddətdə pay haqqı kimi kooperativə ödəməyi, kooperativ isə pay haqqı müqabilində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev prospektində tikintisini həyata keçirdiyi 12 mərtəbəli 187 mənzilli yaşayış kompleksinin 1 nömrəli binasının 1-ci girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 88.44 kvadratmetr, yaşayış sahəsi 37.30 kvadratmetr təşkil edən 2 otaqlı 66 nömrəli mənzili təmir olunmuş vəziyyətdə payçıya verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsinin 1 kvadratmetrinin qiyməti 751.35 manat, ümumi dəyəri isə 66449,4 manat təşkil edir. Müqaviləyə əsasən həmin məbləğin 18605,83 manatının ARDNŞ tərəfindən, 47843.56 manatının isə payçı tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.1-ci bəndinə görə payçı müqavilə bağlandıqdan sonra 7 təqvim günü ərzində ona düşən pay haqqının minimum 10 faizini, yəni 4784,36 manatı ilkin pay haqqı kimi əvvəldən, qalan hissəsini,yəni 43059,20 manatı isə 16 ay müddətində nağd və ya bank krediti hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) 04 sentyabr 2020-ci il tarixli SOCAR**********30490089X00028 nömrəli məktununda göstərilmişdir ki, SOCAR üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan bütün işçilərin mənzillə təmin olunması, onların müraciətləri əsasında, mənzil uçotuna götürdükləri tarixə uyğun olaraq növbəlik əsasında "xxxx" MTK vasitəsilə həyata keçirilir. SOCAR üzrə mənzil uçotunda olan şəxslər pay haqqının müəyyən hissəsini ödəmək şərtilə, "xxxx" mənzil-tikinti kooperativi tərəfindən inşa olunan mənzillər ilə təmin olunurlar. X8 SOCAR üzrə 04.08.2004-cü ildən mənzil uçotunda olduğuna görə SOCAR-ın rəhbərliyi və Azərbaycan Neft Qaz X7 İttifaqı Respublika Komitəsinin 02.09.2013-cü il tarixli 09 nömrəli protokolu ilə Sahil qəsəbəsi, E.Quliyev prospektində "xxxx" MTK tərəfindən inşa edilən 1 girişli yaşayış binasından 4 nəfər (özü, h/y, oğlu, qızı) ailə tərkibi ilə ümumi sahəsi 88.44 kv.m olan 2 otaqlı kooperativ mənzillə təmin olunmuşdur. SOCAR-ın Şurasının 09.04.2010-cu il tarixli 25 nömrəli qərarına əsasən T.Məhərrəmova 04.08.2004-cü ildən mənzil uçotunda olduğu üçün mənzilin dəyərinin 72%-i özü tərəfindən, 28%-isə SOCAR tərəfindən ödənilən pay haqqıdır (mənzilin ümumi dəyəri 66449.4 manat, 72%-47843.57 özü, 28%-18605.83 SOCAR). İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin “Neftçilər” filialının 19 noyabr 2020-ci il tarixli, 1167 nömrəli məktubunda göstərilmişdir ki, Məhərrəmova (Mehdiyeva) Tura Məhərrəm qızına mənzil alınması məqsədi ilə 19.11.2013 tarixli **********50013 saylı kredit xətti müqaviləsinə əsasən 47843.56 AZN kredit verilmişdir, 19.11.2020-ci il tarixinə 15843.84 AZN kredit borcu mövcuddur. ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin AR DƏDRX-dən Çıxarışı alınmadığına görə mənzil ipoteka ilə yüklü edilməmiş və ipoteka müqaviləsi bağlanmamışdır. Həmin kredit xətti müqaviləsinin başlandığı gündən başlayaraq 2018-ci ilin mart ayınadək (mart ayı daxil olmaqla) 24664.95 AZN, 2018-ci ilin aprel ayından 19.11.2020-ci il tarixinədək 15612.70 AZN, ümumi olaraq 40277.65 AZN banka ödəniş olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə X8 arasında bağlanmış 19 noyabr 2013-cü il tarixli, **********50013 nömrəli kredit xətti müqaviləsindən görünür ki, bank borcalana illik 4 faiz olmaq şərti ilə 120 ay müddətinə 47843.56 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 19 noyabr 2013-cü il tarixli, **********50013 nömrəli kredit xətti müqaviləsinin 1 nömrəli əlavəsindən (kredit və ona hesablanmış faizlərin ödəniş cədvəli) görünür ki, kredit üzrə aylıq ödənişin məbləği 484,39 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə X6 arasında 26.09.2015-ci il tarixdə bağlanmış 007-EMB-0701-15 saylı müqavilədən görünür ki, borcverən borcalana "xxxx" MMC-nin istehsal etdiyi mebelləri (yumuşaq dəst 020 madeyra/ 019705 Crystal yumşaq dəst, yataq dəsti 020 Madeyra / 015310 porto, döşəklər 020 madeyra 009160 döşək – 900 x 1900 x 170 – maya) almaq məqsədi ilə 1758.00 AZN (bir min yeddi yüz əlli səkkiz manat, 00 qəpik) borc vermiş və verilən vəsait əsasında alınmış mebellər borcalan tərəfindən borcverənə girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 28 avqust 2020-ci il tarixli 335 nömrəli məktubundan görünür ki, X6 tərəfindən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən mağazadan 1 ədəd güzgülü kamod (porto), 1 ədəd 3 + 1 yerlik künc divan (cyrstal), 1 ədəd şkaf (porto) və 1 ədəd çarpayı (porto) alınmışdır. İş materiallarına əlavə edilmiş BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 27.07.2020-ci il tarixli, NMA – 0018317-20 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, BOKT "xxxx" QSC ilə X6 arasında bağlanmış 26.09.2015-ci il tarixli 007-EMB-0701-15 saylı kredit müqaviləsinə əsasən X6 09.09.2016-cı il tarixdə borcunu (1758 AZN (bir min yeddi yüz əlli səkkiz manat 00 qəpik)) tam bağlamış və hal-hazırda bu müqavilə üzrə heç bir borcu qalmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflər 26 oktyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onlar nikahda olduqları dövrdə, yəni 24.09.2013-cü il tarixdə “pay qoyuluşu” haqqında 166 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında yerləşən 66 saylı mənzili almışdır. Mənzilin dəyərinin bir hissəsi, yəni 18605.83 manat Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən, qalan hissəsi, yəni 47843.57 manat isə Cavabdeh tərəfindən mənzilin alınması məqsədi ilə "xxxx" ASC-dən 19.11.2013-cü il tarixdə götürülmüş 47843.57 manat kredit vəsaiti hesabına ödənilmişdir. Beləliklə, mənzilə görə pay haqqı tam ödənilmiş və mənzilə mülkiyyət hüququ əldə edilmişdir. 19.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin ödəməli olduğu aylıq ödənişin məbləği 484.39 manat təşkil edir və kreditin qaytarılma müddəti 15.09.2023-cü il tarixdə başa çatacaq. Tərəflər təsdiq edir ki, nikahda olduqları dövrdə ailənin ümumi vəsaitləri hesabına yaşadıqları mənzil üçün 1 ədəd güzgülü kamod (porto), 1 ədəd 3 + 1 yerlik künc divan (cyrstal), 1 ədəd şkaf (porto) və 1 ədəd çarpayı (porto) alınmışdır. Tərəflərin nikahı 15.01.2018-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş hər bir tələbə ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir. Bu mənada məhkəmə ilk öncə ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin üzərində tərəflərin pay hüququnun müəyyən edilməsi tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının həmin tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, mübahisələndirilən mənzil tərəflərin nikahda olduqları dövrdə ailənin ümumi vəsaitləri hesabına əvəzli qaydada əldə edilmişdir. Cavabdehin mənzilə görə götürülmüş kredit borcu üzrə ödənişlərin iddiaçı tərəfindən deyil, cavabdehin bacısı tərəfindən ödənilməsi və buna görə də bu hissədə iddia tələbinin rədd edilməsi ilə bağlı etirazının dəlilini məhkəmə əsaslı hesab etmir. Əvvəla məhkəmə nəzərə alır ki, cavabdeh mənzilin alınmasına görə götürülmüş kredit borcu üzrə ödənişlərin məhz onun bacısı Yaqut Mehdiyeva tərəfindən edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş bank sənədləri ilə də bu hal müəyyən olunmur. Digər tərəfdən isə cavabdehin bacısı Yaqut Mehdiyevanın mübahisələndirilən mənzilə görə götürülmüş kredit borcunun ödənişlərinin edilməsində iştirak etməsi fərz edilsə belə, bu hal yenə də iddiaçının mənzilə pay hüququnun müəyyən edilməsi tələbinin rədd edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçı mebel əşyaları ilə bağlı tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cavabdeh etiraz ərizəsində mebel əşyalarının nikah dövründə tərəflərin birgə vəsaiti hesabına əldə edildiyini, həmin əşyaların hazırda onun istifadəsində olduğunu göstərmiş və bu hissədə iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM, maddə 106.1). Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı mebel əşyalarına pay hüququnun müəyyən edilməsi ilə bağlı iddia tələbi də təmin edilməlidir. Belə ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (Ailə Məcəlləsi, maddə 32.1 və 32.2). Mülki Məcəllənin 178.8-ci maddəsinin 15 dekabr 2017-ci il tarixədək qüvvədə olan redaksiyasında qeyd edilir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 12 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarında göstərilir ki, ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, bir qayda olaraq, onların birgə mülkiyyətini, yəni payları müəyyənləşdirilmədən ümumi birgə mülkiyyətini təşkil edir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən, şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 66 saylı mənzil və həmin mənzil üçün alınmış mebel əşyaları (yumuşaq dəst 020 madeyra/ 019705 Crystal yumşaq dəst, yataq dəsti 020 Madeyra / 015310 porto, döşəklər 020 madeyra 009160 döşək – 900 x 1900 x 170 – maya) tərəflərin nikahda olduqları dövrdə ailənin ümumi vəsaitləri hesabına əldə edildiyindən həmin əmlaklara tərəflərin hər birinin ½ hissədə pay hüququ müəyyən edilməlidir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.2-ci maddəsinə görə ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.4-cü maddəsinə görə məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilə tərəflərin ½ hissədə pay hüququnu müəyyən etməklə yanaşı hesab edir ki, həmin mənzilin alınması məqsədi ilə 19.11.2013-cü il tarixli kredit xətti müqaviləsi əsasında "xxxx" ASC-dən götürülmüş kredit borcu üzrə bank qarşısında yaranmış maliyyə öhdəliyindən irəli gələn vəzifələr də tərəflər arasında bərabər payda müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-ü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə görə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyul 2017-ci il tarixli qərarında qeyd edilir ki, qeyd olunmalıdır ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Bankdan götürülən kredit vəsaiti hesabına əmlaka dair yaranmış mülkiyyət hüququ bank qarşısında götürülmüş maliyyə öhdəliyi ilə birbaşa əlaqəlidir. Nikah müddətində belə öhdəlik yarandığı halda ərin (arvadın) mənzilə paylı mülkiyyət hüququnun tanınması üçün həmin maliyyə öhdəliyindən irəli gələn vəzifələri bərabər payda öz üzərinə götürməsi əsas şərtlərdən biri kimi qəbul oluna bilər. Belə ki, Ailə Məcəlləsinin 41.1-ci maddəsində müəyyən edilmişdir ki, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. İddiaçı ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilə köçürülməsi ilə bağlı hissədə də məhkəmə iddianı əsaslı hesab edir. İddiaçı mübahisələndirilən mənzilin mülkiyyətçisi olduğundan onun Cavabdeh tərəfindən həmin mənzildən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılmalı və iddiaçı həmin mənzilə köçürülməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 215.1-ci massəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.4-cü maddəsinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Tərəflərin nikah dövründə birgə vəsaiti hesabına alınan mebel əşyalarının naturada bölünməsi mümkün olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilərək mebel əşyaları açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait tərəflərin paylarına mütənasib bölünməlidir. Mülki Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.6-ci maddəsinə görə Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 217-cimaddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit olunmuş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119). Baxılan iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanalara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə isə Cavabdeh pay hüququ müəyyən edilsin. Həmin mənzilin alınması ilə əlaqədar Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19.11.2013-cü il tarixli, **********50013 saylı kredit müqaviləsi üzrə ödənilməli olan aylıq kredit məbləğinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh aid edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilə köçürülsün və Cavabdeh tərəfindən İddiaçı həmin mənzildən istifadə etməsinə yaradılan maneələr aradan qaldırılsın. Tərəflərin nikah dövründə birgə vəsaiti hesabına alınan mebel əşyalarının – 1 ədəd güzgülü kamod, 1 ədəd 3 + 1 yerlik künc divan, 1 ədəd şkaf və 1 ədəd çarpayının (yumuşaq dəst 020 madeyra/ 019705 Crystal yumşaq dəst, yataq dəsti 020 Madeyra / 015310 porto, döşəklər 020 madeyra 009160 döşək – 900 x 1900 x 170 – maya) ½ hissəsinə İddiaçı oğlunun, ½ hissəsinə isə Cavabdeh pay hüququ müəyyən edilsin, həmin əmlaklar açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait tərəflərin paylarına mütənasib bölünsün. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-107/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-107/2021
28.01.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver