Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1080/2025 19.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh X1 və onun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh3 qarşı “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə Fətəliyev X Cavabdeh2 arasında Cavabdeh1 bağlanmış xx.xx.2018-ci il tarixli 3M-968 sayla qeydə alınmış İlkin Alqı-Satqı Müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 və X4 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi 2, küçə 6, ev 9-dan çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X12 ilə xx.xx.2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənib ailə qurmuş və bir il sonra torpaq sahəsi almış və orada ev tikmişdilər. Həmin evdə yaşarkən onların xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X14 adlı uşaqları doğulmuşdur. Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-1452/2019 saylı Qətnaməsi ilə onun uşaqları ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi 2, küçə 6, ev 9-a köçürülməyi qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-1452/2019 saylı Qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2/102/-2735/2021 saylı Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gedişatında məlum olmuşdur ki, onun sabiq həyat yoldaşının anası Cavabdeh3 onların ailəsində yaranmış problemlə yaxından tanış olan həmin qəsəbənin sakini Cavabdeh3 rəfiqəsi X4 həyat yoldaşı Cavabdeh2 arasında Cavabdeh1 xx.xx.2018-ci il tarixli İlkin Alqı-Satqı Müqaviləsi bağlamışdır. Onun azyaşlı uşaqları ilə yaşamağa yeri yoxdur. Uşaqları ilə öz evinə köçüb yaşamaq istəyir. İcra məmuru onları mənzilə köçürən zaman Cavabdeh2 qohum-qardaşını mübahisəli evə yığaraq onu təhqir edir və qanuni qüvvəsini almış qətnamənin icrasına mane olur. Azərbaycan Respublikası MM-nin 402.4-ci maddəsinə əsasən İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Saxta müqavilənin bağlanması və müqavilə şərtlərinin pozulmasını nəzərə alaraq hesab edir ki, müqavilə etibarsız hesab edilməli və Fətəliyevlər mənzili boşaltmalıdırlar. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdehlər Cavabdeh2 və X4 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi 2, küçə 6, ev 9-dan çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin alqı-satqı müqaviləsinin bağlanmasında 1 il müddət keçməsinə baxmayaraq tərəflər arasında əsl alqı-satqı müqaviləsi bağlanmadığından artıq ilkin alqı-satqı müqaviləsi qanunuvericiliyə əsasən özlüyündə etibarsız olaraq qüvvəsini itirdiyindən, iddia həcminin azaldılması barədə ərizə verərək, cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını xahiş etmişdir. Həmin evin birgə nikah dövründə tikildiyi və iddiaçının həmin haqqı olduğu artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Cavabdeh3 nümayəndəsi X12 əvvəlki məhkəmə iclasında izahatında qeyd etmişdir ki, Fərrux Qasımov anasına 3 sot torpaq satmışdır. Anası öz mülkini satıb o torpaqda ev tikdi. Evin hasarı yarımçq idi, Sevda ilə qızılı 1200 manata satıb ancaq o hasarı ucaltmışdılar. Biraz maddi-çətinliyi var idi deyə anası evi 2018-ci ildə 39000 manata satmışdır. Sevda isə 2019-cu ildə o evə köçürülmə iddiası qaldırmışdır. Cavabdeh X8 məhkəmə iclasında izahatından qeyd etdi ki, o evdə onlar yaşayırlar. Evi Svetlanadan 39000 manata almışdılar. O evdə 12 nəfər qalır. O torpağın sahibi Fərrux idi. Alqı-satqı vaxtı heç evin çıxarışı yox idi. Svetlana o evdə etibarnamə ilə yaşayıb, sonra o etibarnamə ilə də ona satdı. X16 verilib, o da 3 sotunu Svetlanaya satıb. Ailəsi hamısı bələdiyyədə o evdə qeydiyyatdadılar. Birincı alqı-satqıda Svetlana olub, ikinci alqı-satqıda Fərrux özü gəlib. Ev ərinin adınadır. Onlar evi alanda ev Fərrux Qasımovun adına olmuşdur. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinin rədd olunmasın xahiş etdi. O həmçinin məhkəməyə iddia ərizəsinə etiraz göndərdiyinidə bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 43 saylı Notarına Kontoruna vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(002)- 1452/2019 saylı qətnaməsi ilə iddia təmin olunaraq İddiaçı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X14 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivi 2, küçə 6, 9 saylı evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli 2(103)-12991/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(002)-1452/2019 saylı qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2/102/-3625/2020 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli 2(103)-12991/2019 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 6971/2020 saylı qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2/102/-2735/2021 saylı Qərarı Cavabdeh3 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6971/2020 nömrəli iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsində qeyd edilir ki, Bakı şəhəri Müşviqabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı Qərarına əsasən satıcı X6 ona ayrılmış Bakı şəhəri Müşviqabad qəsəbəsində yerləşən fərdi mənzil inşa etmək üçün ayrılmış 0,03 ha torpaq sahəsinin üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 3900 manata alıcı Cavabdeh2 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilə bağlanarkən Fərrux Qasımovu etibarnamə əsasında Cavabdeh3 təmsil etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçının cavabdehləri çıxartmaq istədiyi mənzil qanuni qüvvəyə minmiş məhkəmə qərarlar ilə onun uşaqları ilə birlikdə həmin mənzilə köçməsi qət olunmuşdur. Həmin qətnamələr ilə müəyyən olunur ki, mübahisəli predmet özbaşına tikili olmaqla iddiaçının birgə nikah dövründə əldə etdiyi əmlakdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2/102/-2735/2021 saylı Qərarından göründüyü kimi mübahisəli yaşayış evi və altındakı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin əmlaklar barəsində alqı-satqı müqaviləsinin (əsas müqavilənin) bağlanması qeyri mümkündür, belə olan halda isə bu əmlaklar barəsində ilkin müqavilənin bağlanması da yolverilən olmadığından xx.xx.2018-ci il tarixdə bağlanmış ilkin müqavilə əhəmiyyətsiz hesab edilmiş və mübahisəli evin Cavabdeh2 satılması və hazırda onun ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Həmçinin həmin qərardadan görünür ki, Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (402.1). İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur (402.2). Göründüyü kimi, əsas müqavilə hansı formada bağlanmalıdırsa, ilkin müqavilə də həmin formada bağlanmalıdır, bu qaydaya əməl edilməməsi həmin ilkin müqaviləni əhəmiyyətsiz edir. Başqa sözlə, mübahisəli yaşayış evi və altındakı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin əmlaklar barəsində alqı-satqı müqaviləsinin (əsas müqavilənin) bağlanması qeyri mümkündür, belə olan halda isə bu əmlaklar barəsində ilkin müqavilənin bağlanması da yolverilən deyildir. Digər tərəfdən Kollegiya həmçinin qeyd etmişdir ki, ilkin müqavilənin bağlanması mümkün hesab edilmiş olsa belə, hazırki ilkin müqavilə yenə də əhəmiyyətsiz hesab ediləcəkdir, belə ki, Mülki Məcəllənin 402.4-cü maddəsinə görə ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Hazırki iş üzrə isə ilkin müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmış,müqavilədə əsas müqavilənin bağlanması üçün müddət müəyyənləşdirilməmişdir, odur ki, qeyd olunan maddənin tələbinə əsasən həmin müqavilə bir il müddətinə, yəni xx.xx.2019-cu il tarixə qədər qüvvədə olmuşdur. Beləliklə, mübahisəli evin Cavabdeh2 satılması və hazırda onun ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması üçün hər hansı hüquqi əsas mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə mübahisəli hal ondan ibarətdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilində qanunsuz olaraq məskunlaşmış cavabdehlərin çıxarılmasını və pozulmuş mülkiyyət hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclaslarında mübahisəli predmetin ona satılmasına dair bağlanmış ilkin alqı-satqı müqaviləsinə isitnad edərək, həmin evi müəyyən məbləğ qarşılığında aldıqlarını və özlərinin mülkiyyət hüquqları olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi 2, küçə 6, ev 9-dan çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi 2, küçə 6, 9 saylı ev-dən çıxarılsınlar. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və X3 İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-1080/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1080/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver