Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1097/2025 09.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçının nümayəndə və vəkilləri Nümayəndə və Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçının Cavabdeh Şirkətinin Azərbaycan Filialına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir) “işəgötürənin əmrinin ləğv edilməsi, işə bərpa, əməyin ödənilməsi və mənəvi zərər” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi və onun əsaslandırıldığı hallar:
1. İddiaçı Cavabdeh Şirkətinin Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Filialının onun barəsində çıxardığı, əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli K-143 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh Şirkətinin Azərbaycan Filialında işə bərpa olunmağı, məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi qismində 20.000 manat pul məbləğinin Cavabdeh Şirkətinin Azərbaycan Filialından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh Şirkətinin Azərbaycan Filialının onun barəsində çıxardığı, əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli K- 143 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh Şirkətinin Azərbaycan Filialında işə bərpa olunması, məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Filialı tərəfindən 2024-cü il üzrə ona hesablanmış və ödənilməli olan bir aylıq əmək haqqı məbləğində, yəni 12360 manat məbləğində əmək haqqına əlavənin ona ödənilməsi, əsassız olaraq ləğv edilmiş cəmi 541 ədəd Hallibörton şirkətinin səhmlərinin İddiaçı adına bərpa olunması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi qismində 20000 manat pul məbləğində Cavabdeh Şirkətinin Azərbaycan Filialından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, İddiaçı 13 noyabr 2012-ci il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Filialında Mühasibat üzrə Supervayzer vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh "xxxx" Şirkətinin Filialında işə qəbul olunana qədər onun neft-qaz sahəsində xidmət göstərən dünya miqyaslı iri şirkətlərdə 10 (on) illik iş təcrübəsi olub. Axırıncı iş yeri ilə bir yerdə bu sahədə 23 illik iş təcrübəsinə malikdir. Son iş yerində yüksək işgüzar keyfiyyətlərinə görə xx.xx.2019-cu il tarixində Xəzər Regionu üzrə Maliyyə Əməliyyatları üzrə Menecer vəzifəsinə təyin edilmişdir. Bu vəzifəyə təyin edilməmişdən əvvəl şirkət xüsusi mübadilə proqramı çǝrçvəsində onu altı aylıq üç ölkəyə işləmək ücün ezamiyyət etmişdir. Milliləşdirmə siyasəti çərçivəsində rəhbərlik onun gələcəkdə Xəzər regionu üzrə Maliyyə Direktoru vəzifəsini yerinə yetirməyini planlayırdı. Xəzər regionu 2023-ilə qədər ancaq iki ölkəni (Azərbaycan və Gürcüstan) əhatə edirdi. Lakin 2023 ildən üç orta Asiya ölkəsi (X1) daxil edilməklə restruktizasiya edilmiş və əlavə ödəniş edilmədən onun vəzifə funksiyaları artırılaraq beş ölkəni əhatə etmişdir. Qeyd üçün 2024 Dekabr ayından region yenidən restruktrizasiya olunaraq əvvəlki strukturuna qayıtmışdır. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Filialı xx.xx.2002-ci il tarixində hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Filialı, əsasən, neft və enerji sənayesi üçün məhsul və xidmətlərin təchizatçısı qismində, ACG və ŞD yataqları üzrə hasilatın pay bölgüsü müqavilələri çərçivəsində fəaliyyət göstərməkdədir. "xxxx" Şirkətinin Azərbaycan Filialında əmək fəaliyyəti dövründə hər zaman əmək intizamına riayət etmiş, əmək funksiyalarının icrasına xüsusi əhəmiyyət verərək, nümunəvi işçi olmuşdur. Əmək fəaliyyəti dövründə hər zaman yüksək keyfiyyət standartlarında işlədiyinə, fərdi əmək bacarıqlarının inkişafı üçün mütəmadi çalışdığı nəzərə alınaraq, işlədiyi dövrdə vəzifə artırılmış, daha yuxarı vəzifəyə keçirilməklə, əmək fəaliyyətini uğurla davam etdirmişdir. Filialın rəhbərliyi, eləcə də Hallibörton şirkətinin Avrasiya regional şirkəti rəhbərliyi (Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan) daima onun işini müsbət qiymətləndirmiş, şirkətin uğurları üçün əhəmiyyətli fəaliyyət göstərdiyini bəyan etmişdirlər. xx.xx.2024-cü il tarixində Misir Ərəb Respublikası vətəndaşı X18 (Ahmad Amer kimi də tanınır) Xəzər regionu üzrə Maliyyə Direktoru vəzifəsinə təyin edilmişdir və potensial rəqibi uzaqlaşdırmaq məqsədi ilə, onun idarəçilikdən uzaqlaşdırmağını planlaşdırmışdır. İlk vaxtlar Ahmad Amer yeni təyin olduqda onun kvalifikasiyada "xxxx" Şirkətinin Azərbaycan Filialının Maliyyə şöbəsində işçinin olmadığını qeyd edirdi və ondan ona yardım etməyini, bütün iclaslarda onun mövqeyini dəstəklədiyini və ən mühüm proyektlərdə onun fikir bildirməyini istəyirdi. Lakin sonradan anladı ki, onun ondan müvəqqəti istifadə etmək və sonra rəqib olaraq uzaqlaşdırmaq kimi planı var. 2024-cü ilin Dekabr ayından region yenidən ikiyə ayrılıb və Ahmad Amer planlaşdırdığı kimi Azərbaycanda yerləşmək arzusuna çatmışdır. Öyrəndi ki, X5 Azərbaycan Filialının Maliyyə rəhbəri vəzifəsinə təyin olunacağından ehtiyat edir və onu Filialın Maliyyə rəhbərliyi məsələsində özünə rəqib hesab edir. Buna görə də, tezliklə onun Filialdan uzaqlaşdırılmağı üçün tədbirlər görməyə başladı. 2024-cü ilin sentyabr ayının ortalarında X18 və insan resursları üzrə mütəxəssisin iştirakı ilə onunla keçirilən görüşdə ona öz ərizəsi əsasında işdən çıxmağı, əvəzində 9 aylıq əmək haqqım məbləğində kompensasiyanı qəbul etməyi təklif olundu. O isə həmin təklifi qəbul etməyərək, işində qalmaq və işinə davam etmək niyyətində olduğunu onlara bildirdi. Təklifini qəbul etmədiyini gördükdən sonra isə ona qarşı münasibəti daha da kəsinləşdi və ən qısa zamanda onu işdən azad olunmağı barədə tapşırıq verdiyini öyrəndi. Onun əmək fəaliyyəti qüsursuz olduğuna və öz istəyi ilə işdən azad olunmaq istəmədiyinə görə, çarəni onun ştat ixtisarı yolu ilə uzaqlaşdırılmağında gördülər. 25 sentyabr 2024-cü il tarixində səhər işə gəldikdə, iş kompyuterinin bloklandığını aşkar etdi. Həmin gün öz şəxsi elektron poçt ünvanı vasitəsi ilə X18 və insan resurlarının idarə edilməsi funksiyalarını icra edən Vüsalə Əkbərovaya məktub yazaraq, öz iş hesabına daxil ola bilmədiyini, İT mütəxəssisinin bildirdiyinə görə, korporativ (is) hesabının bloklandığını, bu səbəbdən, əmək funksiyalarını icra edə bilmədiyini məlumat verdi. Məktubuna heç bir cavab verilmədi. Ertəsi gün, yəni 26 sentyabr 2024-cü il tarixində səhər işə gəldikdə, yenə də korporativ hesabına girişin qapalı olduğunu, kompyuterinə giriş edə bilmədiyini müəyyən etdi. Yenidən, X18 və Vüsalə Əkbərova ünvanlarına şəxsi elektron poçt ünvanından məktub yazaraq, korporativ domenə girişi məhdudlaşdırıldığına görə işlərini görə bilmədiyini qeyd etdi. Lakin yenə də Filialın rəhbərliyindən cavab almadı və kompyterinin blokdan çıxarılması üçün heç bir tədbir görülmədi. Şəxsi elektron poçt ünvanı vasitəsi ilə Hallibörton Avrasiya Şirkətinin rəhbərliyində bir sıra vəzifəli şəxslərə (Nadeem Ashfag, Jean-Marc Lopez, Walter Navas, Eric Carre, Leslie Garcia, Charlie Geer) baş verənlər barədə yazılı məlumat verdi, ona qarşı filialda qərəzli şəkildə ədavət aparıldığını, 12 illik əmək fəaliyyətinə məhəl qoyulmadan, xüsusən də heç bir rasional açıqlama vermədən, ona layiqli münasibət göstərilmədiyini, beləliklə, iş yerində məqsədyönlü, əsassız təqiblərə məruz qaldığını Hallibörton Avrasiya şirkətinin rəhbər şəxslərinin diqqətlərinə çatdırdı. Təəssüf ki, həmin müraciətinə də heç bir cavab verilmədi. Bundan sonra o tam əmin oldu ki, onu hər nəyin bahasına olursa-olsun, işdən azad etməyi qarşıya məqsəd qoyublar. Ona görə də, ehtiyatlı davranmağı, pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə tədbirlər görməyi qərara aldı. 30 sentyabr 2024-cü il tarixdə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Filialı tərəfindən ona bildiriş verilərək, xx.xx.2024-cü il tarixində ştat vahidi ixtisar olunmaqla, əmək müqaviləmin ləğv edilərək, tutduğu vəzifədən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin bildirişdə, xx.xx.2024-cü il tarixədək əmək funksiyalarının icrasından tamamilə azad edildiyini də qeyd etmişdirlər. Halbuki, onu əmək funksiyalarının icrasından, faktiki olaraq, xx.xx.2024-cü il tarixindən tamamilə və əsassız qaydada kənarlaşdırmışdılar və həmin bildirişi aldığı vaxtdan bir həftə əvvəl o işləmək hüququndan məhrum olunmuşdu. Halbuki, o öz işində qalıb, onun üçün artıq doğma sayılan iş yerində əmək fəaliyyətinə davam etmək istəyirdi. Bunları nəzərə alaraq, o əmək hüquqlarının pozulduğu qənaətinə gəldi və xx.xx.2024-cü il tarixində #142 çağrı mərkəzinə zəng edib şikayətini bildirdi, xx.xx.2024-cü il tarixində DOST mərkəzinə yaxınlaşıb yazılı izahatını təqdim etdi. xx.xx.2024-cü il tarixində X14 Xidmətinin Rəhbərliyinə "xxxx" Şirkətinin Azərbaycan Filialının qanunsuz hərəkətlərindən məktub şəklində şikayət etdi. xx.xx.2024-cü il tarixində cavabdeh "xxxx" Şirkətinin Filialının rəhbərliyinə xəbərdarlıq dövrü ərzində işdən kənarlaşdırıldığının səbəbini öyrənmək məqsədi ilə məktub ünvanladı. Şikayətinə baxılaraq, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublar ilə müraciəti cavablandırılmışdır. Cavab məktublarında X14 Xidməti tərəfindən bildirilmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Filialına verilmiş sorğu üzrə sənədlərin tam təqdim edilmədiyinə görə, işdən kənarlaşdırılmağı və öz əmək funksiyalarını icra edə bilməməyinə dair məsələlərə münasibət bildirilməsi mümkün olmamışdır. Onun ştat vahidinin ixtisarının əsaslandırılması aparılmamışdır. Onun tutduğu vəzifənin aid olduğu ştat vahidinin ixtisarının iqtisadi və sosial əsaslarının nədən ibarət olduğu, ixtisarın hansı meyarlara görə zəruri olduğu mənə izah olunmamışdır. Bununla yanaşı, ştat vahidinin ixtisarı halında ona alternativ vəzifə də təklif olunmamışdır. Bu, özlüyündə o deməkdir ki, işəgötürən üçün onun tutduğu Maliyyə Əməliyyatları üzrə Menecer vəzifəsinə aid edilən əmək funksiyalarının heç birini zəruri hesab etməyərək, həmin əmək funksiyalarının Filialda icra olunmasını istisna etmiş hesab olunmalıdır. Lakin bu heç də belə olmamışdır. Belə ki, onun icra etdiyi əmək funksiyaları Filialın fəaliyyəti üçün olduqca əhəmiyyətli olduğuna görə, onun icra etdiyi əmək funksiyaları bir neçə işçiyə həvalə edilməklə, guya onun tutduğu ştat vahidinin ixtisarını rəsmiləşdirməyə çalışmışdır. Nəyə görə ondn peşəkarlıq dərəcəsi aşağı olan digər işçinin və ya işçilərin onun icra etdiyi əmək funksiyalarının icrasına cəlb edilməsi bahasına onun tutduğu ştat vahidi ləğv edilmişdir. 1 oktyabr tarixdən işə gəlməyinə qadağa qoyan Filial rəhbərliyinin niyyəti lap əvvəldən, əslində, ona iş axtarmağa imkan yaradılması deyil-çünki belə olsa idi, onu xəbərdarlıq müddətində ofisə girişinə qadağa qoyulmazdı, onu ümumiyyətlə ofisdən uzaqlaşdırmaq olmuşdur. Möhtərəm məhkəmə! O ailəsində yeganə qazanc əldə edən şəxsfir. Onun himayəsində iki övladı vardır. Onun uşaqları artıq böyüyüblər və onların təhsil haqqı, nəqliyyat və digər xərclərini qarşılamaq onun üçün çox çətindir. O öz işindən əldə etdiyi qazanca uyğun olaraq, ailəsinin, xüsusən, uşaqlarının xərclərini ödəməyi planlaşdırmışdır. Baş verənlər nəticəsində 20 000 AZN (iyirmi min manat) məbləğində mənəvi zərərə məruz qalmışdır. Hesab edir ki, "xxxx" Şirkətinin Azərbaycan Filialının rəhbəri tərəfindən ona qarşı qərəzli mövqe tutaraq, ayrı-seçkilik edərək, əmək müqaviləmin əsassız olaraq ləğv edilməsi, məcburi iş buraxma dövründəki əmək haqqı məbləği ödənilməyərək hüquqlarının pozulması müqabilində, "xxxx" Şirkətinin Azərbaycan Filialı tərəfindən ona mənəvi zərərin əvəzi qismində 20 000 AZN (iyirmi min manat) ödənilməlidir.
4. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76, 65, 12, 16.1, 300-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 430.1, 21 13-cü maddəsinə istinad etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi və etiraz verilməmişdir.
6. Məhkəmənin tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, cavabdeh şirkətdə 12 il işləmiş, işə başlayan zaman indiki aldığı maaşdan 3 dəfə az maaş almışdır. O şirkət adından beş ölkəyə (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Özbəkistan) nəzarət edirdi, işində problem yox idi. Şirkət o yaxşı işlədiyinə görə ona şirkətdən səhmlər vermişdi. Şirkət onu aylarla işini təkmilləşdirmək üçün xarici ölkələrə seminarlara göndərib, o şirkətin regional maliyyə rəhbərliyinə potensial namizəd idi. Şirkətdə əməliyyat üzrə maliyyə meneceri işləmişdir. İşdə çıxarılmadan öncə şirkət üçün böyük layihə üzərində işləyirdi, ondan öncə də bir layihəni bitirmişdi. O işdən çıxarılmadan öncə şirkətin Azərbaycan filialının işlərini idarə edirdi, şirkətdə ikinci şəxs idi, şirkətin üç rəhbərindən biri idi. 2024-cü ilin iyul ayında şirkətdə rəhbərlik səviyyəsində dəyişiklik oldu, Misir vətəndaşı X15 şirkətin regional maliyyət direktoru vəzifəsinə təyin edildi. O, savadına görə onu qısqanıb, onun işlə bağlı fikirləri ona pis təsir edirdi, o, bununla işdəki hakimiyyətini onun sarsıtdığını düşünürdü. O, ona qarşı özünü sübut etmək istəyirdi. 30 sentyabrda 9 həftəlik müddət verilməklə iş yerinin ixtisar olması barədə bildiriş və ştatların ixtisarı barədə əmr ona təqdim edildi, 1 oktyabrda isə işə buraxılmadı, idarəyə daxil olmağına icazə verilmədi, halbuki onun iki ay orada işləmək hüququ vardı, cavabdeh bu hüququnu pozdu. 30 sentyabrda ona dedilər ki, “sənə xəbərdarlıq veririk, 2 ay sonra işə gəlməyə bilərsən”. Cavabdeh xəbərdarlıq müddətinə əməl etməyib. 3 dekabrda şirkətin əməkdaşları sənədlərini götürməyi üçün onu ofisə çağırdılar. O da ofisə getdi, orada ona əmək kitabçası verildi. Lakin ƏMAS sistemindən işdən çıxarma protokolunu və əmrini istəsə də ona verilmədi. Cavabdeh onu 8 aydır bütün gəlirlərindən məhrum edib, ailədə işləyən şəxs tək odur, uşaqlarından biri universitetdə oxuyur, digər uşağı isə Prezident təqaüdünə iddialıdır, 6 aydır ona maddimənəvi ziyan vurulur. İşdən çıxarmanın etik qaydaları var, cavabdeh isə həmin qaydalara əməl etməyib. Bonus məsələsində o haqlıdır, çünki onun orada işlədiyi bütün illər ərzində hər il bonus (13-cü maaş kimi) ödənilib, lakin ona 2024-cü ilin bonusu ödənilməyib.. O şirkətdə yaxşı işlədiyinə görə və işdən çıxmamağı üçün şirkət öz səhmlərinin bir hissəsini ona vermişdi, həmin səhmlər ona aid idi. O işdən çıxarıldıqdan sonra fevral ayında səhmləri ləğv edildi və ona onun əvəzinə kompensasiya ödənilmədi. Onun vəzifəsi ixtisar olunmayıb, onun yerinə ondan aşağı səviyyəli işə götürülüb, vəzifəsi formal olaraq saxlanılıb, digər işçilərin vəzifə funksiyaları və əmək haqları artırılıb, bəzi iş funksiyaları da üçüncü şəxsə verilib. Cavabdeh onun 24 aylıq maaşının kompensasiyasını təklif edir, bununla razı deyil, şirkətin ya ona bonusu ödəməsini, ya da 24 ayı 28 ay kimi qeyd etməsini istəyir. Cavabdeh onunla amiranə danışır. Cavabdehin vəkili bildirir ki, şirkət bəlkə də əlavə pul qazanmaq üçün onun vəzifəsini ixtisar edib. Bu, düzgün deyil, çünki cavabdehin ona təklif etdiyi 296400 manat kompensasiya məbləğinə o orada 4 il işləyə bilərdi, həm də şirkətə mənfəət gətirə bilərdi. Həm də o işdən çıxarıldıqdan sonra onun vəzifə funksiyalarının görülməsi üçün digər işçilərin əmək haqqısı artırılıb, həm də üçüncü şəxs onun işinin hissəsi tapşırılıb, bunlar isə əlavə məbləğ tələb edir. İxtisardan bir həftə öncəsinə qədər hər şey yaxşı idi, bir həftə sonra vəziyyət dəyişdi. Bu cavabdehin ona qərəzinin olduğunu göstərir. Ahmed hazırda şirkətdə onun yerinə işləyir, supervayzer işlərini yerinə yetirə bilmir. Təzə ştat cədvəli var, Ahmed maliyyə menceri funksiyasını yerinə yetirir. Ona pul təklif etdilər ki, işdən çıxsın, lakin o buna razı olmadı. Onun aylıq maaşı 12360 manat olub. Qreym Teylor sentyabrın 17-dən işdən getmişdi, o, işdə olmayan zaman 25 sentyabrda Filialın rəhbəri kimi idi, onu o zaman işdən kim çıxarıb? X28 Teylorun yerinə sənədləri imzalama səlahiyyətləri var, Ahmed Amirin işdən çıxarma səlahiyyəti olmayıb. Qreym Teylorun əmrlərinin çoxunu o imzalamışdır. İş yerində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə üstünlük verilməsi qadağandır. O şirkəti Ahmeddən yaxşı idarə edirdi, şirkət transmilli şirkətdir. Şirkətdə olan daha aşağı vəzifəyə müraciət etsə də, şirkət buna razı olmadı. Gmail hesabından ştat cədvəlini çıxarmış və həmin cədvəli məhkəməyə təqdim edir. Həmin cədvəldən göründüyü kimi onun və Ahmedin vəzifə funksiyaları ayrıdır, indi isə işlərini Ahmed görür, onlar regional maliyyə menecerinə tabe idilər, vitse-prezidentə tabe deyildi. O Ahmedin vəzifəsinə namizəd idi, ondan fərqli olaraq 4 xarici dil, yerli qanunvericiliyi və mühasibatlığı bilir, onda ona qarşı paxıllıq vardı. Onun səhvlərini düzəltdiyi üçün ondan qurtulmaq istəyirdi. Onun vəzifəsi şirkətin Azərbaycan filialında vitse-prezidentdən sonra ikinci vəzifə idi. Əgər o işdə qalsaydı 2 il sonra onun yerinə o təyin olunacaqdı, lakin sadəcə onun vəzifəsi ixtisar olundu. Onun vəzifə funksiyaları geniş idi, vəzifə funksiyalarına maliyyə departamentinin idarəsi, işlərin planlaşdırılması, işlərin işçilər arasında bölünməsi, hesabatın tərtibi və s. daxildir. Anar Əliyevin vəzifəsi əsas deyil, Anarın əqd, müqavilə bağlamaq, işdən çıxarmaq səlahiyyəti yoxdur, onun səlahiyyətləri düzgün rəsmiləşdirilməyib. O, işdən çıxarıldıqdan sonra Nuray Əhmədova şirkətə mühasib olaraq götürülüb, şirkətin əməkdaşı olan Mehriban Rəhimovanın vəzifəsi artırılaraq account supervisor vəzifəsinə təyin edilib, həmin vəzifələrdən birinə o təyin edilə bilərdi, Mehriban Rəhimovanın vəzifəsi ona təklif edilə bilərdi. Əgər şirkət ona izah etsəydi ki, sənin vəzifənə şirkətdə artıq ehtiyac yoxdur, ona görə də sənin vəzifəni ixtisar edirlər, o zaman o daha aşağı vəzifəyə keçməyə razı olardı. Cavabdehin vəkili bildirir ki, şirkət onu əvvəlki vəzifəsindən daha aşağı vəzifəyə işə götürərsə guya o iş mühiti ilə əlaqədar orada işləyə bilməyəcək, əvvəllər göstəriş verdiyi işçilərlə birlikdə işləyə bilməyəcəkdir. Bu, yanlış fikirdir, çünki filialda maliyyə və vergi departamenti ayrı-ayrı departamentlərdir, o maliyyə departamentinin meneceri olmuş, vakansiya isə vergi şöbəsində mövcuddur, filialda departamentlər arasında tabeçilik yoxdur. Şirkətin baş ofisi ABŞ-da yerləşir, 80 ölkədə ofisi var. Kompüterin bloklanması barədə şirkətdə müraciət etsə də ona cavab verilmədi. Onu işdən çıxartdıran Ahmed olub, Ahmed də o işdən çıxarıldıqdan onun vəzifə funksiyalarını da yerinə yetirməyə başlayıb.
8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı uzun illər cavabdeh şirkətdə işləyib. 25 sentyabr 2024-cü ildə onun kompüteri bloklanıb, 30 sentyabrda 9 həftəlik müddət verilməklə iş yerinin ixtisar olması barədə bildiriş və ştatların ixtisarı barədə əmr iddiaçıya təqdim edilib, 1 oktyabrda isə işə buraxılmayıb. Cavabdeh iş axtarmaq üçün iddiaçıya 9 həftə vaxt versə də həmin müddətə əməl edilməmişdir, belə ki o, iş yerinə buraxılmamışdır. İşəgötürən 9 həftədən öncə işçini işdən kənarlaşdıra bilməz, işçi həmin müddət ərzində işləyə bilər. Kompensasiya məbləği bildirildikdən sonra barışıq sazişi tərtib edilmişdi. Onlar cavabdehə sazişə düzəliş və ya dəyişiklik edə biləcəyimizi bildirdilər. Cavabdeh tərəfindən bu ilin fevral ayında iddiaçının elektron poçt ünvanına bonusun ona ödəniləcəyi bildirilmişdi. 6 martda isə iddiaçı işçilərə 2024-cü ilin bonuslarının ödənildiyini öyrənib, lakin iddiaçıya 2024-cü ilin bonusu ödənilmədi. İddiaçı da 2024-cü ilin bonusunun ona ödənilməsini istəyir. Şirkətdəki səhm məsələsinə gəldikdə isə onu demək istəyir ki, iddiaçının şirkətdə səhmləri olub, həmin səhmləri də şirkət iddiaçıya özü verib. İşçi öz ərizəsi ilə işdən çıxarsa onun səhmlərinin ləğv edilməsi başa düşüləndir, lakin burada iddiaçı öz ərizəsi ilə işdən çıxmayıb, o, işdən ixtisar edilməsi ilə işdən çıxarılmışdır. İddiaçı da şəxsin işdən çıxdığı halda qanunvericiliyə və şirkətin daxili nizamnaməsinə uyğun olaraq səhmlər ləğv olunur, burada isə işçi işəgötürənin təşəbbüsü ilə işdən çıxarılıb. İddiaçının səhmlərinin əvəzinə ona kompensasiya verilə bilər, onlar səhmlərin qiymətini bazar qiymətlərinə uyğun müəyyənləşdirirlər. İddiaçı işdən azad olunduqdan sonra ştat ixtisar edilib, lakin iddiaçının səlahiyyətləri hələ də var. İddiaçının işdən çıxarılma əmrini verən Əliyev Anar şirkətin Biznesin inkişafı departamentinin müdiridir. Şirkətin Azərbaycandakı Filialının rəhbəri Qreym Teylor isə sentyabr ayından qeyri-rəsmi işdən kənarlaşdırılıb. O, sentyabr ayının 17-dən işdə olmayıb, ölkədən gedib. Əliyev Anarın iddiaçının işdən çıxarma səlahiyyəti yoxdur. Qreym Teylor və Anar Əliyevin etibarnamələrində fərq var, Qreymin səlahiyyətləri daha genişdir, Anarın etibarnaməsində işçinin işdən kənarlaşdırılması xüsusiyyəti yoxdur, Anar belə bir əmr verə bilməz. İddiaçıdan sonra şirkətə başqa vəzifəyə işçi işə götürülüb, başqa əməkdaşın da vəzifəsi artırılıb, cavabdehin vəkili isə iddiaçının yerinə başqa əməkdaşın işə götürülmədiyini bildirir, o zaman cavabdeh tərəf elektron hökumət portalından sənəd yükləsin ki, iddiaçıdan sonra heç kim işə götürülməyib.
9. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi, cavabdeh şirkətin təqdim etdiyi sənədlərin saxta olduğunu, belə ki, bir nəfər işçinin ixtisar dövründə vəzifəsinin qaldırılmasını və bir işçinin filailın maliyyə şöbəsində yeni işə qəbul edilməsini bildirmiş, bu səbəbdən müvafiq xüsusi qərarın çıxarılaraq aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı işə bərpa edilmək istəyir. O, onlarla razılığa gəlmək istəmir. İki aydır tərəflər arasında həm ofisdə, həm də mediasiyada barışıq müzakirəsi gedir. Bununla bağlı barışıq sazişini hazırladı, tövsiyə məktubu ilə bağlı o şəxsən iddiaçı ilə razılaşdı. Şirkətdə vakansiya məsələsi ilə bağlı onu deyə bilər ki, kiminsə vakansiyaya müraciəti məhdudlaşdırıla bilməz, buna görə də onlar barışıq sazişində “İsgəndərov Firdovsinin şirkətdə vakansiya olacağı halda onun müraciəti məhdudlaşdırıla bilməz” kimi qeyd yaza bilməz. İddiaçının bildirdiyi tövsiyə məktubunun cavabdeh tərəfindən imzalanması və digər şirkətlərdən cavabdeh şirkətə iddiaçı barəsində zəng edilməsi məsələlərini hesab edir ki, razılaşdırmaq olar. Vəkilin xidmət haqqı məsələsinə gəldikdə isə onu deyə bilər ki, onlar iddiaçıya təxminən 300000 manat təklif edir, onun isə ondan hüquqi xərclərini istəməsini düzgün deyil. 300000 manat məbləğlə vəkilin xidmət haqqı məbləği arasında böyük fərq var. Şirkət səhmləri məsələsində isə onu bildirmək istəyir ki, iddiaçı səhmlərin verilməsini, ləğv edilməsi qaydasını bilir. Şirkət ona səhmlərin qanuni olaraq ləğv edildiyini bildirib, iddiaçı da bunun səbəblərini bilir və səhmlərin dəyəri iddiaçıya ödənilə bilməz. Səhmlərin kompensasiyası barışıq sazişində qeyd edilə bilməz. Cavabdeh nə prosessual, nə də hüquqi pozuntuya yol verib. İddiaçı barışığa razı deyil. Şirkət iddiaçıya iş axtarmaq üçün 9 həftə vaxt vermişdi. Ştatın ixtisarı üçün iqtisadi əsaslandırma vacib deyil. Şirkət daha çox pul qazanmaq istəyir və ya yeni idarəetmə forması gətirmək istəyir, səbəb kimi bunlar da ola bilər. Sonuncu ştat cədvəli 30 sentyabrda olub, ondan sonra bildiyi qədəri ştat cədvəli olmayıb, iddiaçının ştatı mövcud deyil, şirkət maliyyə meneceri ştatını ixtisar edib. Şirkətin maliyyə işçilərinin maaşını məhkəməyə təqdim edəcək. İddiaçının əlavə olaraq tələb etdiyi sənədlər iddiaçının kabinetinə yerləşdirilib, ştat cədvəlini məhkəməyə təqdim etmişdir. Baker Tilly şirkəti audit xidməti göstərir, cavabdeh şirkət illər öncə həmin şirkətlə müqavilə imzalayıb, həmin müqavilənin də müddəti bitib. İddiaçı bildirir ki, işdən çıxarıldıqdan sonra onun vəzifə funksiyalarının bir qismi Baker Tilly şirkətinə verilib, lakin belə bir məsələ olmayıb. İddiaçı işdən çıxarıldıqdan sonra onun vəzifə funksiyaları işçilər arasında bölünüb, işçilər də həmin işləri rahatlıqla görə bilirlər, ona görə də, hal-hazırda filialda maliyyə departamenti menecerinə ehtiyac yoxdur. İddiaçı elə görüntü yaratmaq istəyir ki, guya cavabdeh iddiaçıya qarşı qərəzlidir, lakin cavabdehin iddiaçıya qarşı qərəzi yoxdur. İddiaçı bildirir ki, ona gecə işdən çıxması barədə xəbərdarlıq göndərilib, bu düzgün deyil. Şirkət işçisini işdən çıxaran zaman onunla məsləhətləşmir, burada filial iddiaçını işdən çıxaran zaman onunla məsləhətləşmir və ya onunla bunu müzakirə etməli deyil. Bonus məsələsinə gəldikdə onu bildirmək istəyir ki, şirkətin iddiaçıya bonus ödəmək öhdəliyi yoxdur və ya həmin öhdəlik müqavilədə qeyd edilməyib, bonusun verilmə qaydasını şirkət müəyyən edir, orada bonusun geri alınması halı da qeyd edilir. Əgər iddiaçı işə bərpa olunsa bonus və səhmlər iddiaçıya geri veriləcək, işə bərpa olunmasa isə bonus və səhmlərin verilməsi icra qaydasında müəyyən ediləcək. İddiaçı işdən çıxarıldıqdan sonra onun əmək funksiyalarının bir çoxu ləğv edilib, funksiyalar işçilər arasında bölünüb. Şirkət öz gəlirlərini artırmaq üçün iddiaçının işdən çıxarıb və onun ştatını ixtisar edib. Ahmed şirkətin Azərbaycan filialının işçisi deyil, onun bu filialla əmək müqaviləsi yoxdur, o, regional işçidir. Ahmed iddiaçını işdən çıxarmayıb, iddiaçının işdən çıxma əmrini Anar Əliyev imzalayıb, lakin iddiaçı Ahmedin onu işdən çıxardığını bildirir. İddiaçı şirkətdə yenidən işə qəbul olunarsa o, əvvəlki vəzifəsindən aşağı vəzifədə işləyəcək, bu halda o, əvvəllər rəhbərlik etdiyi işçilərdən aşağı vəzifədə işləməyi iş mühiti baxımından mümkün deyil, belə ki həmin işçilər ona işlə bağlı göstəriş verəcəklər. Şirkətin Qazaxıstanda olan filailında maliyyə departamentinin meneceri vəzifəsi yoxdur.
11. Məhkəmə tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Prosesin digər iştirakçılarının ifadəsi
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Hallibörton Yeureyja Limited” Şirkətinin Azərbaycan Filialında iddiaçı ilə bir yerdə işləmişdir. Təxminən sentyabr ayının 25-də iddiaçıya mail göndərmiş, onun çatmadığını gördükdə iş masasına yaxınlaşaraq orada olmadığını və bunu maraqlananda koorparativ hesabının bloklandığını öyrənmişdir. İddiaçı bu hadisədən sonra iş yerinə gəlmiş və girişdən buraxılmamışdır. İşdən azad olma zamanı kimin işdən çıxacağı, onun yerinə və onun iş vəzifələrini kimin görəcəyi ilə bağlı işçilərə koorparativ məlumatlandırma göndərilirdi. Ancaq iddiaçı işdən azad olunduqda bunla bağlı korporativ məlumatlandırma həyata keçirilməyib. O, həmin şirkətdə 12 il işləmişdir. Belə halla rastlaşmamışdır. Yanvar ayında öz ərizəsi ilə işdən ayrılmış və aprel ayının sonlarına kimi onun korporativ hesabı açıq qalmışdır. Hesab şirkət tərəfindən bağlanır. Oktyabrdan sonra onu ofisdə görməmişdir. Onlara dedilər Əhməd Əmir regional maliyyə meneceri olub, bundan sonra onunla davam edəcəklər. Ahmed Amir 2024-cü il iyuldan Xəzər regionu üzrə regional maliyyə meneceri kimi başlayıb. Bu vəzifə həmişə olub. Bu vəzifə ilə iddiaçının vəzifələri fərqli olmuşdur. Ahmed Amir Azərbaycan qanunvericiliyinə uyğun deyildi, dil bariyeri var idi və bəzi məsələlərdə səriştəsizliyi hiss olunurdu. O işdən çıxmaq üçün müraciətini təqdim edən gün otağına yaxınlaşdı və səbəbini öyrənməyə çalışdı. Hətta ona maliyyə şöbəsində başqa vəzifə də təklif etdi. Şəxsi səbəblərə görə işdən ayrılmışdır. Anar Əliyev dövlət işləri üzrə menecerdir. O 2013-cü ildən orda işləmişdir, həmin vaxtdan var. Onu heç vaxt filialın idarə olunması üçün səlahiyyətli şəxs kimi görməmişdir. Qreym Teylorun işdən kənarlaşdırılması ilə bağlı yazı göndərilmişdi. Filialın idarə olunması ilə bağlı Qreym Teylor qanuni təmsilçi idi. X9i təmsilçi olacaqdı, ancaq alınmadı. Şirkətin statusunun yenilənməsi bütün şirkətlərdə ciddi məsələdir. Bir neçə saatda veriləcək qərar deyil. Şirkərin bütün iclaslarında əsas şüarı bu olub ki, işçi şirkət üçün aktivdir. İddiaçı işdən çıxdıqdan sonra Mehriban supervayzer oldu, Nuray Nəsibova başqa şöbədən maliyyə şöbəsinə keçirildi. İddiaçının vəzifəsinə heç kim keçirilmədi. Həmin vaxt böyük lahiyə var idi, iddiaçının üzərinə böyük məsuliyyət düşürdü, hətta onla bağlı Londona ezam olunmuşdu. Ştat ixtisarının məqsədi optimallaşdırma idi, xərcə qənaət deyildi. İddiaçı ilə Əhməd Əmirin birbaşa konfliktin şahidi olmamışdır. Ancaq ona təəccüblü gələn hal o idi ki, Əhməd Əmir iddiaçının qərarlarını sorğulayırdı.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: .... ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək.
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.1. işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76.1. işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84.3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 155.1.1. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 155.5. Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. 158.1. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 173.2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.
300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2 İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.2 İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.2 Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
15. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı:
Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarı: 8-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
b) Əsaslandırma
17. İddia əsassızdır.
18. Belə ki, işin faktiki hallarına əsasən, İddiaçı ilə cavabdeh “Hallibörton Yeurejya Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 13 noyabr 2012-ci il tarixli, 0412 nömrəli əmək müqaviləsinə əsasən, o, mühasibat üzrə supervayzer vəzifəsinə qəbul edilmişdir.
19. Daha sonra, tərəflər arasında bağlanmış 01 iyul 2019-cu il tarixli 412 saylı əmək müqaviləsinə dəyişikliklə bağlı 1-0 nömrəli müqavilə ilə işçinin əmək haqqı artırılmış, 15 oktyabr 2019-cu il tarixli, 1 nömrəli dəyişiklik ilə İddiaçı “Maliyyə Əməliyyatları üzrə Menecer” (X7) vəzifəsinə keçirilmiş; 01 oktyar 2021-ci il tarixli, 2 nömrəli dəyişiklik; 01 iyul 2022-ci il tarixli, 3 nömrəli dəyişiklik; 01 mart 2023-cü il tarixli, 3 nömrəli və 01 iyul 2023-cü il tarixli, 4 nömrəli dəyişikliklər ilə işçinin əmək haqqı məbləğləri bir neçə dəfə artırılmışdır.
20. “Hallibörton Yeurejya Limited” şirkətinin Azərbaycan Filialının 03 dekabr 2024cü il tarixli, K-143 nömrəli Əmri ilə, Filial ilə İddiaçı arasında bağlanmış 13 noyabr 2012-ci iltarixli 0412 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi qərara alınmışdır. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqavilə bildirişi xx.xx.2024cü il tarixdə elektron sistemə əlavə edilmişdir.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz.
22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir.
23. Əmək qanunvericiliyinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatlarının ixtisar edilməsidir. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
24. Məhkəmə qeyd edir ki, ştat ixtisarının qanuni olması üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; işçiyə ixtisar olunacağı barədə məlumat verildiyini təsdiq edən sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); ixtisar olunan ir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr.
25. Müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması, iqtisadi əsaslar və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür.
26. Məhkəmə qeyd edir ki, ştatları ixtisar etmək işəgötürənin hüququdur. Bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulub və işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, eyni zamanda Əmək Məcəlləsinin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir.
27. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh “Hallibörton Yeurejya Limited” şirkətinin Azərbaycan Filialı tərəfindən mübahisəli əmr qəbul edilən zaman əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.
28. Belə ki, İddiaçı “Hallibörton Yeurejya Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında “Maliyyə əməliyyatları üzrə Menecer” vəsifəsində işləmiş və həmin vəzifə üzrə şirkətin maliyyə şöbəsində bir ştat vahidi olmuşdur.
29. Belə ki, Cavabdeh Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixli təsdiqlənmiş filialın təşkilati strukturuna əsasən, Vitse President, Finance Manager-Accountant Sr, Accountant Prin, Accouting, Accountant Sr, Accountant Sr olaraq təşkil olunmuşdur.
30. Cavabdeh Şirkətinin 30 sentyabr 2024-cü il tarixli, K-108 saylı Əmrinə əsasən Filialın yeni təşkilati strukturu və ştat cədvəli təsdiq edilmiş, buna əsasən, Vitse President, Accounting- Accountant Sr., Accouting, Accountant Sr., Accountant Sr., Accountant Prin. olaraq təşkil olunmuşdur.
31. Həmin əmrin əsasları belə müəyyən edilmişdir: “Hallibörton Yeurejya Limited” şirkətinin Azərbaycan Filialında idarəetmənin təkmilləşdirilməsi, ştat strukturunun optimallaşdırılması, fəaliyyətinin iqtisadi və iş prosesinin səmərəliliyinin artırılması məqsədilə Filialın təşkilati strukturunun və xərclərin optimallaşdırılması, restrukturizasiyası və iş bölgüsünün yenidən təşkili zərurətinin yaranması.
32. Yeni ştat cədvəlinə uyğun olaraq İddiaçı çalışdığı “Maliyyə Əməliyyatları üzrə Menecer” (X7) ştat vahidi K-109 saylı, 30 sentyabr 2024-cü il tarixli Əmr ilə ixtisar edilmişdir.
33. 30 sentyabr 2024-cü il tarixdə “Hallibörton Yeurejya Limited” şirkətinin Azərbaycan Filialında tutuduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar rəsmi bildiriş (xəbərdarlıq) təqdim edilmişdir. Bildiriş barədə xx.xx.2024-cü il tarixdə ƏMAS sistemi vasitəsilə işəgötürən və işçi arasında rəsmi yazışmalar bölməsində məlumat göndərilmişdir. Həmin bildiriş iddiaçıya xx.xx.2024-cü il tarixdə həm aktiv elektron məktub (e-mail), həm də iddiaçıya məxsus olan nömrə vasitəsilə məlumat verilmişdir.
34. “Hallibörton Yeurejya Limited” şirkətinin Azərbaycan Filialının 03 dekabr 2024cü il tarixli, K-143 nömrəli Əmri ilə Filial ilə İddiaçı arasında bağlanmış 13 noyabr 2012-ci iltarixli 0412 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi qərara alınmışdır. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqavilə bildirişi xx.xx.2024cü il tarixdə elektron sistemə əlavə edilmişdir.
35. Əmək müqaviləsinin ləğvi ilə əlaqədar müvafiq əmrin surəti, işçinin əmək kitabçası və aparılmış son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı, işdənçıxma müavinəti və digər ödəmələr) ilə birlikdə işçiyə təqdim edilmişdir.
36. Göründüyü kimi, işçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş qaydaya riayət edilməklə, azı 9 təqvim həftəsi rəsmi xəbərdarlıq müddətini nəzərə almaqla, xx.xx.2024-cü il tarixdən ləğv edilmiş bildiriş göndərilmiş, həmin bildiriş ona çatdırılmış, bildirişdə göstərilən müddət başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə həmin əmr, K-109 saylı, 30 sentyabr 2024-cü il tarixli Əmr ilə əsaslandırılmışdır.
37. Cavabdeh şirkətin nümayəndəsinin təqdim etdiyi 1 noyabr 2023-cü il tarixli və 20 sentyabr 2024-cü il tarixli “Filialın təşkilati strukturu” adlanan ştat cədvəllərinin müqayisəli təhlilindən aydın olur ki, şirkətin Maliyyə (Finance) şöbəsində əvvəl ümumilikdə 7 ştat vahidi olmaqla, 1 ştat vahidi “Maliyyə Əməliyyatları üzrə Menecer” (X7) vəzifəsi mövcud olmuş, ştat ixtisarından sonra yalnız “Maliyyə Əməliyyatları üzrə Menecer” (X7) ştat vahidi ümumiyyətlə ləğv edilmişdir.
38. İddiaçının əsaslandığı hallardan biri – “ştat ixtisarından sonra bir işçinin şöbədə yeni işə qəbul edilməsi və bir işçinin vəzifəsinin yüksəldilməsi və bunun iddiaçının əmək funksiyalarının icrasına ehtiyacın aradan qalxmamasının sübutu olması” ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının işləmiş olduğu “Maliyyə” şöbəsində heç bir yeni ştat vahidi açılmamış və iddiaçının çalışdığı ştat vahidi üzrə vəzifəyə yeni işçi işə götürülməmişdir.
39. Ştat ixtisarından əvvəlki və sonrakı ştat cədvəllərinin müqayisəli təhlili məqsədilə maliyyə şöbəsində işləyən işçilərin əmək müqavilələri (və onlara dəyişiklilər) məhkəmə tərəfində əldə edilmişdir.
40. Cavabdeh şirkət tərəfindən təqdim edilmiş, maliyyə şöbəsində işləyən işçilərin əmək müqavilələri (və onlara dəyişikliklər) aşağıdakılardan ibarət olmuşdur: - Cavabdeh Şirkətinin Filialı ilə X6 arasında xx.xx.2017-ci il tarixli, 10№-li 816 əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixli 3№-li 816 saylı müqaviləyə dəyişikliyə əsasən, işçi aparıcı mühasib (A059-ESG) vəzifəsinə keçirilmişdir. - Cavabdeh Şirkətinin Filialı ilə X10 arasında xx.xx.2006-ci il tarixli, 11№-li 095 saylı əmək müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixli dəyişiklik edilmişdir. - Cavabdeh Şirkətinin Filialı ilə X22 arasında bağlanmış xx.xx.2023-ci il tarixli 1195№-li əmək müqaviləsi bağlanmış, senior accountant (A017-ESG) vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinə xx.xx.2024cü il tarixdə dəyişiklik edilmişdir. - Cavabdeh Şirkətinin Filialı ilə X13 arasında xx.xx.2011-ci il tarixli, 9№-li 288 saylı müqavilə bağlanmış, 12 avqust 2021-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilərək, senior accountant (A017-ESG) vəzifəsinə qəbul edilmişdir. - Cavabdeh Şirkətinin Filialı ilə X16 arasında xx.xx.2014-ci il tarixli 10№-li 535 saylı əmək müqaviləsi bağlanmış, 30 mart 2023-cü il tarixli dəyişikliklə senior accountant (A017-ESG) vəzifəsinə keçirilmişdir.
41. İddiaçı tərəfindən təqdim edilmiş, maliyyə şöbəsində işləyən iki işçinin əmək müqavilələrindən (və ya onlara dəyişikliklər) isə aydın olur ki, “Hallibörton Yeurejya Limited” şirkətinin Azərbaycan Filialı ilə Mehriban Rəhimova ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsas götürülsə belə, həmin işçi iddiaçının ləğv olunan ştatı üzrə vəzifəyə deyil, mühasibatlıq üzrə supervayzer (A012-ESG) vəzifəsinə qəbul edilmişdir. Eyni qaydada, iddiaçı tərəfin təqdim etdiyi, Nuray Nəsibova adlı işçinin xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, o, həmin şöbədə kiçik mühasib vəzifəsinə (başqa əmək funksiyaları ilə) qəbul edilmişdir.
42. Göründüyü kimi, iddiaçının çalışmış olduğu ştat vahidinin bərpası, şöbədə yeni ştat vahidinin yaradılması və ya adı çəkilən işçilərin yeni yaradılmış ştat vahidi üzrə vəzifələrə işə qəbul edilməsi halı müəyyən edilmir. Məhkəmə hesab edir ki, ştat vahidinin yenidən strukturlaşdırılması yolu ilə işçilərin əmək funksiyalarının dəyişdirilməsi işəgötürənin hüququ olmaqla, iqtisadi cəhətdən daha optimal addımların atılmasının Şirkətə qadağan edilməsi yolverilməzdir.
43. İddiaçı ştat ixtisarı həyata keçirilərkən ixtisasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmadığını, özünün yüksək hazırlıqlı işçi olmasını qeyd etsə də, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. O da nəzərə alınmalıdır ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışdır.
44. Bundan əlavə, iddiaçı işdən azad edilməsindən bir neçə ay sonra vergi şöbəsində yaranmış vakansiyaya müraciət etdiyini, lakin işə qəbul edilmədiyini qeyd edərək bunu əmək qanunvericiliyinin pozulması və işəgötürənin qərəzi kimi qiymətləndirmişdir.
45. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin “Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər” adlı 71-ci maddəsinin yeni redaksiyasında “ştatları ixtisar olunduqda, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır” ilə bağlı qaydalar qüvvədən düşmüşdür.
46. Cavabdeh şirkətin nümayəndəsi və vəkili bununla bağlı şirkətin mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının işlədiyi maliyyə meneceri vəzifəsinə nisbətən xeyli aşağı kateqoriyalı işə sonradan qəbul edilməsi şirkətin daxili siyasətinə uyğun olmayacaq və şirkətdaxili münasibətlərdə qeyri-təbii vəziyyətin yaranmasına səbəb olacaqdı.
47. İddiaçının işdən kənarlaşdırıldıqdan sonra, cavabdeh şirkətin maliyyə hesabatlarının-mənfəət bəyannaməsinin hazırlanması ilə bağlı xidmətlərin alınmasına dair “X20” şirkəti ilə xidmət müqaviləsinin bağlanması, bununla da, iddiaçının əmək funksiyalarının bir qisminin üçüncü tərəf qismində audit şirkətinə həvalə olunması ilə bağlı iddiaçı tərəfin dəlillərinə qiymət verərək məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, həmin şirkət ilə cavabdeh arasında xidmət müqaviləsi yalnız iddiaçının vəzifəsi üzrə ştatın ixtisarından sonra deyil, ondan əvvəl də bağlanmışdır (xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş, xx.xx.2024-cü ilədək qüvvədə hesab olunmuşdur).
48. Bu onu deməyə əsas verir ki, göstərilənlər iddiaçının əmək funksiyalarının icrasına ehtiyacın aradan qalxmaması halını deyil, əksinə, cavabdeh şirkətin maliyyə əməliyyatlarının xidmət müqaviləsi bağlanması yolu ilə “X20” şirkətinə həvalə edilməsinin, yüksək əmək haqqı məbləği müəyyən edilmiş bir ştat vahidinin saxlanmasına nisbətən iqtisadi cəhətdən işəgötürənə daha əlverişli olmasını və həmin ştat vahidinə ehtiyacın aradan qalxmasını təsdiq edir.
49. Belə ki, bəzi korporativ şirkətlərdə onların fəaliyyət istiqamətinin xüsusiyyətlərinə uyğun olaraq maliyyə əməliyyatlarının mürəkkəb və çoxsaylı olmaması səbəbindən, vergi bəyannamələri və digər maliyyə xidmətlərinin göstərilməsinin üçüncü tərəfə həvalə edilməsi ilə paralel olaraq eyni funksiyaların icrası üçün yüksək əmək haqqı müəyyən edilmiş ştat vahidinin mövcudluğunun işəgötürən üçün əlverişsiz olması, nəticədə ştat vahidinin buna uyğun yenidən qurulması gözlənilməz hal deyil.
50. İddia tələbinin digər əsası budur ki, iddiaçının işlədiyi vəzifə üzrə ştat vahidinin ixtisarının əsas səbəbi, məhz X21 üzrə Maliyyə Direktoru vəzifəsini icra edən X18 (Ahmed Amer) adlı şəxsin iddiaçını özünə rəqib hesab etməsi və buna görə, onu Filialdan uzaqlaşdırması ilə bağlı qərəzli mövqeyi olmuşdur.
51. Bununla bağlı məhkəmə hesab edir ki, belə bir qərəzin müəyyən edilməsi barədə mötəbər sübutların olmaması; X11 iddiaçıya nəzərən daha yüksək vəzifədə işləməsi və filial müstəvisində deyil, regional işçi olması halında iddiaçını özünə rəqib olaraq görməsinin ağlabatan olmaması; şirkətin ştat strukturunun restrukturizasiyası ilə bağlı qərarların şirkətin baş ofisinə məlum olmadan, məhz X11 inisiativindən asılı olmasının iş materialları ilə təkzib edilməsi, şahid X3 “şirkət tərəfindən iddiaçının hesabının bloklanması, iddiaçının ofisin turniketindən buraxılmaması, X11 daxili qanunvericiliyi bilməməsi, dil bariyeri qərəz göstəricisidir” ilə bağlı ifadəsinin isə şəxsi mülahizə xarakterli olması nəzərə alındıqda, iddiaçının qərəzlə bağlı mövqeyi əsaslı hesab edilə bilməz.
52. İddiaçı işdən azad edilməsi ilə bağlı əmrin həmin dövrdə vitse-prezident vəzifəsində işləməyən Graeme Taylorun elektron imzası ilə imzalanması ilə bağlı məhkəmə qeyd edir ki, Graeme Taylorun Şirkətin “Azərbaycan Respublikasındakı Filialının Hüquqi Təmsilçisi və Baş Direktoru təyin edilməsinə dair Etibarnamə xx.xx.2025ci il tarixədək qüvvədə olmuşdur və etibarnamə verilən şəxs “(6) şirkət ərazisindəki Filialın işçilərini işdə saxlamaq və işdən azad etmək və həmin işçilərlə əmək müqavilələri bağlamaq və onlara dəyişikliklər etmək”; “(17) Filial ilə əlaqədar işçilərin işə qəbulu, mükafatlandırılması, işdən azad edilməsi, həmçinin onların vəzifələrini və xidmət müddətlərini müəyyən etmək və dəyişdirmək”...səlahiyyətlərinə malik olmuşdur.
53. İddiaçının digər dəlili belədir - “cavabdeh şirkətin Baş ofisindən Anar Əliyevə və İddiaçı verilmiş etibarnamələrə əsasən, iddiaçının səlahiyyətləri Anar Əliyevə verilmiş səlahiyyətlərdən üstün olmuşdur, bu səbəbdən, Anar Əliyev iddiaçıya dair əmri imzalaya bilməzdi”.
54. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş “Hallibörton Yeurejya Limited” şirkətinin Azərbaycan Filialı tərəfindən X17 verilmiş, 01..03.2024-cü il tarixdə imzlanmış, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək qüvvədə olan Etibarnamədən aydın olur ki, o, Filialın müvəkkili təyin edilməklə ona həvalə edilmiş səlahiyyətlərə daxildir: (10) Filial Ofislə əlaqədar işçilərin cəlb edilməsi, əməyin ödənilməsi, işdən çıxarılması, vəzifə və xidməti müddətlərinin təsdiqlənməsi və dəyişdirilməsi... Yuxarıda göstərilən məqsədlərin hamısı və yahər hansı biri üçün şirkət və\və ya şirkətin filial Ofisi tərəfindən icra edildiyi kimi, hər hansı bir akt, təyinat, sənəd və əqdlərin imzalanması, möhür vurulması, çatdırılması, icrası və yetinə yetirilməsi..
55. Göründüyü kimi, Anar Əliyevin “əmək müqaviləsinin ləğv olunması” haqqında xx.xx.2024-cü il tarixli əmri imzalaması barədə səlahiyyətinin olmamasına dair dəlillər əsassızdır.
56. “Filialın təşkilati strukturunun təsdiq edilməsinə dair” xx.xx.2013-cü il tarixli əmrdəki imzaların vitse prezidentinin əvəzindən Şirkətin Xəzər regionu üzrə X12 vəsifəsində işləyən Vüsalə Ələkərova tərəfindən icra edilməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, bununla bağlı ekspertizanı keçirilməsi barədə vəsatət verilməmiş və ya hər hansı mötəbər sübut təqdim edilməmişdir.
57. Eyni zamanda, iş materiallarında olan, İddiaçıla bağlanmış əmək müqaviləsinə dəyişikliklə bağlı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrə nəzər yetirdikdə, həmin müqavilələrin işəgötürən qismində Ölkə/ərazi üzrə vitse prezident Graeme Taylor və işçi qismində İddiaçı tərəfindən imzalanması aşkar olur və həmin müqavilələrdəki Graeme Taylora məxsus imzaların, “Filialın təşkilati strukturunun təsdiq edilməsinə dair” xx.xx.2013-cü il tarixli əmrdəki Graeme Taylora məxsus imza ilə eyni olması vizual olaraq aydın görünür.
58. Belə olan təqdirdə, iddiaçının əmək haqqının 10,534,44 manat, sonradan 11508,42 manat olaraq artırılması barədə əmək müqaviləsinə dəyişikliklə bağlı müqavilələrin mötəbərliyinin sual doğurmaması, lakin, eyni imza ilə təsdiq edilmiş “Filialın təşkilati strukturunun təsdiq edilməsinə dair” xx.xx.2013-cü il tarixli əmrin mötəbər olmaması ilə bağlı iddiaçının mövqeyini məhkəmə əsassız hesab edir.
59. Məhkəmə onu da qeyd edir ki, göstərilənlər nəzərə alınaraq, iddiaçı tərəfin təqdim etdiyi Cavabdeh Şirkətinin Azərbaycan filalının sənədlərdə imzaları olan əməkdaşlarının əməllərində cinayət əlamətləri olması barədə xüsusi qərardad çıxararaq materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi ilə bağlı xüsusi qərarın çıxarılması barədə vəsatəti təmin edilməmişdir.
60. Yuxarıda qeyd edilənləri əsas götürərək, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının dəlilləri əsaslı olmadığından xx.xx.2024-cü il tarixli K-143 nömrəli əmrinin ləğv edilməsi; işə bərpa edilməsi tələbi təmin edilə bilməz.
61. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, bu hissədə də iddia təmin edilməməlidir.
62. İddia tələbinin “cavabdeh tərəfindən 2024-cü il üzrə mənə hesablanmış və ödənilməli olan bir aylıq əmək haqqı məbləğində, yəni 12,360 manat məbləğində əmək haqqına əlavənin (bonusun) iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin yuxarıda qeyd edilmiş tələblərinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir.
63. İddiaçının əmək müqaviləsində ona bir aylıq əmək haqqı məbləğində əlavənin verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda, iş materillarına əlavə edilmiş “X4 üzrə Əmək haqqı (APPP) və Halliburton rəhbərliyinin performans üzrə əmək haqqı plan (MPPP) ili 2024 İnzibati Qaydalar”da göstərilmişdir ki, iştirakçının pensiya, ölüm və ya əlillikdən başqa hər hansı bir səbəbdən Plan ilinin son iş gününə qədər əmək fəaliyyətinə xitam verilərsə, plan ili üçün nəzərdə tutulmuş hər hansı mükafatdan məhrum olur.
64. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıya bonus verilməsi onun əmək haqqının tərkib hissəsi kimi nəzərdə tutulmadığından və əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) tam ödənildiyindən həmin hissədə də iddia təmin edilə bilməz.
65. Tələbin “səhmlərin geri qaytarılması” hissəsi ilə bağlı qeyd edilməlidir ki,Qaradağ Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli qərardadı ilə, iddia tələbinin həmin hissədə məhkəmə aidiyyəti ilə əlaqədar geri qaytarılması qərara alınmışdır.
66. İddiaçı 20.000 manat mənəvi zərərlə bağlı tələbinin təmin olunmasına imkan verəcək heç bir sübut təqdim etmədiyindən, Mülki Məcəllənin 1096-cı maddəsində göstərilən şərtlər ödənilmədiyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndində göstərilən şərtlər, cavabdehin təqsirli, hüquqazidd hərəkəti müəyyən edilmədiyindən həmin hissədə təmin edilə bilməz.
Nəticə
67. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
68. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı Cavabdeh Şirkətinin Filialına qarşı Cavabdeh Şirkətinin Azərbaycan Filialının onun barəsində çıxardığı, əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli K-143 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh Şirkətinin Azərbaycan Filialında işə bərpa olunması, məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Filialı tərəfindən 2024-cü il üzrə ona hesablanmış və ödənilməli olan bir aylıq əmək haqqı məbləğində, yəni 12360 manat məbləğində əmək haqqına əlavənin ona ödənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi qismində 20000 manat pul məbləğində Cavabdeh Şirkətinin Azərbaycan Filialından tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova