Məhkəmə qərarları › İş №2(002)-11/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-11/2023

04.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-11/2023 04.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, eləcə də X3 və X6 istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, eləcə də X3 və X6 ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən çıxarılmaqla həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" KB ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, X11, X12, X17, X7, X8, Cavabdeh3, X13, Cavabdeh4, X9, X14, X10, X16 və X5 istifadə hüquqlarına xitam verilməsi; onların həmin fərdi yaşayış evindən çıxarılmaqla həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zeynəb Həmidli (2009-cu il təvəllüdlü), Zaur Həmidli (2007-ci il təvəllüdlü), Leyla Həmidli (2010-cu il təvəllüdlü) və Zaur Həmidli (2021-ci il təvəllüdlü) yetkinlik yaşına çatmadıqlarından onların adları cavabdehlər siyahısından çıxarılmışdır. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evini almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 2086 nömrəli vərəqində qeydiyyat aparılmışdır, eləcə də, RX seriyalı ******* saylı çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixdə «Elektron notariat» X1 əldə etdikləri çıxarışa (2 saylı forma) əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, həmçinin X10 və X16 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun. Lakin qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh1 və onun ailə üzvlərinin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən, keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvlərinin ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Həmin fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsi ilə satılmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3, 59.4-cü maddələrinə, Mülki Məcəllənin 157.2, 157.4, 152.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə istinad edən iddiaçı daha sonra bildirmişdir ki, hal-hazırda ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və digərlərinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01 fevral 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi "xxxx" KB ASC-nin adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 2086 nömrəli vərəqində qeydiyyata alınmışdır. 05 iyul 2022-ci il tarixli 19 saylı 2 nömrəli forma üzrə arayışdan görünür ki, cavabdehlər və onların yetkinlik yaşına çatmamış ailə üzvləri iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olmaqla, orada yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evi hərrac vasitəsi ilə əldə olunmuş, iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Dövlət tərəfindən hər kəsin, o cümlədən iddiaçının mülkiyyət hüququna təminat verilmişdir. Hazırda iddiaçının təminat altında olan hüquqları cavabdehlər tərəfindən pozulur. Belə ki, fərdi yaşayış evinin hərracda iddiaçıya satılmasına baxmayaraq, cavabdehlər həmin evi tərk etmir və qeydiyyatdan çıxmırlar. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, X12, X17, X7, X8, Cavabdeh3, X13, Cavabdeh4, X9, X14, X10, X16 və X5 yetkinlik yaşına çatmamış ailə üzvləri ilə birlikdə iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli; onlar həmin fərdi yaşayış evindən çıxarılmalı və ev boşaldılmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, X12, X17, X7, X8, Cavabdeh3, X13, Cavabdeh4, X9, X14, X10, X16 və X5 yetkinlik yaşına çatmamış ailə üzvləri ilə birlikdə iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 8 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Onlar həmin fərdi yaşayış evindən çıxarılsın və ev boşaldılsın. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar