Məhkəmə qərarları › İş №2(002)-1153/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1153/2024

15.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1153/2024 15.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı Cavabdehna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 qalmış miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin bərpa olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik hüquq münasibətlərinə əsasən vərəsəlik işinin açılması, mirasın qəbulu və ondan imtinanın rəsmiləşdirilməsi, habelə vərəsəlik şəhadətnaməsinin verilməsi mirasın açıldığı yer üzrə notariat orqanının səlahiyyətinə aiddir. Məhkəmələr mirasın qəbulu müddətinin uzadılması, mirasın faktiki qəbulu zamanı bu faktın notarius tərəfindən müəyyən edilə bilmədiyi halda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, eləcə də vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsinə dair mübahisələrə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.Həmin Qərara görə Konstitusiya icraatı qaydasında işə baxılarkən daxil olmuş mütəxəssis mülahizələrində və ekspert rəylərində də istisnasız olaraq eyni yanaşma ifadə edilərək Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29cu maddəsinə zidd olduğu bildirilmişdir.Oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur.Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlıdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş pretenziya qaydasına əməl etməsinə dair sübutlar (notariat ofisinə müraciətlər) yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarının qüvvəyə minməsindən əvvəlki tarixlərə aiddir. Bununla belə məhkəmə hesab edir ki, həmin qərarla müvafiq məsələ ilə bağlı (mirasın qəbul edilməsi müddəti ilə bağlı) yeni nizamasalma proseduraları tətbiq olunacağından, hazırkı iddia tələbi üzrə iddiaçı tərəfindən təkrar notariat ofisinə müraciət edilməli və daha sonra məhkəməyə müraciət edilməlidir. Mülki Məcəllənin 1246 maddəsi (mirasın qəbulunun 6 aylıq müddətinə dair maddə ) qüvvədən düşmüş hesab edildiyinə görə məhkəmə hesab edir ki iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmaklıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehna qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar