Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1155/2025 07.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1190 saylı sərəncamına əsasən ona ayrılmış torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1190 saylı sərəncamına əsasən, iddiaçıya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün Qaradağ rayonu, Sahil qəsəbəsində mağaza tikintisi üçün icazə verilmişdir. Qaradağ RİHB-nın 03 mart 2010-cu il tarixli, 46 nömrəli sərəncamına əsasən isə həmin ünvanda yerləşən mağazada müasir tələblərə uyğun təmir və yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. İddiaçının maddi imkanı məhdud olduğundan həmin ünvanda ona ayrılmış torpaq sahəsinin bir hissəsində mağaza tikmiş, sonradan həmin mağazanı icarəyə vermişdir, hazırda həmin mağaza təndir çörəyi sexi kimi fəaliyyət göstərir. İddiaçı özü orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, hazırda isə mağazanı ikinci sərəncama və təsdiq edilmiş layihəyə uyğun olaraq genişləndirmək istəyir. Lakin qeyd edilən ərazidə ona ayrılan torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt edildiyindən o, tikinti işlərini apara bilmir. Hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus ərazini qanunsuz olaraq zəbt etməsi onun hüquqlarını məhdudlaşdırır. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zaman Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbinə qəti etiraz edir. Belə ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1102 saylı sərəncamına əsasən digər Cavabdeh2 kommersiya fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaradılmış ticarət cərgəsində mağaza tikintisinə icazə verilmişdir, həmin sahə yerləşmə cizgisinə əsasən ən küncdə yerləşir. Qeyd olunan sahəni Cavabdeh2 2010-cu ildə etibarnamə ilə onun atası Süleymana satmış, həmin vaxtdan sahəyə faktiki sahiblik etmişdir, sonradan atası vəfat etdiyindən etibarnamə onun adına verilmişdir. 2019-cu ildə bünövrə üçün betonlama işləri aparmış, eskiz layihəsinə əsasən 2-3 daş hündürlüyündə divar çəkmişdir. Aparılan tikinti işlərini həmin ticarət cərgəsində yerləşən digər mağaza sahibləri, eləcə də iddiaçının özü şəxsən görmüş, hətta həmin tikinti üçün su iddiaçıya məxsus mağazadan götürülmüş, iddiaçının hər hansı etirazı olmamışdır. Belə ki, iddiaçının sahibi olduğu obyekt tikinti aparılan sahənin sağ tərəfində yerləşir. İddiaçı həmin vaxt aparılan tikintiyə heç bir etiraz bildirmədiyi halda, onun indi məhkəmədə iddia qaldırmağını anlaya bilmir. Həmçinin qeyd edir ki, iddiaçıya hər iki sərəncama əsasən cəmi 40 kv.m ayrıldığı halda, mağazaya bitişik əlavə tikililər tikməklə iddiaçı özü əslində daha böyük sahəni zəbt etmişdir. Daha böyük sahəni zəbt etdiyi, hazırda onun sahiblik etdiyi sahənin iddiaçıya heç bir aidiyyəti olmadığı halda, iddiaçı məhkəmədə əsassız iddia qaldırmışdır. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qənamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, eyni zamanda iddia tələbinə etiraz etdiyini bildirmişdir. Ərizəsində qeyd etmişdir ki, İddiaçı Abad Məhəllə adlanan ərazidə sökülən obyektinin əvəzinə Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən ticarət cərgəsində Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən 20 kv.m sahə ayrılmışdır. İddiaçı isə qanunsuz olaraq 50 kv.m sahəni zəbt etmişdir, bununla da gözü doymamış, indi də ona ayrılmış sahəni zəbt etmək istəyir. Bildirir ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamına və yerləşmə cizgisinə əsasən, Sahil qəsəbəsi, M.Seyidov küçəsində olan dördyolda, küncdə yerləşən sahə ona məxsusdur, həmin sahəni 2010-cu ildə yaxın dostu Süleymana satmışdır. 2019-cu ildə sənədləşmə və tikinti işləri aparmaq məqsədilə dostunun oğlu Azərə etibarnamə vermişdir. Azər ona ayrılmış sahədə betonlama işləri aparmağa başlamış, bütün qonşular buna şahid olmuşdur. Hətta ustalar betonlama işləri apararkən suyu İddiaçı obyektindən götürürdülər. Neçə il sonra iddiaçı onlara qarşı iddia qaldırmaqla havayı qazanc əldə etməyi düşünür. Sərəncamda ona 20 kv.m sahə ayrıldığı halda, iddiaçı obyektinin arxa tərəfində qanunsuz olaraq anbar və anbarın yanında əlavə tikililər inşa etmişdir. Buna baxmayaraq, əsassız iddialarla ticarət cərgəsində əlavə tikili tikmək istəyir. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qənamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, Sahil qəsəbəsində, M.Seyidov küçəsində ticarət cərgəsi olan ərazidə bərbərxanada işləyir. İddiaçını təndirxana sahibi kimi, cavabdehləri isə eyni məhəllə sakinləri kimi tanıyır. Mübahisəli sahə 2010-cu ildən Süleymana məxsus olub, Süleymanın oğlu Azər 2019-cu ildə həmin ərazidə tikintiyə başlayıb. Orada işləyən hamı tikinti işlərinin şahidi olub, eləcə də iddiaçının bundan xəbəri var idi. Çünki, betonlama işləri zamanı suyun təndirxanadan götürüldüyünün şahidi olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları, şahid ifadəsini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız hesab edilərək təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 dekabr 2000-ci il tarixli, 1190 saylı sərəncamının surətindən görünür ki, İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində 20 kv.m sahəsi olan mağaza tikintisinə icazə verilmişdir. Mağazanın tikintisinin rayon İH aparatının memarı ilə razılaşdırılmış layihə əsasında aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024cü il tarixli məktubunun və Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 46 saylı sərəncamının surətlərindən görünür ki, İddiaçı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 25 dekabr 2000-ci il tarixli, 1190 saylı sərəncamına əsasən Sahil qəsəbəsində tikdirdiyi mağazada təmir və yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. Təmir və yenidənqurma işlərinin rayon İH tərəfindən təsdiq edilmiş layihə əsasında aparılması qərara alınmışdır. İş materiallarında olan Qaradağ rayon İH aparatının memarı N.Səmədov ilə razılaşdırılmış yer sxeminin və İddiaçı aid mağazanın layihəsinin surətlərindən görünür ki, layihədə mağazanın ümumi sahəsi 20 m2+20 m2 olaraq nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2015-ci il tarixli məktubunun, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1102 saylı sərəncamının və yerləşmə cizgisinin surətlərindən görünür ki, Cavabdeh2 kommersiya fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaradılmış ticarət cərgəsində 12 kv.m sahəsi olan mağaza tikintisinə icazə verilmişdir. Mağazanın tikintisinin rayon İH aparatının memarı ilə razılaşdırılmış layihə əsasında aparılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh2 məxsus qeyri-yaşayış obyektinin eskiz layihəsinin surətindən və fotoşəkillərdən görünür ki, qeyd olunan sahədə bir neçə daş hündürlüyündə bünövrə işləri aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Əliyev X3 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1102 saylı sərəncamına əsasən Sahil qəsəbəsi, M.Seyidov küçəsində yaradılmış ticarət cərgəsində tikilmiş mağazadan istifadə etməyi, torpağı və obyekti özəlləşdirmək üçün bütün dövlət orqanlarında təmsil etməyi, bütün sənədləşmə işlərini aparmağı, kadastr planı, texniki pasport, reyestrdən çıxarış almağı, kommunal xətlər çəkməyi, digər hərəkətləri etməyi 50 il müddətinə Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan qonşular (M.Cavadov, E.Kərimli, V.Məmmədzadə, F.Əliyev, D.Vəliyev, Z.Əliyev, Y.Yarov, Ş.Nəcəfov, N.Kərimli, E.Həsənov) tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, onlar Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində M.Seyidov küçəsində “İrşad Telecom”la üzbəüz tində yerləşən 12 kv.metrlik, 2019-cu ildə betonlanmış sahənin Cavabdeh1 məxsus olduğunu, 2019-cu ildə orada tikinti işlərinin aparıldığını öz imzaları ilə təsdiq edirlər. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin şöbə müdiri, mülki iş üzrə mütəxəssis qismində cəlb edilmiş X1 xx.xx.2025-cü il tarixli yazılı rəyindən görünür ki, yerində baxış zamanı iddiaçının sahibliyində olan mağazaya bitişik, girişi mağazanın içərisindən olan iki yardımçı tikilinin inşa edildiyi, mağazanın sol tərəfində cavabdehlərin sahibliyində olan bir-iki daş hündürlüyündə bünövrənin inşa edildiyi aşkar edilmişdir. Baxış zamanı tərəflərin sahibliyində olan sahələrin ölçü işləri aparılaraq, yerləşmə cizgiləri nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1102 saylı sərəncamına əsasən tikintisinə icazə verilmiş mağaza yerləşmə cizgisinə əsasən M.Seyidov küçəsində ticarət cərgəsinin sonunda yerləşir, həmin sahədə cavabdehlər tərəfindən bünövrə işləri aparılmışdır, sahə faktiki olaraq yol ilə iddiaçının mağazası arasında yerləşir. Daha sonrakı tarixli Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1190 saylı sərəncamına əsasən tikintisinə icazə verilmiş mağaza isə qeyd olunan sahənin sağında yerləşir. Bünövrəsi tikilməkdə olan sahənin ölçüləri belədir: eni-daxildən 4,20m (xaricdən 4,70m), uzunluğu daxildən 7,85m (xaricdən 8,35m). Yerləşmə cizgisində onun eni 4m olaraq qeyd olunmuşdur. Mağazanın və yardımçı tikililərin yerləşdiyi ümumi sahənin müəyyən edilməsi üçün aparılan ölçü işləri zamanı perimetr boyunca divarların uzunluqlarının müvafiq olaraq 5,20m, 10,7m, 2,60m, 1,20m, 2,27m, 2,27m, 7,23m olduğu, beləliklə, mağazanın yardımçı tikililərlə birlikdə əhatə etdiyi faktiki torpaq sahəsinin 52,92 m2 olduğu, müvafiq sərəncamlara və layihəyə əsasən isə həmin sahənin 40 m2 təşkil etdiyi müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli yerli baxış protokolundan görünür ki, baxış zamanı iddiaçının sahibliyində olan mağazaya bitişik, girişi mağazanın içərisindən olan iki yardımçı tikilinin inşa edildiyi, mağazanın sol tərəfində cavabdehlərin sahibliyində olan bir-iki daş hündürlüyündə bünövrənin inşa edildiyi aşkar edilmişdir. Baxış zamanı iddiaçı Əsədov X4 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1190 saylı sərəncamına əsasən tikintisinə icazə verilmiş mağazanı göstərərək, həmin mağazanı 2008-ci ildə inşa etdiyini, sonradan xx.xx.2010-cu il tarixli sərəncama əsasən ona yenidənqurmaya icazə verildiyini, mağazaya bitişik yardımçı tikililərin isə təqribən üç ay əvvəl inşa edildiyini, hazırda mağazanı icarəyə verdiyini, obyektin faktiki təndir çörəyi mağazası kimi fəaliyyət göstərdiyini, yenidənqurma üçün mağazanı sola tərəf artırmaq istədiyini, lakin həmin yerin cavabdehlər tərəfindən zəbt edildiyini bildirmişdir. Baxış zamanı Cavabdeh1 Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1102 saylı sərəncamına əsasən Cavabdeh2 tikintisinə icazə verilmiş mağazanın yerini göstərərək, mağazanın yerinin yerləşmə cizgisinə uyğun yerdə olduğunu, həmin sahəyə etibarnaməyə əsasən sahiblik etdiyini, həmin yerdə 2019-cu ildə bir-iki daş hündürlüyündə bünövrə inşa edildiyini, həmin sahənin iddiaçının sahəsinə heç bir aidiyyətinin olmadığını, iddiaçının faktiki sahibliyində olan sahənin ona sənədlər üzrə verilmiş sahədən xeyli artıq olduğunu bildirmişdir. Baxış zamanı mütəxəssis X2 tərəflərin sahibliyində olan sahələrin ölçü işlərini apararaq, yerləşmə cizgilərini nəzərdən keçirərək bildirmişdir ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1102 saylı sərəncamına əsasən tikintisinə icazə verilmiş mağaza yerləşmə cizgisinə əsasən M.Seyidov küçəsində ticarət cərgəsinin sonunda yerləşir, həmin sahədə cavabdehlər tərəfindən bünövrə işləri aparılmışdır, sahə faktiki olaraq yol ilə iddiaçının mağazası arasında yerləşir. Daha sonrakı tarixli Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1190 saylı sərəncamına əsasən tikintisinə icazə verilmiş mağaza isə qeyd olunan sahənin sağında yerləşir. Bünövrəsi tikilməkdə olan sahənin ölçüləri belədir: eni-daxildən 4,20m (xaricdən 4,70m), uzunluğu daxildən 7,85m (xaricdən 8,35m). Yerləşmə cizgisində onun eni 4m olaraq qeyd olunmuşdur. İddiaçının sahibliyində olan mağazanın və yardımçı tikililərin yerləşdiyi ümumi sahənin müəyyən edilməsi üçün aparılan ölçü işləri zamanı perimetr boyunca divarların uzunluqlarının müvafiq olaraq 5,20m, 10,7m, 2,60m, 1,20m, 2,27m, 2,27m, 7,23m olduğu, beləliklə, mağazanın yardımçı tikililərlə birlikdə əhatə etdiyi faktiki torpaq sahəsinin 52,92 m2 olduğu, müvafiq sərəncamlara və layihəyə əsasən isə həmin sahənin 40 m2 təşkil etdiyi müəyyən edilir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1102 saylı, xx.xx.2000-ci il tarixli 1190 saylı, xx.xx.2010-cu il tarixli 46 saylı sərəncamlarının, həmin sərəncamlara əsasən tərtib edilmiş yerləşmə cizgiləri və layihələrin surətlərinə, xx.xx.2025-cü il tarixli mütəxəssis rəyinə, yerli baxış protokoluna, izahatlara və şahid ifadəsinə əsasən müəyyən edildi ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1102 saylı sərəncamına əsasən Cavabdeh2 tərəfindən tikintisinə icazə verilmiş mağaza yerləşmə cizgisinə əsasən M.Seyidov küçəsində ticarət cərgəsinin sonunda yerləşir, həmin sahəyə etibarnaməyə əsasən sahiblik edən Cavabdeh1 tərəfindən bünövrə işləri aparılmışdır, sahə faktiki olaraq yol ilə iddiaçının mağazası arasında yerləşir. Daha sonrakı tarixli Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1190 saylı sərəncamına əsasən iddiaçı Ə.Əliyev tərəfindən tikintisinə icazə verilmiş mağaza isə qeyd olunan sahənin sağında yerləşir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, müvafiq sərəncamlara və razılaşdırılmış layihəyə əsasən iddiaçının mağazasının sahəsinin 40 m2 olduğu halda, hazırda həmin mağazanın yardımçı tikililərlə birlikdə əhatə etdiyi faktiki sahə 52,92 m2 təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış sahədən daha artıq ərazidə tikili inşa etməklə, müvafiq sənədlərdə nəzərdə tutulandan daha böyük əraziyə sahiblik etdiyi halda, ona ayrılmış torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi barədə iddia tələbinin qanuni əsası yoxdur, ona görə də iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ona ayrılmış, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış sahədən kənarda qalan sahə ilə bağlı iddia irəli sürməyə subyektiv hüququ olmadığı halda, onun tərəfindən torpaq sahəsindən çıxarılma barədə iddia tələbinin irəli sürülməsi hüquqdan sui-istifadə xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.3-cü maddəsinə əsasən, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Beləliklə, mülki iş üzrə sübutlara, məhkəmə iclasında müəyyən edilən hallara və yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1155/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1155/2025
07.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver