Məhkəmə qərarları › İş №2(002)-1179/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1179/2025

06.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1179/2025 06.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 33 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 33 saylı mənzil 1997-ci ildən onun mülkiyyətindədir, həmin mənzili növbəlilik qaydasında almışdır. Belə ki, əvvəllər Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Puta toxuculuq fabrikində fəhlə işləyərkən ev növbəsinə durmuşdur, mənzil ona Qaradağ rayonu X10 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 50 saylı qərarı əsasında order ilə verilmişdir. Lakin həmin mənzil Zəngilan rayonundan məcburi köçkün olan Cavabdeh1 və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. O, həmin vaxt Azərbaycan Respublikası Prokurorluğuna və Qaradağ rayon prokurorluğuna şikayət ərizələri ilə müraciətlər etmiş, qeyd olunan orqanlar tərəfindən araşdırmalar aparılmışdır, lakin Qaradağ rayon prokurorunun cavabdehin inzibati qaydada mənzildən çıxarılması barədə 24 dekabr 1996-cı il tarixli qərarı icra olunmamışdır. Cavabdehlər indiyə kimi ona məxsus mənzili boşaltmaq istəmirlər. Onlara görə öz evindən məhrum edilmiş, uzun müddət kirayədə yaşamağa məcbur olmuşdur. Hazırda torpaqlarımız işğaldan azad edilmişdir, məcburi köçkünlər dövlət tərəfindən evlə təmin olunurlar. Mübahisəli mənzil ona ailəsi ilə birgə yaşamaq üçün verilsə də, mənzildə yaşaya bilmir. İllərlə kirayədə yaşamış, artıq övladları böyümüş, nəvələri olmuşdur. Eyni zamanda, həyat yoldaşının səhhətində ciddi problemlər var, ona sakitlik lazımdır, artıq övladları və nəvələri ilə eyni mənzildə yaşamaq onlar üçün çətinlik yaradır. O, cavabdehlərə ona məxsus mənzilin boşaldılmasını dəfələrlə təklif etsə də, cavabdehlər məcburi köçkün olduqlarını bildirməklə mənzildən çıxmaqdan imtina etmişlər. Cavabdehlər onun qanunla qorunan hüquqlarını pozaraq mənzil hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, həqiqətən mənzil iddiaçıya məxsusdur. Lakin 1993-cü ildən məcburi köçkün kimi həmin mənzildədir, hazırda mənzildə həyat yoldaşı, oğlu, gəlini və üç yetkinlik yaşına çatmayan nəvəsi ilə birlikdə yaşayır. Bundan əvvəl məcburi köçkünlər üçün inşa edilmiş Qobupark yaşayış kompleksində mənzillə təmin olunmaq üçün müraciət etmiş, lakin Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən onlara mənzil verilməmişdir. Hazırda başqa yaşayış yeri yoxdur. Dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra mənzildən çıxmağa və mənzili iddiaçıya təhvil verməyə etirazı yoxdur. Məhkəmə baxışı zamanı digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 izahatına uyğun izahat verdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 059587 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid küçəsindəki 24 nömrəli yaşayış evinin 33 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 30/111916 nömrəsi ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayonu X10 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 50 saylı qərarına əsasən verilmiş xx.xx.1993-cü il tarixli, 017416 saylı orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 27,94 kv.m. sahəsi olan 2 otaqlı 33 saylı mənzil 3 (üç) nəfərdən ibarət ailə üzvü olan İddiaçı verilmişdir . İş materiallarında olan Qaradağ rayon Prokurorunun 24 dekabr 1996-ci il tarixli qərarının surətindən görünür ki, Qızıldaş qəsəbəsi 8 saylı Bakı Peşə Liseyinin yataqxanasında yaşayış sahəsi ilə təmin edilməklə Cavabdeh1 öz ailəsi ilə özbaşına tutduğu ünvan 1, 33 saylı mənzildən inzibati qaydada çıxarılması qərara alınmışdır. İş materiallarında olan Qaradağ rayon MKTB 152 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 263 saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 rayonundan məcburi köçkündürlər və 1993-cü ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 33 saylı mənzildə məskunlaşıblar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, ərizəçi sözügedən mənzilə dair yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” adlanan müqavilə bağlanmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və “Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən mülkiyyət hesab etmək üçün kifayət qədər əsaslar var. Qeyd edilən qərarda, ərizəçinin hüququ mülkiyyətçinin hüququna bərabər qiymətləndirilmişdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduğu halda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X8 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirləri Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”nın 4-cü bəndinə əsasən, müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Qaydaların 5-ci bəndinə əsasən, məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və X8 üzrə Dövlət Komitəsi ilə razılaşdırılır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının öz mülkiyyətində olan mənzilə dair hüquqları həm milli, həm də beynəlxalq hüquq normalarına əsasən tanındığından, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X3 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 33 saylı mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar