Məhkəmə qərarları › İş №2(002)-1208/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1208/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1208/2024 04.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ilkin və əsas müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ilkin və əsas müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Bakı şəhəri 50 saylı notariat ofisində 02 oktyabr 2018-ci il tarixdə bağlanmış «Daşınmaz əmlakın alğı-satqısına dair ilkin müqavilə»nin və Bakı şəhəri 8 saylı notariat ofisində Cavabdeh2 ilə bağlanmış xx.xx.2023-cü il tarixli 4-Ə-577 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02 oktyabr 2018-ci il tarixdə 1-ci tərəf kimi İddiaçı, 2-ci tərəf kimi Cavabdeh1 arasında «Daşınmaz əmlakın alğı-satqısına dair ilkin müqavilə bağlanmış» və Bakı şəhəri 50 saylı notariat ofisində təsdiq edilmişdir. Müqavilənin predmeti tərəflərin xx.xx.2026-cı il tarixə kimi "xxxx" MTK ilə xx.xx.2015-ci il tarixli 15 saylı müqaviləyə əsasən satıcı İddiaçı sahibliyində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən 3 saylı binanın giriş 1, 3-cü mərtəbə 3 otaqlı, ümumi sahəsi 99,8 m2 olan 10 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 62.523 manata alıcı Cavabdeh1 satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqavilənin bağlanması təşkil edir. Müqaviləyə uyğun olaraq satılaraq mənzil 62.523 manat məbləğində qiymətləndirilmiş və gələcəkdə mənzilin həmin qiymətə alıcı Cavabdeh1 satılması, alıcı Cavabdeh1 isə mənzili gələcəkdə həmin qiymətə almağı öhdəsinə götürmüşdür. Alıcı Cavabdeh1 62.523 manat satış məbləğindən 33.300 manat məbləğində pul vəsaitini notariusun açdığı depozit hesabı vasitəsi ilə satıcı İddiaçı ödəmiş, satış qiymətinin qalan 29.233 manatını isə mənzilin alğısatqısına dair əsas müqavilə bağlanarkən satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İlkin müqavilə bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402, 568, 646-647-ci maddələrinin tələblərinə əməl edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. Göründüyü kimi, əsas müqavilələrin xx.xx.2026-cı il tarixə kimi bağlanması nəzərdə tutulmuşdur. İlkin müqaviləyə əsasən İddiaçı sahibliyində və istifadəsındə olan qeyd edilən mənzili Cavabdeh1 vermişdir. Həmin mənzili İddiaçı "xxxx" ASC-nin «Neftçilər» filialı arasında ilkin məbləği 39435,77 manat olan xx.xx.2016-cı il tarixli **********576816 nömrəli kredit xətti müqaviləsi və bu müqavilənin icrasını təmin etmək məqsədi ilə xx.xx.2018-ci il tarixli **********576816/ip nömrəli ipoteka müqaviləsi əsasında almışdır. Borcalan kimi İddiaçı öhdəlikləri vardır. Ona görə də, qeyd edilən kredit xətti müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməlidir. Lakin ilkin müqavilə üzrə alıcı Cavabdeh1 bu öhdəlikləri vaxtında yerinə yetirməmişdır. Belə ki, öhdəliyin aylıq ödənişləri kredit xətti müqaviləsi bağlandığı tarixdən 2016-cı ilin may, 2017-ci ilin avqust, 2018-ci ilin oktyabr və noyabr, 2019-cu ilin fevral-noyabr ayları arasında, 2020-ci ilin isə yanvar ayından etibarən 2023-cü ilin aprel ayına qədər gecikmələrlə icra edilmişdir. Bunlan əlavə, kommunal xərclərin ödənilməsində də gecikmələrə yol verilmişdir. Öhdəliyin lazımınca yerinə yetirilməməsinə görə borcalan (ipoteka qoyan) İddiaçı xəbərdarlıq məktubları gəlmişdir. Halbuki ilkin alğı-satqı müqaviləsi üzrə həmin mənzil Cavabdeh1 istifadəsində və sahibliyində olmuşdur. İlkin müqavilə bağlanarkən iddiaçı tərəfindən vacib əhəmiyyətli yanılmaya yol verilmişdir. Eyni zamanda ilkin müqavilə bağlandıqdan sonra şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Qeyd etmək lazımdır ki, alıcı, yəni cavabdeh əsas müqavilənin bağlanması ilə bağlı satıcıya heç bir təklif göndərməmişdir. Bu da qanunun tələbinə ziddir. Yalnız iddiaçı, yəni iddiaçı olaraq məhkəməyə müraciət etdikdən sonra cavabdehlər ilkin müqavilə üzrə hərəkətə gəlmişlər. Mübahisə ilə əlaqədar Qaradağ rayon məhkəməsində işə baxılmış, xx.xx.2023-cü ildə 2(002)-3074/2023 saylı qərardadla iddia ərisəzi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən, MPM-nin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmışdır. Ona görə də, sifarişli məktubla Cavabdeh1 yaşadığı Masallı rayonu Qızılağac kəndinə bildiriş göndərilmiş və mübahisənin könüllü, yəni qarşılıqlı razılıq əsasında qeyd edilən ilkin müqavilənin ləğv edilməsi və bu mübahisənin məhkəməyə qədər həll edilməsi təklif edilmişdir. İddiaçı olaraq cavabı gözləsə də, cavabdeh heç bir münasibət bildirməmişdir. Halbuki, MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Əksinə Bakı şəhəri 8 saylı Notariat ofisində guya İddiaçı tərəfindən ilkin müqavilə rəsmiləşdirilərkən Bakı şəhəri 50 saylı notariat ofisində mübahisəli mənzilə dair 1E-12217 reyestr nömrəli etibarnamə verilmişdir. Verilmiş həmin etibarnamə əsasında təmsilçi Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində 4Ə-577 reyestr nömrəli alğı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı bildirir ki, o, Cavabdeh2 tanımır. İlkin müqavilə birbaşa Cavabdeh1 ilə bağlanmışdır. İlkin müqavilə şərtlərinin pozulmasına baxmayaraq və bu barədə Qaradağ rayon məhkəməsinin icraatında iş olduğu halda cavabdeh tərəf əsl həqiqəti notariat ofisində bildirməmiş və alğı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Göründüyü kimi, notariat ofisində alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən ilkin müqavilə şərtlərinin yerinə yetirilməsi vəziyyəti yoxlanılmamış, ehtiyat tədbiri olaraq satıcı kimi hazırki iddiaçı dəvət edilməmişdir. Beləliklə, əsas müqavilə bağlanmışdır. Halbuki, 02 oktyabr 2018-ci ildə alıcı Cavabdeh1 Bakı şəhəri 50 saylı notariat ofisində rəsmiləşdirilmiş ilkin alğı-satqı müqaviləsinə görə 62.523 manat məbləğində qiymətləndirilmiş mənzilin 33.300 manatı satıcı İddiaçı verilmiş, satış qiymətinin qalan 29.293 manatını isə mənzilin alğı-satqısına dair əsas müqavilə bağlanarkən satıcıya, yəni İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Lakin evin alğısatqısına dair əsas müqavilə tanımadığı Cavabdeh2 ilə bağlanmış və satış qiymətinin qalan 29.223 manatı iddiaçıya ödənilməmişdir, mənzilin çıxarışı daşınmaz əmlakın dövlət reyestrindən alınmamışdır. Qanunun tələbinə görə etibarnamə verilmiş Cavabdeh2 təmsilçi kimi mənzilin alğı-satqısını adına rəsmişləşdirə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsində birbaşa göstərildiyi kimi təmşilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 359.4-cü maddəsində göstərilir ki, xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. İddiaçı Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak elmiş və yaralanmışdır. 3-cü dərəcəli müharibə əlilidir. Göründüyü kimi alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımınca icra edilməməsi səbəbindən satıcı kimi İddiaçı maddi və mənəvi ziyan vurulmuşdur. Bu mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsi mümkün deyildir. Mülki Məcəllənin 402.5-ci maddəsində qeyd edilmişdir ki, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Alıcı kimi Cavabdeh1 qeyd edildiyi kimi müqavilə üzrə öhdəliklərini pozduğuna və əsas müqavilənin bağlanmasına təşəbbüs göstərmədiyinə və satıcı İddiaçı maddi və mənəvi ziyan vurduğuna görə ilkin müqavilə təğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə iddiaya etiraz göndərərək, etirazda qeyd etmişdir ki, İddiaçı iddiasını əsaslandırarkən Mülki Məcəllənin 402.5-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 402.5-ci maddəsinin tələbinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Göründüyü kimi, qanunun norması tərəflərin əsas müqavilənin bağlamalı olduğu müddətin qurtarmasının hüquqi nəticələrini ehtiva edir ki, həm müvafiq ilkin alğı-satqı müqaviləsindən, həm də iddiaçının iddia ərizəsində etdiyi qeyddən görünür ki, əsas müqavilənin bağlanmalı olduğu müddətin bitməsi xx.xx.2026-cı il tarixdə nəzərdə tutulmuşdur ki, həmin tarixə qədər hələ iki ilə yaxın müddət qalır. İddiaçı iddia ərizəsində ona maddi və mənəvi ziyan vurduğunu qeyd etsə də, maddi və mənəvi ziyanın nədə ifadə olunduğunu göstərə bilməmişdir. Bildirir ki, o, İddiaçı hər hansı maddi və mənəvi ziyan vurmamışdır. Həmçinin İddiaçı iddia ərizəsində vacib əhəmiyyətli yanılmaya yol verdiyini və müqavilə bağlandıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyini əsas gətirsə də, yanılmanın və şəraitin dəyişməsinin nələrdə ifadə olunduğunu göstərə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsi vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı ilə bağlı halları tənzimləyir. Həmin Məcəllənin 422-ci maddəsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydalarını tənzimləyir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mulkı Məcəlləsinin 422-cı maddəsinin şərh edilməsinə dair 07 sentyabr 2016-cı il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarlarında da qeyd olunan məsələlərə kifayət qədər geniş şərh verilmiş və hüquqi münasibət bildirilmişdir. Göründüyü kimi, hazırkı mübahisə üzrə işin faktiki hallarının hər hansı hissəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci və 422-ci maddələrinin təsiri altına düşmür. Eyni zamanda, iddiaçı ilkin alğı-satqı müqaviləsi üzrə öhdəliklərini guya pozduğunu iddia etsə də, həmin müqavilədəki hansı öhdəliyini pozduğunu, bu pozuntunun nədə ifadə olunduğunu göstərə bilməmişdir və bütün bu iddialar onun oz qanunsuz mənafeyi baxımından irəli sürdüyü yanlış və əsası olmayan şifahi mülahizələrdən ibarətdir. Mübahisələndirilən müqavilədən də aydın göründüyü kimi həmin müqavilə üzrə onun öhdəlikləri müqavilə bağlanan vaxt 33.300 manat ilkin məbləği, alğı-satqı predmeti olan mənzilin çıxarışı alındıqdan sonra isə əsas alğı-satqı zamanı qalan 29.223 manat məbləği İddiaçı ödəməkdən ibarətdir və o, həmin öhdəliklərinin bir hissəsini vaxtında, digər hissəsini isə vaxtından əvvəl icra etmişdir. Belə ki, qeyd edilən 33.300 manat məbləği müqavilə bağlanan vaxt, 29.223 manat məbləği isə İddiaçı mənzilin çıxarışını aldıqdan sonra əsas alğı-satqı zamanı ödəməli oduğuna baxmayaraq, həmin məbləği hətta artıqlaması ilə İddiaçı razılığı ilə onun "xxxx" ASC qarşısında olan şəxsi öhdəliyi üzrə borcunu bağlayaraq vaxtından əvvəl icra etmişdir. Hətta 29.223 manat əvəzinə İddiaçı öhdəliyi üzrə 33.173 manat 20 qəpik kredit borcu, 638 manat 30 qəpik isə sığorta borcu olmaqla, cəmi 33.811 manat 50 qəpik məbləğ ödəmişdir ki, bu da mübahisələndirilən müqavilə üzrə qalan 29.223 manat məbləğindən 4.578 manat 50 qəpik artıqdır. 29.223 manat məbləğdə olan gələcək öhdəliyinin vaxtından əvvəl, İddiaçı şəxsi borcuna ödəməyə razılığı və məqsədi mülkiyyətinə keçirəcəyi evin İddiaçı "xxxx" ASC-dən götürdüyü kreditlə əlaqədar olan yüklülüyündən (girovluğundan) azad edilməsi və bununla da, əsas müqavilənin bağlanması üçün 2025-ci ilin oktyabr ayından sonrakı dövrü gözləmək məcburiyyətində qalmadan, əsas alğı-satqını tezləşdirməkdən ibarət olmuşdur ki, bu da İddiaçı iddiasının əksinə olaraq əsas müqavilənin bağlanmasına təşəbbüs göstərdiyinin sübutudur. Həmçinin İddiaçı həmin borcunu vaxtından əvvəl tam ödəyərək əsas alğısatqını tezləşdirmək niyyətini 2023-cü ilin may-iyun aylarında İddiaçı da bildirmişdir. "xxxx" ASC-yə olan borcu tam ödədikdən sonra qeyd edilən mənzilin sənədləşdirilərək onun mülkiyyətinə keçirilməsi ilə bağlı İddiaçı ilkin alğı-satqı müqaviləsi bağlanan vaxt qızı Cavabdeh2 verdiyi xx.xx.2018-ci il tarixli, 7E-12217 reyestr nömrəli etibarnamə əsasında həmin mənzili qanunvericiliyin tələblərinə tam uyğun olaraq əsas alğı-satqı müqaviləsi bağlayaraq mülkiyyətinə keçirmişdir və hal-hazırda mülkiyyətindədir. Qeyd etdiyi kimi 2023-cü ilin may-iyun aylarında İddiaçı "xxxx" ASC-yə az bir məbləğdə qalan borcunu tam ödəyərək əsas alğı-satqıya getmək fikrini İddiaçı bildirdikdən sonra, görünür ki, o, ilkin müqavilə üzrə öhdəliklərindən yayınmağa meyl etmişdir və bunun göstəricisidir ki, bir müddət sonra heç bir əsası olmadan, əhəmiyyətsiz bəhanələr göstərərək ilkin müqavilənin ləğvi ilə əlaqədar tələb irəli sürmüş, mənzilin razılaşdırılmış qiyməti olan 62.523 manat məbləği tam şəkildə onun xeyrinə vaxtından əvvəl ödədiyini nəzərə almadan hüquqlarını kobud şəkildə pozmağa cəhd etmişdir. İşin hallarından aydın şəkildə görunur ki, əslində İddiaçı mənzilin satışından əldə etməli olduğu, yəni mənzilin razılaşdırılmış qiyməti olan 62.523 manat məbləği, elə ilkin müqavilə bağlanan gün, yəni xx.xx.2018-ci il tarixdə 33.300 manat hissəsini nağd şəkildə, 29.223 manat hissəsini isə həmin gün "xxxx" ASCyə olan borcundan faktiki azad olaraq bütünlüklə əldə etmişdir. Belə olan halda, İddiaçı əsas alğı-satqı zamanı 29.223 manat məbləğin ona təkrar ödənilməsini tələb etməsi təbii ki, əsaslı hesab edilə bilməz və düşünür ki, bu onun əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcudluğu nəticəsinə gəlməyə əsas verir. Hesab edir ki, mübahisəli ilkin müqavilə üzrə öhdəliklərini tam və vaxtından əvvəl yerinə yetirdiyinə görə, eyni zamanda əsas müqavilənin rəsmiləşdirilməsi baxımından ilkin müqavilənin artıq hüquqi nəticəsi mövcud olduğundan qeyd olunan ilkin müqavilənin ləğv edilməsi haqqında tələb əsaslı sayıla bilməz. Eyni zamanda mübahisəli mənzilin razılaşdırılmış qiyməti 62.523 manat məbləği tam şəkildə İddiaçı xeyrinə ödənildiyi üçün, həmçinin alğı-satqı prosesi İddiaçı verdiyi müvafiq etibarnamə və zəruri ailə üzvlərinin təsdiqlənmiş razılıq ərizələri əsasında qanunamüvafiq şəkildə həyata keçirildiyi üçün əsas alğı-satqı müqaviləsinin ləğv edilməsi haqqında tələb də əsaslı sayıla bilməz. Göründüyü kimi, hazırkı mübahsə üzrə Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələbləri baxımından mübahisəli müqavilələrin ləğvini şərtləndirən hər-hansı əsaslar mövcud deyil. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia tələbində istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: 1) Cavabdeh1 müqavilə öhdəliklərini vaxtında icra etməmişdir; 2) Bunun nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur; 3) İlkin müqavilə bağlanarkən vacib əhəmiyyətli yanılmaya yol vermişdir; 4) İlkin müqavilə bağlandıqdan sonra şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi: 1) Tərəflər arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat kontorunda satıcı İddiaçı sahibliyində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən 3 saylı binanın giriş 1, 3-cü mərtəbə 3 otaqlı, ümumi sahəsi 99,8 m2 olan 10 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 62.523 manata alıcı Cavabdeh1 satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair ilkin müqavilə (daşınmaz əmlakın alğı-satqısına dair ilkin müqavilə) bağlanmışdır. Müqavilə şərtlərinə görə - satılan mənzil 62.523 manat məbləğində qiymətləndirilmişdir. Satıcı İddiaçı gələcəkdə mənzilin həmin qiymətə alıcı Cavabdeh1 satılması öhdəliyini, alıcı Cavabdeh1 isə mənzili gələcəkdə həmin qiymətə almaq öhdəliyini üzərinə götürmüşdür. Alıcı Cavabdeh1 62.523 manat satış məbləğindən 33.300 manat məbləğində pul vəsaitini notariusun açdığı depozit hesabı vasitəsi ilə satıcı İddiaçı ödəməyi, satış qiymətinin qalan 29.233 manatını isə mənzilin alğı-satqısına dair əsas müqavilə bağlanarkən satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, tərəflər xx.xx.2026-cı il tarixədək alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Təqdim olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmiş, mənzilin dəyərinin bir hissəsini notariusun depozit hesabı vasitəsi ilə, qalan hissəsini isə iddiaçının bank qarşısında olan kredit öhdəliklərinin ödənilməsi şəklində ödəyərək, iddiaçıya mənzilin alğı-satqı dəyərini tam şəkildə ödəmişdir. Məhz bu səbəbdən, İddiaçı, satdığı mənzilin dəyəri tam şəkildə ödənildiyindən Cavabdeh2 sadalanan səlahiyyətlərin etibar edilməsinə dair xx.xx.2018-ci il tarixli 12217 reyest saylı etibarnamə vermiş, həmin etibarnamə əsasında isə xx.xx.2023-cü il tarixdə ilkin müqavilə tərəfləri arasında Bakı şəhəri 8 saylı notariat ofisində yekun (əsas) alğı-satqı müqaviləsini bağlamışlar. İş materiallarına əlavə olunmuş Babaşova Könül Elman qızının və Babaşov Elvin Vaqif oğlunun Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq olunmuş 01 noyabr 2018-ci il tarixli ərizələrindən görünür ki, İddiaçı ailə üzvləri ünvan 1 ünvanda yerləşən 3 saylı binanın giriş 1, 3-cü mərtəbə 3 otaqlı, ümumi sahəsi 99,8 m2 olan 10 saylı mənzilinin sonuncunun adına özəlləşdirilməsinə, özəlləşdiriləndən sonra satılmasına razı olmuşlar, etiraz etməmişlər. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam şəkildə icra edilmişdir. 2) İddiaçı ona cavabdeh tərəfindən maddi və mənəvi ziyan vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, maddi və mənəvi zərərin nədə ifadə olunduğunu açıqlamamışdır. İddiaçı kommunal xərclər və s. bağlı ona bildirişlər gəldiyini qeyd etsə də, tərəflər arasında ilkin və əsas müqavilə bağlanandan sonra mənzilə dair yaranmış kommunal xərclər və s. iddiaçıdan tutula bilməz, nəticə etibarı ilə iddiaçıya bununla bağlı hər hansı maddi və mənəvi zərərin vurulmasından söhbət gedə bilməz. İddiaçının bank qarşısında qalmış digər hər hansı borclarının ödənməməsi səbəbindən iddiaçı ilə bank arasında yaranmış münasibətlərlə bağlı cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur, cavabdeh mənzilin qalan dəyərini iddiaçının razılığı və istəyi ilə banka ödəmişdir. Digər sözlə ifadə etdikdə, cavabdeh ilkin müqavilə üzrə ödəməli olduğu məbləğ həddində iddiaçı qarşısında öhdəlik daşımışdır, bundan artıq istənilən digər tələblərin müqavilə əsası yoxdur. Bu halda da, iddiaçıya hər hansı maddi və mənəvi zərərin vurulmasından söhbət gedə bilməz. 3) İlkin müqavilə bağlanarkən vacib əhəmiyyətli hansı yanılmaya yol verilməsinə dair iddiaçı hər hansı açıqlama verilməmiş, vacib əhəmiyyətli yanılmanın nədə ifadə olunması bildirilməmişdir. İddia ərizəsinin və iddiaçı tərəfin izahatlarından da vacib əhəmiyyətli hansı yanılmaya yol verildiyi anlaşılmır. Bu səbəbdən, həmin hissədə də iddia əsaslı deyil. 4) İlkin müqavilə bağlandıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin nədə ifadə olunması da iddiaçı tərəfindən açıqlanmır. Bu səbəbdən, iddia qeyd edilən hissədə də əsaslı deyil. Azərbaycan Respunlikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bundan əlavə qeyd edilməlidir ki, Mülki Məcəllənin 422-ci maddəsində şəraitin sonradan dəyişməsinin tərəflər arasındakı müqavilə münasibətlərinə təsirinin şərtləri və əsasları, Məcəllənin 423-cü maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin qaydası (forma və üsulu) göstərilmişdir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (Mülki Məcəllənin 422.1-ci maddəsi). Tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda Məcəllənin 422.2-ci maddəsindəki şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv, Məcəllənin 422.4-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Tərəflərdən birinin tələbi ilə müqavilənin ləğv edilməsi barədə müvafiq məhkəmə qərarının qüvvəyə mindiyi andan müqavilə ləğv edilmiş sayılır. İşin faktiki hallarından göründüyü kimi, sadalanan maddi hüquq normalarında qeyd edilən hallardan heç biri hazırki iş üzrə mövcud deyil. Cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. İddiaçı özü sərbəst şəkildə iradə ifadəsini nümayiş etdirərək, ilkin müqavilə bağlamış, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmişdir. Cavabdeh tərəfindən iddiaçıya hər hansı maddi və mənəvi zərər vurulmamışdır. Bu səbəbdən, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə, məhkəməyə verilən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər kateqoriyasına aid edildiyindən, o qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad olumuşdur. Lakin onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ilkin və əsas müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilmədiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ilkin və əsas müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ilkin və əsas müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar