Məhkəmə qərarları › İş №2(002)-1214/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1214/2021

23.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1214/2021 23.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 1, 6 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 1, 6 saylı mənzil onun şəxsi mülkiyyətindədir. Hazırda o, həmin mənzildə qızı ilə yaşayır. Cavabdeh onun qardaşıdır, 2019-cu ildə qardaşının xahişi ilə onun işinə görə cavabdehi mənzilə formal qeydiyyata almışdır. Cavabdeh həmin mənzildə heç vaxt yaşamamışdır, öz ailəsi ilə birlikdə Hacıqabul rayonu, Nəvahi stansiyasında yaşayır. Hazırda cavabdehin əvəzinə artıq məbləğdə kommunal xidmət haqları ödəyir, buna görə də maddi vəziyyəti çətinləşir, eyni zamanda mülkiyyətçi kimi hüquqları məhdudlaşır, qızının xəstəliyinə görə evi satmaq istəsə də, problemlər yaranır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən iddiaçı onun bacısıdır. O, işi ilə əlaqədar Bakı şəhərinə qeydiyyata düşməli olmuş, bu səbəbdən iddiaçıdan qeydiyyata alınmasını xahiş etmişdir. Öz ailəsi ilə birlikdə Hacıqabul rayonu, Nəvahi stansiyasında yaşayır. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 1, 6 saylı mənzildən qeydiyyatdan çıxmağa razıdır. Hazırda iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, tərəflər onun qohumudur. Cavabdeh iddiaçının evində qeydiyyatda olsa da həmin evdə yaşamamışdır. Cavabdeh qeydiyyatdan çıxmağa söz versə də, səhlənkarlıq edərək qeydiyyatda qalmağa davam edir. Cavabdeh öz ailəsi ilə birlikdə Hacıqabul rayonunda yaşayır. Məhkəmə, izahatları və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 216001 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 1, 6 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 30/28513 nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 1, mənzil 6-da qeydiyyatdadır. Həmin mənzildə ondan başqa X2 və Cavabdeh qeydiyyatdadırlar. İş materiallarında olan Abdullayeva Ağabacı, Əhmədov Elşən və Hüseynova Kamilə tərəfindən tərtib edilmiş, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 132 saylı MKİS tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 1, 6 saylı mənzildə İddiaçı qızı X2 ilə birlikdə yaşayır. 2005-ci ildən həmin mənzildə başqa heç kim yaşamır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Məhkəmə, mülki iş üzrə sübutlara əsasən müəyyən edir ki, hazırda cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada yaşamır. Cavabdeh mənzildə formal olaraq qeydiyyatda qaldığından, iddiaçı onun əvəzinə kommunal xidmətlərə görə xərc çəkir, bu da onun maddi vəziyyətini çətinləşdirir, eyni zamanda mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ona görə də cavabdehin həmin mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 1, 6 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar