Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1223/2021 28.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X20 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Nurəliyeva (Yusifova) Gülnar Elçin qızına qarşı “mənzilə dair istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nurəliyeva (Yusifova) Gülnar Elçin qızına qarşı “mənzilə dair istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nurəliyeva (Yusifova) Gülnar Elçin qızının - azyaşlı uşaqları 2008-ci il təvəllüdlü X14 və 2013-cü il təvəllüdlü X15 ilə birlikdə ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəi 11 saylı evin 45 saylı mənzlinə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə məhkəməyə təqdim edərək, cavabdeh X2 aid olan hissənin dəyişdirilərək mənzilə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi kimi nəzərə alınması və qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X6 30 iyun 2006-cı il tarixdə oğlu X16 ilə ailə qurmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. Cavabdeh onun gəlini olduğuna görə mülkiyyətində olan evə qeydiyyatda düşmüşdür. Lakin oğluyla ailə münasibətləri pozulmuş, Qaradağ rayon məhkəməsinin 22.07.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə oğlu Raci arasında olan nikah pozulmuşdur. Göründüyü kimi cavabdeh artıq onların ailə üzvü deyildir, cavabdehin ona məxsus evlə heç bir əlaqəsi yoxdur və həmin mənzildən daimi olaraq köçüb getmişdir.Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik,sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur,həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehin keçmiş gəlini olduğunu, nəvələrini də özü ilə apardığını, hazırdada da onunla birlikdə yaşadıqlarını, müvafiq məhkəmə qətnaməsi ilə uşaqların cavabdehin himayəsində saxlandıqlarını, bu halların nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Nurəliyeva (Yusifova) Gülnar Elçin qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli 2(002)-1096-2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh X11 qarşı «nikahın pozulması, uşaq və alimentin artırılması» tələbinə dair iddiası təmin edilmiş, X16 ilə X6 arasında 30 iyun 2006-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında 1762 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; 28.04.2008-ci ildə doğulmuş X3 və 22.01.2013-cü ildə doğulmuş X4 iddiaçı X1 himayəsində və yanında saxlanılması; 28.04.2008-ci ildə doğulmuş X3 və 22.01.2013-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X5 hər ay hər bir uşaq üçün cavabdehin əmək haqqı və qazancın (başqa gəlirlərin) 1\3 hissəsi məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi; Alimentin 12.03.2020-ci il tarixdən tutulması; Alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin məzmunundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəi 11 saylı evin 45 saylı mənzili İddiaçı xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 1042 saylı reyestr kitabında 156550 –ci səhifəsində 30/12701 saylı 05.07.2000-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, 1985-ci il təvəllüdlü X6, 2008-ci il təvəllüdlü X14 və 2013-cü il təvəllüdlü X15 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə olan istifadə hüququna xitam verilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz Mülki Məcəllənin 228-ci maddəsinin normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Beləliklə, cavabdeh X6 iddiaçının mülkiyyətində olan mənzilə 2006-ci il tarixdə, X14 isə 2008-ci il tarixdə qeydiyyata düşdüyündən, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə qeyd edilən cavabdehin və uşağı X3 istifadə hüququna malik olub-olmaması məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir. Cavabdehin Digər övladı X15 mübahisə predmeti olan mənzildə 2013-cü il tarixdə passport qeydiyyatına düşdüyündən, həmin onunla bağlı tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz 1 oktyabr 2009-cu il tarixli Mənzil Məcəlləsinin 30-cu maddəsinin normaları əsasında həll edilməlidir. Məhkəmə hazırki iş üzrə aşağıdakı bir sıra hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən,hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qəraraına əsaən yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Həmçinin qeyd olunan Qərarda nəzərdə tutulmuşdur ki, MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Göründüyü kimi qanunvericilik bu müddəada qeyd olunan şəxslərin yaşayış binasının tərkib hissəsinə köçürülməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Lakin, bunun üçün mülkiyyətçinin razılığının xüsusi olaraq mütləq şərt kimi müəyyən edilməsi qeyd olunan şəxslər tərəfindən yaşayış binasının tərkib hissəsindən əldə edilən istifadə hüququnun mülki hüquq sahəsi baxımından əşya hüququ kimi qiymətləndirilməli olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərinin, yəni mülkiyyətçinin əri (arvadı), valideynləri və uşaqlarının müvafiq yaşayış sahəsinə dair mülkiyyətçi ilə bərabər istifadə hüququ yaranır və bu hüququn yaranmasının əsasında onlar arasında mövcud olan etibarlı ailə əlaqələri çıxış edir. Mülkiyyətçinin ailə üzvinin digər şəxsləri mülkiyyətçiyə məxsus yaşayış sahəsinə köçürməsi üçün mütləq qaydada mülkiyyətçinin razılığı olmalı və bu razılıq yazılı formada olmaqla, notarial qaydada təsdiq olunmalıdır. Deməli, digər şəxslərin müvafiq yaşayış sahəsi üzərində istifadə hüququnun yaranması üçün həmin şəxslə mülkiyyətçi arasında yazılı bağlanan notarial təsdiq olunan razılaşma olmalı, habelə həmin hüquq müvafiq qayadada dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi ev 11, 45 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla, həmin hüquq müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X6 mübahisə predmeti olan mənzildə 2006-cu il tarixdən, X14 2008-ci il tarixdən, X15 isə 2013-cü il tarixdən pasport qeydiyyatındadır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X7 iddiaçının keçmiş gəlini olmaqla, onunla iddiaçının oğlu arasında olan nikah münasibtləri müvafiq məhkəmə qətnaməsi əsasında pozulmuş, onların birgə nikahdan olan övladları (digər cavabdehlər) X1 himayəsində saxlanılmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, digər cavabdehlər iddiaçının nəvələridir. Qeyd edilən hallar işin mübahisəsiz hallarıdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının izahatı əsasında müəyyən edilmişdir ki, cavabdeh X6 uşaqları ilə birlikdə mübahisə predmeti olan mənzildə köçüb yaşamış, ailə münaisbətləri pozulduğu vaxtdan həmin mənzili tərk etmiş indiyədək həmin mənzildə yaşamırlar. Məhkəmə iddia tələbinin cavabdeh X2 aid olan hissədə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Belə ki,yuxarida qeyd edilən müvafiq qanunvericiliyin tələbinə əsasən həmin cavabdeh iddiaçının ailə üzvi hesab edilmədiyindən, onun mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququnun yaranması üçün onunla mülkiyyətçi qismində çıxış edən iddiaçı arasında istifadə hüququnun yaranmasına dair yazılı formada notarial qaydada təsdiq edilmiş razılaşma olmalı və bu hüquq qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlkaın dövlət reyestrində qeydə alınmalıdır. Lakin məhkəmə araşdırması zamanı həmin tərəflər arasına belə bir müqavilənin mövcud olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi halı aşkar eidlməmişdir. Göründüyü kimi, cavabdeh X1 mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin X8 aid olan hissədə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən eidlmidşir ki, qeyd edilən cavabdeh iddiaçının nəvəsi olmaqla, müvafiq məhkəmə qətnaməsi əsasında cavabdeh X1 himayəsində saxlanılmışdır, hazırda da onunla birgə yaşayır. Həmçinin, məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən uşağı iddiaçının nəvəsi olmaqla, həmin mənzildə köçüb yaşadığından, onun həmin mənzilə dair istifadə hüququ yaranmışdır. Lakin hazırda isə həmin hüququn yaranma əsasları aradan qalxmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayan uşaqların yaşayış yerinin onun valideynlərinin yaşayış yeri sayıldığından, müvafiq məhkəmə qətnaməsi əsasında X14 cavabdehin himayəsində saxlanıldığından, cavabdehin isə həmin mənzilə dair istifadə hüququnun olmaması halı müəyyən edildiyindən, hazırki halda da cavabdehlə birlikdə yaşadıqlarından, iddia tələbi X8 aid olan hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin X12 aid olan hissədə də əsaslı olmaqla,təmin edilməlidir. Belə ki, cavabdehin qeyd edilən uşağı mübahisə predmeti olan yaşayış sahəsinə köçüb yaşadığından müvafiq qanunvericiliyin tələbinə əsasən iddiaçının ailə üzvi statusuna malik olduğundan, məhkəmə hesab edir ki, X9 həmin mənzilə dair istifadə hüququ yaranmışdır. Lakin hazırda isə həmin hüququn yaranma əsasları aradan qalxmışdır. Belə ki, X15 müvafiq məhkəmə qətnaməsi əsasında cavabdehin himayəsində saxlanılmış, hazırda da cavabdehlə birlikdə yaşayır. Bu halda, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayan uşaqların yaşayış yerinin onun valideynlərinin yaşayış yeri sayıldığından, müvafiq məhkəmə qətnaməsi əsasında X13 cavabdehin himayəsində saxlanıldığından, cavabdehin isə həmin mənzilə dair istifadə hüququnun olmaması halı müəyyən edildiyindən, hazırki halda da cavabdehlə birlikdə yaşadıqlarından, iddia tələbi X10 aid olan hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Nurəliyeva (Yusifova) Gülnar Elçin qızının İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının olmamamsı müəyyən edilməli, 28.04.2008-ci il təvəllüdlü X14 və 22.01.2013-cü il təvəllüdlü X9 İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüqqularına xitam verilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Nurəliyeva (Yusifova) Gülnar Elçin qızının İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının olmaması müəyyən edilsin. 28.04.2008-ci il təvəllüdlü X14 və 22.01.2013-cü il təvəllüdlü X9 İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüqqularına xitam verilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1223/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1223/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver