Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1240/2025 18.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X6, Cavabdeh4, X17 və Cavabdeh5 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X6, Cavabdeh4, X17 və Cavabdeh5 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X3, Cavabdeh4, X15 və Cavabdeh5 Bakı şəhəri Qaradağ rayon X8 İcraiyyə Komitəsinin 28 sentyabr 1973-cü il tarixli 9 nömrəli protokoluna əsasən ona ayrılmış torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon X8 İcraiyyə Komitəsinin 28 sentyabr 1973-cü il tarixli 9 nömrəli protokoluna əsasən ona fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 5-ci keçid 21 ünvanda 525,0 m2 torpaq sahəsi ayrılmışdır. X1 ilə rəsmi nikaha daxil olmuş və həmin ünvanda birgə nikah dövründə fərdi yaşayış evi tikmişlər. Xasiyyətləri uyğun gəlmədiyindən Əsmayə Mərdanova ilə olan nikahları pozulmuş və birgə nikah dövründə qeyd edilən ünvanda tikilmiş evə 1/2 hissəsində pay hüquqları tanınmışdır. Hazırda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin bir hissəsini cavabdehlər zəbt etmiş və həmin torpaq sahəsindən mülkiyyətçi kimi istifadə etməsinə maneə törədirlər. Cavabdehlərin ona məxsus qeyd edilən ərazini qanunsuz zəbt etməsi mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi Bakı filialının 09 mart 2016-cı il tarixli 767 saylı məktubu ilə təqdim edilmiş Bakı şəhəri Qaradağ rayon X8 İcraiyyə Komitəsinin 28 sentyabr 1973-cü il tarixli 9 nömrəli protokolundan görünür ki, İddiaçı fərdi yaşayış evinin inşa edilməsi üçün ünvan 2 ünvanda 525,0 m2 torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 fərdi yaşayış evi paylı mülkiyyət kimi 1/2 hissədə pay hüququ ilə İddiaçı, 1/2 hissədə pay hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq reyestr kitabının 23155 saylı vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli, 2(002)- 268/2018 saylı qiyabi qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X11 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X10 ünvan 3 ünvandan çıxarılması qət edilmişdir. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)- 5356/2015 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, İbrahimova (Misirova) Şəhla Hüsü qızına və Aşurova (Misirova) Şəhla Hüsü qızına qarşı yaşayış sahəsinin boşaldılması və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin edilməklə, cavabdehlər Cavabdeh2, İbrahimova (Misirova) Şəhla Hüsü qızının və Aşurova (Misirova) Şəhla Hüsü qızının ünvan 5-in 17,4 kv.m və 14,6 kv.m yaşayış sahələrindən çıxarılması və İddiaçı həmin otaqlara köçürülməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2016-cı il tarixli, 2(103)- 4164/2016 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)-5356/2015 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X18 ünvan 5 ünvanında yerləşən evə köçürülməsi; iddia tələbi qalan hissədə yəni cavabdehlər Cavabdeh2, İbrahimova (Misirova) Şəhla Hüsü qızının və Aşurova (Misirova) Şəhla Hüsü qızının ünvan 6 ünvanında yerləşən mənzilin 17,4 kv.m və 14,6 kv.m yaşayış sahələrindən çıxarılması hissəsində rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli, 2(002)- 5856/16 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2016-cı il tarixli, 2(103)-4164/2016 saylı saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2016-cı il tarixli, 2(103)-4164/2016 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(002)- 497/2022 saylı qərardadından görünür ki, Qaradağ rayon icra şöbəsinin icra məmuru S.İ.Əhmədzadənin icra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi haqqında şikayətçi İddiaçı tərəfindən verilmiş şikayəti təmin edilmiş, həmin qərar ləğv edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(002)-776/2014 saylı icra sənədi üzrə icra tədbirlərinin bərpa edilərək davam etdirilməsi qərara alınmışdır. - Bakı şəhəri 45 saylı Notariat Ofisinin 05 may 2025-ci il tarixli, 151 saylı məktubundan görünür ki, X2 adına həmin notariat ofisində vərəsəlik işi açılmamışdır. - Bakı şəhəri 8 saylı Notariat Ofisinin 06 may 2025-ci il tarixli, 465 saylı məktubundan görünür ki, X4 dair açılmış vərəsəlik işi həmin notariat ofisində aşkar edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 29 may 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 3 fərdi yaşayış evinin 1/2 hissəsi Qaradağ rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(002)-1133/2013 saylı icra vərəqəsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - xx.xx.2025-ci il tarixli 30689 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçı hazırda iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdehlər tərəfindən torpaq sahəsinin zəbt edilməsinə, ona mülkiyyətçi hüquqlarının həyata keçirilməsinə maneə yaratmalarına) dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi, cavabdehlər paylı mülkiyyətdə olan əmlakın X5 mülkiyyətində olan hissəsində yaşayırlar, evin həmin hissəsindən təyinatı üzrə istifadə edirlər və evdə yaşayışla əlaqədar olaraq, evin yerləşdiyi torpaq sahəsinin də bir hissəsindən təyinatı üzrə istifadə edirlər. Torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmişdir. Bundan başqa, cavabdehlərin həmin torpaq sahəsindən istifadə etməyə subyektiv hüquqları mövcuddur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən qətnaməsində formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi, cavabdehlər iddiaçının övladları, yəni ailə üzvləridirlər. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh5 (Misirova) mübahisəli mənzildə 1979-cu ildən, yəni mənzil alınan vaxtdan pasport qeydiyyatında olmaqla yaşayırlar. Digər cavabdehlər X9, Cavabdeh4, Aşurova (Misirova) Afaq Hüsü qızı həmin ünvanda doğulmaqla, oraya pasport qeydiyyatına düşməklə hazırki günə kimi orada maneəsiz yaşayırlar. Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan) 123, 53-cü maddələrinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarına istinad edərək vurğulamışdır ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcuddur. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehlər mübahisəli mənzildən istifadə hüquqlarına malik olduqlarından onların həmin evdən çıxarılması ilə bağlı tələbin heç bir əsası yoxdur. Mübahisəli mənzilin birgə mülkiyyətçisi, cavabdehlərin anası olan Əsmayə Mərdanova vəfat etdikdən sonra cavabdehlər qanun üzrə vərəsəlik hüququna da malikdirlər. Göründüyü kimi, cavabdehlərin qeyd edilən evdən istifadə hüquqları mövcuddur. Evdən istifadə hüququ isə özündə evin yaşayış və qeyri-yaşayış sahələrindən, köməkçi tikililərindən və torpaq sahəsindən faktiki istifadə edilməsini də ehtiva edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, X6, Cavabdeh4, X17 və Cavabdeh5 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X6, Cavabdeh4, X17 və Cavabdeh5 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1240/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1240/2025
18.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver