Məhkəmə qərarları › İş №2(002)-1330/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1330/2020

12.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1330/2020 12.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə cinsi oğlan olan uşağın doğulmasına dair doğumun qeyd edilmə faktı müəyyən edilməsi və uşağa yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 onun oglu olmaqla X12 ilə 2014-cü ildə ailə qurmuşdur. Onların birgə nikahdan burada uşaqları doğulmamışdur. Bildiklərinə görə oğlu təxminən 2015-ci ildə ailəsi ilə birlikdə Suriya Respublikasına keçmiş, ordanda İraq Respublikasına getmişdir. Bundan sonra onların oğlu ilə əlaqələri olmamışdır. Sonralar bir neçə dəfə oğlu onlarla əlaqə saxlayaraq İraqda yaşadıqları müddətdə Muhəmməd adlı bir oğlunun olmasının bildirmişdir. Bundan sonra onlar oğlu haqqında məlumat bilmək üçün “Qızıl Xaç” cəmiyyətinə müraciət etmişlər və onlar tərəfdən axtarış edilmişdir. Həmin Cəmiyyət tərəfindən onlara bildirmişlər ki, həqiqətən da oğlu İraqda həlak olmuş, arvadı isə hazırda həbsxanadadır. Onların xx.xx.2015-cı ildə Muhəmməd adlı bir uşaqları da doğulmuş, Hazırda anası həbsxanada olduğuna görə uşağı uşaq evinə təhvil vermişlər. Həmin cəmiyyətin köməkliyi lə uşaq Azərbaycana gətirilərək onların ailəsinin himayəsinə verilmişdir. Bakı şəhəri Qaradağ rayon İHB-nın xx xxxx 2020-ci il tarixli 48 saylı sərəncamı ilə uşağa o, qəyyum təyin edilmişdir. Hal-hazırda uşağa o baxır, lakin uşağın doğumu haqqında şəhadətnaməsi olmadığına görə müəyyən sənədləşdirmə apara bilmirlər. Uşağa doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar uşağın doğumunu qeydə almaqdan imtina etmişlər. Uşağın doğumunun qeyd edilməsi faktı ona doğum şəhadətnaməsi almaq üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Daha sonra Ərizəçi məhkəmə iclasında tələbin dəqiqləşməsi barədə ərizə verərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə cinsi oğlan olan uşağın adına verilən doğum haqqında şəhadətnamədə adı Muhəmməd, ata adı X11, ana adı X13, milliyəti azərbaycanlı olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında tələbin müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verərək, dəqiqləşmə ərizəsinin nəzərə alınaraq, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək, ərizənin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Ərizəçinin oğlunun adı Fərhaddır. Fərhad evləndikdən sonra İraqa getmiş, sonradan onun İraqda bir oğlan uşağının doğulması barədə, və ölməsi barədə məlumat almışlar. Sonradan uşaq dövlətin köməyi ilə Azərbaycana gətirilmişdir. Uşaq hal-hazırda bacısı ilə yaşayır. Şahid X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Ərizəçinin oğlu Fərhad evləndikdən sonra İraqa getmiş, sonradan onun İraqda 2015-ci ildə bir oğlan uşağının doğulması barədə, və ölməsi barədə məlumat almışlar. Sonradan uşaq dövlətin köməyi ilə Azərbaycana gətirilmişdir. Uşaq hal-hazırda bacısı ilə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon İcra Hakimiyyətinin 48 nömrəli xx xxxx 2020-cu il tarixli sərəncamın surətindən görünür ki, Ərizəçi xx xxx 2015-ci il təvəllüdlü Muhammed Abdulqadir oğlunun üzərində həddi-büluğa çatanadək qəyyum təyin edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 958562 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X12 arasında xx.xx.2014-cü il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsində 155 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Bədəlova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X11 Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X1 şəhərində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş XV-JQ seriyalı 463389 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1991-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-508/15 saylı məktubundan görünür ki, ərizəçi doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığına görə, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-667/13 saylı məktubundan görünür ki, X11 ilə X6 nikahı xx.xx.2014cü il tarixli 155 saylı akt qeydi ilə Zaqatala rayon qeydiyyat şöbəsində qeydə alınmış, X11 ilə X6 uşaqlarının doğumu barədə akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş görünür ki, Muhammed Abdulqadir oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 8 saylı BŞX-də tibbi müayindən keçərək, müvafiq laborator analizlər verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR-nin İraqdakı Səfirliyi tərəfindən verilmiş AA0148161 nömrəli xx.xx.2020-ci il tarixdə verilən şəhadətnamənin məzmunundan görünür ki, Muhammed Abdulqadir oğlu xx.xx.2015-cı il tarixdə İraqda anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş görünür ki, xx.xx.2020-ci il tarixdə 8 nömrəli X10 tərəfindən X3 Rayon İcra Başçısının xx xxxx 2020-ci il tarixli Sərəncamı əsasında Ərizəçi təhvil verilmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; - ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Həmin Qəraraın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, uşağın doğumu haqqında tibb müəssisənin sənədi olmadıqda və müvafiq qeydiyyat orqanı uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, bu halda məhkəmə məhz uşağın doğum faktının müəyyən edilməsinə dair ərizəyə baxa bilər. Başqa sözlə, uşağın doğulmasına dair tibb müəssiəsinin sənədinin olmaması səbəbindən uşağın doğumunun qeydə alınması və buna dair doğum haqqında şəhadətnamə alınması mümkün olmadıqda, uşağın doğum faktının müəyyən edilməsi halı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin iddia tələbi uşağın doğum faktının müəyyən edilməsi və onun adına doğum haqqında şəhadətnamənin verilməsinin təmin edilməsindən ibarətdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-cı il təvəllüdlü Muhammed ərizəçinin nəvəsi olmaqla, ərizəçi həmin uşağın üzərində qəyyum təyin edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi bu barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum faktını, yerini və vaxtını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdi, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, Ərizəçi uşağın doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, məhkəmədə tədqiq olunmuş sənədlər, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, ərizəçinin nəvəsi xx.xx.2015-ci il tarixdə İraqda anadan olmuşdur. Belə ki, müvafiq konsulluğun təqdim etdiyi şəhadətnamədə Muhammed doğum tarixi xx.xx.2015-ci il, doğum yeri İraq kimi qeyd olunmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı ərizəçinin məhkəmə iclasında verdiyi izahatından və şahid ifadələrindən aydın olur ki, uşağın valideynləri-atası X17 oglu, anası X7r, onlar rəsmi nikahda olmaqla, həmin nikahdan Muhammed adlı uşaqlarının adına doğum haqqında şəhadətnamə alınmamışdır. Bundan başqa qeyd olunan məlumatlar məhkəmədə tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında da öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə qeyd olunan halları əsas gətirərək, hər bir halda uşağın üstün mənafeyinin təmin edilməsi, habelə uşağın təhsil, sağlamlıq və digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsipini rəhbər tutaraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cü maddəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, habelə ərizəçinin qeyd edilən faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyini əsas götürərək, uşağın üstün maraq və mənafeyini rəhbər tutaraq, hesab edir ki, ərizəçinin uşağın doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin olunmalı, xx xxx 2015-ci ildə cinsi oğlan olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməli, uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın adı Muhəmməd, doğum tarixi xx xxx 2015-ci il, doğum yeri İraq, ata qrafasında atasının adı X11, ana qrafasında anasının adı X13, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxx 2015-ci ildə cinsi oğlan olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın adı Muhəmməd, doğum tarixi xx xxx 2015-ci il, doğum yeri İraq, ata qrafasında atasının adı X11, ana qrafasında anasının adı X13, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamə uşağın adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar