Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1330/2025 17.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölmüş elan olunması» barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktub ilə ərizəçinin ölümün qeydə alınması barədə müraciətindən imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümünün qeydə alınması mümkün olmamışdır.
2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2025-ci il tarixli 3-39/2-24/5-1314/2025 saylı məktubuna əsasən, xx.xx.1988-ci il təvəllüdlü X5 xx.xx.2013-cü il tarixdə Azərbaycanı tərk etmiş və bugünədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair məlumatlar daxil olmasına baxmayaraq, ölüm faktını təsdiq etmək mümkün olmamışdır.
3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli 3-38-33/2-1028/25 saylı məktubuna əsasən, xx.xx.1988-ci il təvəllüdlü X1 dəfə dövlət sərhəddindən hərəkəti xx.xx.2014-cü il tarixdə çıxış olmuşdur.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqıa Mübarizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-6/2-2306/25 nömrəli məktubuna əsasən, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş X3 Suriyada gedən döyüşlər zamanı həlak olması barədə Baş İdarəyə məktub daxil olmamışdır.
5. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 2-2/07/05-418 nömrəli məktubuna əsasən, xx.xx.2025-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu verilmiş və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin xx.xx.2025-ci il tarixli, 3-39-9/2- 1417/25 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş X5 barəsində dini ayinlərin icrası adı altında Suriya Ərəb Respublikasında aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə xx.xx.2013-cü ildə ölkə ərazisini tərk etmiş və halhazıradək geri qayıtmamışdır. Lakin, həmin şəxsin Suriya Ərəb Respublikasında aparılan silahlı münaqişələrdə həlak olmasını təsdiq edən mötəbər məlumat və sənəd Dövlət Təhlükəsizliyi Xİdmətində mövcud deyildir. İddia tələbi
6. Ərizəçi Bakı şəhəri Cavabdeh maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək xx.xx.1988-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş X3 2014-cü ildə Suriya Respublikası ərazisində gedən döyüşlərdə ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizə bununla əsaslandırılmışdır ki, qardaşı X5 xx.xx.1988-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuşdur. Qardaşı Suriyaya gedənədək ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2014-cü ildə Türkiyə Respublikasına, oradan isə Suriyaya getmiş və orada qanunsuz silahlı qüvvələrin tərkibində vuruşmuşdur. Gedəndən sonra bir-iki ay əlaqə saxlamışlar. Sonradan onunla əlaqə saxlamağı mümkün olmamışdır. Bir müddət sonra qardaşı X3 Suriyada gedən döyüşdə həlak olduğu və elə döyüş gedən ərazidə dəfn edildiyi barədə xəbərini almışlar. Qeyd olunan halların nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
8. Ərizənin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2 və 38, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1 və 44 və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddələrinə istinad etmişdir.
9. İddia tələbinə yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Ərizəçinin nümayəndəsi (qardaşı) X6 məhkəmə hazırlıq iclaslarında iştirak edərək, ərizəni müdafiə edərək vəfat edən qardaşıdır, 2014-cü ildə qardaşı döyüşə getdi. Subay olub, onun vəfat etdiyini döyüş yoldaşları onlara deyib. O o vaxtlar həbsdə olmuşdur. Qardaşının ölüm haqqında şəhadətnaməsi evin sənədləşdirilməsi üçün lazımdır. Ev atasının adınadır.
11. Ərizəçi məhkəmə baxış iclasında ərizəni müdafiə edərək vəfat edən qardaşıdır. Qardaşı Suriyaya 2013-cü ildə getmişdir. Son 5 ildir ki ondan məlumat yoxdur. Onun ölməsini ona gec demişdilər. Son beş ildə onu görməmiş və ondan heç bir xəbər eşitməmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir.
12. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Prosesin digər iştirakçısının ifadələri
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, Ramil ilə eyni həyətdə qalır və bir yerdə məşq edirdilər. Ramil namaz qılırdı ancaq dini yönümlü deyildir. Daha sonra 2013-cü ildə onun Suriyaya getməsini həyətdə qonşulardan eşitmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, Ramil sinif yoldaşı olub. Dini məsələlərə görə araları soyusa da, son dəfə 2013 və 2014-cü ildə görmüşdür. Daha sonra Suriyaya getdiyini eşitmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, Ramil ilə eyni həyətdə qalır və bir yerdə məşq edirdilər. Ramil namaz qılırdı ancaq dini yönümlü deyildi. Daha sonra 2013-cü ildə onun Suriyaya getməsini həyətdə qonşulardan eşitmişdir. Son beş ildə onu görməmiş və ondan heç bir xəbər eşitməmişdir.
Məhkəmənin mövqeyi Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-cü maddəsinə görə, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.4.-cü maddəsinə əsasən 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra həkimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. 316-cı maddəsinə görə isə xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə yeni qətnamə ilə özünün əvvəlki qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbayan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazilriyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
19. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarı: 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. b) Əsaslandırma
20. İddia əsaslıdır.
21. Belə ki, işə əlavə edilmiş sənədlər əsasında təsdiq olunur ki, barəsində hüquqi faktın müəyyən edilməsi tələb edilən şəxs – X5 ərizəçinin qardaşı olmuşdur. xx.xx.1988-ci il təvəllüdlü X3 2014-cü il tarixdə Azərbaycanı tərk etməsi və bu günədək geri qayıtmaması məhkəmə araşdırması zamanı sübut edilmişdir.
22. Göründüyü kimi, X3 ölümü ilə bağlı bir məlumat aşkar edilməsə də, onun 2014-cü il tarixdən ölkəni tərk edib qayıtmaması, eləcə də, dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında aparılan silahlı münaqişələrdə iştirak etməsi ilə bağlı dövlət orqanlarında müəyyən məlumatların olması, şahidlərin bu barədə ifadələri və qardaşının onun ölüm xəbərini aldığını deməsi məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir.
23. Ona görə də, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini işin qeyd olunan hallarına tətbiq edərək, X3 yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmamasını, onun sonuncu dəfə 2014-cü il tarixdə ölməsi barədə məlumat almaları barədə ərizəçinin ifadəsini, habelə o, ölüm təhlükəsi törədən şəraitdə həlak olduğunu güman etməyə əsas verən halların (dini ekstremist fəaliyyət göstərilən döyüşlərdə iştirak etməsi) hazırkı işdə mövcud olmasını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Nəticə
24. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Ərizəçinın əri xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 ölmüş elan edilməlidir.
25. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçinin qardaşı xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş X5 ölmüş elan edilsin. Bu qətnamə qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü hesab edilsin. Qətnamə müvafiq qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova