Məhkəmə qərarları › İş №2(002)-1331/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1331/2021

06.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1331/2021 06.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin Qaradağ Rayon Şöbəsinə qarşı “iş stajının hesablanması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin Qaradağ Rayon Şöbəsinə qarşı “iş stajının hesablanması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etdiyi iş stajının hesablanaraq aylıq pensiyasına əlavə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Ali Məhkəmənin Plennumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” qərarının 13.2 bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması” Qaydalarının İV bəndinə əsasən sosial sığorta stajı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanları tərəfindən sığortaolunanların məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə bu Qaydalara əlavə olunmuş formada verilən arayışla (1 nömrəli əlavə) təsdiq edilir və sığortaolunanların təqdim etdikləri sənədlər əsasında "Əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı barədə məlumat (2 nömrəli əlavə) tərtib olunur. "Sığortaolunanların məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə arayış" və "Əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı barədə məlumat" Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsinin müdiri, Gəlirlər sektorunun müdiri və Pensiya təyinatı sektorunun müdiri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki,hazırki mülki iş üzrə iddiaçının iddia tələbi iş stajının hesablanması tələbi ilə bağlıdır. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən əmək stajını təsdiq edən sənəd qismində əmək kitabçası iş materiallarına əlavə edilmişdir. Bu halda, məhkəmə hesab edir ki,hazırki mülki iş üzrə iddiaçının əmək stajını təsdiq edən sənəd olduğundan, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini zəruri edən şərtlər istisna edildiyindən, əmək stajının hesablanmasının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddia ərizəsi məhkəmə icraatına qəbul edilə bilməz və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya müvafiq əmək stajınım hesablanamsı üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu çıxış etdiyindən, həmin məsələ ilə bağlı ilk növbədə Azərbaycan Respublikası Dövlət sosial Müdafiə Fonduna müraciət etməli, həmin orqan tərəfindən bundan imtina olduğu halda, yaranmış mübahisənin həllli ilə bağlı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin Qaradağ Rayon Şöbəsinə qarşı “iş stajının hesablanması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilə bilməz və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin Qaradağ Rayon Şöbəsinə qarşı “iş stajının hesablanması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar