Məhkəmə qərarları › İş №2(002)-1343/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1343/2023

24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1343/2023 24.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4, Maraqlı şəxs X6 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 «hüquqi əhəmiyyəti olan faktların (doğum və qohumluq münasibətlərində olma) müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək - Ərizəçi2 19 oktyabr 1999-cu il tarixdə ev şəraitində doğulması (S/Ş-32 Səbail rayonu 15 saylı uşaq poliklinikasında 3-cü şöbə Vİ sahədə, Badamdar şossesi, 15, Bakı, Səbail, AZ 1023. Telefon: (+994 12) 581-20-44. 20.X.1999-cu ildə qeydiyyata götürülmüşdür); Ərizəçi3 30 oktyabr 2000-ci il tarixdə ev şəraitində doğulması (Səbail rayonu 15 saylı uşaq poliklinikasında 3-cü şöbə Vİ sahədə, Badamdar şossesi, 15, Bakı, Səbail, AZ 1023. Telefon: (+994 12) 581-20-44. xx.xx.2001-ci ildə qeydiyyata götürülmüşdür); Ərizəçi4 03 dekabr 2003-cü il tarixdə ev şəraitində doğulması (Səbail rayonu 15 saylı uşaq poliklinikasında 3-cü şöbə Vİ sahədə, Badamdar şossesi, 15, Bakı, Səbail, AZ 1023. S/y 32-də. Telefon: (+994 12) 581-20-44. xx.xx.2003-cü ildə qeydiyyata götürülmüşdür) faktının müəyyən edilməsi və adlarına doğum haqqında şəhadətnamələrin verilməsi; Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 analarının Ərizəçi1, atalarının X11 olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, X11 iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 Mehriban Mirzərza qızı ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən 3 övladları doğulmuşdur. Övladları ev şəraitində doğulmuşdur. Nikahlarını yalnız 13 oktyabr 2021-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. X2 rayon Polis İdarəsinin inzibati binasının olduğu ünvana qeydiyyatda olmuş, sonradan qeydiyyatdan çıxarılmışdır. Yuxarıda qeyd olunduğu kimi, X11 ilə Ərizəçi1 övladları ev şəraitində doğulmuşdur. Övladları Ərizəçi2 19 oktyabr 1999-cu il tarixdə, Ərizəçi3 30 oktyabr 2000ci il tarixdə, Ərizəçi4 03 dekabr 2003-cü il tarixdə doğulmuşdur. Uzun illərdir ki, övladları ilə ünvan 2 ünvanda kirayədə yaşayırlar. Övladlarının doğum haqqında şəhadətnamələrinin olmaması onların gələcəkdə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini təsdiq edən sənədin alınmasına, müvafiq peşə və təhsil alınmasına, əmək münasibətlərinə daxil olmalarına məneə törədir. Uşaqlara doğum haqqında şəhadətnamə verilmədiyindən şəxsiyyət vəsiqəsi də ala bilmirlər. Uşaqların heç biri məktəbə getməmişdir. Təhsil İdarələri, İcra Hakimiyyətlərində azyaşlılarla məşğul olan şöbələr doğum haqqında şəhadətnamələri olmayan uşaqlarına köməklik göstərə bilməmişdir. Hazırda övladları yetkinlik yaşına çatan gənclər kimi doğum haqqında şəhadətnamələrinin olmaması nəticəsində Azərbaycan Respublikası vətəndaşına məxsus şəxsiyyəti təsdiq edən sənədi ala bilmədiklərindən peşə yönümlü təhsil ala, əmək fəaliyyəti ilə məşğul ola bilmirlər. Bundan başqa onlar Respublika ərazisində keçirilən seçkilərdə də iştirak edə, səs verə bilmirlər. Azərbaycanda heç bir sənədi olmadan yaşayırlar. Övladlarının ev şəraitində doğulmasına dair faktı şahidlər də təsdiq edə bilərlər. Doğum haqqında şəhadətnamə alınması üçün hər üç övladı qeydiyyat şöbəsinə müraciət etsələr də, onlara doğum haqqında şəhadətnamələrin verilməsinin mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçi1 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında ərizəni müdafiə etdi, Ərizəçi1 izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi3 məhkəmə iclasında ərizəni müdafiə etdi, Ərizəçi1 izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi4 məhkəmə iclasında ərizəni müdafiə etdi, Ərizəçi1 izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X11 izahatında bildirdi ki, o, Ərizəçi1 ilə rəsmi nikahdadır. Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 isə onun doğma övladlarıdır. Övladlarından Ərizəçi2 19 oktyabr 1999-cu il tarixdə, Ərizəçi3 30 oktyabr 2000-ci il tarixdə, Ərizəçi4 03 dekabr 2003cü il tarixdə Bakı şəhərində ev şəraitində doğulmuşdur. Lakin onlara müəyyən səbəblərə görə bu vaxtadək doğum haqqında sənəd ala bilməmişdir. Bu səbəbdən övladları orta məktəb təhsili belə almamışlar. Oğlu Ərizəçi2 sənədi olmadığına görə hərbi xidmət keçə bilmir. Övladı Ərizəçi3 isə faktiki olaraq ailə qursa da, rəsmi olaraq nikaha daxil ola bilmir. Ona görə də məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə qeyd olunan məktubu nəzərə alaraq mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X7 ifadəsində bildirdi ki, Mahir Kişiyevin bacısının yoldaşıdır. Uşaqların üçü də ev şəraitində, yaşadıqları Şıxovda doğulmuşlar. Ataxan 1999-cu ildə, Rahidə 2000-ci ildə, Aydan isə 2003-cü ildə doğulub. X3 ifadəsində bildirdi ki, ərizəçilərin bibisidir. Həqiqətən də uşaqlar ev şəraitində doğulmuşlar. Ataxan 1999-cu ildə ev şəraitində doğulmuş, doğuşda Suqra xala iştirak etmişdir. Suqra xala hazırda həyatda deyil, vəfat etmişdir. Şıxovda yaşayırdılar. Rahidə 2000-ci ilin oktyabr ayının 30-da ev şəraitində doğulmuşdur. Şıxovda doğulmuşdur. Aydan da 2003-cü ilin dekabr ayında Şıxovda ev şəraitində doğulmuşdur. X5 ifadəsində bildirdi ki, ərizəçilərin bibisidir. Həqiqətən də uşaqlar ev şəraitində doğulmuşlar. Ataxan 1999-cu ildə ev şəraitində doğulmuş, doğuşda Suqra xala iştirak etmişdir. Suqra xala hazırda həyatda deyil, vəfat etmişdir. Şıxovda yaşayırdılar. Rahidə 2000-ci ilin oktyabr ayının 30-da ev şəraitində doğulmuşdur. Şıxovda doğulmuşdur. Aydan da 2003-cü ilin dekabr ayında Şıxovda ev şəraitində doğulmuşdur. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, X11 ilə X4 arasında nikah 13 oktyabr 2021-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 2721 saylı akt qeydi ilə bağlanmaqla, arvada Kişiyeva soyadı verilsə də, onlar faktiki olaraq ailə münasibətlərinə bundan xeyli öncə daxil olmuşlar. Onların bu münasibətlərdən üç uşaqları doğulmuşdur. Uşaqların üçü də ev şəraitində doğulmuşdur. Ərizəçi2 19 oktyabr 1999-cu il tarixdə; Ərizəçi3 30 oktyabr 2000-ci il tarixdə; Ərizəçi4 03 dekabr 2003-cü il tarixdə ev şəraitində doğulması; eləcə də Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 doğma qardaş-bacı olmaqla, bioloji analarının Ərizəçi1, bioloji atalarının X11 olması mötəbər sübutlarla təsdiq olunur. Bakı şəhəri Maraqlı şəxs 31 mart 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi1 üç övladına dair doğum haqqında şəhadətnamələrin verilməsinin mümkün olmaması bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və qanunvericiliyin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.1, 307.2.3-cü maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi, doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi ərizəçilər şəxslərin qohumluq münasibətlərində olması, həmçinin doğumun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəməyə ərizə təqdim etmək üçün ərizəçilər tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi2 19 oktyabr 1999-cu il tarixdə; Ərizəçi3 30 oktyabr 2000-ci il tarixdə; Ərizəçi4 03 dekabr 2003-cü il tarixdə ev şəraitində doğulması; eləcə də Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 doğma qardaşbacı olmaqla, bioloji analarının Ərizəçi1, bioloji atalarının X11 olmasına dair hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilməlidir. Qalan hissədə ərizə təmin edilməməlidir. Belə ki, digər ərizəçilər yetkinlik yaşına çatdıqlarına görə anaları onların adından etibarnamə olmadan ərizəçi ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.1, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi2 19 oktyabr 1999-cu il tarixdə; Ərizəçi3 30 oktyabr 2000-ci il tarixdə; Ərizəçi4 03 dekabr 2003-cü il tarixdə Bakı şəhərində ev şəraitində doğumlarının qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 doğma qardaş-bacı olmaqla qohumluq münasibətlərində olmaları, bioloji analarının Ərizəçi1, bioloji atalarının X11 olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qalan hissədə ərizə edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar