Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1366/2022 28.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh – azyaşlı uşaqları 2015-ci il təvəllüdlü X1 və 2013-cü il təvəllüdlü X2 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Bünyadzadə küçəsi 1 B saylı evin 22 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 30 sentyabr 2014-cü il tarixdə oğlu X3 ilə ailə qurmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. Cavabdeh onun gəlini olduğuna görə mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Bünyadzadə küçəsi 1 B saylı evin 22 saylı mənzilinə qeydiyyata düşmüşdür. Cavabdeh ilə oğlu arasında olan nikah rəsmi olaraq 02 iyul 2021-ci il tarixdə pozulmuşdur və uzun müddətdir ki, ona məxsus evdə yaşamır. Göründüyü kimi, cavabdeh artıq onun ailə üzvü deyildir. Lakin buna baxmayaraq, cavabdeh onun mülkiyyətində olan mənzildə qeydiyyatdadır. O, cavabdehi qeydiyyata saldırsa da, aralarında heç bir notariat qaydasında bağlanmış müqavilə və ya başqa razılaşma olmamışdır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması iddiaçı üçün bir sıra çətinliklər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 15 fevral 2006-cı il tarixli ÖM seriyalı 256228 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Bünyadzadə küçəsi 1 B saylı evin 22 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına müvafiq reyestr kitabının 214262 saylı səhifəsində 30/214262 saylı qeydiyyat aparılmışdır; - Cavabdeh ilə iddiaçının oğlu X3 arasında nikah 30 sentyabr 2014-cü il tarixdə Qaradağ rayon Qeydiyyat Şöbəsində 808 saylı akt qeydi ilə bağlanmış; - Qaradağ rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə 02 iyul 2021ci il tarixdə 151 saylı akt qeydi ilə pozulmuşdur. - Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Bünyadzadə küçəsi 1 B saylı evin 22 saylı mənzilində qeydiyyatdadır; - Cavabdeh qeyd olunan mənzilə mülkiyyətçinin ərizəsi əsasında deyil, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qeydiyyata alınmışdır. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin qeyd olunan evə qeydiyyata alınması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin evdən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, cavabdehin yuxarıda qeyd olunan mənzildən istifadə hüququ yoxdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehin mənzilin yaşayış sahəsinə mövcud olmayan hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilə bilməz. Buna baxmayaraq, hazırkı qətnamə cavabdehin azyaşlı övladları ilə yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı qətnamə Cavabdeh – azyaşlı uşaqları 2015-ci il təvəllüdlü X1 və 2013-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Bünyadzadə küçəsi 1 B saylı evin 22 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Hazırkı qətnamə Cavabdeh – azyaşlı uşaqları 2015-ci il təvəllüdlü X1 və 2013-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İ.Bünyadzadə küçəsi 1 B saylı evin 22 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1366/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1366/2022
28.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver