Məhkəmə qərarları › İş №2(002)-1421/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1421/2021

20.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1421/2021 20.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı Bodurova (Radifoğlu) Zəhra Fazil qızının və Cavabdeh iştirakı ilə, iddiaçı Bodurova (Radifoğlu) Zəhra Fazil qızınun Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bodurova (Radifoğlu) Zəhra Fazil qızı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 11 sentyabr 2020-ci il tarixli nikah qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Bodurova (Radifoğlu) Zəhra Fazil qızı izahat verərək bildirdi ki, cavabdeh ilə aralarında sevgi münasibətləri yaranmış, lakin ailə qurmaq niyyətləri olmamışdır. Dövlət tərəfindən məcburi köçkün ailələrinə ev verilməsi ilə bağlı məsələnin mövcudluğu barədə xəbər alanda cavabdehlə həmin güzəştlərdən istifadə etmək qərarına gəlmişlər. Bu məqsədlə valideynləri də bilmədən 11 sentyabr 2020-ci il tarixdə cavabdehlə saxta nikah qeydiyyatına düşmüşlər. Lakin sonradan cavabdehə heç bir ev verilməmiş və əlaqələri kəsilmişdir. Bundan sonra valideynləri bu məsələdən xəbər tutmuş və aralarında olan nikahın etibarsız hesab edilməsini tələb etmişlər. Belə ki, birgə nikahda olsalar da, ailə qurmaq niyyətləri olmamış, nikaha yalandan güzəştli şərtlərlə ev almaq üçün daxil olmuşlar, heç vaxt ər-arvad münasibətində olmamışlar. Ona görə də hesab edir ki, formal olaraq bağlanmış nikah etibarsız hesab olunmalıdır. Bu səbəbdən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək izahatında bildirdi ki, həqiqətən o, cavabdehlə 2020-ci ildə rəsmi nikaha daxil olmuş, nikahları 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Əslində ailə qurmaq niyyətləri olmamış, dövlət tərəfindən verilən güzəştlərdən istifadə etmək üçün ailə həyatı qurmuşlar. Lakin ona ayrıca hər hansı ev verilməmiş, niyyətləri baş tutmamışdır. Hazırda atasına onun nikahından xeyli əvvəl verilmiş mənzildə yaşamaqdadır. Ona görə də iddianı qəbul edir, cavabdehlə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsinə razıdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 413501 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Bodurova (Radifoğlu) Zəhra Fazil qızı 11.09.2020cu il tarixdə rəsmi nikah qeydiyyatından keçmişdir. Nikahları 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. İş materiallarında olan 29 iyun 2020-ci il tarixli 37/76 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Qaradağ rayonu, “Qobu Park 3” yaşayış kompleksindəki 3 saylı binada yerləşən 37 nömrəli 2 otaqlı mənzil məcburi köçkün X2 və ailə üzvlərinə (həyat yoldaşı X1 və oğlu Cavabdeh) müvəqqəti yaşamaq üçün verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, cavabdehin etirafına və sadalanan hüquq normalarına əsasən müəyyən edir ki, nikah bağlanarkən tərəflərin ailə qurmaq niyyətinin mövcud olduğu müəyyən edilmədiyindən, nəticədə tərəflər arasında münasibətlər faktiki ailə qurulmadan pozulduğundan, iddia əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bodurova (Radifoğlu) Zəhra Fazil qızı ilə Cavabdeh arasında 11 sentyabr 2020-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 1880 nömrəsi ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar