Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1447/2021 07.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma və evin satılaraq müvafiq paylara bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma və evin satılaraq müvafiq paylara bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və X1 ünvan 1 ünvanda yerləşən evdən çıxarılması və həmin evin satılaraq, satışdan əldə olunan pul vəsaitinin orada qeydiyyatda olan şəxslər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1994-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 3 övladları doğulmuşdur. Övladlarının biri oğlan, ikisi qızdır. Qız övlardarı artıq ailə qurub ayrı yaşayırlar. O, Ələt qəsəbəsində 3 sot torpaq sahəsi alaraq, 30.000 manat məbləğində pul toplamışdır ki, həmin sahədə ev tikdirsin, ailəsi ilə həmin evdə birgə yaşasınlar. Lakin sonradan, 2017-ci ildə həyat yoldaşı Rəhimə onunla boşanmış və həmin torpağa dair sənədləri, onlara (anasına) məxsus qızılzinət əşyalarını və 30.000 manat məbləğində pulu götürüb, könüllü olaraq evdən çıxıb getmişdir. Bundan sonra cavabdehin böyük bacısı Rəfiqə, qardaşı Novruz və qardaşı oğlu Kərəm yaşadıqları evə gələrək Rəhimənin bütün əmlakını götürərək, maşına yükləyib aparmışlar. Bundan bir qədər sonra, yəni 2017-ci ilin dekabr ayında Cavabdeh mənzilə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 14 fevral 2018-ci il tarixli, 2(002)-486/2018 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Bundan sonra, onun, anası X5 və X3 tərəfindən edilən çoxsaylı şikayətlərinə baxmayaraq, 30 oktyabr 2019-cu il tarixdə Qaradağ rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının iştirakı ilə Cavabdeh sözü gedən evə köçürülmüşdür. O, evə köçürülən zaman onunla birlikdə qardaşları Nuru və Fazil olmuşlar. Rəhimə evə gələn kimi, yəni hələ ilk gün hamıya söz atmış və dava salmışdır. X7 qolunu buraraq, ona xəsarət yetirmişdir. Hətta bunu görən İcra və Probasiya Şöbəsinin əməkdaşları dərhal maşınlara minərək oradan qaçmışlar. O, bu haqda 102 xidmətinə zəng etmiş və polis əməkdaşları gəlib Rəhiməni sakitləşdirmişlər. Lakin polislər çıxıb gedəndən sonra, onun tərəfindən polis çağırılmasına görə Rəhimə qəzəblənmiş və yenə dava etmişdir. Beləliklə, Cavabdeh evə köçürüldüyü gündən, demək olar ki, hər gün onlarla dava edir, onları nalayiq söyüşlərlə təhqir edir və xəsarət yetirirdi. O, demək olar ki, hər gün 102 xidmətinə müraciət edirdi. Bundan başqa, dəfələrlə onlar rayon rəhbərliyinə, polis və prokurorluq müraciət etmişlər. Lakin müraciətləri müsbət nəticə verməmişdir. Sonuncu dəfə 29 may 2020-ci il tarixdə onun indiki həyat yoldaşı X3 ilə keçmiş həyat yoldaşı Cavabdeh və birgə nikahdan olan oğlu Həsənov Qəmbər arasında dava, mübahisə baş vermiş, yaranmış münaqişə zamanı yoldaşı Rənaya Qəmbər daşla xəsarət yetirmişdir. Bunun nəticəsi olaraq Həsənov Qəmbər barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi açılmış və məhkəmənin 07 oktyabr 2020-ci il tarixli, 1(002)-230/2020 saylı hökmü ilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra Cavabdeh onlara qarşı qəzəbi daha da artmış və onlar bundan daha da pis nəticələrin olmasından ehtiyatlanaraq, həmin sözügedən evi tərk edərək, hal-hazırda Salyan rayonu Xalac kəndində kirayədə yaşayırlar. Həmçinin, onu da qeyd etmək istəyir ki, Cavabdeh bu cür əməlləri haqqında qonşular tərəfindən də dəfələrlə müvafiq icra və polis orqanlarına müraciət olunmuşdur. Lakin qonşuların da müraciəti müsbət nəticə verməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2(002)-486/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı, X2 və X4 qarşı «mənzilə köçürmə» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Əzizbəyov küçəsi 32 saylı mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Əzizbəyov küçəsi 32 saylı mənzildən istifadə hüququnun olması və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin mənzilə köçürülməsinə dair faktlar aşkardır, mübahisələndirilə və yenidən sübut edilə bilməz. İddiaçı oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh və X1 istifadə hüquqları olan ünvan 1 ünvanda yerləşən evdən çıxarılması, həmin evin satılaraq, satışdan əldə olunan pul vəsaitinin orada qeydiyyatda olan şəxslər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçının mübahisələndirdiyi tikiliyə dair texniki pasport atası Qəmbər Həsənovun adına tərtib edilmişdir. Həmin evin hüquqi vəziyyətini müəyyən edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı evin mülkiyyətçisi deyil. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, cavabdehin mənzildən müvafiq kompensasiya məbləği ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə yalnız buna subyektiv hüququ olan şəxs – evin mülkiyyətçisi müraciət edə bilər. Evin satılaraq, əldə edilmiş vəsaitin həmin vəsaiti almağa hüququ çatan şəxslər arasında bölünməsinə dair iddia tələbi ilə də məhkəməyə yalnız buna subyektiv hüququ olan şəxs – evin mülkiyyətçisi müraciət edə bilər. İddiaçı yuxarıda qeyd edildiyi kimi, evin mülkiyyətçisi deyildir və belə olduğu təqdirdə, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma və evin satılaraq müvafiq paylara bölünməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma və evin satılaraq müvafiq paylara bölünməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1447/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1447/2021
07.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver