Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1449/2021 14.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 qarşı «yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 qarşı «yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara faktiki mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi həyət evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində xeyli müddətdir ki, yaşayır və bəziləri müxtəlif işlərdə çalışaraq ailənin maddi ehtiyaclarını ödəyirlər. Qeyd etmək istəyirlər ki, Bakı şəhərində qeydiyyatları olmadan, Qaradağ rayonu ərazisinə daxil olan Müşfiqabad qəsəbəsi ev 4A mənzil 49 ünvanda, fərdi həyət evində yaşayırlar. Yaşadıqları evin yerləşdiyi torpaq sahəsini qeyd olunan ünvanda daimi qeydiyyatda olan X1 alğı-satqı yolu ilə əldə etmişlər. Torpaq sahəsini əldə etdikdən sonra, orada ailşəliklə, həm cavabdeh Günel Qurbanovanın valideynləri, ailəsi və həm də onlar, ailə olaraq fərdi həyət evi tikməyi qərara almışlar. Evin sahəsi 9 m. x 15 m. ölçülərində, kürsülü evdir. Onların, bu fərdi həyət evində yaşamalarına səbəb, rayonda ümumi iş yerlərinin olmaması, təsərrüfat yaratmağın mümkün olmaması idi. Onlarla birlikdə gəlinləri, Cavabdeh1 da uşaqları ilə yaşamışdır. Onlar bir müddət bu evdə yaşadıqdan sonra, cavanlara maneçilik törətməmək üçün, ümumi qərara gəlmişlər ki, evdən çıxıb başqa bir yerdə kirayədə qalsınlar. O vaxtlar, Tofiqlə Günayın münasibətləri normal idi, aralarında münaqişələri yox idi. Daha sonra, cavabdehlə aralarında yaranmış anlaşılmazlıq üzündən, bundan sonrakı ailə münasibətlərinin davam edə bilməyəcəklərini bilərək, Tofiq evi tərk edərək fərdi həyət evindən çıxmaq zorunda qalır. Bildirirlər ki, evdə yaşamaq üçün hər cür şərait yaradılmış, qaz, işıq və suyu təmin olunmuşdur, istilik sistemi çalışır, hər cür müasir yataq və mətbəx mebelləri dəsti, soyuducusu, məişət əşyaları dəst halında vardır. Tofiq və onlar evdən çıxarkən belə razılığa gəlmişlər ki, ev Tofiqin uşaqlarının gələcəkdə mənzilə olan ehtiyaclarının təminatı hesab olunur və cavabdeh də bu fərdi həyət evinin üzərində təkbaşına sərəncam verə bilməz, ancaq hər hansı bir hərəkət, yalnız onların iştirakları ilə səlahiyyətli olacaqdır. Lakin, təəssüflər olsun ki, müəyyən vaxtdan sonra onlara çatdırılmışdır ki, cavabdeh evi kiməsə sataraq oradan çıxıb kirayədə qalır. Cavabdehin bu hərəkəti onları və öz ailəsini çox hiddətləndirmişdir. Necə yəni, evi özbaşına kiməsə satasan? Odur ki, evi alan adamla dəfələrlə danışmalarına baxmayaraq, sonuncu barəsində onlara heç bir məlumat bəlli olmamışdır. Bu adamlar, onlara məxsus evin əşyalarını və mebellərini yararsız hala salmaları barədə məlumatları vardır. Onlar evin yerləşdiyi torpaq sahəsini alarkən də, sonra da evin sahibi X2, Tofiqə üç illiyinə baş etibarnamə verərək, evlə bağlı səlahiyyətlərini ona vermişdir. Etibarnamə hal-hazırda qüvvəsində qalır. Sonradan, Cavabdeh1 onlardan gizlin, evə və torpaq sahəsinə dair bələdiyyə sənədlərini adına keçirməklə, iyrənc xislətini ortaya qoymuşdur. Cavabdeh1 ailəni birləşdirmək əvəzinə, onu dağıtmış, hər şeyə təkbaşına yiyələnmək istəyini ortaya qoymuşdur. Amma onların cavabdehə belə bir şərait yaratmağa imkan vermək niyyətləri yoxdur. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərinə əsasən, hazırkı fərdi həyət evi dövlət reyestrində qeydiyyatdan keçməsə də, faktiki olaraq onların ümumi mülkiyyətləri sayılır. Və mülkiyyətçi olmayanların da hüquqları qanunla qorunur. Onlara məxsus bütün ev avadanlıqları, əşyaları bu evdə qalmışdır. Onların kifayət qədər vəsaiti yoxdur ki, evləri ola-ola kirayələrdə qalsınlar. Ona görə də, fərdi evə köçürülmələrini qərara almışlar. Onların envində yad adamın nə işi var? Adları və mənşələri bəlli deyil, dövlət sirri kimi qorunurlar. Evlərindən hər hansı əşya və avadanlığın olmamasına bu adlarını bilmədikləri adamlar cavabdehlik daşıyacaqlar. Hesab edir ki, tələbləri qanuni və əsaslıdır, ona görə də təmin edilməlidir. İddiaçı və onun nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçılar Cavabdeh2, Cavabdeh3 və iddiaçı Cavabdeh4 dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə teleqram vuraraq vəkillə təmsil olunacaqlarını bildirmiş, lakin bundan sonra da nə özləri nə də vəkilləri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, iddiaçıların bu məlumatları işə baxılmasını yubandırmaq məqsədi daşıyır. Buna görə həmin işə iddiaçıların iştirakı olmadan baxılması mümkün hesab edilir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Belə olduğu təqdirdə, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 qarşı «yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 qarşı «yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1449/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1449/2021
14.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver