Məhkəmə qərarları › İş №2(002)-1464/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1464/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1464/2020 15.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun ünvan 1 mənzil 35-ə istifadə hüququnun tanınması və azyaşlı uşağı xx.xx.2016-cı il təvəllüdlü X9 ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, onun azyaşlı uşağı xx.xx.2016-cı il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 mənzil 35-ə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 izahat verərək bildirdi ki, iddiaçı onun qızıdır. İddiaçı Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin tarixdən cavabdehin atasının – digər cavabdehin adına olan ünvan 1 mənzil 35 ünvanına gəlin köçmüşdür. Hazırda iddiaçının bütün cehiz əşyaları da sözügedən mənzildədir. Birgə nikahdan tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X9 adında bir uşaqları anadan olmuşdur. Tərəflər arasındakı ailə münasibətləri pozulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmaqla uşağın ananın yanında qalması qət edilmişdir. İddiaçı həmin mənzilə gəlin köçməklə beş ilə yaxın müddət ərzində Cavabdeh1 ilə birgə təsərrüfat aparmış, uşağını tərbiyə etmişdir. Nikah pozulduqdan sonra tərəflər arasındakı münasibətlər gərginləşdiyinə görə iddiaçı cavabdehlər tərəfindən həmin mənzilə buraxılmamaqla hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospektindəki mənzildə valideynləri ilə birlikdə məhdud imkanlarla yaşamaq məcburiyyətində qalmışdır. Hazırda iddiaçının yaşadığı evin dörd yaşlı uşağın sağlam böyüməsi üçün tələb edilən mənzil-məişət şəraiti yoxdur. Yaşamağa başqa yeri yoxdur. Halbuki mübahisəli mənzil boşdur. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, İddiaçı onun keçmiş gəlinidir və nikah dövründə həqiqətən ona məxsus mənzildə yaşamışdır. Hazırda iddiaçının ona məxsus olan ünvan 1 mənzil 35-ə köçürülməsinə və iddianın təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə baxışı zamanı digər Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir, iddiaçının azyaşlı uşağı ilə birlikdə sözügedən mənzilə köçürülməsinə razıdır. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4877/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Hacıyeva (İsmayılova) Elnarə Eldar qızı ilə Cavabdeh1 arasında xx xxxxx 2015-ci il tarixdə 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 anası X2 yanında qalması, Cavabdeh1 iddiaçı X2 xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 783031 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hacılı Aydının atası Cavabdeh1, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X8 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 38, 22 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa X6, X1, İddiaçı və X9 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil 35 Cavabdeh2 xüsusi mülkiyyətlərindədir və bu barədə 1322 nömrəli reyestr kitabının 120723 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2013-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh2 verilmiş 822 saylı Forma-2 arayışından görünür ki, Cavabdeh2 ünvan 1 35 saylı mənzilin sahibidir, mənzildə qeydiyyatda heç kim yoxdur. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, cavabdeh tərəfin etirafına və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, hazırda iddiaçı nikahda olduğu dövrdə yaşadığı mənzilə azyaşlı uşağı ilə birlikdə köçürülməsini tələb edir, mənzilin mülkiyyətçisi olan cavabdeh isə buna etiraz etmir. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq müəyyən edir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı azyaşlı uşağı xx.xx.2016-cı il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh2 məxsus olan ünvan 1 35 saylı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar