Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1464/2021 23.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı8, İddiaçı15, İddiaçı16, İddiaçı17 və Cavabdeh2, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Zərbala oğlunun, İddiaçı16, Cavabdeh1, İddiaçı17, X5 Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi, qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması, ərazinin əvvəlki vəziyyətə qaytarılması və mənəvi zərərin ödənilməsi tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri (cəmi 19 nəfər) Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi, qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması, ərazinin əvvəlki vəziyyətə qaytarılması və mənəvi zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində Cavabdeh2 tərəfindən özbaşına, qanunsuz inşa olunmuş daş hasarın onun hesabına sökülməsi, cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması, cavabdehin vəsaiti hesabına ərazinin əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat pulun tutularaq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun - “YAŞAT” Fondunun hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 izahat verərək bildirdi ki, yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsi, 20 nömrəli binanın qarşısında xeyir-şər mağarı vardır. Həmin tikilinin arxa hissəsi Zahid Qasımov küçəsi tərəfə düşür. Xeyir-şər evinin arxa hissəsi vaxtilə çox bərbad vəziyyətdə olmaqla demək olar ki, zibilliyə döndərilmişdir. Həyətin sakinləri oranı təmizləyib, abadlaşdırma işləri apararaq ağacları budayıb, dəmir tor hasara almışdır ki, həmin yer bir daha zibilliyə çevrilməsin. Ərazidə uşaqların əylənməsi, oynaması, sakinlərin istirahət etməsi üçün gözəl bir guşə yaradılırdı. Qeyd olunan ərazidə binaya gələn əsas su xətti və onun siyirtməsi də mövcuddur. Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsi ilə Z.Qasımov küçəsinin kəsişməsində Cavabdeh2 dəmir vaqonda dərzi emalatxanası var idi. Cavabdeh həmin emalatxananın sahəsini genişlədərək daşdan tikmiş, daha sonra isə 2020-ci ildə emalatxananı eninə bir qədər də böyüdərək həmin sahədə ikimərtəbəli böyük bir ev tikmiş və 1-ci mərtəbəsini “SOLİTON” mağazalar şəbəkəsinə icarəyə vermişdir. Cavabdehin aparmış olduğu tikinti işlərinin, genişləndirdiyi ərazinin və s. qanuni olub-olmaması, hər hansı sənədlərinin olması onları heç vaxt maraqlandırmamışdır. Lakin 2020-ci ilin mart ayının əvvəlində cavabdeh camaatın abadlaşdırıb, istirahət mərkəzinə çevirmək istədiyi əraziyə də göz dikərək oranı zəbt etməyə başlamışdır. Belə ki, cavabdeh tərəfindən vaxtilə onların çəkdikləri dəmir tor sökülmüş, yerində 09 mart 2021-ci il tarixdən daş hasar hördürməyə başlamışdır. Bu hal, bütün bina sakinlərini məyus etmiş, Cavabdeh2 özbaşınalığı, qanunu pozması, özbaşına torpaq zəbtini nəyə və kimə arxayın olaraq etməsi suallar doğurmuşdur. Cavabdehə etdiklərinin qanunsuz olduğunu bildirdikdə, o, “yaxşı edirəm, nə istəyirəm onu da edəcəm” kimi ifadələr işlətməklə insanlara qarşı kobudluq etmişdir. Cavabdehin apardığı qanunsuz tikinti işləri həmin ərazidə yaşayan bina sakinləri üçün təhlükə yaradır. Belə ki, həmin ərazidən bir sıra kommunikasiya xətləri keçir ki, aparılan tikinti işləri nəticəsində dəhşətli faciə baş verə bilər. Bir sözlə yüzlərlə insanın həyat və sağlamlığını heçə sayan cavabdehə dəfələrlə etmiş olduqları xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişlər. Əlavə olaraq bildirir ki, Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edildikdən sonra daş hasar faktiki olaraq sökülmüşdür, hazırda tikinti işlərinə son qoyulması və ərazinin əvvəlki vəziyyətinə qaytarılması, yəni mişar daşlarının götürülməsi, tor hasarın və oturacağın bərpası zəruridir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələblərinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı8, İddiaçı15, İddiaçı16, İddiaçı17 İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələblərinin təmin edilməsini xahiş etdilər. Digər iddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiklərini bildirmiş, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirdi ki, iddia tələblərini qanunsuz və əsassız hesab edir. Belə ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 04.08.2000-ci il tarixli, 731 nömrəli sərəncamı ilə ona Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 17 ünvanında yerləşən 40,0 kv.m ölçüdəki “Səbuhi” məişət xidməti obyektində rekonstruksiya-tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bundan əlavə, həmin ünvana Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən onun adına 2012-ci ildə fiziki və hüququ şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli verilmişdir. O, əlində olan sənədlər əsasında iş görür, heç bir ərazini zəbt etməmişdir, həmin sahə özünə məxsusdur. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların həmin sahənin abadlaşdırılması ilə bağlı heç bir sənədləri yoxdur, orada daimi səs-küy salaraq onu narahat edirlər. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 cavabdehin izahatına uyğun izahat verərək iddia tələblərinin rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaradağ rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ticarət obyektinin sahibi Cavabdeh2dur. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 04 avqust 2000-ci il tarixli 731 saylı sərəncamının surətindən görünür ki, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 12 saylı evin 36-cı mənzilində yaşayan Cavabdeh2 Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 17 ünvanında yerləşən 40,0 kv.m ölçüdəki “Səbuhi” məişət xidməti obyektində rekonstruksiya-tikinti işlərinin aparılmasına icazə verilmişdir. İş materiallarında olan Sahil qəsəbəsi XDS-nin 02.08.1987-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, Cavabdeh2 1987-ci ilin sentyabr ayından bir il müddətinə dərzi kimi fərdi əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verilmişdir. İş materiallarında olan X7, X1, X10, X9 və X3 tərəfindən tərtib edilmiş 27.04.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən də Cavabdeh2 2020-ci ilin mart ayının əvvəlində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində camaatın abadlaşdırıb, istirahət mərkəzinə çevirmək istədiyi ərazini zəbt etmiş, vaxtilə çəkdikləri dəmir toru sökmüş, əvəzində 09 mart 2021-ci il tarixdən daş hasar hördürməyə başlamış və qanunsuz tikinti işləri aparmışdır. İş materiallarında olan fotoşəkillərdən və fotoşəkillər üzərində aparılan yazılı qeydlərdən görünür ki, mübahisəli tikinti işləri açıq həyət sahəsində aparılmışdır. 10.04.2021-ci il tarixdə hasar sökülərək mişar daşları xeyir-şər mağarının arxa tərəfinə yığılmışdır. Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən 40 m2 əraziyə sənəd verilmişdir, cavabdehin sahibliyində olan binanın faktiki sahəsi isə 175 m2-dir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 04 avqust 2000-ci il tarixli 731 saylı sərəncamına, "xxxx" MMC tərəfindən verilmiş hesabat cədvəlinə, akta və fotoşəkillərə əsasən müəyyən edildi ki, cavabdehin qeyd olunan ərazidə tikinti işləri aparmasına icazə verən hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Belə ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 04.08.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, cavabdehə yalnız 40 m2 ölçüdə “Səbuhi” məişət xidməti obyektində tikinti işləri aparmasına razılaşdırılmış layihə əsasında icazə verilmişdir. Halbuki, tərəflərin izahatlarından, aktdan, fotoşəkillərdən aydın olur ki, mübahisəli tikinti işləri ümumi istifadədə olan açıq həyət sahəsində aparılmışdır, həmin sahənin cavabdehə ayrılmasına və orada tikinti işlərinin aparılmasına dair isə hər hansı qanuni sənəd mövcud deyidir. Həmçinin, "xxxx" MMC-nin tərtib etdiyi hesabat cədvəli hüquqmüəyyənedici sənəd hesab oluna bilməz. Qeyd olunanları və hazırda mübahisəli hasarın faktiki söküldüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, özbaşına tikinti ilə bağlı iddia tələbi qismən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində Cavabdeh2 tərəfindən qanunsuz tikinti işlərinin aparılmasına son qoyulması və həmin ərazinin onun hesabına əvvəlki vəziyyətinə qaytarılması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Buna baxmayaraq, məhkəmə hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçılar mənəvi sarsıntılar keçirməsi, onların nədə ifadə olunması, həmin sarsıntıların cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, qanunsuz hərəkət ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə münasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində Cavabdeh2 tərəfindən qanunsuz tikinti işlərinin aparılmasına son qoyulsun və həmin ərazi onun hesabına əvvəlki vəziyyətinə qaytarılsın, habelə 10 (on) manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçılara ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1464/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1464/2021
23.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver