Məhkəmə qərarları › İş №2(002)-148/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-148/2022

24.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-148/2022 24.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı MMC-nin icarəsində olan Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi 16-cı kilometr ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqi şəxs İddiaçı MMCnin xüsusi mülkiyyətində ümumi sahəsi 0,4146 ha-dan ibarət olan torpaq sahəsi vardır. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında bağlanmış 621 nömrəli 15 iyul 2021-ci il tarixli müqavilə əsasında həmin ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsi xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-nin icarəsinə verilmişdir. Hər iki daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı mövcuddur. Lakin istifadədə olan həmin torpaq sahəsi İddiaçı MMCnin qanuni istifadəsinə verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən qeyri-qanuni olaraq zəbt edilmişdir və mülkiyyətçinin istifadəsinə maneələr törədir. Dəfələrlə mübahisəli sahəni boşaldaraq təhvil verilməsi təklif edilsə də, cavabdeh qanuni tələbin yerinə yetirilməsindən yayınmışdır. Beləliklə, cavabdeh iddiaçının mülkiyyət hüquqları pozaraq mübahisəli ərazidən çıxmaqdan imtina etmişdir. Halbuki, cavabdehə məxsus olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bakı-Salyan şossesi 15-ci km., 1 ünvanda yerləşən, dövlət qeydiyyatına alınmış 2418,1 m2 torpaq sahəsi, faktiki isə 0,2713 ha təşkil edən daşınmaz əmlak vardır. Göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində və icarəsində olan torpaq sahələri ilə cavabdehin istifadəsində olan torpaq sahəsi və onun üzərindəki daşınmaz əmlakın ünvanları fərqlidir, həmin ünvanlar qonşudurlar, torpaq sahələrinin sərhədləri üst-üstə düşmür. Lakin cavabdeh istifadəsində olan 0,2713 ha torpaq sahəsindən kənarda yerləşən və iddiaçı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 621 nömrəli 15 iyul 2021-ci il tarixli müqavilə əsasında iddiaçının icarəsində olan Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi 16-cı km. ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsindən iddiaçının istifadə etməsinə müdaxilələr edir, iddiaçının icarəsində olan həmin torpaq sahəsindən istifadə etməklə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozur. Belə ki, cavabdeh özünə məxsus olan bəzi əşyaları mübahisəli torpaq sahəsinə yerləşdirməklə iddiaçının icarəsində olan sözügedən torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə, həmin təyinatı üzrə torpaq sahəsində səmərəli fəaliyyət üçün zəruri olan tikinti işləri aparmağa və avadanlıqlar quraşdırmağa, habelə torpaq sahəsindən istifadə zamanı qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirməyə və vəzifələri icra etməyə, torpaq sahəsindən icarə müqaviləsinin şərtlərinə müvafiq surətdə istifadə etməyə əsassız və qanunsuz maneə törədir. Bunun nəticəsində isə iddiaçının bir icarəçi olaraq icarə əsasında istifadəsində olan torpaq sahəsindən istifadəyə olan hüquqları, həmin torpaq sahəsinə cavabdehin hər-hansı aidiyyətinin olmamasına baxmayaraq, cavabdeh tərəfindən qanunsuz olaraq pozulur. İddiaçı tərəfindən cavabdehə dəfələrlə izah edilmişdir ki, onun iddiaçının icarəsində olan torpaq sahəsinə qanunsuz daxil olması, iddiaçının hüquqlarını pozması, bir icarəçi olaraq vəzifələrinin icrasına maneə törətməsi qanunsuzdur. Dəfələrlə iddiaçı tərəfindən cavabdehə təklif edilmişdir ki, bu qanunsuz hərəkətlərindən əl çəksin. Lakin cavabdeh öz qanunsuz hərəkətlərindən əl çəkmir, əksinə onları daha da aktiv bir surətdə davam etdirir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 15 iyul 2021-ci il tarixli, 621 saylı Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəsisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, müqavilə icarəyəverən ƏMDX ilə icarəçi İddiaçı MMC arasında bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri Qaradağ rayonu ünvan 4 ünvandakı qeyri-yaşayış binasının yerləşdiyi 7057,5 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. Müqavilə üzrə icarə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 4 ünvandakı 0,6687 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 1047 nömrəli reyestr kitabının 103951 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli A seriyalı 643776 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, dövlət mülkiyyətində olub, İddiaçı MMC-yə icarəyə verilmiş yuxarıda qeyd olunan (0,6687 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli A seriyalı 607485 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan (Bakı şəhəri Qaradağ rayonu ünvan 4 ünvandakı 0,4146 ha) torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Əsas: xx.xx.2016-cı il tarixli ******* saylı çıxarış. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 4 ünvandakı 0,4146 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 02 may 2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bakı-Salyan şossesi 15-ci km. 1 ünvanda yerləşən əmlak kompleksi xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 14 saylı reyestr kitabının 1306 saylı vərəqində qeydiyyata alınmışdır. Əmlakın ümumi sahəsi 2418,1 m2 təşkil edir. Əmlakın yerləşdiyi 0,2713 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, Cavabdeh istifadəsindədir. İş materiallarına əlavə olunmuş əmlak kompleksi kimi müəssisəsinin texniki pasportundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bakı-Salyan şossesi 15-ci km. 1 ünvanda yerləşən əmlak kompleksinə dair Cavabdeh adına xx.xx.2013-cü il tarixə olan vəziyyətə əsasən 11/1059 inventar nömrəli texniki pasport tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinin 19 aprel 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı MMC-nin icarəsində olan torpaq sahələrinin sorğuda qeyd olunan digər ünvanların sərhədləri ilə üst-üstə düşüb-düşməməsi barədə ********** nömrəli xx.xx.2022ci il tarixli ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, müraciətdə göstərilən Cavabdeh məxsus ********** və ********** qeydiyyat nömrəli daşınmaz əmlak obyektlərinin sənəd üzrə torpaq sahələri ilə İddiaçı MMC-nin adına **********, ********** və ********** ərizə nömrələri ilə qeydiyyata alınmış daşınmaz əmlak obyektlərinin sənəd üzrə torpaq sahələri üst-üstə düşmür. Bundan əlavə olaraq İddiaçı MMC-nin sənəd üzrə əraziləri ilə Cavabdeh aid hissələr arasında mişar daşı ilə hasar mövcuddur. Göründüyü kimi, Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi 16-cı kilometr ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsi İddiaçı MMC-nin icarəsindədir və cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh iddiaçının icarəsində olan torpaq sahəsindən cavabdeh hər hansı hüququ olmadan istifadə edir və bununla da, iddiaçının qanunla qorunan hüququ pozulur. Bu səbəbdən, cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddiaçının və cavabdehin istifadələrində olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilməsinə dair vəsatəti ilə bağlı qeyd edir ki, həmin vəsatət əsaslı olmadığından təyin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinin 19 aprel 2022-ci il tarixli məktubundan görünür ki, həmin torpaq sahələrin nəinki üst-üstə düşmür, hətta torpaq sahələri arasında mişar-daşından hasar mövcuddur. Yuxarıda qeyd olunan ekspertizanın təyin edilməsi üçün heç bir əsas mövcud olmamaqla yanaşı, prosesin mümkün qədər uzadılmasına yönəlmişdir. Məhkəmə vurğulayır ki, iddiaçı xx.xx.2023-cü il tarixədək icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmir. İddiaçı hazırkı mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə 29 sentyabr 2021-ci il tarixdə müraciət etmişdir. İddia ərizəsi ilə yanaşı məhkəməyə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Həmin ərizə məhkəmənin 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilmiş, həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş, məhkəmənin 14 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 11408/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-3154/2021 saylı qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə bir daha qeyd edir ki, torpaq sahəsi xx.xx.2023-cü il tarixədək iddiaçıya icarəyə verilmişdir və prosesin süni şəkildə uzadılması iddiaçının müqavilə müddəti bitənədək davamlı şəkildə hüququnun pozulmasına gətirib çıxarır. Ekspertiza təyin edilməsinə dair vəsatət cavablandırılması zəruri olmayan sual barədə verilmişdir və prosesin uzadılmasına yönəldilmişdir. Reyestr məlumatları barədə müfəssəl məlumatı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinin 19 aprel 2022-ci il tarixli məktubunda torpaq sahələrinin üst-üstə düşməməsi təsbit olunur, həmin məsələ ilə bağlı suala ekspert tərəfindən rəy verilməsinə heç bir obyektiv zərurət yoxdur. Bu səbəbdən, cavabdeh tərəfin vəsatəti məhkəmənin əsaslandırılmış qərardadı ilə təmin edilməmişdir. Ödəniş qəbzindən göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı MMC-nin icarəsində olan Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi 16-cı kilometr ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsindən çıxarılmalıdır. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə İddiaçı MMC-nin icarəsində olan Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi 16-cı kilometr ünvanda yerləşən 7057,5 m2 torpaq sahəsindən çıxarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar