Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1483/2021 22.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fiziki şəxs Cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi, «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nin elektron informasiya sistemində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, fiziki şəxs Cavabdeh ilə onun arasında bağlanmış 05 fevral 2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sistemində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, fiziki şəxs Cavabdeh tərəfindən 2015-ci ilin fevral ayında, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq «Elektron hökumət» portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə etməklə, onunla əmək müqaviləsi bağlamışdır. 2017-ci ilin may ayında yazılı ərizə ilə işəgötürənə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası). Cavabdeh onun ərizəsinə baxmayaraq, işdən azad olunması barədə əmr verməmiş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata salmamışdır və məlum olmayan istiqamətdə şəhəri tərk etmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmişdir. Lakin heç bir müsbət nəticə ala bilməmişdir. Hal-hazırda adına aktiv əmək müqaviləsinin olması səbəbindən, yeni əmək müqaviləsi bağlaya bilmir. Hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilmiş əmək hüquqları pozulur (maddə 35, əmək hüququ, İİ və İV bəndləri). İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, işəgötürən, fiziki şəxs Cavabdeh ilə İddiaçı arasında 05.02.2015-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. İddiaçı 2021-ci ilin iyun ayının 7-də işəgötürən, fiziki şəxs Cavabdeh ərizə ilə müraciət edərək, 5 iş günü müddətində əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin, əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində xitam verilməmişdir (işəgötürən tərəfindən bu barədə məlumat elektron informasiya sisteminə daxil edilməmişdir). Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən fiziki şəxs Cavabdeh məktub ünvanlanmasına baxmayaraq, bu günə qədər cavab verilməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli, 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli, 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Məhkəmə yuxarıda sadalananları nəzərdən keçirərək, qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi üzrə münasibətlərə xitam verilməsi barədə iddiaçı tərəfindən cavabdehə müraiət olunmuş, iddiaçı öz xahişi ilə işdən azad edilmək istədiyini bildirmiş, lakin tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat elektron informasiya sisteminə daxil edilməmişdir. Göründüyü kimi, iddiaçının iddiası əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, işəgötürən, fiziki şəxs Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış 05.02.2015-ci il tarixli əmək müqaviləsinə iddiaçının öz xahişinə əsasən 11 iyun 2021-ci il tarixdə xitam verilməsi barədə məlumat elektron informasiya sisteminə daxil edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İşəgötürən, fiziki şəxs Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış 05.02.2015-ci il tarixli əmək müqaviləsinə iddiaçının öz xahişinə əsasən 11 iyun 2021-ci il tarixdə xitam verilməsi barədə məlumat elektron informasiya sisteminə daxil edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1483/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1483/2021
22.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver