Məhkəmə qərarları › İş №2(002)-1492/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1492/2024

27.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1492/2024 27.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında (hakim: Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə) iddiaçı ərizə ilə müraciət edərək, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsini, Cavabdeh ASC-nin əvəzinə Qaradağ rayon Sukanal İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1319/2024 saylı qərardadı ilə İddiaçı “cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizəsi təmin edilmiş, Cavabdeh ASC əsl cavabdeh Qaradağ rayon Sukanal İdarəsi ilə əvəz edilərək, İddiaçı cavabdeh Qaradağ rayon Sukanal İdarəsinə qarşı “işə bərpa” tələbinə dair 2(004)- 1319/2024 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələblərinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 49.1-nin maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarından görünür ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir.Vurğulanmalıdır ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır.Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Lakin əmək qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxsin təsdiq etdiyi əsasnamə, habelə verdiyi etibarnamə əsasında hüquqi şəxsin struktur bölmələrinin əmək hüquq münasibətlərinin tərəfi qismində çıxış etmək imkanının olduğu nəzərə alınaraq və belə hallarda əmək hüquq münasibətlərinin faktiki tərəfləri arasında yaranmış mübahisənin daha səmərəli həlli baxımından hüquqi şəxsin struktur bölməsinin təmsilçilik (hüquqi şəxsin təsdiqlədiyi əsasnamə, verdiyi etibarnamə) əsasında məhkəmədə hüquqi şəxsin adından çıxış etməsi məqsədəmüvafiq olardı.Müraciətdə qaldırılan digər məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “təşkilat” ifadəsi xüsusi bir hüquqi termin olmamaqla müəyyən sistem daxilində fəaliyyət göstərən, təşkilatlanmış qurumu ifadə edir.Mülki Prosessual Məcəllənin 50.4-cü maddəsinə əsasən, qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.Göstərilən norma Mülki Prosessual Məcəllənin 50-ci maddəsinin digər normaları ilə sistemli əlaqədə olaraq, hər hansı hüquqi şəxs olmayan təşkilat barəsində yalnız qanunvericilikdə xüsusi göstəriş olduğu təqdirdə onun mülki prosesdə tərəf qismində çıxış etməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 2(004)-1319/2024 saylı mülki iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmişdir. Belə ki, iddia ərizəsində cavabdeh qismində qeyd olunmuş Cavabdeh ASC-nin ünvanı AZEMİS Elektron Məhkəmə Sistemində edilmiş sorğulardan görünür ki, Yasamal rayonu, Moskva prospektidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki iş mübahisəli aidiyyat məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44,45, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki iş mübahisəli aidiyyat məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar