Məhkəmə qərarları › İş №2(002)-1526/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1526/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1526/2021 20.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh5, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qələmdaroviç və Cavabdeh4 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı «əsas borc, ödənilməmiş faizlər və dəbbə pulunun alınması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı «əsas borc, ödənilməmiş faizlər və dəbbə pulunun alınması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 49.106 ABŞ dolları 20 sent əsas borc, 6.925 ABŞ dolları 67 sent faiz olmaqla, cəmi 56.031 ABŞ dolları 87 sent kredit borcu, ipoteka predmetinin sığorta olunması üçün ödənilmiş 283 manat 90 qəpik sığorta haqqı, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması; Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Natiq Mustafayev küçəsi 2 nömrəli binada yerləşən 67,45 m2 ümumi, 46,05 m2 yaşayış və 21,4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 85 nömrəli mənzilin ilkin satış qiyməti 65.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması; Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Natiq Mustafayev küçəsi 2 nömrəli binada yerləşən 67,45 m2 ümumi, 46,05 m2 yaşayış və 21,4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 85 nömrəli mənzildən hərrac keçirildikdən bir ay sonra istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" BOKT MMC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 49.106 ABŞ dolları 20 sent əsas borc, 6.925 ABŞ dolları 67 sent faiz olmaqla, cəmi 56.031 ABŞ dolları 87 sent kredit borcu, ipoteka predmetinin sığorta olunması üçün ödənilmiş 283 ABŞ dolları 90 sent sığorta haqqı, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması; tutmanın ipoteka predmetinə yönəldilməsi; ipoteka predmeti olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Natiq Mustafayev küçəsi 2 nömrəli binada yerləşən 67,45 m2 ümumi, 46,05 m2 yaşayış və 21,4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 85 nömrəli mənzilin ilkin satış qiyməti 65.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması; satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi; hərrac keçirildikdən və mənzil satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi; mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında 26 sentyabr 2013-cü il tarixdə AZBA-003844 saylı kredit müqaviləsi və bu müqavilənin tərkib hissəsi olan 06.08.2015-ci il tarixli BAKU2-2596- 12557 saylı Razılaşma bağlanmış və illik 16 faizlə, 84 ay müddətinə 50.891 ABŞ dolları kredit verilmiş və 84 ay ərzində aylıq 1.014 ABŞ dolları olmaqla ödənilməsi müəyyən edilmişdir. Bu müqavilədən irəli gələn kredit öhdəliklərinin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 məxsus olan, daşınmaz əmlakın dövlət reyestrində 1539 nömrəli reyestr kitabının 140616 nömrəli vərəqində qeydiyyata alınan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Natiq Mustafayev küçəsi 2 nömrəli binada yerləşən 67,45 m2 ümumi, 46,05 m2 yaşayış və 21,4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 85 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 27 sentyabr 2013-cü il tarixli AZBA-003844 saylı ipoteka müqaviləsi bağlanmışdır. Eyni zamanda, 05 avqust 2015-ci il tarixdə Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 ilə saylı zaminlik müqaviləsi imzalanmışdır. 07 iyun 2016-cı il tarixdə imzalanmış kredit müqaviləsinə edilmiş əlavə Sazişə əsasən verilmiş kreditin ödənilməmiş 49.707 ABŞ dolları 20 sent təşkil edən hissəsinin qaytarılması müddəti illik 14 % faizə endirilmişdir. Kredit alan bu Razılaşma ilə verilən kredit üzrə əsas borc və/və ya faizi ödəniş cədvəlində göstərilən konkret ödəniş tarixində ödəməməklə 30 təqvim günü ərzində gecikdirdikdə, qalıq əsas borc məbləği üzrə illik faiz dərəcəsi Kredit verənin birtərəfli qərarına əsasən 16 % faiz dərəcəsinə qaldırılacaqdır. Cavabdeh1 tərəfindən kredit üzrə qeyd olunan ödəniş qrafiki ilə kreditin və faizlərinin qaytarılması günləri dəfələrlə pozulmuşdur. Cavabdeh1 20 aprel 2021-ci il tarixədək ödənilməsi nəzərdə tutulan 49.106,20 ABŞ dolları əsas borc və 6.925,67 ABŞ dolları faiz olmaqla, cəmi 56.031,87 ABŞ dolları məbləğində kredit borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 8.1.1-ci bəndinə əsasən kredit alan ona verilmiş kredit üzrə əsas məbləğ və ya faizi ödəniş qrafikində göstərilən tarixdən on gün müddətində ödəmədikdə, yəni Mülki Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halında kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə və verilmiş krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər. Eyni zamanda, müqavilənin 9.4-cü bəndinə əsasən kredit alan ona verilmiş kredit hissəsini razılaşmada əks olunmuş ödəniş qrafikində göstərilən tarixdə ödəmədikdə kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1 %-i miqdarında dəbbə tətbiq edə bilər. Cavabdeh verilmiş kredit üzrə 49.106,20 ABŞ dolları əsas borc və 6.925,67 ABŞ dolları faiz olmaqla, cəmi 56.031,87 ABŞ dolları məbləğində kredit borcunu ödəməlidir. İpoteka predmeti olan ev kreditin qaytarılması üçün ipoteka qoyulmuş və rəsmi qeydiyyatda olan ailə üzvləri ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Digər tərəfdən, daşınmaz əmlak bazarında mövcud olan tələb-təklif nisbətinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 65.000 manat müəyyən edilməlidir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh5 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qələmdaroviç və Cavabdeh4 nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilmədini xahiş etdilər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 26.09.2013-cü il tarixli AZBA-003844 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC Cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 30 % dərəcəsindən artıq olmamaq, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 98.400 ABŞ dolları məbləğində kredit vermişdir. 05 avqust 2015-ci il tarixli sazişə əsasən 26.09.2013-cü il tarixli müqaviləyə dəyişiklik olunmuşdur (illik faiz dərəcəsi 30 faizdən artıq olmamaqla, 120 aydan artıq olmayan müddətə, 113.400 ABŞ dolları məbləğində kredit verilir). 06 avqust 2015-ci il tarixli razılaşmaya əsasən kredit alana illik 16 % dərəcəsi ilə 84 ay müddətinə 50.891 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit həmin MMCdə olan BAKU2-2596-10988 saylı və BAKU2-2596-8544 saylı kreditlərin tam bağlanması üçün verilmişdir. 07 iyun 2016-cı il tarixli sazişdən görünür ki, yuxarıdakı kredit müqaviləsinin bəzi bəndlərinə dəyişikliklər və əlavələr edilmişdir. Təqdim olunmuş maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh1 yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə 20 aprel 2021-ci il tarixədək 49.106,20 ABŞ dolları əsas borc və 6.925,67 ABŞ dolları faiz olmaqla, cəmi 56.031,87 ABŞ dolları məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 "xxxx" BOKT MMC-dən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair BOKT qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 05.08.2015-ci il tarixli zaminlik müqaviləsindən və həmin müqaviləyə əlavələrdən görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" BOKT MMC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 27.09.2013-cü il tarixli AZBA-003844 saylı ipoteka müqaviləsindən və müqavilə ilə bağlı əlavə sazişdən görünür ki, Cavabdeh2 digər Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Natiq Mustafayev küçəsi 2 nömrəli binada yerləşən 67,45 m2 ümumi, 46,05 m2 yaşayış və 21,4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 85 nömrəli mənzilini banka ipotekaya qoymuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30.09.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin 10.11.2021-ci il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ipoteka predmeti olan mənzilin 10 noyabr 2021-ci il tarixə likvid dəyəri 60.000 (altmış min) manat təşkil edir. Lakin "xxxx" MMC tərəfindən hesab-faktura təqdim edilmədiyinə görə qiymətləndirmə xərcini müəyyən etmək mümkün olmamışdır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, "xxxx" BOKT MMC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan "xxxx" BOKT MMC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 49.106 ABŞ dolları 20 sent əsas borc, 6.925 ABŞ dolları 67 sent faiz olmaqla, cəmi 56.031 ABŞ dolları 87 sent kredit borcu, ipoteka predmetinin sığorta olunması üçün ödənilmiş 283 ABŞ dolları 90 sent sığorta haqqı ödəniş anına Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalı; tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan, ipoteka predmeti - Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Natiq Mustafayev küçəsi 2 nömrəli binada yerləşən 67,45 m2 ümumi, 46,05 m2 yaşayış və 21,4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 85 nömrəli mənzilinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 60.000 manat müəyyən edilməli, ipoteka predmeti açıq hərracda satılmalı; əldə olunan vəsait hesabına "xxxx" BOKT MMCyə olan borc ödənilməli; borc ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh2 qaytarılmalı; ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalı; mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra mənzil boşaldılmalı və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, ipoteka predmeti olan mənzilin likvid dəyəri 60.000 manat təşkil edir və ilkin satış qiyməti bundan artıq həddə təyin edilə bilməz. Cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi hissəsində də iddia təmin edilə bilməz. Çünki, bank hazırda ipoteka saxlayan olmaqla, mülkiyyətçi deyildir və bu qəbildən olan iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Həmin mənzil satılarsa, mənzili əldə edəcək yeni mülkiyyətçi məhkəməyə iddia ərizəsi verməklə, mübahisəyə ayrıca icraat qaydasında baxıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 49.106 ABŞ dolları 20 sent əsas borc, 6.925 ABŞ dolları 67 sent faiz olmaqla, cəmi 56.031 ABŞ dolları 87 sent kredit borcu, ipoteka predmetinin sığorta olunması üçün ödənilmiş 283 ABŞ dolları 90 sent sığorta haqqı ödəniş anına Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan, ipoteka predmeti - Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Natiq Mustafayev küçəsi 2 nömrəli binada yerləşən 67,45 m2 ümumi, 46,05 m2 yaşayış və 21,4 m2 yardımçı sahədən ibarət 3 otaqlı 85 nömrəli mənzilinə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 60.000 manat müəyyən edilsin. İpoteka predmeti açıq hərracda satılsın. Əldə olunan vəsait hesabına "xxxx" BOKT MMC-yə olan borc ödənilsin. Borc ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra mənzil boşaldılsın və cavabdehlər həmin mənzildən çıxarılsınlar. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar