Məhkəmə qərarları › İş №2(002)-154/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-154/2025

28.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-154/2025 28.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə və iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə dair iddiaları üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə Cavabdeh İslan qızı arasında 14 iyun 2016-cı il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində bağlanılmış 146 saylı nikah etibarsız sayılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, ataları X7 1936-cı ildə anadan olmuşdur. O, anaları X8 ilə rəsmi nikahda olmuşdur. X8 1997-ci ildə vəfat etdikddən sonra 1999-cu ilin sentyabr-oktyabr aylarında bütün bacı və qardaşlarının məsləhəti və razılığı ilə ataları X1 Cəbrayıl rayonu Karkulu kəndində qeydiyyatda olan məcburi köçkün Cavabdeh ilə evləndirdilər. Onlar dini kəbinlə faktiki nikah münasibətində 14 iyun 2016-cı il tarixə kimi ünvan 1 ünvanda yerləşən evdə doğulmuş və yaşamışlar. 1981-ci ilə kimi həyətdə mübahisə edilən ev olmamış, kiçik yaşayış evi olmuşdur. Lakin ailənin ilk övladı olaraq hərbi xidmətdən qayıtdıqdan sonra hazırkı evi 1981-ci ildə məhrum anaları birlikdə inşa etmişdilər. Onlar da daxil olmaqla həmin ərazidə tikilmiş digər evlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və buna heç kimin marağı olmamışdır. Onlar zamanında hüquqmüəyyənedici sənəd almamışıdılar Ataları 2014-ci ildə mədə xərçəngi xəstəliyinə tutldu. O xəstələnənə kimi və ondan sonra da onun maddi təminatını, müalicə xərclərini ödəmişdilər və valideyn olaraq maddi və mənəvi xidmət göstərmişdilər. Cavabdehə qarşı mənfi münasibəti olmamışdır. Lakin o, atalarının ağır və ümidsiz xəstə olduğunu bildiyindən onların məlumatı olmadan məqsədli şəkildə xx.xx.2016-cı ildə Qaradağ rayon qeydiyyat şöbəsində Cavabdeh yaxın qohumlarının təhriki ilə nikah qeyd etdirmişdir. Nikah qeyd olunan zaman atalarının 80 yaşı olmuşdur. Qanunvericilikdə atalarıının yaşı nikah bağlanmasına mane olmasa da onun ağır ümidsiz xəstə vəziyyətində olduğu vaxtda onlardan xəbərsiz faktiki nikahın dövlət qeydiyyatla nikahla rəsmiləşdirilməsi tam şəkildə şübhə doğurur. Burada faktiki ailə münasibətlərinin davam etdirilib ailə qurmaq (əsasında) niyyətindən söhbət gedə bilməz. Xəstə, yaşlı və savadız kişinin qeydiyyat şöbəsinə özünün könüllü getməsi və orada nikah ərizəsinə və nikah akt qeydi kitabında imza etməsi ağlabatan və inandırıcı deyildir. Bütün bunlar Aybənizin havadarları tərəfindən düşünülmüş şəkildə təşkil edilmişdir. Belə ki, 15 il davam edən faktiki ailə münasibətlərinin məhz atasının xəstəliyə düçar olduğu vaxtdan sonra, yəni xx.xx.2016-c ildə dövlət orqanında qeyd etdirilməsi atasının könüllü nikah bağlamaq iradəsini ifadə edə bilməz. Çünki nikah bağlandıqdan 1 il 3 ay sonra ataları xx.xx.2017-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcədə tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah(saxta nikah) etibarsız sayılır. Belə ki, Aybənizlə dini kəbində olmuş və 15 il faktiki ailə münasibətində yaşamışdır. Lakin dini kəbin tərəflər arasında hüquq və vəzifələr yaratmır. Tərəflər 2016-cı ilin iyun ayının 14-də dövlət qeydiyyatı nikaha girdiklərindən onların ailə qanunvericiliyində ifadə olunmuş ailə qurmaq niyyəti də həmin tarixdən başlayır. Cavabdeh və havadarları həmin tarixdən artıq bilirdilər ki, nikaha girdiyi şəxs ağır, sağalmaz, bədən ağrıları yalnız dərman vasitəsilə kəsilən xərçəng xəstəsidir. Belə bir fiziki durumda olan şəxsin qeydiyyat şöbəsinə könüllü getməsi və nikah üçün imzalar etməsi inandırıcı deyildir. Yəni ataları qeydiyyat şöbəsinə məcburi şəkildə aparılmış və başa düşmədiyi halda sənədlərə imza etməyə vadar edilmişdir. Hadisələrin sonrakı gedişi də sübut edir ki, bu nikah məqsədli niyyətə, yəni gələcək də mülkiyyət və vərəsəlik hüquları əldə edilməsinə yönəlmişdir.Hesab edirlər ki, nikah ərizəsinə və nikah aktına cavabdeh tərəfindən edilən imzalar da onun könüllü iradəsini ifadə edə bilməz. O da buna havadarları tərəfindən məcbur edilmişdir.Qanunun mənasına görə ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsızdır. Hesab edirlər ki, bu baxımdan ailə anlayışı, faktiki ailə münasibətini özündə ehtiva etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.Həmin Məcəllənin 1.5-ci maddəsində göstərilir ki, dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.Qanunun mənasına görə X6 ilə Cavabdeh qanuni ailə münasibətləri 1999-cu ildən deyil, xx.xx.2016-cı il tarixdən nəzərə alınmalıdır. Həmin ailə münasibətləri də artıq ailə qurmağa deyil, mülkiyyət və vərəsəlik hüquqları əldə edilməsinə yönəlmişdir. Cavabdeh tərəfindən iddiaçıların ona qarşı olan nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməlidir.Belə ki, iddiaçılar Fətullayev Nurullanın məcburi olaraq nikah aktına qol çəkdirilməsini qeyd etmiş və 15 il bir yerdə yaşadığını qeyd etmişdir. 15 il faktiki ailə münasibətində yaşadığı keçmiş həyat yoldaşının nikah aktına qol çəkərkən, heç bir könülsüz iradəsi olmamışdır və əksinə nikah bağlanması üçün o onu təhrik etmişdir. 15 il bir yerdə yaşayan iki insanın nikah aktını hansı vaxtda bağlamasının şübhə olmasına əsas hesab edilə bilməz. İddiaçılar sadəcə absurt və qanunsuz bir iddia arizəsi ilə onun əmlak üzərindəki hüquqlarını yerinə yetirməyinə maneələr yaratmaq istəyir. Qeyd olunan hallarla bağlı iddiaçılar heç bir maddi sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə maddi sübutlara qiymət verərək məhkəmə aktı qəbul etməlidir.Bundan əlavə olaraq, nikahın etibarsız hesab edilməsi üçün iddiaçıların heç bir subyektiv hüququ yoxdur. Bu hal məhkəmə tərəfindən nəzərə alınmalıdır. Hazırki mübahisə yalnız formal və digər iddia icraatını uzatmaq məqsədi daşıyır. Hazırda imkanı olmadığından həyat yoldaşının ona bağışladığı əmlakı satmaq niyyətindədir və iddia ərizəsi ilə əmlakda qeydiyyatda olan şəxslərin çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bunun üçün isə iddiacıların niyyəti həmin icraatın vaxtını uzatmaqdır və buna qanunla yol verilə bilməz. İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus 1 ədəd əldə toxunma xalça 3x2 m - 4000 manat, 1 ədəd əldə toxunma xalça 2x3-1600 manat, 2 ədəd xalça 5x4 və 4x3-1700 manat, 2 ədəd əldə toxunma sumax 4x3-1000 manat, 1 ədəd böyük qazan aliminum-50 manat, 5 ədəd aliminum qazanlar müxtəlif ölçüdə-110 manat, 1 ədəd böyük aşsüzən-80 manat, İstifadə etdiyi qab-qacaqlar-180 manat, 2 ədəd yorğan döşək dəsti-250 manat, 1 ədəd sadə xalça 4x3-180 manat, su qızdırıcı (pitiminutka)-80 manat, soyuducu-150 manat, 1 ədəd 16 kalibirli ov tüfəngi-600 manat dəyəində əşyanın özünün və ya dəyəri olan ümumilikdə 9980 manat pulun və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunması xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələrini onunla əsaslandırmışlar ki, ataları X10 1936-cı ildə anadan olmuşdur. O, anası X8 ilə rəsmi nikahda olmuşdur. Anası 1997-ci ildə vəfat etdikddən sonra 1999-cu ilin sentyabr-oktyabr aylarında bütün bacı va qardaşlarımın məsləhəti və razılığı ilə ataları X1 Cəbrayıl rayonu Karkulu kəndində qeydiyyatda olan məcburi köçkun Cavabdeh ilə evləndirdilər. Onlar dini kəbinlə faktiki nikah münasibətində 14 iyun 2016-cı il tarixə kimi ünvan 2 ünvanda yerləşən evdə doğulmuş və yaşamışlar. 1981-ci ilə kimi həyətdə mübahisə edilən ev olmamış, kiçik yaşayış evi olmuşdur. Lakin ailənin ilk övladı olaraq hərbi xidmətdən qayıtdıqdan sonra hazırkı evi 1981-ci ildə məhrum anaları ilə birlikdə inşa etmişdilər. Atası 2014-ci ildə mədə xərçəngi xəstəliyinə tutldu. O xəstələnənə kimi və ondan sonra da onun maddi təminatını, müalicə xərclərini ödəmişdilər və valideyn olaraq maddi və mənəvi xidmət göstərmişdilər. Cavabdehə qarşı mənfi munasibətləri olmamışdır. Lakin o, atalarının ağır və ümidsiz xəstə olduğunu bildiyindən onların məlumatı olmadan məqsədli şəkildə xx.xx.2016-cı ildə Qaradağ rayon qeydiyyat X5 yaxın qohumlarının təhriki ilə nikah qeyd etdirmişdir. Atalarının vəfatından sonra cavabdeh onlara məxsus olan aşağıdakı əşyaları mənimsəməklə götürmüşdür. 1 ədəd əldə toxunma xalça 3x2 m - 4000 manat, 1 ədəd əldə toxunma xalça 2x3-1600 manat, 2 ədəd xalça 5x4 və 4x3-1700 manat, 2 ədəd əldə toxunma sumax 4x3-1000 manat, 1 ədəd böyük qazan aliminum-50 manat, 5 ədəd aliminum qazanlar müxtəlif ölçüdə-110 manat, 1 ədəd böyük aşsüzən-80 manat, İstifadə etdiyi qab-qacaqlar-180 manat, 2 ədəd yorğan döşək dəsti-250 manat, 1 ədəd sadə xalça 4x3-180 manat, su qızdırıcı (pitiminutka)-80 manat, soyuducu-150 manat, 1 ədəd 16 kalibirli ov tüfəngi-600 manat dəyəində əşyanın özünün və ya dəyəri olan ümumilikdə 9980 manat pul.Həmin əşyalar analarının sağlığında alınmış və analarına məxsus olmuşdur. Analarının vəfatından sonra da evdə olmuş, atalarının vəfatından sonra cavabdeh götürmüşdür. Həmin əşyalar onlara məxsus olduğundan geri tələb edir. Cavabdeh tərəfindən iddiaçıların ona qarşı olan əmlak tələbinə dair iddia ərizəsinə xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o-Cavabdeh qarşı əmlakın cavabdehdən alınaraq onlara verilməsini xahiş etmişlər. Qeyd edir ki, iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiacıların iddia ərizəsində göstərdiyi bütün əmlaklar özlərinin də etiraf etdiyi kimi onun nikahda olarkən, mərhum həyat yoldaşı Fətullayev Nurulla tərəfindən alınmış və onun yaşadığı evdə istifadə olunmuşdur. Bu qeyd olunan əmlaklarla bağlı iddiaçılar heç bir sübut təqdim etməmiş və həmin əmlakların onlara məxsus olmasına dair heç bir sübut yoxdur. Ümumiyyətlə iddiaçının əşyaların varlığına dair heç bir sübutu yoxdur. Əmlak onun nikahda olduğu vaxtda evi üçün alınmışsa burada hansı əmlak tələbindən söhbət gedə bilər?. Bundan əlavə olaraq, ona keçmiş həyat yoldaşından vərəsəliklə qalan evi öz adına rəsmiləşdirməyi üçün ilk öncə ev ünvanında qeydiyyatda olan şəxslərin çıxarılması tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Mənhkəməsinə müraciət etmişdirş. Hazırda iddiaçıların absurt və qanunsuz iddialarına görə məhkəmə icraatı dayandırılmışdır. Hazırki iddia da həmçinin gələcəkdə evin dövlət qeydiyyatına alınması üçün tələblərinin dayandırılmasına əsassız olan zəminlərdən biridir və formal xarakter daşıyır. Belə tip iddia növləri yalnız vətəndaşların hüquqlarının vaxtında yerinə yetirilməsinin qarşısının alınması üçün tərtib olunur. Belə olan halda hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Hazırda iddiaçıların subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 mən, Cavabdeh qarşı əmlakın cavabdehdən alınaraq iddiaçılara verilməsi tələəbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-292/2025 saylı xx.xx.2025-ci il tarixli qərdadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə dair 2(002)- 292/2025 saylı mülki iş iddiaçılar İddiaçı1, İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair 2(002)-154/2025 saylı mülki işlə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2234/25 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən bir icraatda birləşdirilərək, mülki işə 2(002)-154/2025 nömrəsi verilmişdir. İddiaçılar İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Ataları ilə cavabdeh 1999-cu ildən faktiki nikaha, 2016-cı ildən rəsmi nikaha daxil olmuşlar. 2017-ci ildə ataları vəfat etdi. Atalarının ölümündən 3 ay sonra cavabdeh evə çıxarış aldı. Atası evi cavabdehə bağışlayb, cavabdeh də gedib çıxarış alıb. Ataları ilə cavabdehin nikahı etibarsızdır. Ataları nikaha girəndə anlaqsız olub, həm xəstə idi, həm də ağlı yerində deyildi.Atasının Nurulladır, nikaha 81 yaşında girib. Həmin vaxtları atası ağır xəstə idi, həftəyə 300 manat dərman alırdı. İddiaçıların hamsı atalarının evində qeydiyyatdadırlar.O həmçinin bildirdi ki, 1 ədəd əldə toxunma xalça (3x2 m- 4000 manatlıq) babası anasına verib, su qızdırıcı (pitiminutka) və soyuducunun o özü alıb atasına verib. 16 kalibirli ov tüfəngi atası Nurullanın olub. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Mahirə yoldaşıdır. Elnarə qızıdır. Nurlan oğludur. Zərnişan qardaşı qızıdır. Nişanə Gülmirənin qızıdır. Həmin evdə əvvələr o yaşayıb, 2003-cü ildən çıxıb başqa yerdə yaşamışdır. 2020-ci ildə isə həmin evə köçüb yaşamışdır.1 ədəd əldə toxunma xalça 2x3 (1600 manatlıq) və 2 ədəd əldə toxunma sumax 4x3-(1000 manatlıq) onun yoldaşı toxuyub, 2 ədəd xalça 5x4 və 4x3 (1700 manatlıq), 1 ədəd böyük qazan aliminum, 5 ədəd aliminum qazanlar müxtəlif ölçüdə, 1 ədəd böyük aşsüzən, istifadə etdiyi qab-qacaqlar, 2 ədəd yorğan döşək dəsti və 1 ədəd sadə xalça 4x3 (180 manatlıq) özü alıb. İddiaçı7 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. O bildirdi ki, gecə saat 11-də cavabdeh əşyaları yığıb getdi, qonşulara qarğış edir edə onlar məhkəməyə şahid qismində gələ bilmirlər. Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, iddiaları qəbul etmir. xx.xx.2000-ci ildən iddiaçıların ataları ilə ailə münasibətində idi. Amma ərinin uşaqları nikaha girməyinə icazə vermirdi. Oğlanları gedəndən sonra əri ilə nikaha girdilər. Kişiyə heçkim baxmırdı, onu özü saxlamışdır. Uşaqları olmadı.Həm övladları icazə vermirdi ki nikaha girsin, həm də o, məcburi köçkün idi deyə nikaha girə bilmirdi ki, çörək pulu kəsilər..Qaradağda nikaha girdilər, hətta nikah üçün Yasamalda qan analizi verdi. O, evdən 2020-ci ildən çıxarılıb, evdən gedərkən yalnız kişi ilə ailəli oldu müddət ərzində nə alımışdırsa onları aparıb. Heç bir xalça və ya iddiaçılar tərəfindən tələb olunan başqa əşyaların heç biri olmayıb və o da radan özünə məxsus əşyalardan başqa heç nə götürməyib. Digər birgə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı9 və İddiaçı10 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəb olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümhkün hesab edi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbləri təmin olunmamalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 130303 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında nikah xx.xx.2016-cı il tarixdə Qaradağ rayonun qeydiyyat şöbəsində 146 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mehralıyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 894587 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2017-ci i ltarixdə ölmüş və bu barədə xx.xx.2017-ci il tarixdə 437 saylı akt ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1998-ci il tarixdə ölmüş və bu barədə 22 saylı akt ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X6 tərəfindən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0242 ha olan torpaq sahəsina dair mülkiyyət hüquqlarını(tam hissədə) Cavabdeh bağışlamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinnin RX seriyalı, ******* saylı çıxarışından görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0242 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə xx.xx.2017-ci i ltarixdə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/2033 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 46-cı vərəqində olan Nikah haqqında akt qeydinin kserosurətində "Fətullayev" adının qarşısındakı İmza və 40-150 nömrəli 8 saylı Notariat işində daşınmaz əmlakın bağışlanması müqaviləsində "X6" qrafasındakı imza eyni şəxs- X6 tərəfindən icra olunmuşdu. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/693 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X2 adına olan əmək kitabçasının 1-ci səhifəsində "Подпись владельца Трудовой книжки" qrafasından aşağıdakı imza;mülki işin 46-cı vərəqində olan xx.xx.2016-cı il tarixli Nikah haqqında akt qeydinin kserosurətində "Evlənənlərin soyadı və imzası (kişi)" qrafasında "FƏTULLAYEV" soyadı qarşısında əks olunmuş imza,109-cu vərəqin üz tərəfində olan X2 adından olan 18 iyun 2017-ci il tarixli ərizənin kserosurətində əks olunmuş əlyazmalar və sonunda "Фəтулев Нурула Нифтула оғлу" əlyazmaları qarşısında əks olunmuş imza;109-cu vərəqində arxa tərəfində "Аллаһым көјдə сəнсəн Ердə Атам атамда анамда басымда гардашымда бунду гоһум əғрəбəм сəнə фəдадыр Көјдə Сəннс.. јердеде Аллаһым Ајбəниздир..." sözləri ilə başlayıb, "... Кағыза јазырам имза Нурулла Н.О" sözləri ilə bitən məktubda əks olunmuş əlyazmalar və "..имза.." sözü qarşısındakı imza; 110-cu vərəqində olan "Мəн Фəтуллев Нурула.Но Н. Мəн она көрə бу сөзлəри јазыб сизə билдирəм ки, ...." sözləri ilə başlayıb, "... өз јаздығым сөзлəрун устунд, галырам имза Ф. Нурулла" sözləri ilə bitən məktubun kserosurətində əks olunmuş əlyazmalar və "Ф. Нурулла" əlyazması qarşısıda əks olunmuş imza;40-150 nömrəli notariat işində olan 06 may 2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin üz tərəfində "X6 yazıları qarşısındakı imza, arxa stərəfində "Hədiyyə verən qrafasındakı "Торпағы бағышладым" əlyazmaları, "X21 Oğlu" qrafasındakı imza və "Нурулла Фəтуллаев" əlyazmaları eyni şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.1997-ci i ltarixdə vəfat etmiş X3 vərəsələri-X11 və İddiaçı7 Əmanət Bankının 3548 nömrəli Əmanət kassasının 06434,05395,04423,03264, 0571676, 0575811, 057949, ******* və ******* saylı hesablardakı məbləğ-miras əmlakdan hər birinə 1/5 hissədə pay qalımışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X3 vərəsələri- İddiaçı1, İddiaçı2 və İddiaçı6 Əmanət Bankının 3548 nömrəli Əmanət kassasının 06434,05395,04423,03264, 0571676, 0575811, 057949, ******* və ******* saylı hesablardakı məbləğ-miras əmlakdan hər birinə 1/5 hissədə pay qalımışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X3 vərəsələri- X4, İddiaçı7, İddiaçı1, İddiaçı2 və İddiaçı6 miras əmlakdan- Bakı şəhəri, Lökbatan qəsəbəsi,6-cı massiv,8-ci küçə,ev 25- ünvanında yaşayış sahəsi 123 kv olmaqla ümumi sahəsi 345 kv olan, 4 otaqlı fərdi yaşayış evindən hər birinə 1/5 hissədə pay qalımışdır. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır. Onun özü Qaradağ rayon qeydiyyat şöbəsinin böyük mütəxəssisdir.Cavabdehgilin nikahı onların iştirakı ilə qeydə alınıb. Nikah akt qeydindəki imza onun imzasıdır. Nurullanın əqli yerində idi. İdarədə əqli yerində olmayanların nikahları qeydə alınmır. Tərəflərə ərizələri yazdırırlar, o zaman onlarla söhbət edilir, əgər əqli çatışmazlıq olarsa ərizələri geri qaytarırlar. Nikahın qeyd edilmə müddəti 1 aydan az ola bilər. Məhkəmə iclasında dindirilmiş şahid X26 ifadəsində bildiri ki, iddiaçı Gülmira arvadıdır. Əslində onun Tofiq və Elxandan xoşum gəlmir. 15-20 il cavabdeh onların atalarının əziyyətini çəkib. Kişinin ölümünə 2 gün qalmış arvadı dedi atası pisləşib, o, saç ustasını gətirdi kişinin başını qırxdı, təmizlik işləri apardı, üzün qırxdı. Həmin gün arvadı cavabdehlə dolanmadı deyə geri qayıtdı. Səhəri gün arvadı ona zəng etdi ki atası ölüb, o, da Salyandan geri qayıtdı. Tüfənglə bağlı onu qeyd edə bilər ki, xalası oğlu ovçudu deyə ona patronaj almışdı. Onu kişi götürdü. Kişi öləndən sonra da cavabdeh patronajı gətirib ona verdi. Kişinin 16 kalibri tüfəngi var idi. O tüfəng kişinin evində idi.Sonuncu dəfə kişinin ölümündən 2 gün əvvəl cavabdehgilə getdi, onda tüfəng şkafda idi. Kişi qoyun otarmağa gedirdi deyə tüfəngi götürürdü. 1 il yarım müddətdə kişi qoyun otarmağa getmədi. Kişi tüfəngi ya şkafa, ya da içəriyə qoyurdu. Saat təxmini 9-10-a işləmiş çəpərdən gördü ki, cavabdehgilin evindən qazelə əşyalar yığılır. Arvadına bunu demədi ki, gedəcək mübahisə düşəcək. Cavabdeh kişinin ölümündən 2-3 ay sonra o evdən çıxdı. Amma sonra yenə cavabdeh o evə gəlib gedirdi. Patronajı kişinin ölümündən sonra cavabdeh ona bağışladı. Kişi öləndən sonra cavabdeh ona dedi ki, tək qadındır, daha onlara tək gəlməsin. Cavabdehin evindən onlara heçnə gəlməyib, onun heçnəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid X14 öz ifadəsində bildir ki, cavabdehin bacısıdır. O, indi Qobustanda, oğlunun evində qalır, 5-6 ildir ki, oğlu, gəlini və bacısı elə yaşayır. Bacısı o evə gələndə özü ilə 2 dəst yorğan-döşək, xalça, 1-2 ədəd qab-qacaq və gül gətirdi. O yorğan-döşəkləri də onlar hazırlamışdılar. Bacısıgilə gedib düzəltmişdilər. Xalça İran xalçasıdır. Onu bacısına 100 manata almışdılar. Cavabdehin evinin pərdəsini də o, bacısına almışdı. Cavabdeh evindən çıxanda ona köməyə getmişdi. Soyuducu işləmirdi, qab-qacaq yığmaq üçün istifadə edilirdi. Peç və avtobus kreslosu götürdü. Bacısını o evdə qorxudurdular deyə o, gedib qonşularda yatırdı. Bacısına deyirdilər gecə ilə gəlib onu öldürəcəklər. Məhkəmə iclasında dindirilmiş şahid X12 öz ifadəsində bildir ki,cavabdehin Lökbatanda qonşusudur. Həmişə tez-tez bir birinin evinə gedib-gəlirlər. Cavabdehin evindən nəsə gətirdiyini görməmişdir, hazırda cavabdehdə köhnə bir xalça var ki, onun da qiyməti Sədərəkdə 50-60 manat olar. Kişi həmişə taxta kravatda yatırdı. Soyuducu isə köhnə, içinə taxtalar düzülmüş vəziyyətdə idi. Hazırki işlə əlaqədar məhkəmə qeyd edir ki, işin fakitiki hallarından görünür ki, Cavabdeh ilə X6 arasında nikah xx.xx.2016-cı il tarixdə Qaradağ rayonun qeydiyyat şöbəsində 146 saylı akt qeydi ilə bağlanmış və X6 isə xx.xx.2017-ci il tarixdə ölmüşdür. Rəsmi nikahdan əvvəl də faktiki nikahda olmaları işin mübahissəiz halıdır. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, Cavabdeh ilə X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixdə Qaradağ rayonun qeydiyyat şöbəsində 146 saylı etibarsız hesab edilməsini və onlara məxsus əmlakın geri qaytarılmasını tələb etmişdir. Məhkəmə iddia tələbinin nikahın etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, Konstitusiyanın “Nikah hüququ” adlanan 34-cü maddəsinə görə hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 1.3-cü maddəsində müəyyən edilmişdir ki, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır; 28.1-ci maddəsinə görə, ... etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır.Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. İşdən müəyyən edilir ki, mərhum Nurulla Fətullayevlə cavabdeh uzun müddət bir yerdə faktiki yaşamış, 2016-cı ildə nikahlarını rəsmiləşdirmişlər. Nikah rəsmiləşdirilən zaman Nurulla Fətullayevin aldadılması, fəaliyyət qabilyyətinin olmaması, onkoloji xəstəliyi səbəbindən əqli cəhətdən özünü idarə edə bilməməsi barədə sübutları iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda ekspertiza keçirilmiş və nikaha girərkən mərhum Nurulla Fətullayev tərəfindən imzalanması müəyyən olunmuşdur. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində bildirmişdir ki, Qaradağ rayon qeydiyyat şöbəsinin böyük mütəxəssisidir. Cavabdehgilin nikahı onların iştirakı ilə qeydə alınıb. Nikah akt qeydindəki imza onun imzasıdır. Nurullanın əqli yerində olub. Sadalanan halları nəzərə alan məhkəmə bildirir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı “nikahın etibarsız sayılması” iddia tələbinə dair hissədə iddia tələbi təmin oluna bilməz. Belə ki, mərhum X6 ilə cavabadeh arasında olan nikah hər iki tərəfin könüllü razılığı əsasında bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, digər iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir, ona görə ki, həmin iddiaçılar mərhum X2 gəlin və nəvələri olmaqla birinci dərəcəli vərəsələri deyildir. Hazırda mərhumun birinci dərəcəli vərəsələrinin olması gəlin və nəvələrinin qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarını aradan qaldırır. Bu səbəbdən onların iddia tələbi subyektiv hüquqları olmaması səbəbindən təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin əmlak hissəsi ilə bağlı qeyd edir ki, həmin iddianı İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı irəli sürərək 1 ədəd əldə toxunma xalça 3x2 m - 4000 manat, 1 ədəd əldə toxunma xalça 2x3-1600 manat, 2 ədəd xalça 5x4 və 4x3-1700 manat, 2 ədəd əldə toxunma sumax 4x3-1000 manat, 1 ədəd böyük qazan aliminum-50 manat, 5 ədəd aliminum qazanlar müxtəlif ölçüdə-110 manat, 1 ədəd böyük aşsüzən-80 manat, İstifadə etdiyi qab-qacaqlar-180 manat, 2 ədəd yorğan döşək dəsti-250 manat, 1 ədəd sadə xalça 4x3-180 manat, su qızdırıcı (pitiminutka)-80 manat, soyuducu-150 manat, 1 ədəd 16 kalibirli ov tüfəngi-600 manat dəyəində əşyanın özünün və ya dəyəri olan ümumilikdə 9980 manat pulu tələb etmişlər. Məhkəmə iclasında həmin əmlaklara münasibətdə tələblər aydınlaşdırılmış, İddiaçı1 bildirmişdir ki, 1 ədəd əldə toxunma xalça (3x2 m - 4000 manatlıq) babası anasına verib, su qızdırıcı (pitiminutka) və soyuducunun o özü alıb atasına verib. 16 kalibirli ov tüfəngi atası Nurullanın olub. Digər İddiaçı2 isə bildirmişdir ki, 1 ədəd əldə toxunma xalça 2x3 (1600 manatlıq) və 2 ədəd əldə toxunma sumax 4x3-(1000 manatlıq) onun yoldaşı toxuyub, 2 ədəd xalça 5x4 və 4x3 (1700 manatlıq), 1 ədəd böyük qazan aliminum, 5 ədəd aliminum qazanlar müxtəlif ölçüdə, 1 ədəd böyük aşsüzən, istifadə etdiyi qab-qacaqlar, 2 ədəd yorğan döşək dəsti və 1 ədəd sadə xalça 4x3 (180 manatlıq) özü alıb. Cavabdeh isə iddiaya etiraz etmiş, hər hansı bir tələbi etiraf etməmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məhkəmə yuxarıda qanunvericilk normalarını əsas götürərək, şahid ifadələrini, eləcə də İddiaçı2 əmlakların yerləşdiyi evdə 2020-ci ildən yaşamasını və bu müddət ərzində iddia irəli sürməməsini, bundan başqa bəzi əmlakların say və ölçüsü (qab-qacaq) qeyri-müəyyən olduğunu nəzərə alaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə hissədə isə qeyd edir ki, iddiaçılar iddia tələbində qeyd olunan əşyaların bəzilərinin ümumiyyətlə mövcud olmasını, mövcud olan və ya olmayanları hal-hazırda cavabdehin sahibliyində olmasına və yaxud ümumiyyətlə həmin əşyaların mövcudluğuna və onların öz ana və babalarından miras qalmış əmlak olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdilər. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşdüyü halda onlar iddia etdikləri faktları təsdiqləyən sübutları təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçıların cavabdehə qarşı əmlak tələbi əsasız olmaqla təmin edilməmlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipini rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh qarşı “nikahın etibarsız sayılması” və iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “əmlakın onlara geri qaytarılması” tələbləri təmin edilməməlidir. İddia tələbləri təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 və İddiaçı10 Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” və iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “əmlak ” tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar