Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1552/2021 14.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 39 saylı evin 19 saylı mənzilinə olan istifadə hüquqlarına itirilməsinə (xitam verilməsinə) dair qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ. Nəbiyev küçəsi, 39 saylı evin, 19 saylı mənzili Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən 22.06.2002-ci il tarixdə onun adına tam mülkiyyət kimi qeydiyyata alınmışdır.Cavabdehlər onun bacısı və bacısının qızlarıdır. Onun bacısı ailə qurduqdan sonra öz həyat yoldaşı ilə xaricə köçmüşdür və hazırda orada yaşayırlar. Bacısı 2000-ci il tarixdən ona məxsus evdə yaşamır. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda alması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onu mənzil üzərində sahiblik ,sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur,həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ÖM seriyalı 117745 nömrəli qeydiyyat vəsiqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ. Nəbiyev küçəsi, 39 saylı evin, 19 saylı mənzili İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 152 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 21.04.2021-ci il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh1(1996-cı ildən), Cavabdeh2 (2000-ci il iyul ayından), Cavabdeh3(2004-cü ildən) və Cavabdeh4(2006-cı ildən) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ. Nəbiyev küçəsi, 39 saylı evin, 19 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Lökbatan qəsəbəsinin 152 saylı MKİS-in nümayəndələri və iddiaçının qonşuları tərəfindən imzalanmış 21.04.2021-ci il tarixli aktla təsdiq ediliir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 2000-ci ilin fevral ayından Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ. Nəbiyev küçəsi, 39 saylı evin, 19 saylı mənzilində yaşamırlar. Məhkəmə iclasında dindirilən şahid X2 ifadəsində bildirmişdir ki, 40 ildən çoxdur qonşudular, ev əvvəllər tərəflərin atalarına məxsus olub, toyundan sonra cavabdeh Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 39 saylı evin, 19 saylı mənzilində yaşamamışdır. Məhkəmə iclasında dindirilən şahid Musayeva Şəlalə İltifat qızı ifadəsində 1982-ci ildən qonşu olduqlarını, cavabdehin 5-6 il bundan əvvəl gəlib-getdiyini, toyu olandan sonra həmin evdə yaşamadığını. Daimi köçdüyünü bildirmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. Cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadırlar və lakin evdə yaşamırlar. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla, həmin mənzildə yaşamamaları işin mübahisəsiz halıdır və iddia təmin edilərək cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri cavabdehlər Cavabdeh1 (1996-cı ildən) və Cavabdeh2 (2000-ci il iyul ayından) 2000-ci ilin sentyabrın 1-dək yarandığından-Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, Cavabdeh3(2004-cü ildən) və Cavabdeh4 (2006-cı ildən) münasibətdə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Mülki işin məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, iddiaçının izahatı,sahidlərin ifadələri və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdehlər Cavabdeh1 (1996-cı ildən) və Cavabdeh2 (2000-ci il iyul ayından) həmin mənzilə 2000-ci il sentyabrın 1-dək olan müddətdə qeydiyyata düşmüşlər. Hal-hazırda həmin mənzildən daimi olaraq köçmüşlər. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyindən iddia təmin edilməlidir. Cavabdehlərin Cavabdeh3 (2004-cü ildən) və Cavabdeh4 (2006-cı ildən) münasibətdə məhkəmə mübahisəli evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasını, həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmadığını, həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin məzildə ümumiyyətlə yaşamadıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya məxsus evə istifadə hüquqlarına xitam verilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 39 saylı evin, 19 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 39 saylı evin, 19 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1552/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1552/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver