Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1577/2024 13.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC-nin 05 dekabr 2023-cü il tarixli 1192/23İr nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa edilməsi, ödənilməmiş məzuniyyət haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 21 fevral 2012-ci il tarixli 129081 nömrəli əmrə əsasən Cavabdeh MMC-də kran operatoru peşəsinə işə qəbul olunmuşdur. 05 dekabr 2023-cü il tarixli 1192/23İr nömrəli əmrlə işdən azad olunmuşdur. İşdən azad olunması barədə əmri tamamilə qanunsuz hesab edir. Belə ki, onun Cavabdeh MMC-də əmək stajı ümumilikdə 10 ildən artıq olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən doqquz təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəfindən ona lazımi qaydada belə bir xəbərdarlıq edilməmiş, bu barədə ünvanına məktub göndərilməmişdir. Amma bir il əvvəl ona 2022-ci ilin dekabr ayında ixtisara düşəcəyi barədə xəbərdarlıq edilsə də, daha sonra Cavabdeh MMC tərəfindən xəbərdarlığın qüvvədən düşdüyü, onun işdə qalıb işləyəcəyi bildirilmiş, o da arxayın şəkildə işinə davam etmiş, başqa yerdə iş axtarmamış, işsiz qalacağı halda yeni iş yeri taparaq ailəsinin və özünün maddi təminatı, qayğısına qalmaq imkanından cavabdeh tərəfindən faktiki olaraq məhrum edilmişdir. Belə ki, 2023-cü ilin dekabr ayının 5-də gözləmədiyi halda onu çağırıb əmək müqaviləsinə xitam veriləcəyini, bu barədə Həmkarlar İttifaqının da bir il əvvəldən razılığının alındığını bildirmişlər. Heç bir razılığı olmadığı halda əmrdə onun razılığı ilə 9 təqvim həftəsi xəbərdarlıq həftəsi əvəzinə orta əmək haqqının 2 misli məbləğində ödəniş edilməsinin, əlavə olaraq orta əmək haqqının 2 misli məbləğində işdənçıxarma müavinətinin hesablanması barədə xəbərdarlıqla xx.xx.2022-ci ildə tanış edildiyi (təsadüfi deyildir ki, «rəsmi göndərilməsi» deyil, «tanış edilməsi» sözündən istifadə edilmişdir) qeyd edilmişdir. 05 dekabr 2023-cü il tarixli 1192/23İr nömrəli əmrlə onun işlədiyi peşədən azad edilməsi və əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən, Əmək Məcəlləsinin 77-ci və 83cü maddələrində nəzərdə tutulmuş qaydaya riayət edilməklə 05 dekabr 2023-cü il tarixdən ləğv edilməsi, son haqq-hesabının uyğun şəkildə hesablanaraq ödənilməsinin mühasibatlığa həvalə edilməsi, son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı, işçinin təminatları və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi əmr edilmişdir. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Göründüyü kimi, onların arasındakı əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Onunla cavabdeh arasındakı əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmamış, ixtisar edilmənin məqsədəuyğunluğu məsələsi onunla müzakirə edilməmiş və gəlinən nəticə əsaslandırılmamış, cavabdeh tərəfindən ona ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdarıq edilməmiş, əmək funksiyasının icrasından tam azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmamışdır. İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinə istinad etməklə, iddia ərizəsində daha sonra qeyd etmişdir ki, ştatların ixtisar edilməsi haqqında əmr təxmin edilən ixtisar tarixindən 2 ay əvvəl tərtib edilməlidir ki, işçilər vaxtında məlumatlandırılmalı olduğu halda əmək müqaviləsinə xitam verilməsinə dair belə bir əmr olmamışdır. Əmr tərtib olunandan sonra müəssisə rəhbəri öz niyyəti barədə mütləq həmkarlar ittifaqını məlumatlandırmalıdır. İşçinin işdən azad edilməsi yalnız ştat cədvəlinin dəyişdirilməsindən və oradan ştatın çıxarılmasından sonra həyata keçirilə bilər. Həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı da ona məlum deyildir. O, həmkarlar komitəsinə dəvət olunmamışdır, onunla heç bir söhbət aparılmamışdır. Bununla da, onun ixtisarın zəruriliyini məhkəmə qaydasında mübahisələndirilə bilmək imkanı məhdudlaşdırılmamışdır. İxtisar Barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd də mövcud deyildir. Ona ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən, imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının ödənilməsi barədə yazılı razılığını da təsdiq edən sənəd yoxdur. Həmçinin xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmasına imkan yaradılması məqsədi ilə ona hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi və ya Dövlət Məşğulluq xidmətinə müraciət etməsi barədə tövsiyyənin əks olunduğu barədə əmr (və ya digər rəsmi sənəd) də edilməmiş və ona rəsmi qaydada çatdırılmamışdır. İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işdən çıxarılacaq işçilərin peşəsini, sənətini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına bu barədə məlumat verilməli və ixtisar olunacaq işçiləri rəsmi xəbərdar etməlidir. Lakin cavabdeh tərəfindən bu tələblərə də əməl edildiyini təsdiq edən məlumat yoxdur. Onu da qeyd etmişdir ki, son haqq-hesab aparılan zaman istifadə edilməmiş məzuniyyətə görə ödəniş də cavabdeh tərəfindən düzgün hesablanaraq ödənilməmişdir. Əvvəla zərərli iş şəraitində işləməsinə baxmayaraq ona illərlə cəmi 27 gün əmək məzuniyyəti hesablanmış, ötən dövrlərdən istifadə olunmamış məzuniyyət günlərinə və sonuncu iş ili üçün verilməli olan əmək məzuniyyətinə görə də hesablama düzgün aparılmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdi və izahatında bildirdi ki, İddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh MMC tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl o, azı 9 təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməmişdir. 2022-ci ilin dekabr ayında Cavabdeh MMC tərəfindən ona ixtisara düşəcəyi barədə xəbərdarlıq edilsə də, daha sonra xəbərdarlığın qüvvədən düşməsi bildirilmişdir. Hesab edir ki, iddiaçının iddiası əsassızdır, təmin edilə bilməz. Cavabdeh MMC tərəfindən onun əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulması hallarına yol verilməmişdir. Onun iddia ərizəsində göstərdikləri yalandır. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2012-ci il tarixdə 129081 nömrəli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 184 nömrəli əmri ilə iş həcminin azalması, müəssisədə idarəetmənin təkmilləşdirilməsi, izafi xərclərin qarşısının alınması, işin fəaliyyətinin optimallaşdırılması ilə əlaqədar olaraq MMC-nin 35 vəzifə (peşə) üzrə 130 ştat vahidi, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (işçilərin sayı va ya ştatları ixtisar edildikdə) əsasən ixtisar edilmişdir. Həmin əmrlə İddiaçı ştat vahidi də ixtisara düşmüşdür. xx.xx.2022-ci il tarixdə İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıq edilmişdir Bu xəbərdarlıqla İddiaçı onun işlədiyi kran operatoru ştat vahidinin ixtisar edildiyi, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) 9 təqvim həftəsi sonra, yəni xx.xx.2023-cü il tarixdə xitam veriləcəyi bildirilmişdir. Həmin xəbərdarlıqda işəgötürənin işçiyə onun razılığı ilə 9 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli məbləğində əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xilam verə bilməsi onun nəzərinə çatdırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə xəbərdarlığın nüsxəsini almış və bu barədə xəbərdarlığa imza atmışdır. Lakin o, xəbərdarlıq müddəti əvəzinə orta aylıq emək haqqının 2 misli məbləğində əmək haqqı almaqla müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsinə razılığı barədə xəbərdarlıq məktubunda heç bir qeyd aparmamış, ümumiyyətlə belə bir istəyinin olması barədə işəgötürənə heç vaxt deməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə xəbərdarlığın nüsxəsini aldıqdan sonra Cavabdeh MMC-nin rəhbərliyinə maddi durumunun yaxşı olmadığını, ailəsinin yeganə qazanc gətirəni olduğunu, bu səbəbdən onun əmək müqaviləsinə 9 təqvim həftəsi bitdikdən sonra yox, mümkün olduğu qədər daha uzun müddət sonra xitam verilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən İddiaçı göstərdiyi səbəblər və MMC-də uzun müddət işləməsi nəzərə alınaraq humanistlik göstərilib onun əmək müqaviləsinə 9 təqvim həftəsi bitdikdən bir müddət sonra xitam verilməsi qərara alınmışdır. 2023-cü ilin axırlarında Cavabdeh MMC-də iş həcminin kəskin azalması səbəbindən İddiaçı əmək müqaviləsinə xitam verilməsini təxirə salmaq artıq mümkün olmamışdır. Buna görə də, Cavabdeh MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 1192 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixli 184 nömrəli əmrə istinad edilərək ştat vahidi ixtisar edilən kran operatoru İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 129081 nömrəli xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «b» bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir (on ildən çox əmək stajı olduğu üçün orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilməklə). İddiaçı iddia ərizəsində Cavabdeh MMC tərəfindən 2022-ci ilin dekabr ayında ona ixtisara düşəcəyi barədə xəbərdarlıq edildikdən sonra guya xəbərdarlığın qüvvədən düşməsinin deyildiyi haqda bildirdikləri tamamilə cəfəngiyyatdır. Bu onun əsassız qazanc əldə etmək üçün uydurduğu yalandır. İddiaçı həmin xəbərdarlığın qüvvədən düşməsi barədə Cavabdeh MMC tərəfindən heç bir rəsmi və qeyri-rəsmi məlumat verilməmişdir. Bundan başqa, İddiaçı iddia ərizəsində zərərli iş şəraitində işləməsinə baxmayaraq məzuniyyət günlərinin düzgün hesablanmadığını, son haqq-hesab aparılan zaman istifadə edilməmiş məzuniyyətə görə ödənişin düzgün hesablanıb verilmədiyini göstərmişdir. Bildirir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən onun istifadə edilməmiş 21,54 məzuniyyət gününün olması müəyyən edilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən ona həmin məzuniyyət günlərinə görə pul əvəzi (21,54 məzuniyyət gününün təzminatı) ödənilmişdir. Cavabdeh MMC-nin son haqq-hesab sənədlərindən də görünür ki, İddiaçı 21,54 məzuniyyət gününün təzminatı olaraq 1.673,85 manat ödəniş olunmuşdur. Həmçinin İddiaçı Cavabdeh MMC-də işlədiyi "xxxx" vəzifəsi Şirkətin fəaliyyət növünə aid olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı», 29-cu hissədə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası) və 35-ci hissədə (Ümumi peşələr) mövcud deyil. Bu səbəbdən, onun Cavabdeh MMC-də güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmamışdır. İddiaçı əmək müqaviləsi ləğv edilməzdən əvvəl o, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən Cavabdeh MMC tərəfindən azı 9 təqvim həftəsi müddətində rəsmi xəbərdar edilmişdir. Onun əmək müqaviləsinə doqquz təqvim həftəsi keçdikdən sonra xitam verilmişdir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinə tam və düzgün şəkildə əməl olunaraq xitam verilmişdir. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti də üzürsüz səbəblərdən ötürülmüşdür. Bu səbəbdən, iddianın əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan, eləcə də, iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərdən göründüyü kimi: - tərəflər arasında 21 fevral 2012-ci il tarixdə 129081 saylı əmək müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh MMC-yə kran operatoru vəzifəsinə işə qəbul edilmişdir; - Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə (07 nömrəli protokol) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsi barədə təqdimata baxılaraq, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir; - İşəgötürən bir sıra ştatların, o cümlədən iddiaçının tutduğu kran operatoru ştatının ixtisar edilməsi barədə iddiaçıya 2022-ci ilin dekabr ayında müvafiq qaydada məlumat verilmiş, bu barədə xəbərdar edilmişdir (iddiaçı ona bu barədə məlumat verildiyini təkzib etmir); - İşəgötürən iddiaçının ailə vəziyyəti ilə bağlı müraciətini nəzərə alaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin iş həcmi kəskin azaldıqdan sonra - 05 dekabr 2023-cü il tarixli 1192/23İr nömrəli əmrlə xitam verilmişdir; - İşəgötürən tərəfindən iddiaçının son haqq-hesabı müvafiq şəkildə hesablanaraq sonuncuya ödənilmişdir. İddiaçı hazırda işdən azad olunarkən qanunvericiliyin tələblərinin işəgötürən tərəfindən pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan öncə iddiaçı mediasiya təşkilatına müraciət etmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının 27 mart 2024-cü il tarixli MŞB/8/2024-00596 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, yuxarıda qeyd olunan tələblər barədə mübahisə üzrə tərəflər xx.xx.2024-cü il tarixdə saat 16:00-dan 16:30-dək müddət ərzində keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasına dəvət edilmişlər. İddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdehin nümayəndəsi mediasiya sessiyasına gəlməmişdir. Bu səbəbdən, qeyd olunan arayış verilmişdir. İddiaçı tərəf 50 manat mediasiya xərcini və 10 manat poçt-kargüzarlıq xərcini ödəmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən ştatın ixtisarı ilə əlaqədar olaraq tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilsə də, sonradan həmin xəbərdarlığın qüvvədən düşdüyü barədə işəgötürən tərəfindən ona məlumat verilmişdir. Lakin iddiaçı iddianın əsası kimi istinad etdiyi həmin hala dair mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən tərəfindən həmin xəbərdarlığın qüvvədən düşməsi, geri çağırılması və s. barədə heç bir məlumat verilməmiş, hər hansı qərar qəbul olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsindən görünür ki, İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə iddia müddətini heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1577/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1577/2024
13.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver