Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1579/2022 23.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X18, Cavabdeh nümayəndəsi X4, Cavabdehin vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Cavabdeh (X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə cavabdehin istifadəsində olan yaşayış evinə köçürülməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən və hazırda Cavabdeh istifadəsində olan evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, X8 ərizəsinə əsasən o, mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01 dekabr 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan 29 noyabr 2007-ci ildə Amil, 08 oktyabr 2010-cu ildə Süsən və 13 avqust 2013-cü ildə Bəybala adlı üç uşaqları doğulmuşdur. Onlara el adəti ilə toy edilmiş və o, cavabdehlə birlikdə sonuncunun atası Bəybalaya məxsus Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən evdə ər-arvad kimi birlikdə yaşamışlar. Birgə yaşadıqları müddət ərzində cavabdehlə birlikdə ailələri üçün əlavə 4 otaqlı ev inşa etmişlər və ailələri ilə birlikdə həmin evdə yaşamışlar, ona və uşaqlarına məxsus əmlak da həmin evdə yerləşdirilmişdir. Cavabdehlə aralarında olan narazılığa görə nikahları 13 dekabr 2021ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehlə nikahları ləğv edildiyinə görə onu yeni tikdirdikləri evə buraxmamışlar. Həmin ev qanunsuz tikili olmaqla birgə nikah dövründə tikdirmişlər. Ona məxsus əşyalar həmin evdə olsa da, cavabdeh hazırda onu evə buraxmaq istəmir. Həmin ev onun yeganə yaşayış yeri olmaqla, başqa yerdə qalmağa evi yoxdur. Cavabdeh onu yaşadığı evə buraxmamaqla onun qanunla qorunan hüquqlarını pozur və onun öz evindən istifadə etməsinə əngəllər yaradır. Mübahisəli ev özbaşına inşa edilmiş ev olmaqla rəsmi qeydiyyata alınmamışdır. Özbaşına inşa edilmiş mübahisəli ev onların yaşayış yerləri olmuş, hazırda cavabdeh həmin evdə yaşamaqla istifadə edir. Lakin onun evdə yaşamasına imkan vermir. Belə ki, cavabdeh mübahisəli tikiliyə onunla birlikdə eyni hüquqa malikdir. Onun hazırda köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olmaqla onun başqa yaşayış evi yoxdur. Bu səbəbdən də, cavabdehin onun evdə yaşamasına mane olması əsassız və qanunsuzdur. Bərabərlik prinsipinə uyğun olaraq onun da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 və onun vəkili iddia ərizəsinin dəlillərinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 iddianı qəbul etmədi və izahatında bildirdi ki, mübahisəli özbaşına tikilini 1984- 1985-ci illərdə tikmişdir. Həmin evdə ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi massiv 1, 12 saylı evin həyətindəki özbaşına tikilinin Cavabdeh heç bir aidiyyatı yoxdur. Bir daha bildirir ki, özbaşına tikili ona məxsusdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını və tərəflərin vəkillərinin çıxışlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid X11 ifadəsində bildirdi ki, iddiaçının xalasıdır. Gülnarə evli olduğu müddətdə mübahisəli mənzildə yaşamışdır. Dəfələrlə yığıncaq olanda qonaq getmişdir. Həyətin qapısından girəndə 1-ci evin mətbəxində Gülnarə onlara süfrə açmışdır. Gülnarə gəlin köçəndə qayınatasının evinə köçmüşdür. Mübahisəli evi isə Gülnarə və həyat yoldaşı tikmişdir. Mübahisəli mənzilə daxil olanda iri mətbəx yerləşir, oradan içəri evə daxil olanda sağ tərəfdə Gülnarənin yataq otağı yerləşir. Yataq otağının şifonyeri güzgülü idi və taxtı ilə dəst olub. X2 əmisidir. Təzəkənd deyilən yerdə yaşayır və mübahisəli evdə heç vaxt yaşamamışdır. Axırıncı dəfə Gülnarə mübahisəli mənzildən çıxmamışdan 10-15 gün əvvəl həmin mənzildə olmuşdur. Qeyd etdiyi kimi, Gülnarə toyu olandan sonra qayınatasının evinə köçüb, cehizlər də həmin evə gətirilib, 2-3 il orada yaşadıqdan sonra öz evlərinə köçüb. X3 ifadəsində bildirdi ki, iddiaçının bacısıdır. Bacısı ailə qurmamışdan əvvəl də cavabdeh tərəflə qohumluq münasibətləri var. Belə ki, Mustafayev Bəybala atasının əmisidir. Bacısı ailə qurmamışdan əvvəl də həmişə Bəybala əmisigilə qonaq getmişlər. Bacısı 2006-cı ildə ailə qurduqdan sonra qayınatasına məxsus evə gəlin köçmüşdür. 2-3 il orada yaşadıqdan sonra öz tikdikləri evə köçmüşdür. X2 əmisidir və mübahisəli mənzildə yaşamır. Mübahisəli mənzil yarımçıq tikili idi, sonradan Elşad oranı təmir etdirmiş və bacısıgil ora köçmüşlər. Evin bütün xərclərini Elşad özü çəkmişdir. Babayev Nurbalanın özünün ayrı evi var və bir neçə dəfə onun özünə məxsus evində xeyir işlərdə, məclislərdə iştirak etmişdir. Bacısı qayınatasının evində 2-3 il yaşamışdır. Evin tikintisinə və təmirinə Elşad xərc çəkmişdir. Yarımçıq tikilidə əvvəllər heyvan saxlanılırdı. Şahid Səfərov Vəkil Ağamehdi oğlu ifadəsində bildirdi ki, 20 ildir Qobustan qəsəbəsində yaşayır. Cavabdeh tərəflə münasibətləri 1997-ci ildən yaranmışdır. O və yoldaşı cavabdehin evinə həmişə qonaq getmişlər və cavabdehin yoldaşı Gülnarə də onlara çay vermişdir. Gülnarə onlara çayı həyətdən daxil olanda birinci evin mətbəxində vermişdir. Digər evdə də olmuşdur. Rəsul, yəni Nurbala əmini tanıyır və mübahisəli mənzildə yaşadığını sonradan bilmişdir. X5 ifadəsində bildirdi ki, Bəybala əmi xalasının yoldaşıdır. Hər iki evin təmir işlərini görmüşdür və Gülnarənin əşyalarını maşına yükləmişdir. Əşyaların daşınması tarixi dəqiq yadında deyil. Gülnarə gəlin köçəndə hacının, yəni Bəybalanın evinə köçmüşdür. Evləri təmir edəndə Gülnarə ona internetdən təmirin hansı formada olunması ilə bağlı şəkillər göndərirdi ki, təmiri bu formada etsin. Mübahisəli evdə Rəsul əmi, yəni Nuhbala yaşayırdı. Evin təmiri pulunu da ona Rəsul əmi vermişdir. X1 ifadəsində bildirdi ki, zalda olanların çoxu qəsəbə sakinləridirlər. X28 əşyalarını aparmaq üçün çağırmış, 50 manat da pul vermişdir. Əşyaları Umbakı qəsəbəsinə aparmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2860/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 1021 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş övladlarından biri atası, ikisi anasının yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması məsələsinə hüquqi qiymət verilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, mübahisə edilən özbaşına tikilidə istifadə olunan elektrik enerjisi və s. görə müqavilələr Bəybala Mustafayevlə bağlanmışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərə baxış keçirildi. Fotoşəkildə iddiaçı və övladlarının evdə yaşadıqları vaxt müxtəlif tarixlərdə görüntüləri əks olunmuşdur. Bu onu göstərir ki, iddiaçı və övladları davamlı şəkildə mübahisə edilən tikilidə yaşamış və təyinatı üzrə istifadə etmişlər. Məhkəmə tərəfindən mübahisə edilən tikiliyə yerində baxış keçirilərkən müəyyən olundu ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən tikili 3 otaqlı tikilidir. Qonaq otağı, yataq otağı və mətbəxdən ibarət tikili iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdə əks olunan otaqlardır. İddiaçının bildirdiyinə görə, həmin tikilidə ona məxsus əşyalar olmuşdur, cavabdeh tərəf onun icazəsi və razılığı olmadan ona məxsus əşyaları maşına yükləyərək ona göndərmişlər. Bundan başqa, iddiaçıya məxsus paltaryuyan maşın da tikilidən çıxarılaraq, həyətdə olan ambara yerləşdirilmişdir. İşin faktiki hallarından göründüyü kimi, mübahisə edilən tikili özbaşına tikilidir. Bakı 6 saylı Mediasiya Təşkilatının 09 mart 2022-ci il tarixli 1166 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh yuxarıda qeyd olunan mübahisə üzrə 09 mart 2022-ci il tarixdə saat 14.40-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan maddələrin mənasına görə, özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etməsə də, yəni onun tikinti üzərində sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarları olmasa da, onun həmin tikilinin faydalı xüsusiyyətlərindən bəhərlənmək, orada yaşamaq kimi və sair qanunla qadağan olunmayan hüquqları vardır. Məhkəmə hesab edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməməsi üçün əsas sayıla bilməz. Çünki, həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması və mübahisə edilən evin özbaşına tikili olması evin sahibinin onun üzərində qanunla qadağan edilməyən hüquqlarını həyata keçirməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli ev barəsində «gözlənti» hüququna malik olması halında belə bu, iddiaçının Mənzil Məcəlləsinin 68-ci maddəsi ilə təminat verilən hüquqlardan məhrum edilməsi üçün əsas olmamalıdır. Belə ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əlaqədar olaraq mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Bir qayda olaraq evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialara baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi yerdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi; üçüncüsü, məhrum edilmə qanunidirmi. Hazırki işdə, birinci və ikinci hallar mövcuddur, yəni iddaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum edilib. İşin faktiki hallarından görünür ki, iddiaçı mübahisəli yaşayış sahəsindən iradəsinə zidd olaraq çıxarılmışdır. O, əvvəllər ailə üzvləri ilə yaşadığı və ondan icazəsiz və xəbəri olmadan çıxarılanadak əşyalarının olduğu tikiliyə köçmək, övladları ilə orada yaşamaq istəyir. Onun yaşadığı tikilidən məhrum edilməsi halının aradan qaldırılması, hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə xüsusilə vurğulayır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 mübahisəli tikilidə yaşamamış, istifadə etməmiş, başqa ünvanda qeydiyyatda olmaqla yaşamışdır. İddiaçı hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etdikdən sonra, cavabdeh tərəf görüntü yaratmaq məqsədi ilə üçüncü şəxsi mübahisəli tikiliyə yerləşdirmişlər. Halbuki, tikilinin kommunal xərcləri ilə bağlı sənədlər üçüncü şəxsin adına deyil, sonuncu həmin tikilidən heç vaxt istifadə etməmiş, orada yaşamamış, başqa ünvanda daimi yaşamaqla, özbaşına tikiliyə hər hansı aidiyyəti yoxdur. Qobustan Bələdiyyəsinin 10 oktyabr 2022-ci il tarixli 538 saylı arayışından da göründüyü kimi, İddiaçı mübahisəli özbaşına tikilidə 2007-ci ildən 2021-ci ilədək yaşamışdır. Nurbala Babayev həmin ünvanda yaşamır, sonuncunun qeydiyyat və yaşayış yeri ünvan 3ır. Təsadüfi deyildir ki, mübahisəli özbaşına tikilidə sərf edilən elektrik enerjisinin hesabatını aparan sayğac və abunə kodu cavabdehin atası Bəybala Mustafayevin adınadır. Həmin ünvana sayğac xx.xx.2008-ci il tarixdə quraşdırılmışdır. xx.xx.2016-cı ildə sayğac yenisi ilə əvəz edilmişdir. Bəybala Mustafayevin adına abunə kodu xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, elektrik enerjisinin alğı-satqısına dair onunla müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. İşin yuxarıda qeyd olunan təkzibedilməz faktiki hallarından göründüyü kimi, iddiaçı və cavabdeh qeyd olunan özbaşına tikilini birgə nikahda olduqları dövrdə inşa etmişlər, tikilinin inşası başa çatdıqdan sonra iddiaçı gəlin köçdüyü qayınatasına məxsus evdən əri ilə özünün inşa etdiyi özbaşına tikiliyə köçmüş, 2007-ci ildən 2021-ci ilədək, oradan çıxarılanadək həmin tikilidə yaşamış, əmlakı orada olmuş, qonaqları həmin tikilidə qəbul etmiş, bir sözlə həmin tikilidən təyinatı üzrə yalnız iddiaçı və cavabdeh istifadə etmişlər. İddiaçı məhkəmə çəkişməsi gedən vaxt yenə də mübahisənin sülh yolu ilə həll edilməsi üçün övladları ilə birlikdə yaşamaq üçün mübahisəli tikiliyə getmiş, cavabdehin atası onu evə buraxmamış, məhkəmə mübahisəyə baxdıqdan sonra gəlib yaşamasını bildirmişdir. Qeyd olunanlar təqdim olunmuş video materialdan aşkar şəkildə görünür. Üçüncü şəxsin mübahisəli özbaşına tikilini SSRİ dönəmində inşa etməsi işin heç bir halı ilə təsdiq olunmur, subyektiv mülahizələrdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladları xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Cavabdeh istifadəsində olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən tikiliyə köçürülməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladları xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Cavabdeh istifadəsində olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən tikiliyə köçürülsün. Ödənilmiş 50 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1579/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1579/2022
23.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver