Məhkəmə qərarları › İş №2(002)-1584/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1584/2022

19.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1584/2022 19.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) «iş stajı faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini maraqlı şəxs qismində qeyd etməklə, «iş stajı faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1979-cu ildən 1983-cü il tarixə kimi Laçın rayonu İmanlar kənd səkkiz illik məktəbində riyaziyyat müəllimi, 1983-cü ildən 1992-ci ilin may ayına kimi həmin məktəbdə müəllim və tədris işləri üzrə direktor müavini, xx.xx.1993cü ildən xx.xx.2009-cu il tarixə kimi Laçın rayonu 38 saylı ümumi orta məktəbində riyaziyyat müəllimi işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən tələbin həcminin azaldılmasına dair ərizə təqdim edərək, xx.xx.1993-cü ildən xx.xx.2009cu il tarixə kimi Laçın rayonu 38 saylı ümumi orta məktəbdə riyaziyyat müəllimi işləməsi faktını təsdiq edən sənəd olduğundan, 01 sentyabr 1979-cu ildən 1983-cü il tarixə kimi Laçın rayonu İmanlar kənd səkkiz illik məktəbində riyaziyyat müəllimi, 1983-cü ildən 1992ci ilin may ayına kimi həmin məktəbdə müəllim və tədris işləri üzrə direktor müavini kimi işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci idə Laçın rayonu İmanlar kəndində doğulmuşdur. 1975-ci ildə X9 İnstitutunun riyaziyyat fakültəsinin əyani şöbəsinə daxil olub, 1979-cu il tarixdə bitirmişdir. 1979-cu ilin sentyabr ayından 1983-cü il tarixə kimi Laçın rayonu İmanlar kənd səkkiz illik məktəbində riyaziyyat müəllimi işləmişdir. 1983-cü ildən 1992-ci ilin may ayına kimi isə həmin məktəbdə həm müəllim və həm də tədris işləri üzrə direktor müavini işləmişdir. Bu illər ərzində təkmilləşdirmə kurslarında olmaqla vəsiqə və arayış da almışdır. 1992-ci ildə Laçın rayonu işğal olunduğundan sənədləri işğal zonasında qalmışdır. Məcburi köçkün kimi Qaradağ rayonu ərazisində məskunlaşmışlar və xx.xx.1993-cü ildən xx.xx.2009-cu il tarixə kimi Sumqayıt şəhərində yerləşən Laçın rayonu 38 saylı ümumi orta məktəbinə ixtisası üzrə müəllim işləmişdir. xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixdə kimi Laçın rayonu İmanlar kənd orta məktəbinə riyaziyyat müəllimi işləmişdir. 2018-ci ilin may ayında işlədiyi məktəb elektrik xəttində olan qısa qapanma zamanı yanmış, əmək kitabçası və işləməsini təsdiq edən başqa sənədlər həmin vaxt yanmışdır. Hazırda əlində bu barədə yalnız arayışlar və yarı yanmış vəziyyətdə olan əmrlərin surətləri vardır. Onun pensiya yaşı çatsa da, işləməsinə dair əmək kitabçası olmadığına görə onun əvvəlki illərdə işləyi nəzərə alınmır. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinint Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, onun əvvəlki iş stajları nəzərə alınmamışdır. Hazırda sənədləri işğal altında olan ərazidə qaldığından və qalan sənədləri isə yanğınla əlaqədar onun həmin illərdə işləməsini başqa yolla təsdiq etdirə bilmədiyindən, məhkəməyə müraciət etməli olmuşdır. Bu barədə şahidlərin iştirakı ilə akt tərtib edilmiş və zərurət olacağı təqdirdə həmin şahidləri də məhkəmə iclasına gətirəcək. Həmin faktın təsdiq edilməsi ona gələcəkdə pensiya pulunun artırılması üçün lazımdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 məhkəmə iclasında ərizə tələbinə etiraz etdi və izahatında bildirdi ki, Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-1584/2022 nömrəli iş üzrə Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ərizə ilə məhkəməyə müraciət etmiş, 1979-1983, 1983- 1992 və 1993-2009-cu illərdə Laçın rayonu 38 saylı ümumi orta məktəbdə işləməsi faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1-ci maddəsində məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilir. Bundan başqa Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci maddəsində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. MPM-nin 151-ci maddəsində iddia ərizəsinin mümkünlüyü məsələsi qeyd olunmuşdur ki, həmin Məcəlləinin 151.1-ci maddəsində iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Odur ki, yuxarıda qeyd olunanları, Mülki Prosessual Məcəllənin 308, 310 və 151-ci maddələrinin tələblərini nəzərə alaraq, Ərizəçi ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi N.Qasımovanın izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, ərizəçi ilə bir yerdə Laçın rayonu İmanlar kənd məktəbində işləmişdir. Ərizəçi 1979-cu il 01 sentyabrdan 1983-cü il tarixə kimi Laçın rayonu İmanlar kənd səkkiz illik məktəbində riyaziyyat müəllimi, 1983-cü ildən 1992-ci ilin may ayına kimi həmin məktəbdə müəllim və tədris işləri üzrə direktor müavini işləmiş, 1992-ci ildə Laçın rayonu işğal olunduğundan sənədləri işğal zonasında qalmış, məcburi köçkün kimi Qaradağ rayonu ərazisində məskunlaşmış və xx.xx.1993-cü ildən xx.xx.2009-cu il tarixə kimi Sumqayıt şəhərində yerləşən Laçın rayonu 38 saylı ümumi orta məktəbinə ixtisası üzrə müəllim işləmişdir. xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixdə kimi Laçın rayonu İmanlar kənd orta məktəbinə riyaziyyat müəllimi işləmiş və 2018-ci ilin may ayında işlədiyi məktəb elektrik xəttində olan qısa qapanma zamanı yanmış, əmək kitabçası və işləməsini təsdiq edən başqa sənədlər həmin vaxt yanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 və X3 şahid X4 ifadəsinə bənzər, eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan AA seriyalı 118531 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Laçın rayonunda doğulmuşdur. İş materiallarında olan Laçın rayon 38 nömrəli ümumi orta məktəbin direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33 nömrəli arayışa əsasən Ərizəçi xx.xx.1993-cü ildən xx.xx.2009-cu il tarixə kimi Laçın rayonu 38 saylı ümumi orta məktəbinə ixtisası üzrə müəllim işləmişdir. İş materiallarında olan Laçın rayon Təhsil Şöbəsi İmanlar kənd tam orta məktəbinin direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33 nömrəli arayışa əsasən Ərizəçi xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixdə kimi Laçın rayonu İmanlar kənd orta məktəbinə riyaziyyat müəllimi işləmiş və xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan A-İ seriyalı 003573 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1975-ci ildə Yusif Məmmədəliyev adına X10 İnstitutuna daxil olmuşdur, 1979-ci ildə həmin institutu riyaziyyat ixtisası üzrə bitirmişdir. İş materiallarında olan X8, X6 və X3 tərəfindən tərtib edilmiş aktdan görünür ki, ərizəçi Laçın rayonu İmanlar kənd məktəbində işləmişdir. Ərizəçi 1979-cu il 01 sentyabrdan 1983-cü il tarixə kimi Laçın rayonu İmanlar kənd səkkiz illik məktəbində riyaziyyat müəllimi, 1983-cü ildən 1992-ci ilin may ayına kimi həmin məktəbdə müəllim və tədris işləri üzrə direktor müavini işləmiş, 1992-ci ildə Laçın rayonu işğal olunduğundan sənədləri işğal zonasında qalmış, məcburi köçkün kimi Qaradağ rayonu ərazisində məskunlaşmış və xx.xx.1993-cü ildən xx.xx.2009-cu il tarixə kimi Sumqayıt şəhərində yerləşən Laçın rayonu 38 saylı ümumi orta məktəbdə ixtisası üzrə müəllim işləmiş və xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixdə kimi Laçın rayonu İmanlar kənd orta məktəbinə riyaziyyat müəllimi işləmiş və 2018-ci ilin may ayında işlədiyi məktəb elektrik xəttində olan qısa qapanma zamanı yanmış, əmək kitabçası və işləməsini təsdiq edən başqa sənədlər həmin vaxt yanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ərizəçiyə ünvanlanmış məktubun surətindən görünür ki, ərizəçinin yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında müraciətinə baxılmışdır və ərizəçiyə bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya təminatı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2022-ci il tarixində 327,27 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Ərizəçinin təqdim etdiyi diplomun surətinə əsasən, sığorta ərizəçinin stajı xx.xx.2006-cı il tarixədək 3 il 10 ay sığorta stajına və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 26798,10 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində dəyişiklik olmamışdır. «Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumalara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, təqdim etdiyi Sumqayıt şəhər 38 nömrəli ümumi orta məktəbin xx.xx.2022-ci il tarixli 33 nömrəli arayışında qeyd olunan xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı 12 iyul 2022-ci il tarixli 16 nömrəli arayışında göstərilir ki, Laçın rayonu 18 may 1992-ci il tarixdə Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün rayona məxsus bütün arxiv sənədləri işğalda qaldığına görə vətəndaş Ərizəçi 1979-1902-ci illərdə Laçın rayonu İmanlar məktəbində müəllim və tədris işləri üzrə direktor müavini işləməsi barədə arxivdə heç bir məlumat aşkar olunmadı. İşğaldan sonrakı dövrü əhatə edən Laçın rayon Təhsil Şöbəsinin təqdim etdiyi arayış xarakterli arxiv sənədlərinə əsasən isə vətəndaş Ərizəçi Laçın rayonu 38 saylı ümumi orta məktəbinə riyaziyyat məllimi işləməsi barədə əmək haqqı cədvəlindən çıxarış əlavə olunaraq göndərilmışdır. Həmin çıxarışa əsasən 1994-cü ilin iyulundan 2002-ci ilin avqust ayina qədər olan dövr üçün əmək haqqı cədvəli tərtib olunmuşdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli «Yanğın haqqında akt»dan görünür ki, 28 may 2008-ci il tarixdə Qaradağ rayonu Qurd qapısı yolu ərazısındə yerləşən Laçın rayonu İmanlar kənd məktəbində yanğın baş vermiş və yanğın zamana məktəbə məxsus bütün hüquqi sənədlər məhv olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada alabilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Məhkəmə qeyd edir ki, müəyyən edilməsi xahiş olunan fakt hüquqi əhəmiyyətli faktdır, həmin faktın müəyyən edilməsi ərizəçinin əmək pensiyası alması hüququnun əmələ gəlməsinə səbəb olmaqla yanaşı, işin faktiki halları nəzərə alındıqda həmin faktları təsdiq edən lazımi sənədlər başqa qaydada əldə edilə, yaxud bərpa oluna bilməz. Məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, ərizəçinin Laçın rayon İmanlar kənd orta məktəbində işləməsinə dair sənədlərin məlum hadisələrlə əlaqədar olaraq ərizəçi tərəfindən əldə edilməsi, həmçinin arxiv materiallarının olmaması səbəbindən də sənədlərin bərpası mümkün deyildir. Bundan başqa maraqlı şəxsin etirazı hüquq haqqında mübahisənin olmağına əsas vermir. Buna görə də, ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılması mümkün hesab edilməlidir. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 03 saylı Qərarının 1.2-ci bəndində göstərilir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-nin 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Məhkəmə onu da qeyd edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi iş stajı, əmək fəaliyyəti barəsində faktları təsdiq edən müvafiq sənədləri üzrlü səbəbdən əldə etməsi mümkün deyildir və həmin faktın məhkəmədən kənar müəyyən edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 37.1-ci bəndinə görə, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya və xidmət illərinə görə pensiayaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. 17-ci bəndinə görə, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Göstərilən qüvvədən düşmüş normativ hüquqi aktların məzmunundan görünür ki, iş stajı barədə sənədlər olmadıqda və onları əldə etmək mümkün olmadıqda əmək stajı ərizəçini birgə işdən tanıyan şahidlərin ifadələrinə əsasən müvafiq icra hakimiyyəti orqanında təşkil olunan komissiya tərəfindən müəyyən edilirdi. Əmək stajının müəyyən edilməsinə dair münasibətləri tənzimləyən qüvvədə olan qanunvericilik aktlarında isə bu qəbildən olan faktların yalnız məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyəti olan faktların siyahısında göstərilməsə də, qanunvericilik digər hüquqi əhəmiyyəti olan faktların da məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutmuşdur və məhkəmə hesab edir ki, hazırki ərizənin əsaslılığı sübutetmə ilə bağlıdır. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 03 saylı Qərarının 13.4.-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilən Plenum qərarında qeyd edildiyi kimi, əmək stajının müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi üçün yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlara istinad olunmalı, o şəxslərin şahid qismində ifadələri mötəbər hesab olunaraq nəzərə alınmalıdır ki, onlar ərizəçi ilə eyni müəssisə və ya təşkilatda həmin dövrdə birlikdə işləmiş olsunlar. Məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan normaları və məhkəmə iclasında dindirilmiş şahid ifadələrini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin 1979-cu il 01 sentyabrdan 1983-cü il tarixə kimi Laçın rayonu İmanlar kənd səkkiz illik məktəbində riyaziyyat müəllimi, 1983-cü ildən 1992-ci ilin may ayına kimi həmin məktəbdə müəllim və tədris işləri üzrə direktor müavini işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1979-cu il 01 sentyabrdan 1983-cü il tarixə kimi Laçın rayonu İmanlar kənd səkkiz illik məktəbində riyaziyyat müəllimi, 1983-cü ildən 1992-ci ilin may ayına kimi həmin məktəbdə müəllim və tədris işləri üzrə direktor müavini işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar