Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1612/2020 04.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx xxxx 2019-cu il tarixli 2305 nömrəsi ilə qeydiyyata alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, o və cavabdeh hər ikisi öz ailə üzvləri ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsi, 3 nömrəli binada ayrıayrı mənzillərdə yaşayırlar. Qonşu olduqları müddətdə valideynləri də həmişə bir-birləri ilə yaxın qonşuluq münasibətində olmuşlar. 2019-cu ilin ortalarında onun valideynləri cavabdehin valideynləri ilə birlikdə onunla cavabdehin ailə qurması barədə razılaşmışlar. Lakin o və cavabdeh nikahın bağlanmasına razı deyildilər. Cavabdehlə aralarında sevgi münasibəti olmamaqla, uşaqlıqdan yaxın dost münasibətində olmuşlar. Buna baxmayaraq valideynlərinin təkidi ilə, ailə qurmaq niyyəti olmadan o, cavabeh ilə 2019-cu ildə rəsmi nikaha daxil olmuş, nikahları 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Rəsmi nikah münasibətlərinə daxil olsalar da, heç vaxt ailə quraraq bir yerdə yaşamamışlar, bunun nəticəsində toy və nişan mərasimləri keçirməmişlər. Qarşılıqlı olaraq ailə qurmaq niyyətləri olmadığından və birlikdə yaşamadıqlarından birgə nikahdan uşaqları olmamışdır. Onlar faktiki olaraq ər-arvad münasibətlərində olmamışlar, birgə yaşamamışlar və ailə faktiki olaraq qurulmamışdır. Ona görə də hesab edir ki, formal olaraq bağlanmış nikah etibarsız hesab olunmalıdır. Bu səbəbdən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən o, cavabdehlə 2019-cu ildə rəsmi nikaha daxil olmuş, nikahları 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Əslində ailə qurmaq niyyətləri olmamış, ailələrinin təkidi ilə rəsmi nikah bağlamışlar. Nişan, toy mərasimləri olmamış, heç vaxt ailə münasibətləri qurulmamışdır. Ona görə də iddianı qəbul edir, cavabdehlə aralarında bağlanmış nikahın etibarsız hesab edilməsinə razıdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, iddiaçının atasıdır. Tərəflər 2019-cu ildə nikaha daxil olsalar da, həmin nikah valideynlərin təkidi ilə bağlanmışdır. Tərəflər evlənmək niyyətləri olmadığından, nişan və toy mərasimləri baş tutmadan ayrılmışlar. İddiaçı ilə cavabdeh faktiki olaraq ər-arvad münasibətlərində olmamış, birgə yaşamamış, formal nikah bağlamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Məmmədov Zöhrab İsrəfil oğlu ifadə verərək bildirdi ki, o, cavabdehin atasıdır. Tərəflər 2019-cu ildə nikaha daxil olsalar da, həmin nikah valideynlərin təkidi ilə bağlanmışdır. Tərəflər evlənmək niyyətləri olmadığından, nişan və toy mərasimləri baş tutmadan ayrılmışlar. İddiaçı ilə cavabdeh faktiki olaraq ər-arvad münasibətlərində olmamış, birgə yaşamamış, formal nikah bağlamışlar. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 345044 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçmişdir. Nikahları 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-ci maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa, nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, cavabdehin etirafına və sadalanan hüquq normalarına əsasən müəyyən edir ki, nikah bağlanarkən tərəflərin ailə qurmaq niyyətinin mövcud olduğu müəyyən edilmədiyindən, nəticədə tərəflər arasında münasibətlər faktiki ailə qurulmadan pozulduğundan, iddia əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 2305 nömrəsi ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1612/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1612/2020
04.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver