Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1614/2021 30.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2018-ci il 20 avqust tarixli kredit müqaviləsi üzrə 42926,67 manat əsas, 1493,65 manat faiz borcu olmaqla, ümumilikdə 44420,32 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsində yerləşən, 2 otaqlı, 51,85 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 24B nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, borcun açıq hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsində yerləşən, 2 otaqlı, 51.85 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 24B nömrəli mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbsi, Bəxtiyar Əliyev küçəsində yerləşən, 2 otaqlı, 51.85 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 24B nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 20 avqust 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahat verərək bildirdi ki, 2018-ci il 20 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" X1 (hazırda İddiaçı ASC) 8 saylı filialından illik 7%-lə 300 ay müddətinə 44800 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsində yerləşən 2 otaqlı, 51.85 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 24B nömrəli mənzili 2018ci il 21 avqust tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Lakin 2021-ci il aprelin 02dək Cavabdeh1 2018-ci il 20 avqust tarixli kredit müqaviləsi üzrə banka 42926,67 manat əsas, 1493,65 manat faiz borcu olmaqla, ümumilikdə 44420,32 manat borcu yaranmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi ilə bağlı bank tərəfindən cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq yeni vaxt verilmiş, lakin buna baxmayaraq cavabdeh tərəf banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Belə olan halda, bank tələbin kreditin təminatı kimi ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməsini tam qanunauyğun hesab edir. Əlavə olaraq bildirir ki, iddia ərizəsi verildikdən sonra cavabdeh bir qədər ödəniş etmiş, hazırda əsas borc üzrə 42719,58 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, o, həqiqətən 2018-ci il 20 avqust tarixli kredit müqaviləsinə əsasən 44800 manat məbləğində kredit götürmüşdür. Maddi vəziyyəti ağır olduğundan vaxtında ödəyə bilməmişdir. Hazırda tələb olunan məbləği maddi imkanı olmadığı üçün birdəfəyə ödəmək imkanı yoxdur, gələcəkdə hissə-hissə ödəyə bilər. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, eləcə də, işdə olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.08.2018-ci il tarixli, 20-İP-AİF-1-0-152-18 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 illik 7% olmaqla 300 ay müddətinə 44800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 21.08.2018-ci il tarixli, 20-İP-AİF-1-0-152-18 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə əsasında satıcı Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzili ipoteka qoyan Cavabdeh1 mülkiyyətinə verir. İş materiallarında olan Cavabdeh1nın İddiaçı ASC-yə olan borcu ilə əlaqədar 02.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2018-ci il tarixli, 20-İP-AİF-1-0-152-18 saylı kredit müqaviləsi üzrə cavabdehin 02.04.2021-ci il tarixinə iddiaçı təşkilata 42926,67 manat məbləğində əsas borcu, 1493,65 manat faiz borcu, ümumilikdə 44420,32 manat məbləğində borcu vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh1 xüsusi mülkiyyətindədir və bu barədə 2907 nömrəli reyestr kitabının 271269 nömrəli vərəqində 27.08.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh1nın xüsusi mülkiyyətindədir və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir, bu barədə 2907 nömrəli reyestr kitabının 271269 nömrəli vərəqində ********** nömrəsi ilə 31.08.2018-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin YDN 071 nömrəli, 09.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev 49 ünvanında yerləşən ümumi sahəsi 51,85 kv.m-dən ibarət 2 (iki) otaqlı 24B saylı mənzilin qiymətləndirmə tarixinə likvid dəyəri 45500 manat müəyyən edilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də müqavilənin ləğvi, əsas və faiz borcunun tutulması tələbi əsaslı hesab olunmalı, lakin iddiaçının nümayəndəsinin izahatına əsasən iddia ərizəsi veriləndən sonra ödənilmiş məbləğ nəzərə alınmaqla, 42719,58 manat məbləğində əsas borcun, 1493,65 manat məbləğində faiz borcunun tutulması qət edilməlidir. Məhkəmə, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin borcludan ümumi qaydada tutulması, mənzil satıldıqdan bir ay sonra cavabdehlərin çıxarılması və mənzilin boşaldılması ilə bağlı iddia tələblərini araşdıraraq müəyyən edir ki, həmin tələblər ilkin satış qiyməti kimi ekspert rəyi ilə müəyyən edilmiş məbləğ əsas götürülərək təmin edilməlidir. Buna baxmayaraq, məhkəmə müəyyən edir ki, cavabdehlərin mənzilə istifadə hüququnun itirilməsi tələbini irəli sürmək hüququ gələcəkdə açıq hərrac nəticəsində mənzili əldə edəcək alıcıya məxsus olduğundan və açıq hərracdan sonra mənzil həmin alıcıya təhvil verilməli olduğundan, cavabdehlərin mənzilə istifadə hüququnun itirilməsi və mənzilin banka təhvil verilməsi ilə bağlı iddia tələbləri əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 06.08.2020-ci il tarixli Qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddianın dövlət rüsumlarının cavabdeh tərəfdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan hüquq normalarının tələblərini və məhkəmə iclasında müəyyən edilən halları nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2018-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Həmin müqavilə üzrə Cavabdeh1 42719,58 manat məbləğində əsas borc, 1493,65 manat faiz borcu olmaqla, cəmi 44213,23 manat borc pul vəsaiti, habelə 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh1 məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsində yerləşən, 2 otaqlı, 51,85 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 24B nömrəli mənzilinə yönəldilsin, həmin mənzil ilkin satış (likvid) qiyməti 45500 manat müəyyən edilməklə açıq hərracda satılsın və tutulmalı məbləğ həmin mənzilin açıq hərracda satışından əldə olunacaq vəsait hesabına İddiaçı ASC-nin xeyrinə ödənilsin. Satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 ümumi qaydada tutulsun. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsində yerləşən, 2 otaqlı, 51,85 kv.m ümumi sahədən ibarət 49 nömrəli evin 24B nömrəli mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 həmin mənzildən çıxarılaraq mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1614/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1614/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver