Məhkəmə qərarları › İş №2(002)-1623/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1623/2025

14.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1623/2025 14.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir) mənzildən çıxarılma və mülkiyyətə qaytarma tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 1070№-li xx.xx.1994-ci il tarixli sərəncamına əsasən, vət. İddiaçı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-ci il tarixli, 1070 saylı sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 42 saylı, 27.02 kv.m ümumi sahədən ibarət mənzil sənədləşdirilib qeydiyyata alınmalıdır.

2. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1995-ci il tarixdə 041492 saylı orderə əsasən ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 42 saylı, 27.02 kv.m ümumi sahədən ibarət mənzil İddiaçı istifadəsinə verilmişdir. Ailə tərkibi üç nəfərdən ibarət göstərilmişdir: 1967-ci il təvəllüdlü İddiaçı (özü), 1967-ci il təvəllüdlü Hüseynova M (yoldaşı), 1997-ci il təvəllüdlü Allahverdiyev H. (oğul) qeyd edilmişdir.

3. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatındadır.

4. X1 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Notariat Ofisinin xx.xx.2024-cü il tarixli **********845 saylı ərizəsinə əsasən, ünvan 1-in İddiaçı adına özəlləşməsinə və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almasına razıdır, etiraz etmir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-21455/2024 **********55 saylı xx.xx.2024-cü il tarixli bildirişinə əsasən, idarənin mütəxəssislərinə texniki invertarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. Həmçinin mənzildə məcburi köçkün məskunlaşmışdır.

6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 152 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 225 №-li xx.xx.2025-ci il tarixli arayışına əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Vəliyeva X5 rayonundan məcburi köçkün gəlməklə ünvan 1 ünvanında yaşayırlar.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-21496 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-35269/2025 saylı məktubuna əsasən, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

9. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatındadır.

10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-27904 saylı xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ünvan 1 ünvanında xx.xx.1994-cü il təvəllüdlü X2 və xx.xx.1967-ci il təvəllüldü İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadırlar.

İddia tələbi

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona məxsus ünvan 1 ünvanından çıxarılaraq həmin mənzilin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-127/96 saylı, 06 may 1996-cı il tarixli qətnaməsində iddia təmin edilərək, X7 və onunla yaşayan bütün şəxslərlə birlikdə, ünvan 1-də olan yaşayış sahəsindən çıxarılması qət edilmişdir. O İddiaçı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Qaradağ Rayon Məhkəməsinin 2-127/96 saylı, 06 may 1996-cı il tarixli qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Lakin Qaradağ rayon Məhkəməsindən ona ünvanlanmış cavab məktubunda məhkəmə öz arxivindən, Ədliyyə Nazirliyinin arxivindən və Milli arxiv İdarəsindən mülki işi tələb etmiş, müəyyən edilmişdir ki, həmin mülki iş müvafiq olaraq arxivlərdə mövcud deyildir. Həmçinin məhkəmə icra şöbəsinə də müraciət etmiş, həmin qətnamə ilə bağlı icra işinin də olmadığını Qaradağ rayon İcra Şöbəsi məhkəməyə bildirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, nə mülki iş, nədə ki, icra işi olmadığından (itirildiyindən) MPM-yə edilmiş 1 saylı Əlavəyə əsasən, 2-127-1996 saylı xx.xx.1996-ci il tarixli itirilmiş məhkəmə icraatının bərpası ilə bağlı məhkəməyə müraciət etmişdi. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1200/2025 saylı xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardad üzrə maraqlı şəxs X4 qeyd etməklə itirilmiş məhkəmə icraatının bərpa edilməsinə dair ərizəmin icraatına xitam verilmişdir. Belə ki, həmin qərardadında qeyd olunmuşdur ki, X7 vəfat etdiyindən itirilmiş icraat bərpa ediləcəyi təqdirdə vəfat etmiş şəxsə münasibətdə qətnamənin icra yönəldilməsi təmin edilməyəcəkdir. Eyni zamanda Qaradağ rayon Məhkəməsinin 2(002)-127/1996 saylı, 06 may 1996-cı il tarixli qətnaməsində X7 və onunla yaşayan bütün şəxslərlə birlikdə çıxarılması qət olunsa da həmin şəxslərin kim olması həmin qətnamə ilə müəyyən olunmur. Odur ki, qeyri müəyyən şəxslərə münasibətdə icraatın bərpası mümkün olmayan haldır və icrası təmin olunmayacaqdır. Belə olan halda İddiaçı yenidən həmin mənzildə olan şəxslərin çıxarılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X3 nəvəsi Cavabdeh2 məhkəmə iclasında arayış təqdim edərək, bildirdi ki, həmin evdə yaşayırlar. Hazırda həmin evdə anası, bibisi, özü və həyat yoldaşı qalırlar. Zəngilan rayonundan məcburi köçkündülər. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

13. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-cü maddələrinə, istinad etmişdir.

14. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, cavabdehlər evimi zəbt ediblər, evdən çıxmırlar. Oğlu müharibə veteranıdır, Kürdəxanı qəsəbəsində pis şəraitdə yaşayır, oğlu pis şəraitdə yaşadığına görə onu evə köçürmək istəyir. Özü Abşeronda yaşayır, Mahirə həyat yoldaşıdır. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə cavabdehlərlə bağlı müraciət etsə də idarə ona dedi ki, “məhkəmə qərar çıxartsın, cavabdehləri evə köçürək”.

16. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 oğlu məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək bildirdilər ki, onlara ev verilməyib, verilsə mənzildən çıxacaqlar.

17. Cavabdehlər X8 və Cavabdeh1 məhkəmə icasında iddianın təmin edilməməsini xahiş etmişlər.

18. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə baxışının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

19. Məhkəmə tərəfindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13 Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 İ və İİ bəndlər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 33 Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

21. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”si: Maddə 17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 110-1.1. Kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır. Maddə 110-1.3. Kooperativin pay fondunun və mütləq payın həcmi, mütləq və əlavə payların ödənilmə qaydası, əmlakla (əmlak hüquqları ilə) ödənilən payların qiymətləndirilmə qaydası nizamnamə ilə müəyyənləşdirilir. Qiymətləndirməyə bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məşğul olan şəxslər cəlb edilə bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

b) Əsaslandırma

26. İddia əsaslıdır.

27. Belə ki, mübahisə predmeti olan ünvan 1 Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 1170 nömrəli, xx.xx.1994-cü il tarixli Sərəncamı və xx.xx.1995-ci il tarixli 041492 №li order əsasında İddiaçı ailə üzvləri ilə birlikdə köçüb yaşaması üçün verilmişdir. Cavabdehlərin həmin mənzildə məskunlaşmışlar və iddiaçı mənzildə yaşamaq, eləcə də, mənzili özəlləşdirməklə bağlı hüquqlarını realizə edə bilmir. Belə ki, işdə olan sənədlərdən aydın olur ki, iddiaçı mənzilin özəlləşdirilməsi məqsədilə müraciət etmiş, qeyd edilən orderdə adı göstərilən ailə üzvləri mənzilin iddiaçının adına özəlləşdiriməsinə razılıq vermələrinə dair ərizə vermişlər. Lakin mənzilə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün müvafiq orqanın mütəxəssislərinin iştirakına cavabdehlər tərəfindən şərait yaradılmamışdır.

28. Məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan mənzildə yaşamaq hüququna malik olmaqla, həmin mənzilə dair mülkiyyətçi qismində qanuni gözlənti hüququna malikdir və Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülkiyyətçinin sahib olduğu hüquqlara sahibdir.

29. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

30. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

31. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013cü il tarixli Qərarı).

32. Məhkəmə göstərilənləri rəhbər tutmaqla qeyd edir ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur.

33. Məhkəmə eyni zamanda qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s. Lakin cavabdehlərin mübahisəli mənzildə hər hansı əsasla istifadə hüquqlarının mövcud olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

34. Hazırda həmin mənzilin mülkiyyətçisi qismində (order əsasında) İddiaçı çıxış edir. Cavadehlərin həmin mənzildə yaşamaları üçün hər hansı əsas müəyyən edilməmişdir. İddiaçının qanunla qorunan mülkiyyət hüquqları cavabdehlər tərəfindən pozulduğundan, iddiaçı öz adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyat aparılmasına və mülkiyyət hüququnu təsdiq edən sənəd əldə etməsinə şərait yaradılmamışdır. Cavabdehlərin həmin mənzildə məskunlaşmaları mülkiyyətçi qismində qanuni gözlənti hüququna malik olan İddiaçı qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.

35. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına əsasən «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X9 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası»-nın 4-cü bəndinə əsasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. “Qayda”-nın 5-ci bəndinə əsasən məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və X9 üzrə Dövlət Komitəsi ilə razılaşdırılır.

37. Həmin normalar tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər («Akimova Azərbaycana qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (Birinci Bölmə) 2007-ci il 27 sentyabr tarixli qərarı)

Məhkəmə xərcləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

39. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

40. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir.

40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmamışdır.

Nəticə

41. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 42 saylı mənzildən çıxarılsın. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 42 saylı mənzilinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar