Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1643/2021 01.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı 18.05.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi «Təzə yurd» adlanan sahədə yerləşən və hazırda cavabdehin istifadəsində olan evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh İbrahim oğlu ilə 14 noyabr 2014-cü il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan 18.05.2015-ci il tarixdə Aysel adlı bir uşaqları doğulmuşdur. Onlara el adəti ilə toy edilmiş və o, cavabdehlə birlikdə onlara məxsus Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən evdə ərarvad kimi iki ilə yaxın müddətdə yaşamışlar. Sonradan cavabdehlə birlikdə Sahil qəsəbəsində kirayədə yaşamışlar. Kirayədə yaşadıqları müddətdə Qobustan qəsəbəsi Təzə yurd deyilən sahədə ev tikdirmişlər. Hazırda ona məxsus cehiz əşyaları da həmin evdə yerləşdirilmişdir. Cavabdehlə aralarında olan narazılığa görə nikahları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehlə nikahları ləğv edildiyinə görə onu yeni tikdirdikləri evə buraxmırlar. Həmin ev qanunsuz tikili olmaqla, birgə nikah dövründə tikdirmişlər. Ona məxsus əşyalar həmin evdə olsa da, cavabdeh hazırda onu evə buraxmaq istəmir. Həmin ev onun yeganə yaşayış yeri olmaqla, başqa yerdə qalmağa evi yoxdur. Cavabdeh onu yaşadığı evə buraxmamaqla onun qanunla qorunan hüquqlarını pozur və onun öz evindən istifadə etməsinə əngəllər yaradır. Mübahisəli ev özbaşına inşa edilmiş ev olmaqla rəsmi qeydiyyata alınmamışdır. Özbaşına inşa edilmiş mübahisəli ev onların yaşayış yeri olmuş, hazırda cavabdeh həmin evdə yaşamaqla istifadə edir. Lakin onun evdə yaşamasına imkan vermir. Belə ki, cavabdeh mübahisəli tikiliyə onunla birlikdə eyni hüquqa malikdir. Onun hazırda köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olmaqla, başqa yaşayış evi yoxdur. Bu səbəbdən də, cavabdehin onun evdə yaşamasına mane olması əsassız və qanunsuzdur. Bərabərlik prinsipinə uyğun olaraq onun da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli, 2(002)-573/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın ananın yanında qalması və aliment» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 14.11.2014-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 964 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 18.05.2015ci il təvəllüdlü X4 anası İddiaçı ilə saxlanılmış, 18.05.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21.01.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmuş, aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsinə dair göstəriş verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikaha daxil olaraq ailə qurmaları, birgə nikahdan övladlarının doğulması, sonradan münasibətləri pisləşdiyindən nikahlarının məhkəmə qaydasında pozulması, uşağın ananın yanında qalması, atadan ananın xeyrinə aliment tutulmasına dair faktlar aşkardır, mübahisələndirilə və yenidən sübut edilə bilməz. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun birgə nikah zamanı Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi «Təzə yurd» adlanan sahədə tikdirdikləri və yaşadıqları fərdi yaşayış evinə (iddia ərizəsində özbaşına tikili kimi qeyd edilib) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdehin deyil, cavabdehin atası X1 mülkiyyətindədir. Fərdi yaşayış evi cavabdeh tərəfindən deyil, cavabdehin atası tərəfindən inşa edilmişdir. Belə ki, X3 Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbə Bələdiyyəsinə 04 mart 2007-ci il tarixdə, iddiaçı ilə cavabdeh ailə qurmamışdan illər öncə, ərizə ilə müraciət edərək, ona fərdi yaşayış evinin inşa edilməsi üçün 600 m2 torpaq sahəsinin satılmasını xahiş etmişdir. Bələdiyyə tərəfindən X1 həmin ərizəsinə baxılmış və Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbə Bələdiyyəsinin 14 mart 2007-ci il tarixli, 110/02 saylı qərarı ilə Bələdiyyə ilə X1 arasında alğı-satqı müqaviləsinin bağlanması qərara alınmışdır. Həmin qərara əsasən Bələdiyyə ilə X3 arasında eyni tarixli torpaqların alğı-satqısına dair akt, həmçinin Bələdiyyə torpaqlarının verilməsi haqqında 110/2 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının iddia ərizəsində köçürülməsini xahiş etdiyi tikili cavabdeh tərəfindən deyil, cavabdehin atası tərəfindən özünə məxsus olan torpaq sahəsində inşa edilmişdir, statusuna görə özbaşına tikili hesab edilə bilməz. Həmin torpaq sahəsi X3 tərəfindən məhz tikinti (fərdi yaşayış evinin tikintisi) üçün ayrılmış torpaq sahəsində, şəhərsalma və tikinti normalarına riayət edilməklə tikilmişdir və şəxs öz mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin faktiki olaraq mülkiyyətçisidir. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində vətəndaşın adına qeyd edilməmişdirsə belə, həmin fərdi yaşayış evi özbaşına tikili kateqoriyasına aid deyildir. Belə olduğu təqdirdə, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1643/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1643/2021
01.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver