Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1661/2020 31.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qeydiyyatda olduğu, Qaradağ rayonu, Qobu qəsəbəsi, Qobu park bina 2, bina 12, mənzil 79 ünvanına azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X6 ilə birlikdə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh ilə xx.xx.2013-cü ildə faktiki nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. O, gəlin köçərkən cavabdehin evi olmadığı üçün onlar Bakı şəhərində Tibb Universitetinin yataqxanasında yaşamışlar. 2019-cu ilin oktyabr ayında onlara Qaçqın və Məcburi Köçkünlerin işləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Qobu qəsəbəsi, Qobu parkı 2, bina 12, mənzil 79-da 3 otaqlı mənzil verilmiş və onlar həmin mənzilə köçmüşlər. O və onun azyaşlı uşaqları həmin mənzildə qeydiyyatdadılar. Bir müddət cavabdehlə mehriban ailə kimi yaşadıqdan sonra onların ailə münasibətləri pozulmuş, bundan sonra Cəbrayıl Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə nikaları pozulmuşdur. Hazırda cavabdehlər onu və azyaşlı uşaqlarını həmn mənzildən çıxarıblar və onları həmin mənzilə buraxmırlar. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı xahiş emişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, həmin mənzilin müvafiq kirayə müqaviləsi əsasında Dövlət Komitəsi tərəfindən onlara verildiyini, həmin müqavilədə onun və uşaqlarının da adının olduğunu, özünün başqa yaşamağa yerinin olmadığını, uşaqları ilə birlikdə həmin evə köçüb yaşamaq istədiyini, bu halların nzəərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və əlavə olaraq mübahisə predmeti olan yaşayış sahəsinin müvafiq Dövlət Komitəsi tərəfindən tərəflərlə bağlanılmış müqavilə əsasında onların istifadəsinə verildiyini, həmin müqavilədə iddiaçının və onun azyaşlı uşaqlarının da adlarının qeyd olunduğunu, həmin müqavilə isə hazırdada qüvvədə olduğunu, nəqədərki həmin müqavilə qüvvədədir, onların həmin mənzildə yaşamaq hüquqlarının olduğunu, bu halların nəzərə alınaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandrmışdır ki, mübahisə predmeti olan mənzil müvafiq Komitə tərəfindən onlara verilmişdir, lakin iddiaçı ilə onun oğlu arasında olan nikah pozulmuşdur, onun gəlib o evdə yaşamağı mümkün deyildir, oğlunun da özünün də buna qəti etirazlarının olduqlarının, ona görə də həmin Komitəyə müraciət edib, evlərin ayrılmaısnı istədiyini, bu halların nzəərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AZ-İİİ 187658 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş AZ-İİİ 628678 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Soltanlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı və Cavabdeh1 Qaradağ rayonu, Qobu qəsəbəsi, Qobu park bina 2, bina 12, mənzil 79 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş 12/79 nömrəli, xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, kirayəyə verən qismində “Dövlətqaçqınkom” qeyd olunmaqla Qaradağ rayonu, Qobu qəsəbəsi, Qobu park bina 2, bina 12, mənzil 79, 3 otaqlı yaşayış sahəsi Cavabdeh2 kirayəçi qismində istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri qismində Cavabdeh1, İddiaçı, X3 və X6 qeyd olunmuşdur. Göründüyü kimi, tərəflər arasında mübahisə predmeti olan mənzilə köçürülmə ilə bağlı hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 102.1-ci maddəainə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Qanunvericiliyin təhlilindən aydın olur ki, dövlət mənzil fonduna daxil olan mənzilə dair bağlanılmış sosial kirayə müqaviləsi kirayəçinin və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin mənzilə sahiblik və istifadə etmək hüququnun yaranmasının əsası qismində çıxış edir. Həmçinin, qanunvericiliyin qeyd olunan normasının məzmunundan aydın olur ki, kirayəçinin ailə üzvləri onunla birlikdə həmin mənzildən istifadə etmək hüququna malik olmaqla, onunla bərabər eyni hüquq və vəzifələrə malik olur. Bununla yanaşı, şəxsin kirayəçinin ailə üzvləri tərkibindən çıxması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Həmçinin, qanunvericiliyin qeyd olunan normasına əsasən ailə tərkibindən çıxan şəxs kirayəçi və onun ailə üzvlərinə məxsus olan hüquqlara malik olmaqla, özü həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına görə müstəqil məsuliyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. X8 Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” haqqında xx xxxxxx 2017-ci il tarixli Qaydaların 1.4-cü bəndionə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmet olan mənzil dövlət mənzil fonduna daxil olmaqla, dövlətin səlahiyyətli orqanı qismində Azərbaycan Respublikası Qaçqınlar və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlə bağlanılmış 2019-cu il tarixdə kirayə müqaviləsi əsasında Cavabdeh2 və onun ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmiş, ailə üzvləri qismində isə Cavabdeh1, İddiaçı, X3, X6 qeyd olunmuşdur. Göründüyü kimi kirayəçi qismində məhz Cavabdeh2, onun ailə üzvləri qismində isə iddiaçı və onun övladları çıxış etmişdir. Həmçinin, məhkəmə iclasında tərəflərin verdiyi izahatından aydın olur ki, tərəflər nikahın pozulmasınadək övladları ilə birlikdə həmin mənzildə biryerdə yaşamışlar, nikah pozulduqdan sonra isə cavabdeh iddiaçının övladları ilə birlikdə həmin mənzildə yaşamasına maneçilik tördərək, onların köçüb orada yaşamasına icazə verməmişdir. Ona görə də iddiaçı belə bir tələb irəli sürmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, iddiaçı cavadehin keçmiş ailə üzvi olmaqla, nikah pozulduqdan sonra cavabdehin ailə üzvləri tərkibindən çıxmış və hazırda da cavbdehin ailə üzvi deyildir. Belə ki, mənzil qanunvericiliyinə əsasən kirayəçinin ailə üzvləri anlayışına onun arvadı(əri), uşaqları və valideynləri daxildir. Buna baxmayaraq, məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən iddiaçı cavabdehin ailə üzvləri tərkibindən çıxsa da, mübahisə predmeti olan mənzilə dair cavabdehlə eyni hüquqlara malik olmaqla, həmin mənzildə yaşamaq hüququna malik olmuşdur. Həmçinin, tərəflərin övladları həm Cavabdeh1, həm də iddiaçının ailə üzvləri olmaqla, onlarla bərabər mübahisə predmeti olan mənzildə yaşamaq hüququna malikdirlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmaqla, iddia tələbi təmin edilməli, iddiaçı övladları ilə birlikdə mübahisə predmeti olan mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər arasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mənzil qanunvericliyinin normalarını əsas götürərək, hesab edir ki, İddiaçı övladları X3 və X6 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobu qəsəbəsi, Qobu park 2, 12 nömrəli bina, 79 saylı mənzilə köçürülməli, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı övladları X3 və X6 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobu qəsəbəsi, Qobu park 2, 12 nömrəli bina, 79 saylı mənzilə köçürülsünlər. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1661/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1661/2020
31.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver