Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1662/2021 09.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, cavabdehlərin vəkili X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları 28 aprel 2008-ci il təvəllüdlü X12 və 22 yanvar 2013-cü il təvəllüdlü X13 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, iddiaçı Cavabdeh1lə 30 iyun 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, ailə qurduqdan sonra Cavabdeh2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi, ev 11, mənzil 45-ə gəlin köçmüşdür. Təqribən iki il həmin mənzildə yaşadıqdan sonra ünvan 2 ünvanında (11 saylı yaşayış binasının qarşısında) fərdi yaşayış evi tikərək 2020-ci ilədək orada yaşamışlar. Daha sonra iddiaçı Cavabdeh1 tərəfindən döyülərək evdən qovulmuşdur, hazırda uşaqları ilə kirayədə yaşayır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1096/2020 saylı, 22.07.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə X8 arasında 30 iyun 2006-cı il tarixdə bağlanmış nikahın pozulması, 28.04.2008-ci ildə doğulmuş X4 və 22.01.2013-cü ildə doğulmuş X5 X1 himayəsində və yanında saxlanılması, 28.04.2008-ci ildə doğulmuş X4 və 22.01.2013-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay qazancının 1/3 hissəsi məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan əlavə, iddiaçıya və azyaşlı uşaqlarına məxsus geyim əşyaları, iddiaçının valideynləri tərəfindən ona toy vaxtı və sonralar alınmış cehiz əşyaları hazırda gəlin köçüb yaşadığı mənzildədir. İddiaçıya məxsus əşyaların siyahısı iddia ərizəsində göstərilmişdir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, fərdi yaşayış evinin tikintisində iddiaçının böyük rolu və iştirakı olmuşdur, bunu məhkəməyə iddiaçı tərəfindən şahid qismində təqdim edilmiş şəxslər də təsdiq edir. Həmin ev tərəflərin birgə nikahı dövründə inşa edilmişdir, iddiaçının da həmin evdə yaşamağa hüququ vardır. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirdi ki, o, iddia tələbinə etiraz edir. Belə ki, onun mərhum həyat yoldaşı X2 1997-ci ildə işlədiyi 28 may adına Neft-Qaz Çıxarma İdarəsində vertolyot qəzasında faciəvi şəkildə vəfat etmiş, bundan sonra ünvan 3 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Fərdi yaşayış evi tamamilə öz vəsaiti hesabına 1998-1999-cu illərdə tikilmişdir. Həmin evin iddiaçıya və oğlu Raciyə heç bir aidiyyəti yoxdur. Onlar 2006-cı ildə evlənmiş, iki il binadakı mənzildə onunla birgə yaşamış, lakin 2008-ci ildə kiçik oğlu evləndikdən sonra həyət evində yaşamağa başlamışlar. Fərdi yaşayış evi özünə məxsusdur, bütün kommunal xidmətlər də öz adınadır və özü tərəfindən ödənilir, hətta Bələdiyyə tərəfindən onun adına sənədsiz ev kimi qeydiyyata alınmışdır, evdəki bütün tikinti və təmir işlərinin xərcini, o cümlədən sonradan qarajın evə əlavə edilməsi xərcini şəxsən özü çəkmişdir. Bütün qəsəbə sakinləri bilir ki, evi mərhum ərinin vəfatından sonra özü tikdirmişdir və ev yalnız ona məxsusdur. Ona məxsus evə hazırda iddiaçının köçürülməsinə etiraz edir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı digər Cavabdeh1 anası Cavabdeh2 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, birgə nikah dövründə iddiaçı onun hesabına xaricdə ödənişli ali təhsil almışdır, onun evə xərc çəkməsini iddia etməsi tamamilə yalandır. Həmçinin iddiaçı 2011-ci ildə işləməyə başlamışdır, onun 2010-cu ildə işdən çıxdığını deyən şahiddən borc alması da tam yalandır. Əslində iddiaçı ona başqa kişi ilə xəyanət etdiyinə görə evdən qaçıb getmişdir, onun evə köçmək istəməsi və orada yaşaması mümkün deyildir. Mübahisəli ev anası tərəfindən tikiləndə özü uşaq yaşlarında olmuşdur, həmin evin ona və iddiaçıya heç bir aidiyyəti yoxdur. Məhkəmə baxışı zamanı cavabdehlərin vəkili X16 cavabdehlərin izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X19 ifadə verərək bildirdi ki, o, 1980-ci illərdən cavabdehlərin qonşusudur. Cavabdeh2 həyat yoldaşı 1997-ci ildə vertolyot qəzasında vəfat etmiş, ondan sonra Cavabdeh2 fərdi yaşayış evini tikdirməyə başlamışdır. Evin tikinisi 1998-ci ilin sonunda tamamlanmış, tikinti xərclərini Zenfira özü çəkmişdir. Şəxsən o, tikinti işlərinə kömək etmiş, həm daş və qum işlərində, həm də hörgüdə işləmişdir. Ev əvvəl iki otaqlı olmuş, mətbəxi və sanitar qovşağı da olmuşdur. 2008-ci ildə Gülnar həmin evə köçmüşdür, o, köçdükdən sonra evdə dəyişiklik olmasından xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, Cavabdeh1 dayısı oğludur. Racinin atası vəfat etdikdən sonra anası həyətdə ev tikdirməyə başlamışdır. 1998-1999-cu illərdə həmin evin tikintisində iştirak etmişdir, daşların daşınmasında, palçıq qarışdırılmasında bilavasitə iştirak etmişdir. Ev əvvəl iki otaqlı olmuşdur, evin yanında qaraj olmuş, sonradan qaraj da otağa çevrilmişdir, qarajın evə nə vaxt əlavə edildiyini dəqiq xatırlamır. O, həmin fərdi yaşayış evinə mütəmadi gəlib-getmişdir, Raci və ailəsi 2008-ci ildən həmin evdə yaşamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X17 ifadə verərək bildirdi ki, o, 2009-cu ilə qədər Sahil qəsəbəsində yaşamışdır. Cavabdeh2 həyət evinin tikintisində 1999-cu ildə elektrik kimi işləmişdir. Materialların pulunu və əl haqqını Zenfira xanım vermişdir. 1999-cu ildə evin tikintisi, o cümlədən iki otaq, sanitar qovşaq, mətbəx, qaraj tikintisi tamamlanmış, ev yaşayış üçün tam hazır olmuşdur, sonradan isə qaraj evə əlavə edilmişdir. Ev yiyəsi kimi Cavabdeh2 tanımışdır. Həmin dövrdə Racini tanımamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, o, iddiaçının anasıdır. İddiaçı iki il binadakı mənzildə yaşamış, iki ildən sonra həmin yaşayış evinə köçmüşdür. Hazırda bütün cehizləri də həmin evdədir. Evin tikintisində iddiaçı da əziyyət çəkmişdir. Belə ki, evin qapısını iddiaçının qardaşı vermişdir, həmçinin iddiaçı tikintiyə görə xalasından borc almışdır. Əvvəl iki otaq tikmişlər, sonra qarajı da əlavə edərək üç otaq etmişlər. Tikinti xərclərini iddiaçı və cavabdehlər birlikdə çəkmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, iddiaçının iş yoldaşı olmuşdur, birlikdə metroda işləmişlər, 2010-cu ildə işdən çıxmışdır. Təxminən 2004- 2005-ci illərdə ev tikmək üçün iddiaçı borc pul istəmiş, buna görə ona üç min manat borc pul vermiş, daha sonra iddiaçı pulu qaytarmışdır. Həmin evdə bir dəfə olmuşdur, iddiaçı onu öz evi kimi təqdim etmişdir. İkinci dəfə iddiaçı xəstəliyinə görə borc alıb qaytarmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, iddiaçının xalasıdır. Gülnar və Raci təqribən 2005-ci ildə onun yanına gələrək ev tikmək istədiklərini bildirməklə ondan maddi kömək istəmişlər. O da qonşusundan 5000 manat borc pul alıb onlara vermişdir. Daha sonra onlar həmin pulu qaytarmışlar. Həqiqətən ev tikdilər. Onlar bina evində yaşayanda fərdi yaşayış evinin olduğu yerdə tikinti yox idi, həmin sahədə toyuq hini kimi tikili vardı. Əvvəl bir otaq, bir mətbəx, dəhliz, qaraj tikildi, sonradan evi genişləndirdilər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o, iddiaçının qohumudur. Mübahisəli evin tikintisinə 2005-2007-ci illərdə başlanmışdır. Tikintinin xərcini kimin çəkdiyini dəqiq bilmir. Lakin iddiaçı və qardaşı da evin tikintisində əziyyət çəkmişdir. Belə ki, qapılar iddiaçının qardaşının sexindən gəlib, qapılara görə pulun verilib-verilmədiyini bilmir. Əvvəllər binanın həyətində toyuq hini kimi balaca ev var idi, sonradan tikilib genişləndirildi. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X8 arasında bağlanmış nikahın pozulması 29 sentyabr 2020-ci il tarixində qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1096/2020 saylı, 22.07.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə X8 arasında 30 iyun 2006-cı il tarixdə bağlanmış nikahın pozulması, 28.04.2008-ci ildə doğulmuş X4 və 22.01.2013cü ildə doğulmuş X5 X1 himayəsində və yanında saxlanılması, 28.04.2008-ci ildə doğulmuş X4 və 22.01.2013-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay qazancının 1/3 hissəsi məbləğində alimentin tutularaq X1 xeyrinə ödənilməsi, alimentin 12.03.2020-ci il tarixdən tutulması qət edilmişdir. İş materillarında olan Cavabdeh2 tərəfindən tərtib edilmiş və qonşular Abdulxalıqova Zabitə, Xubaliyeva Təbərrik, Hüseynova Taliyə, Muradova Kifayət, Qədirova Sevda, Əliyev Nizami, Hüseynova Əzizbəyim, Mirzəyeva Hədiyyə, Əliyeva Zenfira və Əyyubov Əmiraslan tərəfindən təsdiq edilmiş 03.08.2021-ci il tarixli aktdan görünür ki, 1997-ci ildə Cavabdeh2 həyat yoldaşı işlədiyi 28 May adına NQÇİ-də vertolyot qəzasında həlak olmuşdur. O vaxt o, Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edərək ona binanın qarşısında tikinti aparılmasına icazə verilməsini xahiş etmişdir. İcazə aldıqdan sonra o, 1998-1999-cu illərdə həyətdə 3 otaqlı ev tikdirmişdir. Həmin evi bir neçə il kirayəyə verərək uşaqlarını saxlamışdır. 2006-cı ildə oğlu Raci ailə həyatı qurmuş, kiçik oğlu Kamil 2008-ci ildə evlənərkən böyük oğlu həmin evə köçmüşdür. Evin heç bir sənədi yoxdur, sənəd almağa imkanı olmamışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 10.08.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 13.05.2019-cu il tarixli 37 nömrəli Sərəncamına dair 27.06.2019-cu il tarixdə təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar Sahil qəsəbəsi (yaşayış massivi) üzrə 2000-ci ilədək tikilmiş, lakin rəsmiləşdirilməmiş fərdi yaşayış evlərinin Sahil bələdiyyəsi tərəfindən qeydiyyatı aparılmışdır. Vətəndaş Cavabdeh1 mərhum atası - X2 03.10.1997-ci il tarixdə işlədiyi 28 may adına X29 İdarəsinə məxsus vertolyotla evə qayıdarkən faciəvi şəkildə rəhmətə getdikdən sonra Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən mərhumun həyat yoldaşı Cavabdeh2 N.Mustafayev küçəsi, ev 11, m. 45A (şərti ünvan verilmişdir) ünvanında ümumi sahəsi 35 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Vətəndaş Cavabdeh2 Sahil bələdiyyəsinə verdiyi məlumata əsasən fərdi yaşayış evi 1998-1999-cu illərdə tikilmişdir. Lakin tikintiyə dair heç bir hüquqi sənəd verilməmişdir və yoxdur. Mənzilə məxsus elektrik, su və qaz sayğacları Cavabdeh2 adınadır və onun tərəfindən ödənilir. N.Mustafayev küçəsi, ev 11, m. 45A ünvanında yerləşən fərdi yaşayış evi Sahil bələdiyyəsi tərəfindən rəsmiləşdirilməmiş fərdi yaşayış evi kimi qeydiyyata alınmamışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 5 ünvanlanmış 30.08.2021ci il tarixli məktubundan görünür ki, Səhmdar Cəmiyyətin elektron bazasında olan məlumata əsasən qeyd olunan fərdi yaşayış evi 02 fevral 2005-ci il tarixdə **********1045A nömrəli abunə kodu ilə Cavabdeh2 adına qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilmişdir. İş materiallarında olan kommunal xidmətlər üzrə sənədlərdən görünür ki, N.Mustafayev küçəsi, ev 11, m. 45A ünvanında yerləşən fərdi yaşayış evi üzrə kommunal xidmətlər üzrə abonent Cavabdeh2dır və kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında rəsmi nikah 30 iyun 2006-cı il tarixdə bağlanmış, tərəflər əvvəlcə binadakı mənzildə birgə yaşamış, təqribən iki il sonra iddiaçı ilə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş, 2020-ci ildə isə onlar arasında nikah pozulmuşdur. İddiaçı hazırda mübahisə predmeti olan həmin fərdi yaşayış evinə köçürülməsini tələb edir. Eyni zamanda, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 10.08.2021-ci il tarixli məktuba, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30.08.2021-ci il tarixli məktubuna, 03.08.2021-ci il tarixli akta, habelə bilavasitə tikintidə işləmiş, tərəflərlə qohumluğu olmayan, qonşu şahidlərin (N.Əliyev, S.Ağayev) ifadələrinə əsasən müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh2 tərəfindən 1998-1999-cu illərdə inşa edilmiş, tərəflərin nikahından xeyli əvvəl Cavabdeh2 adına kommunal xidmətlərlə təchiz edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan qanunvericiliyə əsasən mübahisəli fərdi yaşayış evində İddiaçı Cavabdeh2 ilə birgə yaşamadığından və həmin evdə yaşayışla bağlı aralarında müvafiq razılaşma mövcud olmadığından, iddiaçının mübahisəli evə köçürülməsini tələb etməsi əsassız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (əri, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Bundan əlavə, məhkəmə iclasında mübahisəli fərdi yaşayış evinin tikintisində iddiaçı tərəfin hər hansı iştirakı, yaxud tikinti işlərinin birgə nikah dövründə iddiaçının və Cavabdeh1 hesabına həyata keçirilməsi sübuta yetirilmədi. Belə ki, bu barədə iddiaçı tərəfin izahatları və onun qohumu olan şahidlərin (anası, xalası, R.Cəfərov) ifadələri, bilavasitə tikintidə işləmiş, tərəflərlə qohumluğu olmayan, qonşu şahidlərin (N.Əliyev, S.Ağayev) ifadələri, Cavabdeh1 özünün izahatı, habelə Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 10.08.2021-ci il tarixli məktub, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30.08.2021-ci il tarixli məktubu, qonşuların təsdiq etdiyi 03.08.2021-ci il tarixli aktla tam təkzib olunur. Şahid G.İsmayılovanın ifadəsi isə tərəflər arasında nikahın 2006-cı ildə bağlanması səbəbindən ümumiyyətlə inandırıcı görünmür. Qeyd olunanlara əsasən məhkəmə müəyyən edir ki, mübahisəli tikilinin özbaşına tikili olduğu nəzərə alınsa belə, iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlı̇ k edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1662/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1662/2021
09.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver