Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1679/2021 26.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «işdən azad edilmə barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işdən azad edilmə barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə 23 yanvar 2020-ci il tarixli əmrinin ləğv edilməsi; onun Cavabdeh MMC-yə elektrik işinə bərpa edilməsi və məcburi işburaxmaya görə məcburi ödənişlər çıxılmaqla, işə bərpa olunanadək əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-yə məxsus «Binə» Ticarət Mərkəzində iş zamanı transformatorda baş vermiş yanğın nəticəsində xəsarət almışdır. Ticarət mərkəzinin rəhbərliyinin tapşırığına əsasən özlərinə məxsus klinikada müalicə olunmuş və bu barədə əlaqədar təşkilatlara məlumat verməmişdir. 2019cu ildə ürəyində yaranmış problemlə bağlı müalicə olunduqdan sonra səhhəti bəhanə gətirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işdən azad olunmuşdur. Ona görə də, işdən azad edilmə barədə əmr ləğv edilməli, o, işə bərpa edilərək, məcburi işburaxma müddəti üçün ona müvafiq əmək haqqı ödənilməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, işdən azad edilməsi üçün heç bir qanuni əsas olmayıb. Odur ki, həmin işə bərpa edilməklə yanaşı, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Cavabdeh MMC-dən, yəni Binə Ticarət Mərkəzindən qanunsuz olaraq işdən çıxarıldıqdan sonra müxtəlif aidiyyatı orqanlara şikayət etmişdir. Bununla əlaqədar olaraq ƏƏSMN yanında Əmək Müfəttişliyi tərəfindən Binə Ticarət Mərkəzinin rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. O, hər dəfə şikayətindən sonra Binə Ticarət Mərkəzinin rəhbər işçiləri tərəfindən Ticarət Mərkəzinə dəvət olunmuş və şikayət etməməyi xahiş edilmişdir. Ona Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova ilə görüşdürəcəkləri deyilmiş və işinə qaytaracaqları vədləri verilmiş, hər dəfə belə vədlər verilərək onu aldatmışlar. Sonda ona öz əvvəlki elektrik işi yox, süpürgəçi işi təklif olunmuşdur. O isə bunu Qarabağ müharibəsinin iştirakçısı və əlili kimi özünə layiq bilmədiyi üçün süpürgəçi işləməkdən imtina etmişdir. Bunlar məsələni belə uzatmaqla onun məhkəməyə şikayət etməsinə maneə olmağa çalışmışlar. O, heç vaxt üzürsüz səbəbdən işdən qalmamışdır, həmişə işə getmişdir, lakin cavabdeh tərəf onu işə buraxmayaraq, davamiyyət jurnalına imza atmasına maneə olmuşlar. Onun məhkəməyə gec müraciət etməsinin əsas səbəbi aidiyyəti orqanlara şikayət etməsi, ən başlıca səbəbi isə Binə Ticarət Mərkəzinin rəhbər işçilərinin onu işlə təmin edəcəklərinə vədlər verərək onu aldatmaları olmuşdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəf məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək göstərmişdir ki, 23 yanvar 2020-ci il tarixli, 10 saylı əmrlə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (72-ci maddəsinin «a» bəndi) yüksək gərginlik üzrə elektrik kimi 23.10.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Ancaq iddiaçı nədənsə məhkəməyə 1 il 3 ay 11 gün sonra müraciət etmişdir. Ona başqa iş yeri təklif olunmasına baxmayaraq, iddiaçı buna etiraz etmişdir. 10 dekabr 2019-cu il tarixdə iddiaçıya teleqram vurularaq idarəyə dəvət olunmuş, ancaq iddiaçı müəssisəyə gəlməmiş və izahat verməmiş, ona təklif edilmiş işi qəbul edibetməməsinə dair fikirlərini bildirməmişdir. 21 yanvar 2020-ci il tarixdə iddiaçının işə gəlməməsi barədə işçilərin iştirakı ilə akt da tərtib olunmuşdur. Bütün bunlardan sonra, 23 yanvar 2020-ci il tarixdə işdən azad edilmiş və ona həmin tarixdə də bildiriş göndərilərək, 01.09.2012-ci il tarixli, 53 saylı əmək müqaviləsinə xitam verildiyi və əmək kitabçasını MMC-nin kadrlar şöbəsindən götürmək təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan ərizəni nəzərə alan məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, tərəflər arasında bağlanmış 01.09.2012-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də yüksək gərginlik üzrə elektrik montyoru vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı 20 sentyabr 2019-cu il tarixli, 33 saylı əmrə əsasən növbəti məzuniyyətə buraxılmış, 04 noyabr 2019-cu il tarixdən məzuniyyətinin sona yetməsi ilə əlaqədar işə qayıtmalı olduğu halda, həmin tarixdən xəbərdarlıq tərtib olunmuş günə qədər növbətçilik cədvəli üzrə heç bir üzrlü səbəb göstərmədən işə çıxmayaraq, iş qrafikini pozmuşdur. Onunla əlaqə saxlanılıb bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə idarəyə dəvət edilsə də, İddiaçı müxtəlif bəhanələr gətirərək idarəyə gəlməmiş və Bakı şəhərində olmadığını bildirmişdir. Hansı səbəbdən növbətçilik üzrə işə gəlməməsinin səbəbini araşdırdıqda, iddiaçı heç bir əsaslı dəlil gətirə bilməmişdir. İddiaçıya məsələ ilə əlaqədar təkrar məlumat göndərilmiş və nəticə olmadığı təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72ci maddəsinin tələblərini pozmuş hesab ediləcəyi sonuncunun nəzərinə çatdırılmışdır. Həmin məsələyə aydınlıq gətirilməsi məqsədi ilə idarəyə gəlməsi məsləhət görülmüşdür. 21 yanvar 2020-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, İddiaçı üzrsüz səbəblərdən işə çıxmaması ilə bağlı cavabdehin direktor müavini, mühasib, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə səlahiyyətli şəxs və hüquqşünas tərəfindən akt tərtib olunmuş, aktda qeyd olunan məsələlərə aydınlıq gətirilməsi, iddiaçıya təkrar məlumat göndərilməsi, nəticə olmadığı təqdirdə isə Azərbayvan Respublikası Əmək Məcəlləsinin tələblərinin təmin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Cavabdehin 23 yanvar 2020-ci il tarixli, 10 saylı əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 21 yanvar 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı işdən azad olunduğunu 23 yanvar 2020-ci il tarixdə bildiyi halda, qanunla müəyyən olunmuş iddia müddətini xeyli ötürdükdən sonra yalnız 04.05.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «işdən azad edilmə barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işdən azad edilmə barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1679/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1679/2021
26.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver