Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1682/2023 21.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin Cavabdeh2 direktoru R.Şahverdiyevin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanmaqla ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri üzrə Təhsil İdarəsi Elxan İsmayılov adına Cavabdeh2 direktorunun 14 nömrəli əmrinin etibarsız hesab edilərək, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, İddiaçı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən E.İsmayılov adına 253 saylı orta məktəbin tarix müəllimi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi Vəkil Azərbaycan Respiblikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə verərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə E.İsmayılov adına 253 nömrəli tam orta məktəbin 27 fevral 2023-cü il tarixli, 14 nomrəli əmrinin ləğv edilməsi, İddiaçı həmin məktəbin tarix müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. Ali təhsilli tarix müəllimidir. 07 oktyabr 1996-cı il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən E.İsmayılov adına 253 saylı orta məktəbin direktorunun 55 nömrəli əmri ilə tarix müəllimi təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə məktəb direktorunun 14 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən İddiaçı ilə bağlanan əmək müqaviləsinə xilam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə 27 fevral 2023cü il tarixli əmrdən çıxarışda qeyd edilmişdir ki, «Məktəbin tarix müəllimi İddiaçı özünün Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və «X6 Qaydaları»nın tələblərini pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilsin və qeyd olunan tarixdən Əmək Müqaviləsinə xitam verilsin. Əsas: Məktəb Həmkarlar təşkilatı yığıncağının qərarı və Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi. E.İsmayılov adına 253 saylı orta məktəbin İHK-nın xx.xx.2023-cü il tarixli 1 saylı növbədənkənar protokolundan görünür ki, İddiaçı əmək fəaliyyəti dövründə daim özünü etik normalara uyğun apardığı, yoldaşlarına qarşı mehriban, qayğıkeş, səmimi davrandığı, şagirdlərlə münasibətində bir valideyn kimi münasibət bəslədiyi qeyd edilmiş, deyilənlər məktəb həmkarlar təşkilatının sədri, ittifaq üzvü və psixoloq tərəfindən təsdiqlənmişdir. Buna baxmayaraq, sonda, hansısa səbəbdən əsassız və qanunsuz olaraq, məktəb həmkarlar təşkilatı iclası məktəbin tarix müəllimi İddiaçı hərəkətlərində əmək funksiyasını va ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və «X7 qaydaları»nın tələblərini pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad olunmasına və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə qərar verilmişdir. İddiaçı işdən azad olunmasına səbəb kimi, yuxarıda qeyd olunan protokolda qeyd edilmişdir ki, məktəb direktoru R.Şahverdiyevin yazılı olaraq verdiyi məlumatında «İddiaçı dərs dediyi 10s sinif şagirdi Aytac Allahverdiyeva ilə dərsdən kənar vaxtlarda hazırlığa gedərkən va hazırlıqdan sonra telefon vasitəsilə məktublaşmış, bunlar da, Aytacın sinif yoldaşlarının telefonları ilə aralarında yayılmışdır. Həmin məktublaşmalarda tərəflərin bir-birinə müraciətləri nə qədər də, «qızım», «övladım», «balam» və «atam» kimi səslənsə də, mahiyyətlərində qeyri-etik davranışlar müşahidə olunduğu üçün geniş şagird, ictimaiyyət və sosial şəbəkələrdə özünə yol açmışdır. Məsələ Təhsil Nazirliyi və Bakı şəhəri Təhsil üzrə İdarəsinə qədər gedib çıxmışdır. Məsələ ilə bağlı məktəbin rəhbərliyi hadisə bəlli olan saatdan tədbirlər görməyə çalışsa da, müəllimlə, şagirdlə və valideyni ilə aparılan söhbətlər, Aytacın sinif yoldaşları ilə Elşad müəllim, Aytac və valideynləri ilə aparılmış iclasın məsələnin qapanmasına faydası olmamışdır. Artıq Aytacın atası da, məktublarla tanış olduqdan sonra, təkidlə müəllimin məktəbdən xaric olunmasını, polisə verilməsini tələb edirdi. Məhz bununla əlaqədar BŞTİ-nin rəhbərliyi direktoru xx.xx.2023-cü il tarixdə idarəyə dəvət etmiş və əllərində olan yazışmalara istinad edərək təcili ən ağır cəzanın verilməsini məktəbin rəhbərliyinə tapşırmışdır. İdarə nümayəndələrinin də, müşahidəçi qismində iclasda iştirakı məsələnin ciddiliyi ilə əlaqədardır». Yuxarıda qeyd edilənlərlə bağlı, 253 nömrəli məktəbin direktoru həmçinin, ərazi üzrə Qaradağ RPİ 38-ci polis bölməsinə də müraciət etmişdir. Müraciət polis bölməsində araşdırılarkən izahat vermiş X5, İddiaçı ona öz qızı kimi davrandığını, xoş sözlər yazdığını, bunu görən məktəbdə olan şagirdlərin səhv anlayaraq, bu barədə direktora məlumat çatdırdıqlarını, Elşad müəllimin ona qarşı heç vaxt qeyri-etik sözlər demədiyini, ona qarşı heç bir səhv hərəkəti olmadığını və dərsi yaxşı keçdiyini qeyd etmiş və şikyət, tələbinin olmadığı üçün araşdırmanın dayandırılmasını xahiş etmişdir. Aytac Abdullayevanın atası İlkin Abdullayev 38-ci polis bölməsinə müraciətində, valideyn olaraq İddiaçı narazı olmadığını, müəllim tərəfindən qızına hər hansı bir qeyri-etik hərəkətlərə yol verilmədiyini, heç bir şikayət və tələbinin olmadığını qeyd edərək, araşdırmanın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ RPİ 38-ci polis bölməsinin 12 mart 2023-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edildməsi barədə» qərarı ilə, cinayət tərkibi yaradacaq səbəb və əsas müəyyən edilmədiyindən 253 saylı məktəbin direktorunun İddiaçı barəsində müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Maraqlıdır ki, hansı səbəbdən məktəbin direktoru hüquq-mühafizə orqanına etdiyi müraciət üzrə araşdırmanın nəticəsini gözləmədən, İddiaçı işdən azad etmişdir? Hər bir halda müvafiq araşdırma aparılmalı, baş verənlərə hüquqi qiymət veriləndən sonra, müəllimə intizam tənbehi, yaxud işdən azad olunması məsələsinə baxılmalı idi. Digər tərəfdən də, məlumatlar öz təsdiqini tapmayacağı təqdirdə, müəllim öz işinə davam etməli idi. Əfsuslar olsun ki, məktəbin direktoru və məktəbin həmkarlar təşkilatı tələskənliyə yol verərək, qanunsuz və ədalətsiz qərar qəbul etmişlər. Qeyd edilməlidir ki, İddiaçı işlədiyi müddətdə özünü, peşəsini sevən, dərindən bilən, şagirdləri öyrətməyə can atan, kollektiv üzvləri və şagirdlərlə ünsiyyətdə mədəni, mehriban bir müəllim kimi tanıtmışdır. İddiaçı müəllimlərin diaqnostik qiymətləndirilməsində tarix müəllimləri arasında ən yüksək bal toplayan, həmişə öz üzərində çalışan, yeniliklərə açıq olan müəllimlərdəndir. İddiaçı özünü həmişə təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşan, kollektiv üzvlərinə qarşı mehriban, nəzakətli, ədəbli, böyük-kiçik yerini bilən, hətta bir az da, utancaq bir müəllim kimi tanıtmışdır. İddiaçı həmişə rəhbərliklə münasibətdə verilən tapşırıqları vaxtında və vicdanla yerinə yetirən, intizamlı bir müəllim kimi göstərmişdir. İddiaçı xaraktercə çox səmimi və bir az da sadəlövh bir müəllimdir. İddiaçı işlədiyi müddətdə məktəb rəhbərliyi tərəfindən heç bir intizam tənbehi almamışdır. Yuxarıda qeyd edilənlər məktəb direktorunun vəkil sorğusuna əsasən verilmiş xasiyyətnaməsində də öz əksini tapmışdır. Həmçinin, E.İsmayılov adına 253 saylı orta məktəbin İHK-də öz səlahiyyətini aşaraq, müəllimin işdən azad olunmasına qərar vermişdir. Halbuki, həmkarlar təşkilatı müvafiq məsələ ilə bağlı razı olub-olmamalarını bildirmək hüququna malikdirlər. İddiaçı, ona qarşı olan bu haqsızlığın əsas səbəbini başa düşə bilmir. Həmçinin bu haqsızlıq nəticəsində o və ailə üzvləri də, kifayət qədər mənəvi əzab, iztirab və əsəb sarsıntısı keçirməkdədirlər. Qanunla nəzərdə tutulmuş qaydada mediasiya qurumuna da müraciət olunmasına baxmayaraq, cavabdehlər həmin qurumda keçirilən prosesdə iştirak etməmişlər. Göründüyü kimi, X7 qaydalarına əsasən müəllimin təhsilalanlarla davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olması mədəni davranış hesab olunur. İddiaçı da, şagirdi olan Aytac Abdullayevaya qarşı mədəni davranaraq, daima nəzakətli və diqqətli olmuşdur. İddiaçı qanunsuz və əsassız işdən azad olunması barədə aşağıdakılar da qeyd edilməlidir: 1. İddiaçı, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu, öhdəliklərini yerinə yetirmədiyi, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmağı, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmağı faktı yoxdur. 2. İşəgötürən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. İşəgötürən qanunvericiliyi pozmaqla iddiaçını əsassız yerə işdən azad etmişdir. Belə ki, İddiaçı tərəfindən nə «X7 qaydaları»nın tələbləri, nə də ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin tələbləri pozulmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 direktoru R.Şahverdiyev məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, məktəbdə tarix müəllimi vəzifəsində işləyən İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə və «X7 Qaydaları»nın tələblərini pozduğuna görə o, 27 fevral 2023-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. İddiaçı həmkarlar ittifaqı komitəsinin üzvü olduğuna görə onun əmək müqaviləsinə xitam verilməzdən əvvəl Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsinin tələblərinə uyğun olaraq müvafiq təqdimatla məktəbin həmkarlar ittifaqı komitəsinə müraciət olunmuş və məktəb ilk HİK-in 27 fevral 2023-cü il tarixli qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir. Məktəb ilk HİK-in iclasında onun müsbət keyfiyyətləri göstərilmiş, lakin «X7 Qaydaları»nın tələblərini pozduğuna və onun yol verdiyi xəta müəllimlik fəaliyyəti ilə bir araya sığmadığına və bu müqəddəs ada ləkə gətirdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə düzgün olaraq razılıq verilmişdir. İşin mahiyyəti üzrə xüsusi qeyd etmək istəyir ki, İddiaçı dərs dediyi 10 C sinif şagirdi X2 ilə dərsdən kənar vaxtlarda hazırlığa gedərkən va hazırlıqdan sonra telefon vasitəsilə məktublaşmış, bunlar da, Aytacın sinif yoldaşlarının telefonları ilə aralarında yayılmışdır. Həmin məktublaşmalarda tərəflərin bir-birinə müraciətləri nə qədər də, «qızım», «övladım», «balam» və «atam» kimi səslənsə də, mahiyyətlərində qeyri-etik davranışlar müşahidə olunduğu üçün geniş şagird, ictimaiyyət və sosial şəbəkələrdə özünə yol açmışdır. Məsələ Təhsil Nazirliyi və Bakı şəhəri Təhsil üzrə İdarəsinə qədər gedib çıxmışdır. Məsələ ilə bağlı direktor kimi müvafiq tədbirlər görsə də, müəllimlə, şagirdlə və valideyni ilə aparılan söhbətlər, Aytacın sinif yoldaşları ilə Elşad müəllim, Aytac və valideynləri ilə aparılmış iclasın məsələnin qapanmasına faydası olmamışdır. Həm şagirdlər, həm də bəzi valideynlər təkidlə İddiaçı məktəbdən uzaqlaşdırılmasını tələb edirdilər. İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri M.Vəliyevaya da verdiyi izahatında «X7 Qaydaları»nın tələblərini pozduğunu və bu hərəkətindən səmimi peşmançılıq çəkdiyini etiraf etmişdir. İddiaçı qeyd olunan hərəkətləri barədə Aytacın atası İlkin Abdullayev məlumat əldə etdikdən sonra məktəbə gəlmiş və təkidlə İddiaçı məktəbdən xaric olunmasını və onun polisə verilməsini tələb etmişdir. Məktəb direktoru kimi hadisənin öz məcrasından çıxacağından və ağır nəticələrə səbəb olacağından ehtiyat edərək Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-yə məsələ ilə əlaqədar müraciət edərək müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Araşdırma zamanı ona bəlli olmayan səbəblərdən İddiaçı məktəbdən xaric olunmasını və işin polisə verilməsini təkidlə tələb edən Aytac və onun atası İlkin Abdullayev müəllimdən şikayətçi olmadıqlarını və iş üzrə icraatın dayandırılmasını 38-ci PB-nin təhqiqatçısından xahiş etmişlər. Bakı şəhəri Qaradağ RPİ 38-ci PB-də müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığından təhqiqatçı, polis kapitanı Ramin Vəkilovun 12 mart 2003-cü il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin cinayət işinin başlanmasının rədd edilməsi o demək deyildir ki, İddiaçı «X7 Qaydaları»nın tələblərini pozmamışdır. Əksinə, iddiaçı özü «X7 Qaydaları»nı pozduğunu etiraf etmişdir. Hətta onun məsələsinin müzakirəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələrinin iştirak etməsi məsələnin nə qədər ciddi olduğunu təsdiq edirdi. İddiaçı hansı haqla və hansı səbəblərdən hər gün gecə saatlarında şagirdi ilə WhatsApp yazışmaları aparmışdır? Onların bəzilərini o, özü ilə gətirmişdir, məhkəməyə təqdim etdiyi yazılı çıxışında məhkəmənin nəzərinə çatdırmışdır ki, məhkəmə bundan lazımi nəticə çıxarıb iddiaçının hərəkətlərinə hüquqi qiymət versin. Müqəddəs müəllim adını daşıyan bir şəxs gecə vaxtlarında şagirdi ilə belə söhbətlər apararmı? Onun yazışmalarından da görünür ki, tanıdıqları Elşad müəllim sanki ağlını itirib, nəvəsi yaşında olan şagirdi ilə eşq sevdasına düşüb. Onun bu hərəkətlərinə nə ad vermək olar? Bəli, o, bu hərəkətləri ilə məktəbin nüfuzuna ciddi xələl gətirib, biabır olmuşlar. Müəllim adına ləkə gətirən bir şəxslə gözlərinin işığı da olsa, onlar bir kollektivdə çalışa bilməzdilər. Ona görə də, onunla vidalaşmışlar, yəni müqaviləsinə xitam vermişlər. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi məhkəməyə 22 may 2023-cü il tarixdə məktubla müraciət edərək, iş həcminin çoxluğu ilə əlaqədar nümayəndələrini məhkəmə iclasına göndərə bilmədiklərini qeyd edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən məktubu nəzərə alaraq, mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin və Cavabdeh2 direktoru R.Şahverdiyevin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 17 yanvar 2000-ci il tarixdən doldurulmağa başlayan İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı əmək fəaliyyəti ilə bağlı zəruri məlumatlar (işə qəbul və işdən azad edilmə əmrləri, hansı vəzifələrdə/peşələrdə işləməsi) müfəssəl şəkildə göstərilmişdir. - Cavabdeh2 İHK-nın 27 fevral 2023-cü il tarixli 1 saylı növbədən kənar protokolundan görünür ki, İHK-nın növbədən kənar iclası keçirilmiş, iclasda 5 nəfər iştirak edərək, iddia ərizəsində qeyd olunan məsələ (şagirdlə WhatsApp tətbiqi vasitəsi ilə ünsiyyətdə olması) ilə əlaqədar çıxışlar dinlənilmiş və sonda məktəbin tarix müəllimi İddiaçı hərəkətlərində əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və «X7 qaydaları»nın tələblərini pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad olunması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. - Cavabdeh2 direktorunun 27 fevral 2023-cü il tarixli 14 saylı əmrindən görünür ki, məktəbin tarix müəllimi İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və «X7 Qaydaları»nın tələblərini pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 27 fevral 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və qeyd olunan tarixdən əmək müqaviləsinə xitam verilmişdir. - Cavabdeh2 tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli 40 saylı arayışdan görünür ki, 27 fevral 2023-cü il tarixdə İddiaçı iştirakı ilə məktəb həmkarlar təşkilatının iclası keçirilmiş və işdən çıxarılması barədə qərar qəbul edilmişdir. Qərar əsasında müvafiq əmr tərtib olunmuş və İddiaçı tanış olaraq həmin əmri götürmüşdür. Əmək kitabçasını isə özünün şəxsi istəyinə uyğun olaraq 29 mart 2023-cü il tarixdə gəlib götürmüşdür. - Cavabdeh2 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İddiaçı son baş verənlərə qədər çox müsbət xasiyyətə malik insan kimi xarakterizə edilmişdir. Xasiyyətnamənin tam mətni iddia ərizəsində də qeyd olunmuşdur. - İddiaçının Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri M.Vəliyevaya yazdığı izahatdan görünür ki, iddiaçı dərs dediyi şagirdi ilə WhatsApp tətbiqi vasitəsi ilə ünsiyyətdə olmasından başqa, aralarında heç bir xoşagəlməz halın olmadığını bildirmiş, yazışmalarla bağlı səmimi peşman olduğunu bildirmiş, izahatında qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. - Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Ramin Vəkilovun HK-1-230 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə İddiaçı barədə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan göründüyü kimi, yuxarıda qeyd edilən məktəbin şagirdi X3, onun valideyni X1, eləcə də, İddiaçı izahatları alınmışdır. X5 izahatında Cavabdeh2 təhsil aldığını, həmin məktəbdə İddiaçı adlı tarix müəlliminin yanına fərdi qaydada hazırlıq kurslarına getdiyini, həmin vaxtdan etibarən onunla birlikdə digər şagirdlərin də olduğunu, sonuncuların valideynlərinin İddiaçı keçdiyi dərslərdən narazı olduqları üçün İddiaçı ona bu barədə danışaraq bölüşdüyünü və nahaq yerə ona qarşı narazılıqlar etdiklərini dediyini, ona öz qızı kimi davrandığını bildirərək xoş sözlər yazdığını, bunu görən məktəbdə olan şagirdlərin səhv anlayaraq bu barədə direktora məlumat çatdırdıqlarını, Elşad müəllimin ona qarşi heç vaxt qeyri-etik sözlər demədiyini, ona qarşı heç bir səhv hərəkəti olmadığını və dərsi yaxşı keçdiyini qeyd etmiş, şikayət və tələbi olmadığı üçün araşdırmanın dayandırılmasını xahiş etmişdir. X3 valideyni X4 da eyni məzmunlu izahat vermişdir. İddiaçı onun barəsində deyilərlərin şər və böhtan olduğunu bildirmişdir. - 05 may 2023-cü il tarixli MŞB/17/2023-00335 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə 17 saylı mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 manat mediasiya xərci ödənilmiş, ilkin mediasiya sessiyası 05 may 2023-cü il tarixə saat 10:00-10:30-a təyin edilmiş, iddiaçı tərəf mediasiya sessiyasına gəlsə də, cavabdeh tərəf gəlməmişdir. - Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin iddiaçıya ünvanladığı 05 may 2023-cü il tarixli 144 nömrəli məktubundan görünür ki, məktəbin HİKin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etmək səlahiyyəti yoxdur. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən müəssisənin həmkarlar ittifaqı komitəsi işəgötürənin təqdimatına baxaraq işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə razılıq verilməsi və ya verilməməsi barədə qərar qəbul etmək səlahiyyətindədir. Eyni zamanda, Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yuxarıda qeyd olunanlar, eləcə də, əmrlə razı deyilsə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçının nəzərinə çatdırılmışdır. - X3 valideyni X1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, vaxtı ilə əsəbi olduğuna görə, heç bir araşdırma aparmadan şikayətlər etdiyini, iddiaçıya qarşı heç bir şikayət və tələbinin olmadığını, iddiaçının işinə bərpa edilməsinə razı olduğunu bildirmişdir. İşin faktiki hallarından görünür ki, əmrdə iddiaçı barədə qeyd olunanların əsassız olması ilə yanaşı, əmr verilərkən, eləcə də, HİK iddiaçı barədə növbədən kənar iclas qərarı çıxararkən Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yuxarıda şərh olunanlara ümumi halda diqqəti cəlb edən məhkəmə qeyd edir ki, iddiaçı qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmək halına yol verməmiş, iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmamış, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmamışdır. X7 Qaydalarının 4-cü (4.1. Təhsilalanlarla münasibət) bəndinə əsasən: 4.1.1. Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir. 4.1.2. Müəllim özünə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı və müsbət xarakter daşımalıdır. 4.1.3. Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. 4.1.4. Müəllim təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və strategiyalarından istifadə etməlidir. 4.1.5. Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları zərərli vərdişlərdən çəkindirməlidir. 4.1.6. Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri, bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda özünə inam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir. 4.1.7. Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır. 4.1.8. Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. 4.1.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. 4.1.10. Müəllim təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır. 4.1.11. Müəllim öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməməlidir. 4.1.12. Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı tərəfindən X7 Qaydalarının tələbləri pozulmamışdır. Nə HİK, nə də işəgötürən tərəfindən iddiaçının həmin Qaydaların hansı bəndinin, yaxud bəndlərinin tələblərinin pozulduğu qeyd edilməmişdir. Bundan başqa, istər şagirdin, istər onun valideyninin izahatlarından görünür ki, iddiaçı tərəfindən şagirdinə qarşı qeyri-etik hər hansı davranış nümayiş etdirilməmişdir, aralarında müəllim şagird münasibətlərini aşan hər hansı neqativ münasibətlər olmamışdır. Bütün narahatçılıqlara yanlış anlaşılma səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İş materiallarından görünür ki, məktəbin HİK-in iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etmək səlahiyyətinin olmamasına baxmayaraq, məktəbin ilk Həmkarlar Komitəsi iddiaçının tutduğu vəzifədən azad olunması və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qərara almışdır. Göründüyü kimi, maddi hüquq normasına cavabdeh tərəfindən aşkar şəkildə riayət edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, iddiaçı özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, əmək vəzifələrini pozmamışdır (müəllimin üzərinə düşən standard öhdəliklər və vəzifələr). Bu səbəbdən, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı – Bakı şəhəri üzrə Təhsil İdarəsi Elxan İsmayılov adına Cavabdeh2 tarix müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında 27 fevral 2023-cü il tarixli 14 saylı əmr ləğv edilməli; İddiaçı işə bərpa edilməli və ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı – Bakı şəhəri üzrə Təhsil İdarəsi Elxan İsmayılov adına Cavabdeh2 tarix müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında 27 fevral 2023-cü il tarixli 14 saylı əmr ləğv edilsin. İddiaçı işə bərpa edilsin və ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1682/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1682/2023
21.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver