Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1691/2022 07.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 3 saylı evin 62 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 3 saylı evin 62 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur və 15 may 1998-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh onun qızıdır. Qızı həmin mənzildə qeydiyyatda olsa da faktiki olaraq ona məxsus mənzildə uzun müddətdir yaşamır və mübahisəli mənzildən bütün şəxsi əşyalarını da götürərək daimi olaraq köçüb getmişdir. Belə ki, Cavabdeh faktiki olaraq 2021-ci ilin yanvar ayında Cəbrayılov Elnur adlı şəxslə ailə qurmuş, 01 mart 2021-ci il tarixində isə nikahlarını rəsmiləşdirmişlər. Cavabeh ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdə Hacıqabul rayonu Atbulaq kəndində yaşayır. Cavabdehin ona məxsus mənzillə hər hansı əlaqəsi yoxdur. Lakin faktiki olaraq həmin mənzildə qeydiyyatdadır. Cavabdehin ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, bu hal onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır ki, bu da onun maddi vəziyyətini çətinləşdirir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından və onun məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, iddiaçının uzun müddətdir ki, qonşusudur, cavabdeh iddiaçının mənzilindən 2021-ci ilin əvvəlindən çıxıb getmişdir. Həmin vaxtdan ərə getdiyi şəxslə Hacıqabul rayonu Atbulaq kəndində yaşayır. Məhkəmə, izahatı və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X2 xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 241 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 119 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1418 saylı Forma-2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 3 saylı evin 62 saylı mənzilində yaşayır. Həmin mənzildə İddiaçı, X4, X1, Cavabdeh və X3 qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 146985 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 3 saylı evin 62 saylı mənzili İddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 30/140879 nömrəsi ilə xx.xx.1998-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan X12, X9 və X7 tərəfindən tərtib edilmiş və 119 saylı MKİS tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən də Cavabdeh ailə həyatı qurmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 3 saylı evin 62 saylı mənzilindən köçüb getmişdir və hazırda həmin mənzildə yaşamır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara əsasən müəyyən edir ki, hazırda cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada yaşamır və yaşayış hüququnu başqa ünvanda təmin etmişdir, cavabdehin formal olaraq mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır, ona görə də iddia tələbi əsaslı hesab olunmalıdır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdehin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmadığından, habelə o, mülkiyyətçi olan iddiaçı ilə birgə yaşamadığından, onun hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir və cavabdehin mənzilin yaşayış sahəsindən istifadə hüququ hazırda qalmadığından, iddia tələbi əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Ona görə də cavabdehin həmin mənzilin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 3 saylı evin 62 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1691/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1691/2022
07.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver